Sumqayıtda beynəlxalq fənn olimpiadalarında uğur qazanmış şagirdlərlə görüş keçirilib

 

Ötən dərs ilində beynəlxalq fənn olimpiadalarında uğur əldə etmiş Sumqayıt özəl Türk Liseyinin şagirdləri ilə Sumqayıt Şəhər İcra Hakimiyyətində görüş keçirilib. Görüşdə icra hakimiyyətinin başçısı Vaqif Əliyev çıxış edərək fənn olimpiadalarında uğur qazananları təbrik edib. O, Sumqayıtda təhsil sahəsində qazanılan uğurlardan çağ öyrətim Şirkətinin bu uğurlardakı rolundan danışıb. Tədbirdə Sumqayıt şəhərinin ümumilikdə təhsildə birinci olduğu kimi, beynəlxalq olimpiadalarda əldə olunan nəticələrə görə ilk yerdə durduğu da vurğulanıb.

Sumqayıt Özəl Türk Liseyinin direktoru Ahmed Arslan 2008-2009-cu dərs ilində beynəlxalq olimpiadalarda liseyin 7 şagirdinin qalib gələrək medallara layiq görüldüyünü əldə edilmiş nailiyyətlərdə şəhər təhsil müəssisələrində yaradılmış güclü maddi-texniki bazanın xüsusi rolu olduğunu söyləyib. Görüşdə çağ öyrətim Şirkəti adından şəhər icra hakimiyyətinin başçısına xüsusi diplom, olimpiadalarda uğur əldə etmiş şagirdlərə isə Sumqayıtın 60 illiyi ilə bağlı çap edilmiş kitab hədiyyələr təqdim olunub.

 

 

ƏDALƏT

 

Azərbaycan müəllimi.-2009.-9 oktyabr.-S.1.