"Metallar fizikasının müasir problemləri"nə dair elmi-praktik konfrans

 

Noyabrın 24-də Azərbaycan Memarlıq İnşaat Universitetində "Metallar fizikasının müasir problemləri" mövzusunda II respublika elmi-praktik konfransı keçirilib.

Tədbirdə AzMİU-nun Elm texnika işləri üzrə prorektoru, professor Arif Şərifov bildirdi ki, konfransa Almaniya, Fransa, Avstraliya, Türkiyə, İran, Ukrayna, Rusiyanın görkəmli alimləri, Azərbaycan universitetlərinin, AMEA-nın institutlarının H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin professor müəllimləri müasir elmi yeniliklərə aid məruzələr göndəriblər.

Natiq konfransın əsas məqsədi barədə söz açaraq respublikada yeraltı faydalı qazıntılardan istifadə etməklə, müxtəlif sahələr üçün tövsiyələr hazırlamaqdan, bunun üçün Daşkəsən dəmir filizindən saf dəmir alıb onların kimyəvi tərkibini, kristallıq quruluşunu, fiziki mexaniki vasitələrini tədqiq etməkdən ibarət olduğunu, respublika zavodlarında polad istehsalında həmin materiallardan istifadə etməklə yeni yüksək keyfiyyətli materialların alınmasının mümkünlüyündən danışdı.

Plenar iclasda çıxış edən AzMİU-nun fizika kafedrasının müdiri, professor Tahir Pənahov respublikada iqtisadi inkişafın sürətlə getməsindən, ölkəmizdə təhsilə elmə olan xüsusi qayğıdan, mexanika texnologiyanın inkişafına xidmət edəcək müasir cihazlarla təmin edilmiş vahid elmi tədqiqat mərkəzlərinin yaradılmasının vacibliyindən bəhs etdi.

Çıxışlarda elmin inkişafına elmi nəticələrin istehsalatda tətbiqinə dair məsələlərə toxunuldu.

Konfransın işində Təhsil Nazirliyinin Elm şöbəsinin baş məsləhətçisi Afət Sadıqova iştirak edib.

 

 

Nizami MİRZƏ

 

Azərbaycan müəllimi.-2009.-27 noyabr.-S.4.