Prinston Universiteti

 

Yerləşir Prinston şəhəri,

Nyu-Cersi ştatı, ABŞ

Yaranma tarixi 1746

Tipi özəl

Prezidenti Şirli M. Tilqman

İşçi heyəti 1103 nəfər

Tələbələrin sayı 7334 nəfər

Aspirantların sayı 2416 nəfər

Rəsmi saytı www.princeton.edu

 

Prinston Universiteti (Princeton University) ABŞ-ın ən qədim və tanınmış universitetlərindən biridir. Prinston şəhərində, Nyu-Cersi ştatında yerləşən və məşhur Sarmaşıq liqasının səkkiz ali məktəbindən biri olan bu universitet 2001-2008-ci illərdə "News and World Report" (USNWR) jurnalı tərəfindən aparılan araşdırmalara əsasən ABŞ-ın ən yaxşı universiteti seçilib. Prinston Universitetinin tələbəsi olmaq dünyanın müxtəlif ölkələrinin gənclərinin ən böyük arzusudur.

 

Tarixi

 

Prinston Universitetinin tarixi 22 oktyabr 1746-cı ildə Britaniya müstəmləkəsinin Qanunverici Şurası tərəfindən kral II Heorqun adından bir qrup pastora (protestant keşişi) kollec yaratmaları üçün icazə kağızı verilməsi ilə başlayıb. Nyu-Cersi Kolleci adı ilə fəaliyyətə başlayan təhsil ocağı Harvarddan, William və Marry, Yel kolleclərindən sonra Şimali Amerikada yaranmış dördüncü kollecdir. Kollec protestantlar tərəfindən yaradılmasına baxmayaraq, burada bütün dinlərin nümayəndələri təhsil ala bilirdilər. Həmin dövrdəki təhsil ocaqları üçün bu cür dinə dözümlülük fenomenal hal hesab olunurdu. Lakin burada dini istiqamət daha güclü idi. Bu, kollecin şüarında da öz əksini tapırdı: "Allahın izni ilə çiçəklənir".

İlk vaxtlar kollec Elizabet şəhərində Conatan Dikkinsonun evində yerləşirdi və burada cəmi doqquz tələbə təhsil alırdı. 1747-ci ildə kollec Nyuark şəhərində pastor Aaron Berrin himayəsinə keçdi və Berr kollecin prezidenti oldu. 1756-cı ildə o, təhsil müəssisəsinin Prinston şəhərinə köçürülməsinə nail oldu. Böyük Britaniyadan yığılan ianə hesabına tələbə və müəllimlər üçün xüsusi bina tikildi, binaya Nossau-Holl adı verildi. Hazırda bu tikili memarlıq abidəsinə çevrilib.

Prinston Amerika inqilabında böyük rol oynayıb. Amerikanın müstəqillik haqqında Deklarasiyasının altında onun rektoru Con Uizerspunun imzası durur. Konstitusiya konventi iştirakçılarının əksəriyyəti Prinstonun məzunları olub və onlar 1799-cu ildə yekdilliklə ABŞ-ın yeni Konstitusiyasının yaranmasına səs veriblər.

1783-cü ildə Prinstonda tələbələrin təntənəli qəbulu mərasimində Corc Vaşinqton daxil olmaqla, bütün konqres üzvləri iştirak ediblər. Konqres üzvlərinin çoxu bu universitetin məzunları olub.

İdman Amerika tələbələrinin həyatında böyük rol oynadığından Prinstonda da həmin ənənə davam edir. Burada ilk idman zalı 1859-cu ildə tikilib. XIX əsrin 60-cı illərindən başlayaraq kollecin tələbələri narıncı rəngdə (kral III Uilyamın mənsub olduğu Nossau-Oran sülaləsinin rəngi) idman formaları geyindilər, köynəklərindəki nömrələr isə qara rəngdə idi. Bu ənənə indiyədək davam edir. Beləliklə, 1896-cı ildə narıncı və qara rənglər Prinston Universitetinin rəsmi rəngi seçildi.

Narıncı-qara rənglərin qarışığı pələng dərisini xatırladır. Elə bu səbəbdən də Prinstonun idman komandalarının adı "Pələnglər"dir. 1882-ci ildən universitetin yuxarı kurs tələbələri "The Princeton Tiger" ("Prinstonun pələngləri") adlı yumoristik jurnal dərc etməyə başlayıblar.

XIX əsrin 70-ci illərində Prinstonun hərtərəfli uğurları onu Harvard və Yel universitetləri ilə bir səviyyəyə qaldırdı. 1877-ci ildə burada magistratura yaradıldı, 1896-cı ildə isə Prinstona universitet statusu verildi.

1874-cü ildə Prinstonun məzunu olmuş və ABŞ-ın gələcək prezidenti Tomas Vudro Vilson 1902-ci ildə universitetə rektor seçildi. O, universitet üçün yeni şüar tərtib etdi: "Prinston - dövlətə xidmət üçün, kilsəyə yox!". Vilson, eyni zamanda tədris proqramlarını ümumi təhsil (ilk 2 il ərzində) və ixtisaslaşdırılmış (əlavə 2 il) hissələrə bölərək təkmilləşdirdi. Onun rəhbərliyi zamanı (1902-1910-cu illər) magistrantların hazırlığı üçün yeni kollec tikildi, fakültələrin sayı artırıldı, humanitar istiqamətli kafedralar yaradıldı və əlavə yataqxanalar tikildi. Lakin Vilson aspirantların təhsilini axıra qədər təşkil edə bilmədi, bu işi onun yerinə başqaları həyata keçirdilər. Rektor əvvəlcə ştatın qubernatoru, sonradan isə ölkənin prezidenti seçkilərində öz namizədliyini irəli sürmək üçün universiteti tərk etdi. 1969-cu ildə ilk dəfə olaraq universitetə qızlar qəbul olundular. Hazırda qadın tələbələrin kişi tələbələrlə nisbəti 52:40-dır.

 

Universitet bu gün

 

Yarım əsr bir binada fəaliyyət göstərdikdən sonra Prinston Universitetində sürətlə tikinti işləri aparılaraq ərazisi genişlənməyə başlayıb. Hazırda universitetin kampusunda və oradan kənarda 160-dan çox müxtəlif tikililər - tədris korpusları, elmi-tədqiqat laboratoriyaları, kitabxanalar, çoxsaylı yataqxanalar, muzeylər, idman zalları, stadionlar, kilsə və s. mövcuddur. Universitetin strukturları Benjamin Latrob, Ralf Adams Kram, McKim, Med və Uayt, Robert Venturi və Nik Yeger kimi məşhur memarlar tərəfindən hazırlanıb.

Prinstonun tərkibinə texniki və tətbiqi elmlər məktəbləri, inşaat və şəhərqurma, ictimai və beynəlxalq əlaqələr, astrofizika elmləri bölmələri, biologiya, kimya, iqtisadiyyat, fəlsəfə, siyasət, sosiologiya, psixologiya, ilahiyyat, roman dilləri və ədəbiyyatı, german dilləri və ədəbiyyatı, bədən tərbiyəsi və digər fakültələr, eləcə də C. Forretstol adına elmi-tədqiqat mərkəzi (aeronavtika, kosmik tədqiqatlar, texniki elmlər, plazma fizikası laboratoriyaları bölmələri mövcuddur) daxildir. Aparıcı yerli Makkarter Teatrı, bədii təsvir və təbii tarix muzeyləri də universitetin strukturuna daxildir. Universitetin kitabxanalarında 6 milyon cilddən çox kitab var. Ən böyük kitabxana 4 milyondan çox kitabı olan Firestone kitabxanasıdır. 2007-ci ilin fevralından Prinston Universiteti Google beynəlxalq axtarış şəbəkə sisteminə qoşulub. Prinston həmçinin super kompüter sisteminə malikdir. "Orangena" adlı bu EHM (IBM) kompüter sistemi 2005-ci ildə dünyanın ən sürətli 79 super kompüter sistemi seçilib.

Prinston Universitetinin pedaqoji heyəti yüksək səviyyədə ixtisaslaşıb. Bütün müəllimlər tədqiqat işi ilə məşğuldur və bura çoxsaylı tələbə cəlb edilir.

Amerikanın özəl təhsil sistemi öz məqsədlərinə nail olmağına görə unikaldır, belə ki, ictimai və özəl resursların kombinasiyasından ibarətdir. On milyon dollar təşkil edən çoxsaylı donor yatırımları universitetin maliyyə müstəqilliyini təmin edir, sərbəst tədris proqramlarının, kadr potensialının seçiminə yardım göstərir, tikinti məsələlərinin həllində kömək edir. Hazırda Prinston Universitetinin kapitalı 3 milyard dollar təşkil edir, bu da ABŞ-da Harvard və Texas Universitetlərindən sonra 3-cü yerə sahib olmaq deməkdir.

 

Tədris prosesi

 

Prinstona qəbul çox çətindir, abituriyentdən yüksək bilik tələb olunur. Universitet üçün ideal namizəd dərin baza hazırlığına, yüksək nəticələr əldə etmək məqsədilə marağa, bacarığa və s. keyfiyyətlərə malik olmalı, ən azı bir xarici dil bilməlidir. Universitetdə dərslər sentyabrda başlayır və iyunda bitir. Təhsil müddəti 4 il, 8 semestrdən ibarətdir. Təhsil müddətində tələbə bir semestr ərzində keçilən 30 fənni mənimsəməlidir. Təhsilin 1-ci və 2-ci illərində tələbələr baza bilikləri əldə edir, 3-cü və 4-cü illərində isə intensiv ixtisas proqramlarını öyrənirlər. Tədris planı hər bir tələbənin maraq və həvəsini, universitetin tələblərini nəzərə alaraq fərdi formada təşkil olunur. Prinston Universitetinin tədris prosesində "preseptorial" və ya rəhbərlik prinsipi əsas yer tutur, xüsusilə bu forma humanitar və sosial elmlərin öyrədilməsində istifadə olunur və mühazirə dərslərilə tamamlanır. Belə tədris kiçik qruplarda nizamnamə dərslərini xatırladır. Tədris prosesi universitetdə individual fənn planları və elmi-tədqiqat işləri ilə bərabər təşkil olunub.

Tələbələr 4 sahəyə aid olan iki fənni öyrənməlidirlər: dəqiq elmlər, ictimai elmlər, incəsənət və ədəbiyyat, tarix, fəlsəfə və ilahiyyat. 1-ci kursun proqramı tələbələrdə savadın yüksəldilməsi və sərbəst düşüncə bacarığının inkişaf etdirilməsi üçün "İnşa" fənninin öyrədilməsini nəzərdə tutur. Təhsil planı elmi təhlil elementinə malik işlərin və diplom işinin yazılmasını nəzərdə tutur. Hazırlığın keyfiyyəti test və imtahanların köməyi ilə yoxlanılır. Maraqlıdır ki, Prinston Universitetində bütün yazılı imtahanlar "vicdan sistemi" ilə aparılır: tələbələr vicdanla imtahan verməyə söz verirlər, bunun üçün də müəllim imtahanın gedişinə nəzarət etmir. O, sadəcə imtahan vərəqlərini paylayır, suallara cavablar verir və auditoriyanı tərk edir, sonda isə vərəqləri toplamaq üçün qayıdır. Hər bir tələbə işini imzalayarkən yazır: "Vicdanıma and içirəm ki, imtahan zamanı vicdan kodeksini pozmamışam".

İncəsənət bakalavr dərəcəsini aldıqdan sonra məzun müəyyən departamentdə doktoranturada (aspiranturada) qala bilər. 4-5 illik təhsildən sonra fəlsəfə doktoru dərəcəsi verilir. İlk 2 ildə aspirantlar diplomdan sonra 3-4 kurs təhsil alır və ümumi imtahan verirlər, sonda onlar magistr dərəcəsi alırlar. Əlavə 2-3 il dissertasiya hazırlığına həsr olunur. Bunun üçün xüsusi komitənin razılığı olmalıdır, yalnız belə olan halda namizəd fəlsəfə doktoru dərəcəsi almaq üçün müdafiəyə buraxılır.

 

Prinston Universitetinin məşhur məzunları

 

Mübaliğəsiz demək olar ki, Prinston Universiteti Amerikanın milli fəxridir. Cek Qourmanın "Milli təhsil standartları" adlı müstəqil reytinqinə əsasən Prinston Universiteti mühəndislik fizikası, riyaziyyatı, fəlsəfəsi və s. istiqamətləri üzrə ABŞ-ın ən yaxşı universiteti olub. Bu universitetin məzunları arasında Amerikanın bir neçə prezidenti və 30 Nobel mükafatı laureatı var: fizika üzrə Nobel mükafatçısı Albert Eynşteyn burada işləyib və mühazirələr oxuyub. ABŞ-ın iki prezidenti - Ceyms Medison (1771) və Vudro Vilson (1874), hazırkı prezident Barak Obamanın həyat yoldaşı, ABŞ-ın birinci xanımı Mişel Obama, keçmiş dövlət katibləri Corc Şuls və Ceyms Beyker, sabiq müdafiə naziri Donald Ramsfeld, yüzdən artıq senator, konqresmen, 44 qubernator, X-effektlilik konsepsiyasının təməlini qoymuş Amerika iqtisadçısı Harvi Leybenstayn, Fildsov mükafatı laureatı olmuş Amerika riyaziyyatçısı Con Milnor, iqtisadiyyat üzrə Nobel mükafatçısı Con Neş, diaqramın yaranması, elementar hissəciklərin çevrilməsinin təsvirinə görə fizika üzrə Nobel mükafatı laureatı Riçard Feynman, Hollun kəsr kvant effektinin ixtirasına görə fizika üzrə Nobel mükafatçısı Daniel Sui, süni intellekt sahəsində uğurlarına görə Tyurinq mükafatçısı olmuş amerikalı alim Con McKarti, aktyor Uentuort Miller, Böyük Ferm nəzəriyyəsinin ixtiraçısı Endryu Uayls, "Kompton effektinin" yaradıcısı Artur Kompton, filosof, yazıçı, mədəniyyətşünas Kvame Entoni Appia, Stalin haqqında kitab yazmış Robert Taker və Buxarin haqqında siyasi bioqrafiyanın müəllifi Stiven Koen, yazıçı Nina Nikolayevna Berberova Prinston Universitetinin məşhur məzunlarındandırlar. Con Markoninin, Aleksandr Bellin, Enriko Ferminin, Robert Oppenqeymerin adları bu təhsil ocağı ilə bağlıdır.

XX əsrin ikinci yarısından Prinston Universitetinin Vilson tərəfindən tərtib edilmiş qeyri-rəsmi şüarı dəyişdirilərək belə səslənir: "Öz xalqımıza və bütün xalqlara xidmət üçün!". Prinston Universiteti bu sözləri öz fəaliyyəti ilə təsdiqləyərək bütün dünyanın ən böyük və nüfuzlu beynəlxalq tədris mərkəzlərindən birinə çevrilib.

 

 

Hazırladılar:

 

Lamiyə ƏLİYEVA,

 

Dilruba BAYRAMOVA

 

Azərbaycan müəllimi.-2009.-9 oktyabr.-S.6.