Təşkilatın beşillik fəaliyyəti yüksək qiymətləndirildi
Sentyabrın 25-də "Landmark" otelində Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin 5-illiyinə həsr olunmuş təntənəli mərasim keçirildi.
Mərasimi açan MTTYM-in idarə heyətinin sədri, Bakıdakı Britaniya Məktəbinin direktoru David Draper qonaqları salamladı və dəvəti qəbul etdikləri üçün onlara öz təşəkkürünü bildirdi. Sonra çıxış üçün söz Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova verildi.
Belə bir tədbirdə böyük məmnuniyyət hissi ilə iştirak etdiyini deyən təhsil naziri, ilk növbədə, mərkəzin bütün əməkdaşlarını bu əlamətdar hadisə münasibətilə təbrik etdi, onlara öz işlərində yeni-yeni uğurlar arzuladı.
Misir Mərdanov sonra öz çıxışında qeyri-hökumət təşkilatlarının fəaliyyətinin ölkənin inkişafında böyük əhəmiyyətindən bəhs etdi. Artıq Azərbaycanda təhsillə bağlı bir neçə belə qurumun olduğunu bildirən nazir onların bütün layihələrinin Təhsil Nazirliyi ilə birgə həyata keçirildiyini vurğuladı. O, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin ölkədə dərslik siyasətinin formalaşması, inklüziv təhsil, xüsusən də məktəb liderlərinin hazırlanması üzrə çoxsaylı layihələr həyata keçirdiyini və bu fəaliyyətin nəticələrinin həmin sahələrin inkişafında böyük əhəmiyyət kəsb edəcəyinə inandığını qeyd etdi.
Nazir Azərbaycanın təhsil sahəsində innovasiyalar tətbiq edən qurumun yaradıcılarına minnətdarlığını bildirərək onlarla birgə fəaliyyətin davamlı olacağına əminliyini ifadə etdi.
Misir Mərdanov çıxışının sonunda təşkilatın bir qrup əməkdaşının Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı və Fəxri fərmanları ilə təltif edildiyini bildirərək Müasir Təhsil və Tədrisə Yardım Mərkəzində çalışanlara fəaliyyətlərində daha böyük nailiyyətlər arzuladı.
Mərasimdə mərkəzin 5-illik fəaliyyətindən bəhs edən film nümayiş etdirildi və MTTYM-in icraçı direktoru ülviyyə Mikayılovanın bununla bağlı təqdimatı oldu.
Verilən məlumata görə, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin əsas missiyası təlim və tədrisin yüksək keyfiyyətə malik olması, müəllim və valideynin fəal iştirakı vasitəsilə hər bir uşağın keyfiyyətli təhsil almaq hüququnun dəstəklənməsindən ibarətdir. 2004-cü ildə təsis olunmuş mərkəz bu illər ərzində təhsil sahəsində yerli və beynəlxalq təcrübələri öyrənib, eyni zamanda təhsildə innovativ layihələri həyata keçirib. Bu qurum təhsil sahəsi üzrə 218 fərdi məsləhətçi ilə əməkdaşlıq quraraq onları layihələrə cəlb edib, müxtəlif istiqamətlər üzrə 39 beynəlxalq təlimdə iştirak edib, 105 milli və regional təlimin təşkilatçısı olub, həmçinin 14 mövzuda tədqiqat aparıb, 120 beynəlxalq və milli təşkilatla sıx əlaqə qurub. MTTYM 30 müxtəlif beynəlxalq konfransda Azərbaycanda aparılan təhsil islahatları haqqında təqdimat edib, 33 nəşr və multimedia materialı hazırlayıb, təhsil üzrə 147 innovativ layihənin tətbiqinə nail olub. Mərkəzin təlimləri Azərbaycanın 12 rayonu və dünyanın 7-dən çox ölkəsi olmaqla 42 məktəb və 25 bağçada həyata keçirilib. Təşkilat 3 strateji proqram - inklüziv təhsil, təhsildə demokratiya və təhsildə keyfiyyət istiqamətləri üzrə fəaliyyət göstərir. İnklüziv təhsil, dərslik siyasətinin inkişafı, məktəb liderliyi və məktəb qrantı məsələləri üzrə layihələr Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.
MTTYM-in idarə heyətinin üzvü, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun direktoru Fərda Əsədov, Sumqayıt şəhər 11 nömrəli orta məktəbin direktoru Ofelya Babayeva və valideyn Zəhra Xələfli tədbirdə çıxış etdilər. Mərasim iştirakçıları uşaq xorunun təqdim etdiyi konsert proqramını maraqla qarşıladılar.
Tədbirin sonunda canlı debat keçirildi və müzakirə olunan məsələnin nəticələri səsvermə yolu ilə müəyyən edildi.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.-2009.-2
oktyabr.-S.2.