"Azərbaycan-Almaniya
ali təhsil günləri" mövzusunda beynəlxalq
konfrans keçirildi
Oktyabrın 2-də Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris korpusunda Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti təşkilatı ilə (DAAD) təhsil sahəsində əməkdaşlığı çərçivəsində "Azərbaycan-Almaniya ali təhsil günləri" mövzusunda beynəlxalq konfrans öz işinə başladı.
Tədbiri giriş nitqi ilə açan təhsil naziri Misir Mərdanov qonaqları salamladıqdan sonra Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı ilə birgə "Azərbaycan-Almaniya ali təhsil günləri" mövzusunda keçirilən beynəlxalq konfransın məqsədindən danışdı. Nazir qeyd etdi ki, 3 gün davam edəcək konfransda Almaniyanın 22 universitetindən 30-dan çox nümayəndə iştirak edir. Bu ilin aprelində Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatının dəvəti ilə Almaniyada səfərdə olmasından söz açan təhsil naziri Misir Mərdanov bildirdi ki, elə həmin vaxt belə bir tədbirin Bakıda keçirilməsi qərara alındı.
Azərbaycan ilə Almaniyanın təhsil sahəsində əməkdaşlığından danışan nazir bu sahədə uğurlu tədbirlərin həyata keçirildiyini söylədi. Bildirdi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bu gün 70-dən çox azərbaycanlı gənc Almaniyanın ayrı-ayrı universitetlərində təhsil alır. Azərbaycanlı gənclərin iqtisadiyyat, tibb, kənd təsərrüfatı və digər sahələr üzrə təhsil almaq üçün həmin ölkəyə göndərilməsi prosesi davam etdiriləcəkdir.
Nazir Alman Akademik Mübadilə Xidmətinin (DAAD) fəaliyyəti, gördüyü işlər barədə məlumat verərək bildirdi ki, bu təşkilatdan dəstək alan bir çox tələbə, müəllim, tədqiqatçı və alimlər xaricdə olduqca dəyərli təcrübə əldə etmək imkanı qazanmışlar. Bu təşkilatın təqaüdləri hesabına çoxlu sayda azərbaycanlı gənc Almaniyada təhsil almağa böyük həvəs göstərir. DAAD ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında sıx əməkdaşlıq yarandığını qeyd edən nazir bunun gələcəkdə daha da genişlənəcəyini vurğuladı. Daha sonra nazir konfransın işinə uğurlar arzuladı.
DAAD-ın Şimal Bölməsinin baş direktoru Annette Culius təmsil etdiyi təşkilatın həyata keçirdiyi tədbirlərin uğurlu nəticələrini nəzərə çatdıraraq Almaniya ilə Azərbaycan arasında tələbə mübadiləsinin əhəmiyyətini vurğuladı.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Per Stankina ölkələrimiz arasında səmərəli təhsil əlaqələrinin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə etdi.
Sonra plenar iclasda müxtəlif mövzularda məruzələr dinlənildi.
Oktyabrın 3-də "Azərbaycan-Almaniya ali təhsil günləri" mövzusunda keçirilən beynəlxalq konfrans başa çatdı. Konfransda "Boloniya prosesi kontekstində mühəndis hazırlığı sahəsində Azərbaycan-Almaniya əlaqələri və perspektivlər", "NİROA TEMPUS layihəsinə uyğun olaraq Boloniya prosesi çərçivəsində müştərək proqramların hazırlanması" və digər mövzularda məruzələr dinlənildi, elm, təhsil sahəsində əlaqələrin inkişafı ətraflı müzakirə edildi.
Təhsil Nazirliyinin Alman Akademik Mübadilə
Xidməti (DAAD) təşkilatı ilə əməkdaşlığı
çərçivəsində keçirilən beynəlxalq
konfransda respublikamızın və Almaniyanın
ayrı-ayrı ali təhsil müəssisələrini təmsil
edən nümayəndələr iştirak edirdilər.
Malik NOVRUZOV
Azərbaycan
müəllimi.-2009.-9 oktyabr.-S.8.