Beynəlxalq Müəllim Günü
qeyd olundu
Oktyabrın 5-də Təhsil Nazirliyində Beynəlxalq Müəllim Gününə həsr olunmuş mərasim keçirildi. Tədbirdən öncə Təhsil Nazirliyinin, ölkənin təhsil ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla yad edildi.
Tədbiri
açan Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanov peşə bayramı münasibətilə müəllimləri
təbrik etdi və onlara gələcək fəaliyyətlərində
yeni-yeni nailiyyətlər, bu çətin və şərəfli
işdə böyük uğurlar arzuladı.
Son illər
ölkədə təhsilə münasibətin ciddi şəkildə
dəyişdiyini bildirən nazir bunun əsasının təhsilə
və təhsil sahəsində çalışanlara daim
xüsusi diqqət və qayğı ilə yanaşan
ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulduğunu, onun məktəb, müəllim, dərslik, kitab
və s. haqqında dediyi fikirlərin indi xalqımızın
dilində aforizmə çevrildiyini qeyd etdi.
Misir Mərdanov
ulu öndərimizin müdrik siyasətinin bu gün ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini söyləyərək bu mərasimdə
iştirak edən təhsil işçilərinin təltif
olunması haqqındakı son sərəncamları da məhz
müvafiq sahəyə yetirilən xüsusi diqqətin
növbəti təzahürü kimi dəyərləndirdi.
Təhsil
naziri diqqətə çatdırdı ki, dövlət
başçısının sərəncamları ilə son
illər pedaqoji fəaliyyət göstərən 1300-dək
müəllim Azərbaycan təhsilinin inkişafındakı
xidmətlərinə görə müxtəlif təltiflərə,
fəxri ad və mükafatlara layiq görülüb. Təkcə
2008-2009-cu dərs ilində 247 təhsil işçisi bu şərəfə
nail olub.
Ölkə
Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində
hazırda ölkəmizdə təhsilin bütün sahələrinin
inkişafı üçün hərtərəfli şəraitin
yaradıldığını vurğulayan nazir Misir Mərdanov
təhsil sistemində əsaslı infrastruktur dəyişikliklərinin
baş verdiyini, inkişafyönümlü proqram və layihələrin
həyata keçirildiyini, təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi və
digər məsələlər üzrə çox
böyük işlərin görüldüyünü bildirdi.
Qeyd olundu ki, təhsil sahəsində islahatların ən
mühüm istiqamətlərindən biri olan yeni məktəb
tikintisi geniş vüsət almış, 2008-2009-cu illərdə
Dövlət Proqramı çərçivəsində 44176
yerlik 152 yeni məktəb binası tikilmiş, 36 məktəbdə
14600 şagird yerlik əlavə korpus inşa edilmişdir. Bu
işlər kənd yerlərində də çox
böyük uğurla davam etdirilmiş və müasir tipli məktəb
binaları tikilərək uşaqların istifadəsinə
verilmişdir.
Nazir məktəblərin
infrastrukturunun yeniləşdirilməsində Heydər Əliyev
Fondunun xüsusi rolundan, Fondun prezidenti, millət vəkili
Mehriban xanım Əliyevanın müstəsna xidmətlərindən
söz açdı. Son illər Fondun təşəbbüsü
ilə 300-ə yaxın yeni məktəb, uşaq
bağçası, uşaq evi, internat məktəbinin tikilib
istifadəyə verildiyi, əsaslı təmir və bərpa
olunduğu, müasir avadanlıqlarla təchiz edildiyi, təkcə
2009-cu ildə Fondun dəstəyi ilə 600 şagird yerlik 6
yeni məktəb binasının inşa olunduğu bildirildi.
Azərbaycan
təhsilinin inkişafı naminə görülən bu
işlərin gələcəkdə də böyük
uğurla davam edəcəyinə əminliyini ifadə edən
Misir Mərdanov bildirdi ki, əldə olunan nailiyyətlərə
baxmayaraq, arxayınlaşmağa heç kəsin haqqı
yoxdur, çünki qarşıda daha çətin və məsul
vəzifələr durur. Təhsilin hər bir sahəsində
görülən işlərdən daha artıq problemlər
mövcuddur. Bu, çox təbii haldır. Dünyanın elə
bir ölkəsi yoxdur ki, onun təhsil sistemində müəyyən
nöqsanlar olmasın. Lakin bu ölkələrin heç
birində həmin problemlərin aradan qaldırılması təkcə
dövlətin öhdəsinə düşmür və digər
qurumların vasitəsilə qanuni yolla həll edilir. İndi
respublikamızın ümumtəhsil məktəblərində
dünya ölkələrinin təcrübəsi əsasında
Valideyn-Müəllim assosiasiyalarının
yaradıldığını deyən nazir bu işdə
obyektivlik və şəffaflığın gözlənilməsinin
zəruri olduğunu vurğuladı.
Çıxışına
davam edən təhsil naziri məlumat verdi ki, 5 oktyabr Beynəlxalq
Müəllim Günü ərəfəsində ölkə
başçısı cənab İlham Əliyevin
imzaladığı sərəncamlara əsasən 72 nəfər
"Azərbaycan Respublikasının əməkdar müəllimi",
2 nəfər "Azərbaycan Respublikasının əməkdar
mühəndisi" fəxri adlarına, 58 nəfər isə
"Tərəqqi" medalına layiq görülüb.
Təhsil
sahəsinə göstərilən xüsusi diqqət və
qayğıya görə ölkənin bütün təhsil
ictimaiyyəti adından dövlət başçısına
minnətdarlığını bildirən Misir Mərdanov bu
mükafatların, ümumiyyətlə Azərbaycan təhsilinə
və Azərbaycan müəllimlərinin fədakar əməyinə
verilən qiymət olduğunu dedi. Təhsil işçilərinə
möhtərəm Prezidentimizin etimadını doğruldaraq
öz işlərinə daha məsuliyyətlə
yanaşmağı, pedaqoji fəaliyyətlərində daha
böyük uğurlar qazanmağı arzuladı.
Mərasimin
sonunda Prezident İlham Əliyevin müvafiq sərəncamları
ilə təhsil işçilərinə verilən fəxri
adların və medalların təqdimatı oldu. Təltif
olunanlar təhsil naziri Misir Mərdanovla xatirə şəkli
çəkdirdilər.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.-2009.-9
oktyabr.-S.2.