2009-2010-cu dərs ilində ümumtəhsil
məktəblərinin əsas və orta təhsil pillələri
üzrə mərkəzləşdirilmiş qaydada
aparılacaq buraxılış imtahanları barədə
2009-2010-cu
dərs ilində respublikanın ümumtəhsil məktəblərinin
IX və XI siniflərində mərkəzləşdirilmiş
qaydada keçiriləcək buraxılış
imtahanlarına hazırlıq məqsədi ilə ölkənin
şəhər və rayonlarında şagird, valideyn, məktəb
direktoru və fənn müəllimlərini əhatə edən
təlimati işlərə başlanılmışdır.
Hər
iki təhsil kursu üzrə bu dərs ili ərzində bir dəfə
yoxlama imtahanının keçirilməsi nəzərdə
tutulub. Dərs ilinin II yarımilində (fevral-mart aylarında)
keçiriləcək yoxlama imtahanı şagirdləri
buraxılış imtahanlarına təlimati cəhətdən
hazırlamaqla bərabər, onlara öz biliklərini yoxlamaq
imkanı verir, eyni zamanda attestata yazılacaq yekun qiymətə
öz təsirini göstərir.
Əsas
təhsil kursu üzrə yoxlama və buraxılış
imtahanları ana dili və riyaziyyat, orta təhsil kursu üzrə
isə ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan
tarixi, fizika, kimya, biologiya, cografiya və xarici dil fənlərindən
aparılacaq.
İmtahanlara
lazımi səviyyədə hazırlaşmaq məqsədi ilə
IX siniflər üçün yeni test bankı
yaradılıb, XI siniflər üçün isə
mövcud test bankı təkmilləşdirilərək yeniləşdirilib.
Hər iki siniflər üzrə tərtib edilmiş test bankının
bu dərs ilinin II yarımilinədək şagirdlərin
istifadəsinə verilməsi nəzərdə tutulub.
Şagirdlərə imtahanlara test bankındakı sualları əzbərləməklə
deyil, həmin sualların həlli yollarını öyrənməklə
hazırlaşmalarını tövsiyə edirik.
Əsas
və orta təhsil kursları üzrə imtahanlar səhər
saat 10.00-da başlayacaq. IX siniflərdə imtahanlar 1 saat 30 dəqiqə,
XI siniflərdə isə 3 saat davam edəcək. İmtahana
30 dəqiqə gecikən şagirdlər imtahana
buraxılmayacaqlar.
İmtahan
müddəti ərzində IX sinif şagirdləri 50 suala, XI
sinif şagirdləri 120 suala cavab verəcəklər. 50
sualın 25-i ana dilinə (1-25), qalan 25-i isə riyaziyyat fənninə
(26-42 cəbr, 43-50 həndəsə) aid olacaqdır.
Orta təhsil
kursu üzrə imtahan sualları 1-dən 120-dək nömrələnməklə
fənlər üzrə aşağıdakı
ardıcıllıqla sıralanmışdır: ana dili və
ədəbiyyat 1-25, riyaziyyat 26-50, Azərbaycan tarixi 51-65,
fizika 66-75, kimya 76-85, biologiya 86-95, coğrafiya 96-105 və
xarici dil 106-120.
Xarici dil
fənni üzrə cavablar hansı xarici dilin seçilməsindən
asılı olmayaraq, 106-120-ci nömrələrlə qeyd
olunur. Xarici dil fənlərinə aid cavab maketləri fərqli
olduqları üçün hər bir şagirdin məktəbdə
öyrəndiyi xarici dilin suallarına cavab verməsi zəruridir.
Hər bir test sualına 5 cavab (distraktor) verilir. Şagirdlər cavab kartında hər suala düzgün hesab etdikləri cavaba uyğun dairəni qaralamalıdır. Şagird iki və daha artıq dairə qaralayarsa, həmin sualın cavabı səhv hesab edilir. Şagirdlərin bütün fənlər üzrə bildikləri suallara cavab vermələri zəruridir.
Yoxlama imtahanının fənlər üzrə nəticələri jurnala yazılır və ikinci yarımilin qiymətləri çıxarılarkən nəzərə alınır. Şagird üzrlü səbəbdən yoxlama imtahanında iştirak etmədiyi halda, buraxılış imtahanlarına qədər lazımi sənədləri məktəb rəhbərliyinə təqdim etməlidir. Əks halda, "ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"ın imtahanlarda üzrsüz səbəbdən iştirak etməyən şagirdlərə şamil edilən I.13 bəndinə əsasən attestata yazılacaq qiymətlər çıxarılarkən yoxlama imtahanının nəticəsi (0) götürüləcəkdir.
Əsas təhsil kursu üzrə imtahan aparılan fənlər üzrə şəhadətnaməyə yazılacaq summativ (yekun) qiymət fənn üzrə mikrosummativ (yoxlama imtahanının nəticələri, VIII və IX (X) siniflərin illik qiymətləri) və makrosummativ (buraxılış imtahanı) qiymətlər əsasında hesablanır, bu zaman əsas üstünlük yoxlama və buraxılış imtahanlarının nəticələrinə verilir.
Orta təhsil kursu üzrə imtahan aparılan fənlər üzrə attestata yazılacaq summativ (yekun) qiymət fənn üzrə mikrosummativ (yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri) və makrosummativ (buraxılış imtahanı) qiymətlər əsasında hesablanır, bu zaman əsas üstünlük yoxlama və buraxılış imtahanlarının nəticələrinə verilir.
"Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"ın 38 və 39-cu bəndlərinə əsasən imtahanlara mobil telefon gətirmək qəti qadağandır. üstündə mobil telefon olan şagird imtahandan xaric olunacaq. İmtahanlarda mobil telefonda olmayan kalkulyatordan istifadə etməyə icazə verilir.
Hər bir fənn üzrə sualların 20%-dən 50%-nə qədər düz cavab verən şagird 3, 50%-dən 80%-nə qədər düz cavab verən şagird 4, 80%-dən 100%-ə qədər düz cavab verən şagird 5 ilə qiymətləndirilir . Məsələn, 25 sualdan ən azı 5, ən çoxu 12 suala düz cavab verən şagird 3, ən azı 13, ən çoxu 19 suala cavab verən şagird 4, ən azı 20 və daha artıq suala düz cavab verən şagird 5 qiymət alır.
Ötən dərs ilində imtahanlara buraxılmayan və ya buraxılış imtahanlarından qeyri-kafi qiymət alan XI sinif, peşə liseylərinin III kurs şagirdləri 2010-cu ilin aprel ayının 1-dən 20-dək bitirdikləri məktəblərə ərizə ilə müraciət edə bilərlər. Təkrar imtahan verən şəxslər yalnız "2" aldığı fəndən imtahan verəcək.
Yoxlama və buraxılış imtahanları üçün tərtib olunan test bankına aid nümunələr və onların təhlilləri növbəti məqalələrdə veriləcəkdir.
Əziz şagirdlər! Sizə qarşıda gələn imtahanlarda uğurlar arzulayırıq!
Təhsil
Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi
Azərbaycan
müəllimi.-2009.-16 oktyabr.-S.4.