Naxçıvan Dövlət Universitetində
beynəlxalq konfrans keçirilib
Naxçıvan Dövlət Universitetində "Kəhriz sistemləri - memarlıq abidəsi, dayanıqlı su sistemi, ictimai və iqtisadi inkişafın əsası kimi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Türkiyə Cümhuriyyətinin və İran İslam Respublikasının Naxçıvandakı konsullarının və digər rəsmilərin də iştirak etdikləri konfrans İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatı, ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya bürosunun dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi ilə birgə təşkil olunmuşdu.
Konfransı giriş sözü ilə açan NDU-nun rektoru, akademik İsa Həbibbəyli bu mövzuda keçirilən ilk beynəlxalq konfransın Avropadan Böyük İpək Yolu boyunca çinə, Ərəbistan yarımadasından Şimali Afrikaya qədər müxtəlif ölkələrdə mövcud olan kəhriz sisteminin quruluşunun, tarixinin, sosial-iqtisadi inkişafdakı rolunun öyrənilməsi baxımından əhəmiyyətindən danışmışdır.
Naxçıvan MR Ali Məclisi sədrinin müavini Mirhəşim Seyidov konfrans iştirakçılarını muxtar respublika rəhbərliyi adından salamlayaraq bu bölgədə kəhrizlərin bərpası və yeni kəhrizlərin istifadəyə verilməsi sahəsində muxtar respublika başçısının dəstəyi ilə AMEA-nın Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin, BMT-nin Naxçıvan ofisinin birgə səmərəli fəaliyyətindən söz açmışdır.
BMT-nin Azərbaycandakı missiya rəhbəri Vasili Yujan, İİƏT-in Cənubi Qafqaz üzrə regional direktor müavini Flip Keller, AMEA-nın Naxçıvan Bölməsi Tarix və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Hacı Fəxrəddin Səfərli və başqaları çıxış edərək konfransın əhəmiyyətini qeyd etmiş, ölkəmizdə kəhrizlərin yaranma tarixindən, kəhriz sistemlərinin istifadə və ictimai inkişafın amili kimi rolundan ətraflı bəhs etmişlər.
Sonra "Kəhriz" filmi nümayiş olunmuşdur. Konfransın tam sessiyasının yekununda Naxçıvanın bərpa olunmuş və yeni tikilən kəhrizləri ilə yerindəcə tanışlıq maraqla qarşılanmışdır.
Növbəti gün konfrans "Kəhriz tarixi və mədəni irs kimi", "Sosial və iqtisadi inkişafda kəhrizlərin rolu", "XXI əsrdə kəhrizlər" mövzularında paralel sessiyalarla işini davam etdirmişdir.
Konfransın yekun iclasında sessiyaların sədrləri, AMEA-nın müxbir üzvü, NDU-nun elmi işlər üzrə prorektoru Vəli Hüseynovun, Londondakı Kral Kollecinin əməkdaşı, doktor Daniş Mustafanın, Nazim Bababəylinin hesabat məruzələri dinlənilmiş, suallar cavablandırılmışdır. Beynəlxalq konfransın yekununda NDU-nun rektoru, akademik İsa Həbibbəyli, İİƏT-in Cənubi Qafqaz üzrə regional direktor müavini Flip Keller, BMT-nin Azərbaycandakı missiya rəhbəri Vasili Yujan çıxış edərək konfransın işini yüksək qiymətləndirmiş, perspektiv əməkdaşlıqdan danışmışlar. Yekun sessiyada qlobal sintez keçirilmiş, mövcud problemlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Qonaqlar Naxçıvanın tarixi və memarlıq abidələrinə səfər etməmişdən öncə universitet ərazisini gəzmiş, beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin yenicə istifadəyə verilmiş müasir tipli korpusunda olmuş, ən yeni informasiya-kommunikasiya texnologiyalarının unikal tətbiqi ilə maraqlanmışlar.
Mehriban SULTAN
Azərbaycan müəllimi.-2009.-2 oktyabr.-S.5.