Təhsilin informasiyalaşdırılması üzrə Azərbaycanın təcrübəsi Cenevrədə keçirilən forumda təqdim olunub

 

Təhsilin informasiyalaşdırılması üzrə Azərbaycanın təcrübəsi oktyabrın 5-dən 9-dək Cenevrədə keçirilən "ITU World Telecom 2009" forumunda təqdim olunmuşdur.

Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, forum çərçivəsində keçirilən tədbirlərdə ayrı-ayrı ölkələrin nümayəndələrinə Azərbaycan Təhsil Şəbəkəsinin (AZEDUNET), Məlumat Resurs Mərkəzinin yaradılması, "Elektron məktəb" "Bir şagird- Bir kompüter" layihələri, həmçinin Milli Tədris Portalı da daxil olmaqla müvafiq Dövlət Proqramının müxtəlif komponentləri barədə məlumatlar verilmişdir.

Eyni zamanda Azərbaycan təhsil sisteminin informasiyalaşdırılması haqqında iki sənədli film "Elektron təhsil" jurnalının ingilis dilində xüsusi buraxılışı təqdim olunmuşdur. Forumda Azərbaycanın milli stendində informasiya texnologiyalarının tətbiqi sahəsində ölkənin qabaqcıl təcrübəsi nümayiş etdirilmişdir.

 

 

Azərbaycan müəllimi.-2009.-16 oktyabr.-S.1.