Bərdədə daha bir məktəb binası istifadəyə verildi

 

Bərdə rayonundakı Kətəlparaq kəndində dövlət vəsaiti hesabına inşa edilən yeni məktəb binası tikilib istifadəyə verildi. Müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunmuş 3 mərtəbədən ibarət bu təhsil ocağı 640 şagird üçün nəzərdə tutulub.

Açılış mərasimində təhsil nazirinin müavini Elmar Qasımov, rayonun idarə və müəssisə rəhbərləri, bələdiyyə sədrləri, məktəb direktorları və qabaqcıl müəllimlər iştirak edirdilər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı İ.Ağayev bütün təhsil işçilərini və tədbir iştirakçılarını yeni məktəbin açılışı münasibətilə təbrik edərək, son illər ölkəmizdə təhsilin inkişafını və yeni məktəblərin tikintisinin geniş vüsət aldığını təqdirəlayiq hal kimi qiymətləndirdi. ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan söz açan natiq bu sahədə qazanılan uğurların gündən-günə artdığını söylədi.

Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini E.Qasımov kənd ictimaiyyətinin sevincinə şərik olduğunu bildirərək, görülən bütün bu işlərin təhsilimizin inkişafına böyük təkan verəcəyini vurğuladı.

Mərasimin sonunda çıxış edən məktəbin direktoru F.İsmayılov qonaqları salamlayaraq belə bir şəraitin yaradılmasına görə dövlət başçısına kollektiv adından xüsusi minnətdarlığını bildirdi.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.-2009.-9 oktyabr.-S.4.