İlin ən yaxşı müəlliminin beynəlxalq "açıq dərs"i

 

Bakı şəhərinin Xətai rayonundakı şəhid, Milli Qəhrəman Ələkbər Əliyev adına 204 nömrəli orta məktəbin biologiya müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Almaz Həsrət 5 oktyabr Beynəlxalq Müəllim Gününü özünəməxsus şəkildə qeyd edib. O, həmin gün "açıq dərs" keçib. Əlbəttə, ilk baxışdan burada qəribə bir şey yoxdur. Ancaq bəlli olanda ki, bu "açıq dərs" beynəlxalq statuslu, özü də yeni metodlarla olub, doğrudan da diqqətçəkən bir məsələdir.

 

...Həmin gün məktəbdə keçirən növbəti "açıq dərs"in müşahidəçiləri həmişə olduğu kimi, müəllim və valideynlər deyildi. Bu dəfə məktəbə dörd nəfərlik bir heyət qonaq gəlmişdi. özü də bu qonaqları məktəbə gətirən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukrayna nümayəndəliyinin təmsilçisi İrina Butsenko idi. O, təmsilçisi olduğu qurumun dəstəyi ilə Azərbaycanda da həyata keçirilən "Yaşıl paket" ekologiya layihəsinin nəticələri ilə bağlı ölkəmizə cəmi birgünlük səfəri ərzində həmin layihədən orta məktəblərdə necə yararlanıldığını da görmək istədiyini ifadə edib. Layihəni Azərbaycanda icra edən Davamlı İnkişaf Cəmiyyətinin (DİC) rəhbəri Fikrət Cəfərov da tərəddüd etmədən qonağı və onunla birlikdə daha üç nəfəri Almaz müəllimin "açıq dərs"inə yollamaq qərarına gəlib. Müəllim günündə baş tutan dərsdə ukraynalı qonaqla bərabər "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, ATƏT-in Bakı ofisinin layihə üzrə baş köməkçisi Xoşbəxt İsmayılova, DİC-in nümayəndəsi Aleksandr Şvetsov və məktəbin direktoru Ziba Rzayeva da iştirak edirdilər.

XI sinifdə keçilən dərsin mövzusu "Tarazlıq" idi. Dərs İKT-nin tədbiqi ilə yeni təlim üsullarına əsaslanaraq keçirildi (oyunların təşkili, sorğular, qrupla iş və İKT-nin tətbiqi). Bu dərs biologiya və ekologiya üzrə hazırlanmış materiallara əsaslanan təqdimatlardan ibarət idi. Əvvəlcə Almaz müəllim öz təqdimatını nümayiş etdirdi. O, təqdimatını "Yaşıl paket" materiallarına daxıl olan CD-lərdəki cizgi filminin nümayişi ilə başladı. Ümumiyyətlə, şagirdlərin qarşısında çox maraqlı bir problem qoyulmuşdu. Almaz müəllim öz təqdimatında şagirdlərə təbiətdə ekoloji tarazlığın pozulması səbəblərini axtarmağı, onları araşdırmağı və ekoloji tarazlığın bərpası yollarını öyrənib ümumi nəticəyə gələrək təqdimat hazırlayacaqlarını xatırlatdı. Sonra isə rollar dəyişdi. Dərsin sonrakı gedişatı şagirdlərin ixtiyarına verildi və çox canlı müzakirələr, şagirdlərin hamısının aktiv iştirakı ilə keçən dərs hətta xarici qonaqda da çox böyük maraq oyatdı. O, dərsdə müşahidəçi olduğunu unudaraq özü də şagirdlərin müzakirələrinə qatıldı.

Dərsin gedişində iki komandaya ayrılmış 11-ci sinif şagirdləri növbə ilə özlərinin hazırladıqları təqdimatları nümayiş etdirdilər. Onlar təbiətdə ekoloji tarazlığın pozulması səbəblərini araşdırıb tapmaqla bərabər, onların qarşısını alma yollarını da tədqiqat üsulu ilə nümayiş etdirdilər. Şagirdlərin qrup halında apardıqları tədqiqat işlərinin açıq nümayişindən sonra belə nəticəyə gəlindi ki, həqiqətən də, bir kiçicik toz dənəciyi təbii münaqişəyə gətirib çıxara bilər. Həmçinin birgə yaşayış zamanı düzgün ekoloji münasibətin və düzgün ekoloji mədəniyyətin olmaması da təbii tarazlığın pozulmasına gətirib çıxarar. Şagirdlər təbiətdəki tarazlığın pozulmasını xalıdakı ilmələrin bir-birinə uyğun gəlməməsi ilə müqayisə edərək təbiətə düzgün münasibət göstərməyin vacib olduğu nəticəsinə gəldilər. Təbii ki, bu təqdimatların hazırlanmasında şagirdlər də "Yaşıl paket" layihəsinin materiallarından geniş istifadə etdilər.

ATƏT nümayəndəsi olan ukraynalı qonaq dərs zamanı şagirdlərin təqdimatlarına diqqətlə baxaraq onların işlərini yüksək qiymətləndirdi. Təqdimatlar onun və digər qonaqların o qədər xoşuna gəldi ki, onlar hətta dərsdə olduqlarını unudaraq şagirdləri alqışlamaqdan belə özlərini saxlaya bilmədilər. Sonda isə qonaqlar da qiymətləndirmə prosesinə qatılaraq obyektiv fikirlərini bildirdilər. Onlar qiymətləndirmə üsulunu da çox bəyəndiklərini qeyd etdilər. Şagirdlərin işlərinə isə Almaz müəllim deyil, onların öz sinif yoldaşları qiymət verdilər.

Dərs bitdikdən sonra ukraynalı qonaq İrina Butsenko həm "Yaşıl paket" layihəsinin tətbiqindən, həm də dərsin keçilmə metodikasından çox razı qaldığını bildirdi. O hətta qeyd etdi ki, bu üsulla dərsin keçilməsi doğrudan da, çox effektivdir və Almaz müəllimin təcrübəsini Ukraynada tətbiq etməklə bağlı tövsiyələri olacaq.

Böyük məmnuniyyət hissi ilə məktəbdən ayrılan qonaqlar yenidən bu təhsil ocağına gəlib, Almaz Həsrətin dərslərində iştirak etmək istədiklərini bildirdilər.

 

 

Ə.Daşdəmirli

 

Azərbaycan müəllimi.-2009.-9 oktyabr.-S.5.