Beynəlxalq əlaqələr
genişlənir
Bu
yaxınlarda Ukrayna Respublikasında (Kiyev vilayəti, Belaya
çerkov şəhəri) adıçəkilən ölkənin,
Azərbaycan
tərəfdən konfransın təşkilat komitəsinin rəhbəri
- Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf ZAMANOV əməkdaşımızla
söhbətində demşdir:
- Təhsil
haqqında Azərbaycan Respublikasının Qanununa görə
əlavə təhsil fasiləsiz təhsilin və peşə
hazırlığının tərkib hissəsi olmaqla,
peşə-ixtisas təhsilinin hər hansı pilləsini
bitirmək haqqında dövlət sənədi olaraq hər
bir vətəndaşın fasiləsiz təhsil almaq
imkanını təmin edir. Məqsəd insan
potensialının inkişafı, kadrların intellektual və
peşə hazırlığı səviyyəsinin yüksəldilməsi
və təkmilləşdirilməsi, onların daim dəyişən
və yeniləşən əmək şəraitinə
uyğunlaşdırılması, yaşlı vətəndaşların
ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında
fəal və səmərəli iştirakının təmin
edilməsidir. Hesab edirəm ki, təhsilin bu sahəsinin məntiqə
söykənərək elmi əsaslarla inkişaf etdirilməsi
üçün xarici ölkələrin yüksək səviyyəli
mütəxəssisləri ilə problemlərin birgə
müzakirəsinə və həlli yollarının müəyyənləşdirilməsinə
böyük ehtiyac var. Bunun vasitələrindən biri beynəlxalq
elmi konfransların keçirilməsidir. Belə tədbirlərin
təşkili üçün ölkəmizin rəhbərliyi
tərəfindən böyük imkanlar yaradılır. Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin
apardığı uğurlu daxili və xarici siyasət,
bütün sahələrdə olduğu kimi, elm və təhsil
sahəsində də özünü göstərir. Beynəlxalq
konfransın təşkili və keçirilməsi də həmin
uğurlu siyasətin nəticələrindən biridir.
Konfransda
hazırkı dəyişikliklər şəraitində
diplomdansonrakı pedaqoji təhsil sisteminin modernləşdirilməsi,
təhsil sistemində ixtisasartırmanın perspektivləri,
ixtisasartırma institutlarının pedaqoqların professional
inkişafında rolu, müasir informasiya məkanında
(mühitində) təhsil prosesinin
optimallaşdırılması, təhsil sisteminin psixoloji xidmət
fəaliyyətinin təşkilati - idarəetmə modeli,
qloballaşma prosesinin müasir diplomdansonrakı pedaqoji təhsilin
məzmununa və metodologiyasına təsiri,
informasiya-kommunikasiya texnologiyalarının pedaqoji kadrların
professional inkişafında rolu və digər vacib məsələlərə
dair həm plenar iclaslarda, həm də bölmə
iclaslarında geniş məruzələr dinlənildi,
müzakirələr aparıldı. Hesab edirəm ki, təşkilatçı
ali məktəblərin rektorlarının, prorektorlarının,
alim və mütəxəssislərinin sanballı məruzələri
konfrans iştirakçılarını tam razı saldı.
Ukraynanın
Elm və Təhsil Nazirliyinin, Kiyev Vilayətinin rəhbərlərinin,
adıçəkilən ölkələrin, o cümlədən
Azərbaycan səfirliklərinin rəsmi şəxslərinin
konfransda iştirakı bu beynəlxalq tədbiri daha da mənalandırırdı.
Konfrans ərəfəsində
biz Moskva Vilayət Diplomdansonrakı Təhsil Akademiyası,
Rusiya Federasiyası İvanovsk Vilayət Təhsilin
İnkişafı İnstitutu, Belarusun Qomel Vilayət Təhsilin
İnkişafı İnstitutu ilə elm və təhsil sahəsində
əməkdaşlığa dair müqavilələrin də
layihələrini razılaşdırdıq. Yaxın vaxtlarda
həmin müqavilələrin imzalanma mərasimi keçiriləcəkdir.
Biz,
konfrans iştirakçıları Kiyev vilayətinin bir
neçə ümumtəhsil məktəbində tədris
prosesinin gedişi, həmçinin məktəblərin
maddi-texniki bazası ilə yaxından tanış olduq. Qeyd
edim ki, ukraynalı həmkarlarım Kiyev vilayətində yenicə
tikilib istifadəyə verilmiş məktəbi böyük məmnuniyyətlə
bizə təqdim etdikdə mən həmkarlarımı son
altı ildə Azərbaycanda müasir tələblərə
cavab verən 1800-ə qədər yeni məktəbin tikilib
istifadəyə verilməsi ilə məlumatlandırdım.
Onlar bu işə çox yüksək qiymət versələr
də, təəccüblərini gizlədə bilmədilər.
Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur.
Yeri gəlmişkən
qeyd edim ki, diplomdansonrakı təhsilin problemlərinə həsr
edilmiş ilk beynəlxalq konfransı bizim institut adıçəkilən
ölkələrin müvafiq institutları ilə 2008-ci ilin
noyabrında Bakı şəhərində təşkil etdik
və yüksək səviyyədə keçirdik. Bəli,
diplomdansonrakı təhsilin, o cümlədən ixtisasartırmanın
problemləri barədə elmi müzakirələr
aparılması məsələnin həlli yollarının
tapılması, təhislin keyfiyyətinin yüksəlməsi
üçün əhəmiyyətli rol oynaya bilər.
2008-ci
ildən yeni strukturla fəaliyyət göstərən
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunun kadr potensialının, xüsusilə də
elmi-pedaqoji kadr potensialının formalaşması
üçün bütün imkanlardan istifadə edirik. Əminəm
ki, kafedraların, məqsədli aspiranturanın fəaliyyət
göstərməsi, həmçinin alimlərin keyfiyyət tərkibinin
yüksəlməsi, beynəlxalq əlaqələrin daha da
genişlənməsi institutumuzun elm, təhsil və mədəniyyət
mərkəzinə çevrilməsində əvəzsiz rol
oynayacaqdır.
Ə.DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.-2009.-9
oktyabr.-S.4.