Təbiət bizim sərvətimizdirməktəblilərin respublika müsabiqəsinin keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"Əhalinin ekoloji təhsili və maarifləndirilməsi" haqqında Azərbaycan Respublikası qanunundan və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında 28 sentyabr 2006-cı il tarixli, 1697 nömrəli Sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilər arasında ekoloji maarifləndirmə işlərini genişləndirmək məqsədi ilə

 

ƏMR EDİRƏM:

 

1. 2009-2010-cu tədris ilində ümumtəhsil məktəblərinin şagirdləri arasında "Təbiət bizim sərvətimizdir" mövzusunda respublika rəsm və fotomüsabiqəsi keçirilsin.

2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun.

3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri müsabiqənin yerlərdə lazımi səviyyədə keçirilməsini, qaliblərin yaradıcılıq işlərini vaxtında Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinə təqdim etsinlər.

4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) müsabiqənin təşkili ilə əlaqədar lazımi təşkilati işləri həyata keçirsin.

5. İqtisadiyyat şöbəsi (Ş. Əliyev) müsabiqə qaliblərinin mükafatlandırılması üçün 1000 (min) manat vəsait ayrılmasını təmin etsin.

6. Ümumi şöbə (İ.Mirzəyev) müsabiqə qalibləri üçün hədiyyələrin alınmasını, əmr və əsasnamənin çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə olunsun.

 

 

Misir MƏRDANOV

6 oktyabr 2009-cu il

 

Azərbaycan müəllimi.-2009.-9 oktyabr.-S.2.