Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
(Əvvəli qəzetimizin
ötən saylarında)
Hörmətli
oxucular, bu məqalədə Azərbaycanda İKT-nin təhsil
sisteminə inteqrasiyası ilə əlaqədar mövzunu
davam etdirərək təhsilin
informasiyalaşdırılması üzrə qarşıda
duran vəzifələri diqqətinizə çatdırmaq istəyirəm.
Dövlət
Proqramı çərçivəsində
yaradılmış Məlumat və Resurs Mərkəzinin
(Data Mərkəz) yaradılmasında "ULTRA" şirkəti
və AZEDUNET təşkilatı iştirak etmişdir. "İntel",
"HP", "Microsoft", "Cisco" şirkətlərinin
Azərbaycanda rəsmi tərəfdaşı olan
"ULTRA" şirkəti tərəfindən mərkəzdə
avadanlıqlar qurulmuş, təhlükəsizlik sistemi
yaradılmışdır. Mərkəzdə Azərbaycan təhsil
şəbəkəsinin verilənlər bazasını yerləşdirmək
üçün ən müasir İntel platformalı dörd
nüvəli serverlər quraşdırılmışdır.
Məlumat və Resurs Mərkəzində
quraşdırılmış serverlər eyni anda milyonlarla əməliyyatları
həyata keçirmək gücünə malikdir. Bundan əlavə,
mərkəzdə Azərbaycanda yeni olan fiziki təhlükəsizlik
sistemləri quraşdırılmışdır ki, bu da
toplanılacaq məlumatlara kənar müdaxilələrin
qarşısını alacaqdır.
Quraşdırılmış
avadanlıqlar bir çox funksiyaları yerinə yetirməyə
imkan verir. Məsələn, xüsusi mərkəzləşdirilmiş
antivirus proqram təminatı məktəblərdəki
kompüterlərdə avtomatik olaraq yeniləşdiriləcəkdir.
Məktəblərdəki bütün kompüterlər
birbaşa mərkəzdən idarə olunacaq ki, bu da
kompüterlərə texniki xidmətin səviyyəsini əhəmiyyətli
dərəcədə artıracaq. Mərkəzdə
quraşdırılmış texnologiya video-konfranslar
keçirməyə imkan verəcək. Bu texnologiya mərkəzin
konfrans zalından Azərbaycan təhsil şəbəkəsinə
qoşulmuş bütün müəssisələrə, eyni
zamanda mühazirələr və ya "açıq dərs"lər
keçirməyə imkan yaradacaqdır.
Mərkəzdə
həmçinin elektron tədris resursları yerləşdiriləcək.
Bu resurslar İKT-nin təhsildə tətbiqini daha effektiv etməklə
yanaşı, tədrisin keyfiyyətini yüksəltməyə
imkan verəcək. Mərkəzin serverində Azərbaycan məktəblərinin
elektron xəritəsi yerləşdirilmişdir. İnternet
vasitəsiə ictimaiyyət üçün açıq
olan bu resurs vasitəsilə məktəblər haqqında
bütün zəruri məlumatları əldə etmək
mümkündür.
Məlumat və Resurs Mərkəzində Şəbəkə
İdarəetmə Mərkəzi və Kompüter Şəbəkələrinin
Təhlükəsizlik Mərkəzi (CERT/CSIRT) də fəaliyyət
göstərir. Şəbəkə İdarəetmə Mərkəzi
Azərbaycan təhsil şəbəkəsinin idarəolunmasını
təmin edir.
CERT-in əsas vəzifəsi həm Azərbaycan təhsil
şəbəkəsinə istiqamətlənən, həm də
şəbəkədən çıxan məlumatların təhlükəsizliyi
ilə bağlı təhlükələrin
qarşısının alınmasıdır. Bununla
belə, burada söhbət yalnız məqsədli müdaxilə
və icazəsiz giriş cəhdlərindən deyil, həmçinin
nasazlıqlar, avadanlıq və proqram təminatının
istifadə qaydalarına riayət olunmaması ilə
bağlı hallardan, həmçinin zərərverici
virusların yayılmasından gedir. Mərkəz
belə hallarla bağlı məlumatların
toplanılmasını və təhlil olunmasını təmin
etməklə yanaşı, Azərbaycan Təhsil Şəbəkəsinin
istifadəçilərinə kompüter şəbəkələrinin
informasiya təhlükəsizliyi üzrə məsləhətçi
və texniki dəstək də göstərir. Operativ
cavabvermə üçün müasir monitorinq və
kompüter şəbəkələrinin fəaliyyətində
qeyri-adiliklərin aşkarlanması alətləri istifadə
olunur. Mərkəz mümkün hadisələrin
qarşısının alınması məqsədilə təhsil
müəssisələrində profilaktik və önləyici
işlər həyata keçirməklə yanaşı, fəal
təhlükəsizlik işləri ilə də məşğul
olur.
Hazırda
AZEDUNET təşkilatı tərəfindən vahid Call-mərkəzi
də yaradılmaqdadır. Burada təşkil edilən
"Qaynar xətt" təhsilin
informasiyalaşdırılması üzrə bütün
suallar üzrə məlumatlandırmaya və yaranmış
problemlərin operativ həllinə imkan yaradacaqdır.
Təhsil
Portalı - EDU.az. Dövlət Proqramı çərçivəsində
təhsil portalının yaradılması üzrə işlərin
birinci mərhələsi başa çatmışdır. Bu
işlər "ULTRA" şirkəti tərəfindən
aparılmışdır. Təhsil Portalının hazır
funksionalları artıq Təhsil Nazirliyi tərəfindən
testləşdirilmişdir. Portalın funksionallarından
dörd istifadəçi qrupu yararlanacaqdır: müəllimlər,
şagirdlər, tələbələr və valideynlər. Hər
bir istifadəçi qrupu üçün xüsusi interfeys və
funksionallar nəzərdə tutulmuşdur. Bu onlara rahat və
operativ olaraq məhz konkret qrup üçün nəzərdə
tutulmuş məlumatlardan və xidmətlərdən istifadə
etməyə imkan yaradacaqdır. Portalda həmçinin
müxtəlif elektron tədris resursları yerləşdiriləcək.
Bu tədris resursları həm mərkəzləşdirilmiş
formada Təhsil Nazirliyi tərəfindən, həm də
müəllimlər və metodistlər tərəfindən
yerləşdiriləcəkdir.
"ULTRA"
şirkətinin və şirkətin avropalı tərəfdaşlarının
İT-qrupu tərəfindən dünyanın qabaqcıl
texnologiyaları əsasında yaradılan Təhsil Portalı
öz funksionallığına görə dünyanın
analoji aparıcı elektron təhsil platformalarına tam
uyğundur. Bütün işlər başa çatdıqdan
sonra Azərbaycanın təhsil sisteminin ayrılmaz hissəsinə
çevriləcək bu Portal ölkədə təhsil siyasətinin
reallaşdırılması istiqamətində mühüm alət
olacaqdır.
Bəzi
məktəblərdə Portalın tədrisə
maneçilik törədəcəyi, müəllimlərdən
daha artıq zəhmət tələb olunacağı
haqqında müzakirələr aparılır. Qeyd edim ki,
bütün bu müzakirələr yalnız məlumatsızlıqdan
irəli gəlir. Təhsil Portalı və onun
funksionalları az bir zamanda hər bir müəllimin yaxın
köməkçisinə çevriləcək. Portal vasitəsilə
ucqar bir kəndin müəllimi Bakının hər hansı
bir aparıcı müəlliminin elektron tədris
resurslarından yararlana biləcək. Portal ümumiyyətlə
tədris prosesininin tamamilə yeni səviyyədə
qurulmasına xidmət edəcək. Azərbaycan
Təhsil Şəbəkəsi və Məlumat Resurs Mərkəzi
təhsilin informasiyalaşdırılmasında vacib, lakin
görünməz komponentlər olduğu halda, Təhsil
Portalı müəllimlərin, şagirdlərin, tələbələrin
və valideynlərin bu prosesdən yararlana biləcəyi bir
müstəvidir. Həm bu qruplar arasında
kommunikasiyalar qurmaq üçün, həm də tədrisdə
informasiyalaşdırmanın nailiyyətlərindən tam
istifadə etmək üçün real və praktik vasitədir.
Əsas məqsədlərimizdən biri də pedoqoji təcrübələri
üzə çıxarmaq və ölkə daxilində fəal
təcrübə mubadiləsinə nail olmaqdır. Bu isə
yalnız Təhsil Portalı vasitəsilə
mümkündür.
Müəllimlər
və İKT. Azərbaycanda təhsil sisteminin
informasiyalaşdırılmasında əsas məsuliyyət
müəllimin üzərinə düşür. Biz bu gün bütün məktəbləri
kompüterlərlə təmin edə bilərik, təhsil
şəbəkəsi, ən müasir elektron tədris vəsaitləri
yarada bilərik, lakin bütün bu alətlərdən istifadə
edə bilən müəllimlərimiz olmasa, təhsilin
informasiyalaşdırılmasının səmərəsi
də olmaz. Buna görə İKT-ni tətbiq
etməyi bacaran müəllimi təhsil sisteminin
informasiyalaşdırılmasının "ürəyi"
hesab etmək olar. Əlbəttə, müəllimin təhsildə
əhəmiyyəti, onsuz da, olduqca mühümdür. Çünki məhz bu peşənin sahibləri
yetişən nəsilə bilik verməklə xalqımızın
savadlılığının artırılması üzrə
gündəlik vəzifələrini yerinə yetirirlər. Məqsədimiz
müəllimlərə bu vəzifələrini daha səmərəli
yerinə yetirmək üçün effektiv vasitə təqdim
etməkdir. İnformasiya texnologiyaları isə məhz həmin
effektiv alətdir. Yeni texnologiyalar vasitəsilə müəllimlərimiz
tədris metodlarını daha da təkmilləşdirmək
imkanı əldə etməklə Azərbaycan
üçün "XXI əsr bacarıqları"na malik
yeni nəsil yetişdirə bilərlər.
Müəllimlərlə
aparılan təlimlərin əsas məqsədi onlara
texnologiyalardan səmərəli istifadə etməklə
müasir təlim metodlarına yiyələnmək və bu
metodları öz dərslərində tətbiq etməkdir. Müəllimlər üçün təlimlərin
ilkin mərhələsində bu sahədə təcrübəsi
olan ölkələrdən təcrübəli mütəxəssislər
Azərbaycana dəvət olunmuş, təlimlərin
keçirilməsi üçün təlimçi heyətinin
hazırlanmasında iştirak etmişlər. İlkin təlim
mərhələsindən keçmiş təlimçi heyəti
daha çox təlimçi hazırlanmasına nail
olmuşdur. Hazırda respublikada İKT sahəsində 200-ə
yaxın təlimçi hazırlanmışdır.
Proqram
çərçivəsində keçirilən treninqlərin
əsas məqsədi gündəlik pedaqoji fəaliyyətdə
kompüterdən, proqram təminatından, müxtəlif
multimedia avadanlıqlarından istifadə etməklə tədrisi
daha effektiv qurmaqdır. Onu da qeyd edim ki, keçirilən
treninqlərdə müəllimlərin əldə etdiyi
bacarıqlar beynəlxalq səviyyədə öz təsdiqini
tapmışdır. Belə ki, 2009-cu ilin martında Vyanada
keçirilən innovativ müəllimlərin Avropa forumunda
ilk dəfə iştirak edən Azərbaycan müəllimlərinin
layihələri 60 layihə arasında ilk onluğa daxil
olmuşdur. Həmin forumda əldə edilmiş
razılığa əsasən, 2009-2010-cu tədris ilində
Azərbaycan layihələri Bolqarıstan və Xorvatiyanın
ümumtəhsil məktəblərində istifadə
olunacaqdır.
Hazırda
Dövlət Proqramı çərçivəsində həyata
keçirilən "Elektron məktəb" pilot layihəsində
iştirak edən 20 məktəbin bütün müəllimləri
İKT-nin tədrisdə tətbiqi üzrə daha təkmil
biliklərə yiyələnirlər. Sonrakı mərhələdə
Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan
200 məktəbin müəllimləri də xüsusi treninqlərdən
keçəcəklər.
Proqramın
əsas məqsədlərindən biri də təhsil
sektorunda İKT-nin praktik tətbiqi üzrə alətlər
yaratmaq və müəllim kollektivinə həmin alətlərdən
gündəlik istifadə üçün biliklər verməkdir.
Yalnız informasiya- kommunikasiya texnologiyalarından alət kimi
istifadə etməyi bacaran müəllimlər vasitəsilə
təhsil sahəsində inkişafa müvəffəq olmaq
mümkündür. Bunun üçün isə müəllimlər
treninqlər vasitəsilə İKT-nin tədrisdə tətbiqi
vərdişlərinə dərindən yiyələnməlidirlər.
Etiraf
edim ki, treninqlərdən keçmiş müəllimlər
yeni bacarıqları heç də eyni səviyyədə
qavramırlar. Treninqlərdən sonra təşkil olunan
monitorinqlər müəllimlərin öyrəndiklərini
müəyyən etməyə imkan verir. Monitorinqlər onu da
göstərir ki, yaşlı müəllimlərin bir hissəsi
İKT-nin tətbiqi üzrə bilikləri qavramaqda çətinlik
çəkirlər, gənc müəllimlər isə yeni
bilikləri daha effektiv mənimsəyirlər. Lakin önəmli
bir haldır ki, ümumilikdə müəllimlər İKT sahəsində
bacarıqlarını artırmağa
çalışırlar. çünki müasir dövrdə
istisnasız olaraq bütün müəllimlərin həmin
bacarıqlara yiyələnməsi tələb olunur.
Onu da
qeyd edim ki, İKT üzrə treninqlərə daha geniş
müəllim kütləsinin cəlb olunmasından sonra bir
sıra problemlər müşahidə olunur. Belə ki,
Dövlət Proqramı çərçivəsində indiyədək
təlim keçmiş müəllimlərin əsas hissəsi
ilkin kompüter bacarıqlarına malik idi və onlarla
keçirilən treninqlərdən sonra irəliləyiş
hiss olunurdu. Hazırda treninqlərə daha çox
regionlardakı məktəblərin müəllimləri cəlb
edilir və onların ümumi kompüter
hazırlığı olmadığından treninqlərin
effektivlik səviyyəsi aşağı olur.
Buna
görə də hazırda ümumi kompüter
savadlılığı az olan müəllimlərə əlavə
treninqlərin keçirilməsini məqsədəuyğun
saymışıq. Kompüter bacarıqlarına görə
müəllimlərin iki qrupa bölünməsi və bu
istiqamətdə bilikləri az olanlara əlavə olaraq ilkin
biliklərin verilməsi barədə qərar qəbul
olunmuşdur.
Bundan əlavə,
treninq keçmiş müəllimlərin xüsusi imtahandan
keçərək sertifikatlaşdırılması məsələsini
də müzakirə edirik. Düşünürəm ki,
praktik iş əsasında qurulacaq imtahan treninq keçmiş
hər bir müəllimin bacarıqlarını yoxlamağa
imkan yarada bilər. Bununla əlaqədar təlimlərdə
iştirak edən müəllimlərə arayışların
verilməsi, müvəffəqiyyətlə bitirənlərə
isə sertifikatların verilməsi hazırda nəzərdən
keçirilir. Məqsədimiz "təlim naminə təlim"
yox, "tədris naminə təlim" prinsipini
reallaşdırmaqdır. Təlimlər müəllimlərə
kompüteri yandırıb söndürməyi deyil, elektron tədris
materialı yaratmaq və onun vasitəsilə şagirdlərə
proqram çərçivəsində bilik verməyi öyrədir.
Buna görə də real şəraitə uyğun olaraq hərəkət
edirik və təlim prosesinin effektivliyini daim yüksəltmək
istiqamətində iş aparırıq.
Dövlət
Proqramına müvafiq olaraq müəllimlərin təlimi
prosesinə məktəb direktorlarının da cəlb
olunması çox mühüm amildir. Yeniliklərə daha həssas
yanaşan məktəb direktorları məktəbin
bütün müəllim heyətinin hazırlanması
üçün müraciətlər edirlər. Lakin bəzi
hallarda direktorlar bu məsələyə bir növ etinasız
yanaşırlar. Ona görə də Təhsil Nazirliyi müəllimlər
üçün treninqlərin keçirilməsilə
yanaşı, məktəb direktorları və rayon təhsil
şöbələrinin əməkdaşları
üçün də nəzərdə tutulmuş xüsusi
treninqlərin keçirilməsinə
başlamışdır.
İKT-nin
kütləvi tətbiqinin uğurla həyata keçiriləcəyini
düşünməyə imkan verən əhəmiyyətli
bir amili də qeyd etmək istəyirəm. Təcrübə
göstərir ki, əgər məktəbdə 2-3 müəllim
tədrisdə informasiya texnologiyalarının tətbiqinə
başlayırlarsa, bu zaman həmin məktəbin digər
müəllimləri də müvafiq bilikləri əldə
etməyə çalışırlar. Bəzən valideynlər
"texnologiya ilə" və "texnologiyasız" tədrisin
fərqini aşkarladıqda "geridə qalan" müəllimlərdən
İKT-nin imkanlarından istifadə etməyi tələb edirlər.
Nəticədə fayda əldə edən məktəb və
məktəblilərdir, çunki informasiya-kommunikasiya
texnologiyalarının imkanlarından istifadə edən müəllimlərin
sayı artır.
Qeyd etməliyəm
ki, proqram çərçivəsində ali təhsil
ocaqlarında da müəyyən işlər
görülür. Burada gələcək müəllimlər
üçün təhsildə İKT-nin tətbiqi üzrə
tədris proqramları tətbiq olunur. Bu cür yanaşma
texnologiyalarla işləmək qabiliyyətinə malik olan məzunları
birbaşa işə cəlb etməyə imkan verir. Biz
başa düşürük ki, pedaqoji peşələr
üzrə təhsil alan tələbələrə
İKT-nin təhsildə tətbiqi üzrə
hazırlığı ali məktəbdə başa
çatdırmaq lazımdır. Bu təlimləri
keçmiş gələcək müəllimlər artıq
məktəbə müvafiq bacarıqlara malik olaraq gələcək
və əlbəttə ki, belə yanaşma tədrisin keyfiyyətini
artıracaqdır.
Qeyd etmək
lazımdır ki, proqram çərçivəsində təhsil
sistemində ilk dəfə olaraq müəllimlərin
motivasiyası kimi əhəmiyyətli bir məsələyə
xüsusi diqqət yetirilir. Müəllimin marağı olmadan
təhsildə İKT-nin uğurlu tətbiqi haqqında
danışmaq çətindir. Ona görə də
hazırda müəllimlərin motivasiyası üzrə
göstəricilər sisteminin yaradılması sahəsində
işlər aparılır. İlk növbədə, müəllimlərin
müxtəlif müsabiqələrdə iştirakına
şərait yaradırıq. Belə ki, 204 nömrəli məktəbin
müəllimi Almaz Həsrət "İntel" şirkətinin
"Gələcək üçün təhsil" beynəlxalq
müsabiqəsi çərçivəsində 300 müəllim
arasında birinci yerə layiq görülmüşdür.
"Microsoft" şirkəti ilə birgə
"İnnovativ müəllimlər" müsabiqəsinin
qalibləri ölkəmizi Avropa finalında ilk dəfə təmsil
etmiş və yaxşı nəticələr göstərmişlər.
Hazırda "İnnovativ müəllimlər" müsabiqəsinin
yeni mərhələsi başlanmışdır. Bu müsabiqənin qalibləri Azərbaycanı
Braziliyada cari ilin noyabrında keçiriləcək Dünya
İnnovativ Müəllimlər Forumunda təmsil edəcəklər.
Əminəm ki, Azərbaycan müəllimləri öz təcrübələrini
həmin forumda müvəffəqiyyətlə nümayiş
etdirəcəklər.
Eyni
zamanda ölkə Prezidentinin sərəncamı ilə
keçirilən "Ən yaxşı müəllim"
müsabiqəsinin iştirakçıları arasında
informatika müəllimləri üstünlük təşkil
edir, qaliblər sırasında da onların adlarına tez-tez
rast gəlmək olur.
Dünya
təcrübəsi göstərir ki, müəyyən treninqlərdə
iştirak etmiş və informasiya texnologiyalarını
uğurla tətbiq edən müəllimlər öz əməyi
müqabilində daha yüksək məvacib alırlar. Ona
görə də gələcəkdə belə müəllimlər
üçün maliyyə motivasiyasının da tətbiq
olunması istisna olunmur.
Ümumiyyətlə, müəllimləri
informasiya texnologiyalarına daha da yaxın etmək
üçün digər layihələr də həyata
keçirilməkdədir. Bunlar sırasında Təhsil
Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,
"HP" və "Microsoft" şirkətlərinin birgə
həyata keçirdiyi "Xalq kompüteri" layihəsi mərkəzi
yer tutur. Layihənin məqsədi insanların
İKT imkanlarından səmərəli istifadə edərək
həyat səviyyəsini yüksəltmək və həyat tərzini
yaxşılaşdırmaq, informasiya cəmiyyətinə
keçidi təmin etmək üçün
aşağıdakı məsələlərin
inkişafına nail olmaqdır:
* Əqli əməyin təşviqi;
* Bilik iqtisadiyyatı
yönümlü kadrların hazırlanması;
* İKT yönümlü
kadrların hazırlanmasının
stimullaşdırılması;
* E-hökumətin inkişaf
etdirilməsi;
* İntellektual mülkiyyətin
qorunması;
* Kompüter vərdişlərinin
təşviqi;
* Aztəminatlı sosial
qrupların dəstəklənməsi;
* Əhalinin kompüterlərlə
təminatına şərait yaradılması;
* Kompüter sayının
dünyanın orta göstəricilərinə
çatdırılması.
Layihə
çərçivəsində HP şirkətinin mini-noutları
(MiniNote), noutbukları (Laptop) və stolüstü kompüterləri
(Desktop) təqdim olunacaqdır. Bütün bu avadanlıqlarda
"Microsoft" şirkətinin lisenziyalı proqram təminatı
quraşdırılmışdır. Bu, Təhsil Nazirliyi və
"Microsoft" şirkəti arasında imzalanmış Məktəb
Sazişi çərçivəsində həyata
keçirilir.
Müəllimlərə
bütün avadanlıqlar faizsiz olaraq 12 ay müddətinə
kreditə verilir. "Xalq kompüteri" layihəsi çərçivəsində
təqdim olunan kompüterlər bazar qiymətlərindən
25-40% aşağıdır. Kompüter alan bütün müəllimlər
əlavə olaraq Təhsil Nazirliyi tərəfindən elektron
dərsliklər, "Aztelekom" İstehsalat Birliyi və
BTRİB tərəfindən 100 saatlıq İnternet kartı
ilə təmin edilir. Kompüterlərin
çatdırılması və aylıq ödəmələrin
qəbulu "Azərpoçt" Dövlət Müəssisəsi
tərəfindən həyata keçiriləcəkdir. Pilot
layihə "Azərpoçt" Dövlət Müəssisəsi,
"HP" və "Microsoft"-un lokal tərəfdaşı
olan "BestComp Group" şirkəti tərəfindən həyata
keçirilir.
Layihə müəllimlərin müasir kompüterlərlə
və lisenziyalı proqramlarla təchiz edilməsinə,
bölgələrdə İKT-nin tətbiqinin genişləndirilməsinə,
Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və
e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətinin
dəstəklənməsinə yönəlmişdir.
Artıq
1500-ə yaxın müəllim "Xalq kompüteri" layihəsi
çərçivəsində kompüter
almışdır. 5 min müəllim isə müraciət
etmişdir. Hesab edirəm ki, yaxın üç il ərzində
minlərlə müəllim kompüterlərə sahib
olacaqdır. Bu layihənin təhsil sistemi üçün əhəmiyyəti
olduqca böyükdür. çünki müəllim artıq
evdə də kompüterdən istifadə etmək vərdişlərinə
yiyələnir. Praktika göstərir ki, iş yerində və
evdə kompüterdən istifadə edən insan texnologiyalara
daha dərindən yiyələnir. Bizim də bu
layihəni dəstəkləməyimizin əsas məsqədi
müəllimləri texnologiyalara daha da yaxın etməkdir. Əminəm
ki, təhsilin informasiyalaşdırılmasına belə
çoxtərəfli yanaşma bizə texnologiyaları bilən
və onları tədrisdə real tətbiq etmək istəyən
pedaqoji kadrlar yetişdirməyə imkan verəcəkdir.
Qeyd etməliyəm
ki, "Microsoft" və "İntel" Azərbaycan məktəblərində
kompüterlərin sayının artırılması məqsədilə
1000 noutbuku töhfə vermək niyyətindədir. Bu töhfə Azərbaycanda "1:1" kimi
tanınan "bir şagirdə bir kompüter"
konsepsiyasının reallaşdırılması naminə ediləcəkdir.
İlkin mərhələdə 400 noutbukun verilməsi gözlənilir.
2009-2010-cu illərdə isə "Microsoft" və
"İntel" şirkətləri tərəfindən
1000, Təhsil Nazirliyi tərəfindən 3000 olmaqla
ümumilikdə 4000 şagirdə noutbukların verilməsi nəzərdə
tutulmuşdur.
Şagirdlər
və İKT. Azərbaycan məktəbliləri
arasında informasiya texnologiyalarına marağı artırmaq
və bu istiqamətdə kadr potensialını gücləndirmək
məqsədilə Təhsil Nazirliyi tərəfindən məqsədyönlü
iş aparılır. İnformasiya texnologiyalarının təhsil
prosesinə tətbiqini genişləndirmək, şagird və
müəllimləri İKT-nin geniş tətbiq olunması
işinə cəlb etmək, eləcə də istedadlı gənclərin
yaradıcılıq potensialını inkişaf etdirmək
naminə müxtəlif müsabiqələrin keçirilməsi
təcrübəsindən istifadə edilir.
Qeyd etməliyəm
ki, ümumiyyətlə müasir dövrdə uşaqlar
informasiya texnologiyalarına daha həssasdır və əvvəlki
nəsillərdən fərqli olaraq texnoloji mühitdə
böyüyürlər. Buna görə də tez-tez
şagirdlərin texnologiyalar üzrə biliklərlə hətta
müəllimləri belə qabaqlamasının şahidi
oluruq. Lakin bu marağı daha da artırmaq və
texnologiyaları yetişən nəslin həyatında və
karyerasında effektiv inkişaf alətinə çevirmək
üçün müxtəlif stimullaşdırıcı
metodlardan istifadə etmək lazımdır. Bu metodlar
sırasında yarış elementlərini özündə
birləşdirən informasiya texnologiyaları üzrə
müsabiqələr xüsusi yer tutur. Artıq bu gün Azərbaycanda
şagirdlərin iştirakı ilə müxtəlif
müsabiqələr keçirilməkdədir. Onların
sırasında Sumqayıt şəhər məktəblərində
ənənəvi olaraq keçirilən "Gənc informatiklər"
və Təhsil Nazirliyinin təşəbbüsçüsü
olduğu "Gənc kompüter istedadları" I Respublika
müsabiqəsini misal gətirmək olar. Təhsil
Nazirliyi tərəfindən keçirilən müsabiqənin
iştirakçısı olan 70 layihədən 42 ən
yaxşı iş final mərhələsinə
buraxılmışdı. Müsabiqə "Təqdimat",
"Veb-sayt", "Kompüter proqramları",
"Animasiya" nominasiyaları üzrə
keçirilmişdir. Əlavə olaraq "Ən orijinal layihə"
və "Ən gənc iştirakçı"
nominasiyaları da müəyyənləşdirilmişdi.
Final mərhələsinin bütün
iştirakçıları müvafiq sertifikatla, I - III yerlərin
qalibləri xüsusi diplom və hədiyyələrlə
mükafatlandırılmışlar. Xüsusi olaraq "Gənc
kompüter istedadları" I Respublika müsabiqəsinə təqdim
olunmuş layihələrin keyfiyyəti üzərində
dayanmaq istərdim. Bu müsabiqədə iştirak edən
layihələrə nəzər yetirəndə yetişən
nəsilin doğrudan da istedadlı olmasını
müşahidə etmək olar. Bir sıra layihələr
müsabiqədə iştirak naminə deyil, istifadə
üçün tam yararlı hazırlanmışdı. Bu isə
kadr potensialının formalaşması istiqamətində
düzgün yol seçməyimizdən xəbər verir.
Lakin həmin maraqlı layihələr təqdim etmiş
şagirdlərin əksəriyyəti Bakının
aparıcı məktəblərində oxuyur. Həmin
məktəblərdə hələlik informasiya
texnologiyalarının tədrisdə tətbiqi digər məktəbləri
üstələyir. Əminəm ki, Dövlət Proqramı
çərçivəsində nəzərdə tutulmuş
tədbirlərdən sonra Azərbaycanın hətta ucqar kənd
məktəblərinin şagirdləri də bizi öz
maraqlı layihələri ilə sevindirəcəklər.
Şagirdlər üçün stimullaşdırıcı fəaliyyətlərdən biri də ilk dəfə olaraq akademik Zərifə Əliyeva adına məktəbdə "Yay kompüter düşərgəsi"nin təşkil edilməsidir. "Yay kompüter düşərgəsi" Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "Microsoft" şirkəti və İNFOMAS qeyri-hökumət təşkilatının birgə fəaliyyəti nəticəsində təşkil olunmuşdur. "HP", "ULTRA", PCMagazine & Mina Group, "British Council" düşərgəyə təşkilati dəstək göstərir. Düşərgənin rəhbəri İKT sahəsində tanınmış alim və müəllim Ramin Mahmudzadə olmuşdur.
"Yay kompüter düşərgəsi"ndə 7-10-cu sinifləri təmsil edən 75 məktəbli iştirak etmişdir. Düşərgənin yaradılmasında əsas məqsəd yetişən nəsilin informasiya-kommunikasiya texnologiyaları sahəsindəki biliklərinin inkişaf etdirilməsi, onlara informatikanın riyazi əsaslarını öyrənmək və informatika sahəsində tədqiqat aparmaq marağının aşılanması, istedadlı gənclərin aşkar olunması və bacarıqlarının inkişafı olmuşdur. Düşərgədə məktəblilər maraqlarından asılı olaraq proqramlaşdırma, veb-hazırlıq, multimedia texnologiyaları, informatika üzrə ümumi ilkin biliklər üzrə yaradıcılıq emalatxanaları qrupları üzrə fəaliyyət göstərmişlər. Burada məktəblilərə məşğələləri təcrübəli informatika müəllimləri, həmçinin proqramlaşdırma üzrə peşəkar mütəxəssislər keçmişlər. Bundan əlavə, "British Council" təşkilatının trenerləri məktəblilərə ingilis dilinin öyrənilməsi üzrə məşğələlər keçmişlər.
Dövlət Proqramının icrasından gözlənilən nəticələr. Proqramın başa çatacağı 2012-ci ildə Azərbaycanın təhsil sisteminin tamamilə informasiyalaşacağı və aparıcı ölkələrdən fərqlənməyəcəyini gözləmək bir qədər düzgün olmazdı. Dünyanın aparıcı ölkələrinin on illərlə əldə etdiklərinə qısa müddət ərzində çatmaq çox çətindir. Ötən əsrin 90-cı illərinin ortalarından İKT-ni tətbiq edən ölkələrin təcrübələrini müşahidə edərkən görürük ki, hətta Böyük Britaniya, ABŞ və Yaponiya kimi inkişaf etmiş ölkələrdə informasiya texnologiyaları heç də hər məktəbin tədris prosesində geniş istifadə olunmur. Lakin şübhə yoxdur ki, Dövlət Proqramı başa çatdıqdan sonra Azərbaycanın əksər məktəblərində İKT tətbiq olunacaq, gələcəkdə isə bu proses daha da genişlənəcək.
Dövlət
Proqramının həyata keçirilməsindən
aşağıdakı nəticələr gözlənilir:
* təhsil müəssisələrinin
İKT avadanlığı ilə təminat göstəriciləri
köklü şəkildə
yaxşılaşdırılacaq, bütün təhsil müəssisələrində
hər bir şagirdə düşən kompüter nisbəti ən
azı 20:1-ə çatdırılacaq;
* bütün fənlər üzrə
elektron tədris və metodiki resurslar yaradılacaq;
* bütün fənlər üzrə
tədris planlarında və kurikulumlarda İKT-dən istifadə
əks etdiriləcək;
* ümumtəhsil müəssisələrinin
yeni nəsil rəqəmsal tədris resurslarından istifadə
imkanları yaranacaq, proqram resurslarından səmərəli
istifadə olunacaq;
* yeni təlim formaları (distant təhsil daxil olmaqla) tətbiq və istifadə olunacaq;
* bütün təhsil müəssisələrini əhatə edən ölkədaxili korporativ və yüksəksürətli İnternet şəbəkəsinə çıxış imkanı təmin ediləcək;
* cəmiyyətin təhsil sistemində mövcud proseslərə cəlb edilməsi və maarifləndirilməsi üçün vahid təhsil portalı yaradılacaq;
* İKT-nin təhsilin idarəedilməsinə səmərəli inteqrasiyası təmin ediləcək, təhsilin idarəolunmasının və monitorinqinin effektivliyi artırılacaq;
* təhsil prosesinin idarəedilməsi üçün təhsil müəssisələri avtomatlaşdırılmış iş yerləri ilə təchiz olunacaq;
* təhsil sisteminin pedaqoji və inzibat
i-idarəetmə kadrlarının İKT üzrə bilik və bacarıqları yüksələcək, yerli ekspert potensialı gucləndiriləcək;
* bütün təhsil pillələri üzrə məzunların sosial, peşə və mədəni həyatında İKT üzrə uzun illər istifadə edəcəyi bilik və bacarıqlar qazanılacaq;
* innovativ və yaradıcı müəllimlər dəstəklənəcək;
* əhalinin bütün təbəqələri üçün keyfiyyətli və İKT əsaslı tədris proqramı ilə təhsil almaq imkanları təmin olunacaq;
* İKT-nin təhsil sisteminə inteqrasiyası sahəsində hüquqi, normativ, elmi-metodiki və standart sənədlərin bazası formalaşacaq.
Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində informasiya-kommunikasiya texnologiyalarına əsaslanan Milli Təhsil Modeli formalaşacaq. Məhz müasir tələblərə uyğunlaşan Milli Təhsil Modeli Azərbaycanın davamlı inkişafının əsası olacaq yüksək səviyyəli kadrların yetişdirilməsini təmin edə bilər. Əsrlər boyu olduğu kimi, təhsilin məqsədi çox sadədir - zamanın tələbinə uyğun vətəndaş yetişdirmək. Bu işin öhdəsindən gəlmək üçün ən effektiv alət olan informasiya-kommunikasiya texnologiyaları fəaliyyətimizin strateji əsasını təşkil edir. Hesab edirəm ki, bu məsuliyyətli prosesdə yalnız Təhsil Nazirliyi və onun tərəfdaşları yox, həmçinin yüz minlərlə şagird və tələbə, onların valideynləri də olmaqla bütün cəmiyyət iştirak edəcəkdir.
(Ardı
var)
Misir MƏRDANOV
Azərbaycan müəllimi.-2009.-9
oktyabr.-S.3.