Yeni məktəblərimiz
Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
respublikamızda təhsil müəssisələrinin tikintisi
və əsaslı yenidənqurma işləri uğurla davam
etdirilir.
Növbəti
yeni məktəb Abşeron rayonunun Masazır kəndində
istifadəyə verilib. Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
"Yeniləşən Azərbaycana yeni məktəb"
Proqramı çərçivəsində inşa edilmiş
Masazır kənd 3 nömrəli orta məktəbi yeni dərs
ilindən fəaliyyətə başlayıb.
Təhsil
ocağının rəhbəri Aida Almuradova bildirdi ki, ikimərtəbəli
məktəb 500 şagird yerlikdir. Hazırda burada 400-ə
yaxın şagirdin təlim-tərbiyəsi ilə 30 müəllim
məşğul olur.
Əsasən
gənclərdən ibarət müəllimlərin işə
qəbulu seçim üsulu ilə aparılıb. Təhsilin
keyfiyyətli təşkili üçün lazımi şəraitin
yaradıldığı məktəbdə 31 sinif
otağı, kimya, fizika, biologiya və informatika üzrə fənn
kabinetləri, laboratoriyalar, akt zalı, 20 ədəd
kompüter, kitabxana, bufet, idman meydançaları şagirdlərin
ixtiyarına verilib. Məktəbin ərazisində abadlıq
işləri aparılıb, oturacaqlar qoyulub, kölgəliklər
tikilib və fəvvarə qurulub. Həyətyanı sahədə
ümummilli lider Heydər Əliyevə həsr edilmiş xatirə
kompleksi xüsusi zövqlə inşa edilib. Ərazidə
müasir tipli üzgüçülük hovuzu və istilik
sistemi yaradılır, həmçinin uşaq
bağçası və musiqi məktəbinin bünövrəsi
qoyulur.
Heydər
Əliyev Fondunun hesabına məktəbə elektron dərsliklər,
ulu öndərin həyat və fəaliyyətini əks etdirən
kitablar və digər vəsaitlər, Təhsil Nazirliyi tərəfindən
isə inventar və müxtəlif ləvazimatlar təqdim
edilib.
Məktəbin
pedaqoji kollektivi göstərilən dövlət
qayğısına görə ölkə rəhbəri
İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevaya, təhsil naziri Misir Mərdanova və
xeyriyyəçi Hacı Məhərrəm Novruzova xüsusi
minnətdarlığını bildirir.
Fazil İDRİSOĞLU
Azərbaycan müəllimi.-2009.-9
oktyabr.-S.1.