Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

İctimai-siyasi və sosial-iqtisadi quruluşlarından asılı olmayaraq, bilik bütün cəmiyyətlərdə zəruri ehtiyac, inkişafın mənbəyi kimi qəbul edilmişdir. Biliklər aləminə gedən yol isə həyati təcrübədən başlanır. Yer üzündə hələ ilk insan nəsli yarandığı vaxtdan mübarizə meydanına çevrilən həyatda uğur və qələbələr daha çox ağıl və idrakın məhsulu olan biliklərin əsasında əldə edilən bacarıq və vərdişlər sayəsində qazanılmışdır. Canlılar aləmində yeganə şüurlu varlıq olan insanın dünyanı dəyişməyə qadir qüvvə kimi formalaşması da onun bilikləri qazanmaq və tətbiq etmək qabiliyyətinə malik olması ilə bağlıdır.

Dünyanın ilk vətəndaşları olan ibtidai insanların yeganə qayğısı əvvəllər yaşamaq naminə qida əldə etmək idisə, az sonra üzləşdikləri təbii fəlakətlərdən, vəhşi canlılardan qorunmaq, məişət ehtiyaclarını ödəmək zərurəti onları istər-istəməz canlı və cansız aləmin, təbiət hadisələrinin sirlərini öyrənməyə sövq etdi. Məhz öyrənmə prosesi onlarda ictimai şüurun, idrakın, ünsiyyət vasitələrinin formalaşmasına böyük təkan verdi. Çox güman ki, min illərlə davam etsə də, bu öyrənmə prosesi və onun nəticəsi kimi meydana çıxan tətbiqi bacarıqlar insanların ilk təhsillənmə fəaliyyətinin rüşeymlərini təşkil etmişdir. Zaman keçdikcə, həyati tələbatların çoxalması ilə əlaqədar öyrənməyə meyil və maraq xeyli güclənmiş, bu da, öz növbəsində, ətraf aləmə aid biliklərin daha sistemli şəkildə öyrənilməsi zərurətini yaratmışdır. Beləliklə, bəşəriyyət ibtidai əl əməyi alətlərinin yaradılmasından, odun əldə olunmasından başlamış mexanikanın qanunlarının, elektrikin kəşfinədək və nəhayət, kosmosun fəthinədək möhtəşəm bir tarixi inkişaf yolu keçmişdir. Nəsillər bir-birini əvəz etdikcə sələflər və xələflərin nümunəsində əvvəlkilərə möcüzə kimi görünən hadisələrin onları əvəz edənlər tərəfindən həqiqətə çevrilməsi isə yalnız təhsil sayəsində təşəkkül tapmış insan zəkasının qüdrəti ilə mümkün olmuşdur.

Heç şübhəsiz, sistemləşdirilmiş bilik və bacarıqların məcmusunu ifadə edən təhsil bəşəri dəyər kimi birdən-birə formalaşmamışdir. İcmalar yaranıb cəmiyyət təşəkkül tapdıqca sosial-iqtisadi tələblərin yerinə yetirilməsində müəyyən bilik və həyati bacarıqların əldə olunmasının vacibliyi tədricən müxtəlif istiqamətlər üzrə xüsusi təlim verən və ayrı-ayrı şəxslərin adı ilə adlanan məktəblərin təşkilinə gətirib çıxardı. Bu məktəblərdə həyata keçirilən təlimlər isə təlim-tərbiyə, yəni təhsil anlayışının yaranmasının əsasını qoydu.

Bütövlükdə götürsək, bəşər sivilizasiyasının təşəkkülü, formalaşması və inkişafı bilavasitə təhsillə bağlıdır. Ayrı-ayrı dövrlərdə müxtəlif xalq və millətlərin, onların nümayəndələrinin yaratdığı pedaqoji fikir abidələri, ideya və konsepsiyalar bəşəri xarakter daşımaqla bütün millətlərə və xalqlara eyni dərəcədə açıq olmuş, dünyanı inkişafa doğru aparan tükənməz mənəvi sərvətə çevrilmişdir. Əgər sakinləri olduğumuz dünyanı obrazlı şəkildə ictimai-iqtisadi formasiyalardan, qərinələr və əsrlərdən, dövr və zamanlardan qurulmuş binaya bənzətsək, heç şübhəsiz, bu möhtəşəm abidənin məhz təhsil adlanan möhkəm və etibarlı bünövrə üzərində qərar tutmasını heç kəs inkar edə bilməz.

Qədim dünya dövlətləri ilə müqayisədə ilk insan məskənlərindən biri kimi Azərbaycanda pedaqoji fikrin, təlim-tərbiyə ənənələrinin yaranması tarixi min illər bundan əvvələ təsadüf edir. Bu faktı təsdiq etmək üçün Qobustan və Gəmiqayadakı qayaüstü rəsmləri xatırlamaq kifayətdir. Abidələrdə əks olunmuş təsvirlər o vaxtlar Azərbaycanda yaşamış insanların məşğulluq sahələrini, fikir və düşüncələrini büruzə verməklə yanaşı, təfəkkür tərzlərini də nümayiş etdirirdi. Cəsarətlə demək olar ki, bu rəsmlər düşüncələrin yazılı formada ifadə edilməsi sahəsində ilk cəhdlər kimi sonralar həmin ərazidə yazı mədəniyyətinin yaranması və formalaşmasında müstəsna rol oynamışdır. Bu gün biz haqlı olaraq dünyada ilk yazılı abidələrdən biri və bütövlüklə Azərbaycana məxsus "Kitabi-Dədə Qorqud"la fəxr edirik. Lakin, mənim fikrimcə, yaranma tarixi VI-IX əsrlərə də təsadüf edən bu abidədə milli mənəvi tərbiyənin, insana xas olan ali keyfiyyətlərin ifadə olunması ilə ikiqat iftixar hissi duyulmalıdır, təkcə elə ona görə ki, yazılı formada kitaba düşənə qədər həmin həyati məsələlərin formalaşması üçün, yəqin, əsrlərlə vaxt lazım olunmuşdur ki, bu da xalqımızın tarixinin qədimliyinə, təfəkkür tərzinin aliliyinə və daim ülvi hisslərlə yaşamasına parlaq sübutdur. Hər səhifəsi gələcək nəsillərə ibrət dərsi olan, insanlara milli birlik, vətənpərvərlik, humanizm ideyaları təlqin edən bu möhtəşəm söz abidəsi, eyni zamanda Azərbaycanda pedaqoji fikrin və bunun əsasında təlim-tərbiyə sisteminin formalaşmasında müstəsna rol oynamış, pedaqoji tədqiqatlar üçün əvəzsiz mənbəyə çevrilmişdir.

On əsr bundan əvvəl yazılı abidəsi mövcud olmuş xalqımızın maarifpərvər, elm və təhsilyönümlü xarakteri real faktlarla çoxdan sübuta yetirilmişdir. Hələ eramızın ilk əsrlərindən başlayaraq Azərbaycanda salınmış xüsusi memarlıq üslubuna malik şəhərlər, mədəni abidələr və kommunikasiya vasitələri indinin özündə də mühəndis-texniki təfəkkürün nadir nümunələri kimi hamını valeh edir. Bütün bunlar onları yaradan insanların dövrünə görə fundamental təhsil almasından, intellektual səviyyəsindən, əqli kamillik dərəcəsindən xəbər verir.

Tarixi mənbələr göstərir ki, Azərbaycanda ibtidai savad təlimi verən ilk məktəblərin yaranması yeni eranın əvvəllərinə təsadüf edir. VII əsrdə artıq təhsil sistemi formalaşmaqda idi. Daha sonralar inkişaf elə bir səviyyəyə çatmışdı ki, X-XIII əsrlərdə Azərbaycanın bir çox şəhərləri, o cümlədən Təbriz, Marağa, Gəncə, Naxçıvan, Şamaxı, Ərdəbil Şərq aləmində elm, təhsil, incəsənət və mədəniyyət mərkəzləri kimi tanınırdı. Təkcə onu göstərmək kifayətdir ki, XVII əsrin ortalarında Təbrizdə 600 ibtidai, 47 orta, Şamaxıda 40 ibtidai, 7 orta məktəb fəaliyyət göstərirdi.

O dövrlərdə təhsil kütləvi xarakterdə və pulsuz olmasa da, bu sistem daxilində təhsil alanların əksəriyyəti tanınmış yaradıcı şəxsiyyətlər kimi formalaşaraq ictimai-siyasi, iqtisadi, sosial-mədəni həyatda fəal iştirak edir, ümumi inkişafa böyük töhfələr verirdilər. Əgər belə olmasaydı, elm və tədqiqatlar mərkəzi kimi şöhrət qazanmış intibah rəmzi sayılan Marağa rəsədxanası XIII əsrdə yarana bilməzdi.

Söz yox ki, Azərbaycanda qədim dövrlərdən etibarən elm, mədəniyyət və təhsilin digər ölkələrin heç də hamısına müyəssər olmayan inkişafının səbəblərinin indiyədək ətraflı araşdırıldığını iddia etmək düzgün olmazdı (yeri gəlmişkən, bu sahədə tədqiqatların aparılmasına ciddi ehtiyac vardır). Lakin fikrimcə, bu inkişafın sirlərini xalqımızın yaradıcı təbiətində, humanist xarakterində, xeyirxah və nurlu mənəvi dünyasında, ən başlıcası, həyati təcrübəni öyrənib onu elmi dünyagörüşə çevirmək istedadında axtarmaq lazımdır. Doğrudan da "həyatdan dərs ala bilməyən adam heç kəsə dərs verməməlidir, çünki əməyi hədər gedər" (Keykavus ibn İsgəndər, XI əsr).

Tarixi keçmişimizin təhsillə baglı səhifələrini vərəqlədikcə sonrakı dövrlərdə, xüsusilə XIX-XX əsrlərdə bu sahədə irəliləyişlərin xeyli gücləndiyinin şahidi oluruq. O vaxtlar milli maarifçilik hərəkatının öncülləri olan Abasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Mirzə Şəfi Vazeh, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məmməd Tağı Sidqi, Firudin bəy Köçərli, Həbib bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə, üzeyir Hacıbəyov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir çəmənzəminli, Cəlal Rəfibəyli, Aleksandr Osipoviç Çernyayevski, Nəriman Nərimanov və digər görkəmli şəxsiyyətlərin azərbaycanlı balaların təhsillənməsi sahəsində gördükləri işlər, çəkdikləri əzablar əsl fədakarlıq və vətənpərvərlik nümunəsi idi. O dövrdə milli maarifçilik ənənələrinin yaşadılması və inkişafı istiqamətində böyük maarifpərvər xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və başqa neft sənayeçilərinin, "Nicat", "Nəşri-maarif", "Səadət" kimi xeyriyyə cəmiyyətlərinin açdıqları məktəblər Azərbaycanda ümumi təhsil sisteminin formalaşmasında tarixi əhəmiyyət kəsb etmişdi.

Əslində əsrlərdən bəri, xüsusən də XIX-XX əsrlərdə milli təhsilimizin təşəkkülü sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər və bunların göz qabağında olan real nəticələri Azərbaycanın şimal hissəsi Rusiyanın tərkibinə qatıldıqdan sonra meydana gəlmiş ədalətsiz bir mülahizəni, yəni həmin vaxta qədər guya Azərbaycanda milli təhsil sisteminin olmaması fikrini puça çıxarır. Əgər belə idisə, rus imperiyasının süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhsilin inkişafı ilə bağlı cəmi 18 ay ərzində on illərə bərabər işlər görülə bilərdimi?!

Bununla belə, Azərbaycanın müstəqilliyi əlindən alınmaqla xalqımızın azadlıq ideallarına və mənəviyyatına təcavüz olunmuş sovet hakimiyyəti illərində ölkəmizin təhsil sahəsində müəyyən inkişaf yolu keçməsi fakt olaraq qalır. Yeri gəlmişkən, bu inkişaf, əlbəttə, təkcə Azərbaycana deyil, bütün sovet respublikalarına aid idi. Eyni zamanda belə düşünmək də sadəlövhlük olardı ki, mərkəzi hakimiyyət azərbaycanlılara, ukraynalılara, yaxud özbəklərə xüsusı rəğbət bəslədiyindən onların inkişafına rəvac verirdi. Sadəcə, 1922-cı ildə yaranmış SSRİ 15 respublika üçün vahid məkana çevrildiyindən başqa bir siyasət yeridilməsi heç də mümkün deyildi. Tərkibindəki bütün xalqların bərabərliyinin, azadlıqlarının və inkişafının təmin edilməsi barədə müntəzəm aparılan təbliğat isə SSRİ-ni dünya dövlətlərinə humanist və demokratik prinsiplərə sadiq ölkə kimi qələmə vermək məqsədi daşıyırdı. Əgər konkret olaraq Azərbaycanın nümunəsində reallığı götürsək, ölkəmizin yeraltı və yerüstü sərvətlərinin, əqlı potensialının SSRİ büdcəsinə gətirdiyi gəlir mərkəzi hakimiyyətin Azərbaycanın maliyyələşməsinə ayırdığı vəsaitdən qat-qat çox idi və bunları heç müqayisə etməyə belə dəyməz. Həm də ittifaqa daxil olan xalqların, eləcə də Azərbaycan nümayəndələrinin elm, mədəniyyət, idman və digər sahələrdə qazandığı uğurlar təmsil etdikləri respublikaların deyil, SSRİ-nin adına yazılırdı. Azərbaycanın o dövrdə ittifaqın hüdudlarından kənarda az tanınmasının bir səbəbi də məhz bu amillə bağlı idi.

Hər halda sovet dövrü Azərbaycanın tarixində müəyyən mərhələ təşkil edir və ziddiyyətlərlə dolu olsa da, bir sıra sahələrdə, o cümlədən təhsil sahəsində də irəliləyişlərin, inkişafın baş verməsi obyektiv qiymətləndirilməlidir. Belə ki, əhalinin savadsızlığının tədricən aradan qaldırılması, təhsilin pulsuz olması, kütləvi xarakter alması və sistem halında formalaşdırılması, təhsilin dünyəviliyinin təmin olunması məhz sovet dönəmi ilə bağlıdır. Yeni hakimiyyət qurulduqdan cəmi 10 il sonra ibtidai təhsilin artıq icbari elan edilməsi, 1935-1958-ci illərdə yeddiillik, 1959-1966-cı illərdə səkkizillik, sonrakı dövrlərdə isə orta təhsilin icbariliyinin həyata keçirilməsi, şübhəsiz, böyuk uğur sayılmalıdır. Araşdırmalar göstərir ki, 1920-ci illə müqayisədə ümumtəhsil məktəblərinin sayı 57 faiz artaraq 965-dən 1929-cu ildə 1687-yə çatmışdı. 1940-41-ci dərs ilində ölkədə artıq 3575 məktəb fəaliyyət göstərirdi. ötən əsrin 70-ci illərinin sonuna yaxın isə Azərbaycanda 4195 məktəb qeydə alınmışdı. Şagirdlərin sayına gəlincə isə 1920-ci ilə nisbətən artım 79.402 nəfərdən yüksələrək 70-ci illərdə 1.035.846 nəfər təşkil etmişdi.

Heç şübhəsiz, sovet hakimiyyəti illərində bütövlükdə Azərbaycanın, eləcə də ölkə təhsilinin, xüsusilə orta təhsilin vüsətli tərəqqisi ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrə təsadüf edir. İqtisadiyyat və sosial-mədəni sahələrdə inkişafla yanaşı, insanların mənəvi yüksəlişi ilə şərtlənən bu dövr ölkəmizin tarixinə, sözün əsl mənasında, "qızıl dövr", "intibah dövrü" kimi daxil olmuşdur. Qısa müddət ərzində səkkizillik icbari təhsildən icbari orta təhsilə keçilməsi, 350 mindən artıq şagird yeri olan 680 yeni ümumtəhsil məktəbinin inşası, ümumi təhsil müəssisələri üçün pedaqoji kadr hazırlığının gücləndirilməsi, orta məktəb şagirdlərinin dərsliklərlə pulsuz təminatı, elmi-pedaqoji tədqiqatların genişləndirilməsi o dövrdə ümumi orta təhsillə bağlı irimiqyaslı fəaliyyətlərin real nəticələrini əks etdirir.

Ümumiyyətlə, tarixi faktları araşdırdıqda hər hansı bir ölkədə təhsil sistemi formalaşmağa başlanandan hazırkı vaxta qədər, ilk növbədə, ümumi təhsilin inkişafına ciddi diqqət yetirildiyinin şahidi oluruq. Bu da səbəbsiz deyildir. Çunki insanın şəxsiyyət kimi formalaşmasında, zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsində ümumi təhsil müstəsna rol oynayır. Ola bilər ki, insan həyatının sonrakı mərhələlərində digər təhsil səviyyələrinin imkanlarından istifadə etməsin. Lakin ümumi təhsilin icbari mərhələsini hökmən keçməlidir. Ona görə də bu mərhələnin yekununda vətəndaşa dövlət standartları səviyyəsində elə keyfiyyətli təhsil verilməlidir ki, o, həmin bazadan istifadə edərək cəmiyyətdə öz yerini tapa bilsin, "artıq adam"a çevrilməsin. Bununla yanaşı, ümumi təhsil sonrakı səviyyələrdə təhsili davam etdirmək üçün möhkəm bünövrə missiyasını yerinə yetirir. Əks halda, peşə-ixtisas təhsilinin səmərəliliyinin təmin olunmasından danışmağa belə dəyməz. Bu mənada təhsil sisteminin dayanıqlılığı ümumi təhsildən, onun keyfiyyətindən daha çox asılıdır.

Deyirlər ki, kamıl insan idrakının, elminin, həyat təcrübəsinin gücündən bəhrələnməklə daim həqiqət axtarışındadır. ümumi təhsil illəri insanın məhz elə bir yaş dövrünə təsadüf edir ki, o, həyatda hələ kövrək addımlarını atır, yaxşı ilə pisi ayırd etməkdə, baş verən hadisələrin mahiyyətini aydınlaşdırmaqda çətinlik çəkir, şübhələr və qeyri-müəyyənliklər içərisində vurnuxur. çox vaxt həyatda müxtəlif insanların nümunəsində söz və əməlin əksliyinin şahidi olur. Belə bir vəziyyətdə, ilk növbədə, ümumi təhsil uşaq və yeniyetmələr üçün etibarlı kompas rolunu oynamalıdır. Onların təhsil aldıqları məktəblərdə elə bir mənəvi-psixoloji iqlim və təlim-tərbiyə şəraiti hökm sürməlidir ki, uşaqlar bütün şübhələrdən azad olsunlar, onlarda həyata və insanlara dərin inam yaransın, müstəqil surətdə həqiqəti axtarıb tapmağın yollarını öyrənsinlər, mənəvi cəhətdən saf və əqidəli formalaşsınlar.

Bu mənada məktəbi "Müqəddəs məbəd" adlandıranlar heç də səhv etmirlər. Məktəb belə bir şərəfə yalnız biliklərin mənimsənildiyi müəssisə olduğu üçün deyil, hər şeydən əvvəl, üzərinə mənəviyyatlı insanlar yetişdirmək məsuliyyəti düşdüyü üçün görülür. Təsadüfi deyil ki, dövrün, zamanın tələbinə görə ayrı-ayrı vaxtlarda ümumi təhsilin təlimlə bağlı məzmun istiqamətləri dəyişsə də, təhsil alanların mənəvi tərbiyəsinə verilən tələblər dəyişilməz qalır.

Ümumi təhsilin məzmununda qədimdən üzü bəri baş verən dəyişikliklər isə cəmiyyətin inkişafına uyğun olaraq ümumi təhsilin keyfiyyəti və səmərəliliyinin yüksəldilməsi məramı ilə bağlı olmuşdur. Təhsilə cəlb edilmiş uşaqlara yaş və fizioloji xüsusiyyətləri, əqli inkişafları nəzərə alınmaqla "nələri və hansı həcmdə öyrətmək" sualı mütəxəssisləri həmişə düşündürmüş, bununla əlaqədar çoxsaylı eksperimentlər aparılmışdır. Dünyada inkişaf dövrdən-dövrə sürətləndikcə bu sual daha qabarıq şəkildə gündəmə gətirilmiş, problemə müxtəlif mövqeləri əks etdirən yanaşmalar meydana çıxmışdır.

Yaxın tarixə nəzər saldıqda 80 ilə yaxın Azərbaycanın da tərkibində olduğu keçmiş Sovetlər Birliyinin ümumi təhsil sistemində nəzəri biliklərin, fakt və məlumatların öyrədilməsinə daha geniş yer verildiyi açıq-aydın görünür. Siyasi, ideoloji fərqlərə görə digər qabaqcıl dövlətlərin təhsil sahəsində təcrübəsini öyrənmək imkanı yaradılmadığından ölkə daxilində hamı sovet təhsil sistemini dünyada ən qabaqcıl, mütərəqqi və humanist sistem kimi qəbul etmişdi. Düzdür, bu sistemin özünəməxsus üstünlüklərini inkar etmək düzgün olmazdı, neçə nəsil məhz həmin sistem daxilində təhsil alıb formalaşmışdır. Bununla belə, təhsilin, o cümlədən də ümumi təhsilin məzmununun konkret standartlar üzərində qurulmaması, tədris proqramları və dərsliklərin həddən artıq yüklü olması, qiymətləndirmə üsul və meyarlarının, təlim metodlarının yeknəsəqliyi, şagirdlərə yanaşmada diferensiallaşmanın tətbiq edilməməsi və başqa bu kimi amillər son nəticədə formalizm hallarının yaranmasına, bir çox şagirdlərin keyfiyyətli təhsil almadan, bəzi fənləri mənimsəmədən süni surətdə sinifdən-sinfə keçirilməsinə və həyatda onlar üçün bəlkə də heç bir əhəmiyyət kəsb etməyən təhsil sənədi almasına gətirib çıxarırdı.

Azərbaycanda bütövlükdə təhsil sisteminin, o cümlədən də ümumi təhsilin milli ənənələr, milli mənəvi və bəşəri dəyərlər zəminində dinamik və məqsədyönlü inkişafı məhz dövlət müstəqilliyinin bərpasından sonra mümkün oldu. Düzdür, müstəqilliyin ilk illərində ölkəmizdə baş vermiş siyasi böhran, iqtisadi tənəzzül, vətəndaş müharibəsi təhlükəsi, Ermənistanın təcavüzü və digər bu kimi amillər inkişafa ciddi zərbə vurdu, xalqa müstəqilliyin şirinliyini hiss etməyə imkan vermədi. Tarixi həqiqətdir ki, bütün bu xaosa, xalqın dövlətə inamsızlığına, ümidsizliyə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra birdəfəlik son qoyuldu. Diqqət yetirsək, ümummilli liderin hakimiyyətinin üç ili yalnız ölkədə siyasi sabitliyin bərpasına yönəlmişdi. 1996-cı ilin əvvəllərindən isə respublikamız tənəzzül və iflasdan çıxaraq inkişafa doğru inamla addımlamağa başladı, bütün sahələrdə islahatların aparılması üçün münbit şərait yarandı.

Zəngin həyat və dövlətçilik təcrübəsi olan ulu öndər Heydər Əliyev cəmiyyətin inkişafında təhsilin rolunu yüksək qiymətləndirir, bu sahədə islahatların tezliklə başlanmasını zəruri hesab edirdi. Bu mənada dahi rəhbərin 1998-ci ildə təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə sərəncamı, bir il sonra isə təsdiq etdiyi "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" müstəqil ölkəmizin təhsil salnaməsinə müstəsna əhəmiyyətə malik tarixi sənədlər kimi daxil olmuşdur.

"Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı"nın əsas konseptual ideyasını və təməl prinsiplərini Heydər Əliyevin irəli sürdüyü aşağıdakı müddəalar təşkil edir:

* təhsil sistemində hər bir yeniləşmə inqilabi yolla deyil, təkamül yolu ilə həyata keçirilməlidir;

* biz heç bir ölkənin təhsil sistemini olduğu kimi Azərbaycanda qurmağa çalışmamalıyıq;

* dünyanın inkişaf etmiş ölkələrinin təhsil sistemi ilə, hazırda həmin ölkələrdə təhsil sahəsində aparılmaqda olan islahatlarla yaxından tanış olmalıyıq;

* xalqımızın milli mənəvi xüsusiyyətlərindən, adət-ənənələrindən, milli mentalitetindən, xüsusən təhsil sahəsində XX əsrdə Azərbaycanda formalaşmış mütərəqqi ənənələrdən səmərəli istifadə etməliyik;

* təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrənməli, prioritet sahələri müəyyən etməliyik;

* müstəqil Azərbaycanın təhsil sistemi milli zəminə söykənərək, ümumbəşəri dəyərlərdən bəhrələnməlidir.

Tarixi xatırlasaq, ulu öndərin proqram xarakterli bu müddəaları əsas tutularaq Azərbaycanda təhsil islahatlarının 3 mərhələdə keçirilməsi nəzərdə tutulmuşdu.

I mərhələ hazırlıq mərhələsi adlanırdı və 1999-cu ili əhatə edirdi. Bu mərhələdə vətəndaşların təhsil almaq hüququnu təmin edən, bazar iqtisadiyyatının tələblərinə uyğun yeni təhsil sisteminin normativ-hüquqi, iqtisadi və informasiya bazasını yaratmaq üçün təşkilati işlər aparıldı.

Qisamüddətli perspektivi əhatə edən II mərhələdə (2000-2003-cü illər) təhsil sahəsinin sosial-iqtisadi sabitliyinin təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi, genişmiqyaslı islahatların aparılması üçün təşkilati, normativ-hüquqi, kadr, maliyyə, maddi-texniki, elmi, tədris-metodiki və informasiya təminatının, yeni idarəetmə modelinin yaradılması istiqamətində əhəmiyyətli addımlar atıldı.

III mərhələ 2004-cü ildən sonrakı dövrü əhatə edirdi və bu mərhələdə proqramda nəzərdə tutulan bütün tədbirlərin həyata keçirilməsi yolları göstərilmişdi.

İslahat Proqramında I mərhələdə 50, II mərhələdə 57, III mərhələdə 21 tədbir olmaqla bütövlükdə 128 tədbirin həyata keçirilməsi müəyyənləşdirilmişdi. Təkcə I və II mərhələlərdə müxtəlif nazirlik və komitələrə aşağıdakı tədbirlərin həyata keçirilməsi tapşırılmışdı:

Ədliyyə Nazirliyi - normativ-hüquqi aktların, proqram xarakterli sənədlərin, eləcə də konkret islahat mexanizmlərinin hazırlanmasında bilavasitə iştirak və onların vaxtında təsdiq olunması. I mərhələdə 5 strateji tədbir. II mərhələnin birinci ilində 1 strateji tədbir.

Səhiyyə Nazirliyi - təhsilalanların sağlamlığının qorunması, təlim-tərbiyə üçün təhlükəsiz şəraitin yaradılması, eləcə də sanitar-gigiyenaya dair normativ sənədlərin, evdə təhsil, qüsurlu olan uşaqlar üçün yeni tipli müəssisələrin, reabilitasiya mərkəzlərinin yaradılması ilə bağlı təkliflərin hazırlanması. I mərhələdə 5 strateji tədbir.

Gənclər və İdman Nazirliyi - tərbiyə proqramının, uşaq və gənclərin ictimai təşkilatları ilə iş üzrə proqramın hazırlanması, istedadlı şagird və tələbələrin respublikadaxili və beynəlxalq olimpiadalarda, idman yarışlarında iştirakı işinin təkmilləşdirilməsi üçün proqram xarakterli mexanizmlərin verilməsi. I mərhələdə 4 strateji tədbir, II mərhələnin birinci ilində 1 strateji tədbir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - təhsil sistemi iştirakçılarının sosial müdafiəsi proqramının hazırlanmasında iştirak, pedaqoji kadrlar, rəhbər işçilərin yeni attestasiya mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi. Təhsil sistemi işçilərinin sosial müdafiəsinin təmin edilməsi ilə bağlı normativ-hüquqi sənədlərin hazırlanmasında, əmək bazarının dəyişən tələbatının təşkili nöqteyi-nəzərindən yeni hazırlanacaq ixtisasartırma və yenidənhazırlanma proqramının yaradılmasında iştirak etmək. I mərhələdə 3 strateji tədbir, II mərhələnin birinci ilində 2 stareji tədbir.

Maliyyə Nazirliyi və Milli Bank - təhsil sisteminin mövcud maliyyələşmə mexanizminin təhlili, yeni iqtisadi modelin yaradılması ilə bağlı təkliflərin, beynəlxalq fondların köməyinin və dövlət əhəmiyyətli investisiya qoyuluşunun, eləcə də beynəlxalq kreditləşmənin proqram və layihələrinin hazırlanması. Peşə və ixtisas üzrə təhsilalanlara, məzunlara sosial güzəştlərin, adambaşına maliyyələşmə prinsiplərinə keçidlə bağlı müvafiq normativlərin müəyyənləşdirilməsi, təhsilin inkişafı fondunun fəaliyyətinin gücləndirilməsi və genişləndirilməsi işinin müasir tələbata uyğunlaşdırılması. Müəssisədaxili maliyyə sərbəstliyi verilməsi mexanizminin, peşə-ixtisas təhsili müəssisələrinə muxtariyyət verilməsi ilə əlaqədar yeni maliyyələşmə mexanizminin hazırlanması. I mərhələdə 17 strateji tədbir, II mərhələnin birinci ilində 11 strateji tədbir.

İqtisadiyyat Nazirliyi - təhsil sisteminin yeni iqtisadi modelinin yaradılması ilə bağlı konkret mexanizmin müəyyənləşdirilməsi. Peşə təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması barədə təkliflərin hazırlanması. Respublikada iqtisadiyyatın yeni sahələri və dövlətin strateji məqsədlərini həyata keçirən ixtisaslı kadrların, o cümlədən idarəedənlərin-menecerlərin, hazırlığı aparılmayan ixtisasların müəyyənləşdirilməsi və həmin ixtisaslar üzrə kadr hazırlığı üçün xüsusi proqramların yaradılması. Vəsaitlərin xəzinədarlıq sistemi çərçivəsində müstəqil maliyyə istifadəsi mexanizminin yaradılmasına dair təkliflərin və peşə-ixtisas təhsili sahəsində yeni ixtisas və ixtisaslaşma klassifikatorunun hazırlanması. İşçi qüvvəsi resurslarına tələbatın proqnozlaşdırılmasının elmi əsaslarının yaradılması üçün konkret təkliflərin verilməsi. 2000-ci və sonrakı perspektiv illər üçün respublika iqtisadiyyatının və onun sahələrinin inkişafının kadr tələbatı proqnozlarının hazırlanması. Mütəxəssis hazırlığının cari və perspektiv strukturu və həcminin müəyyənləşdirilməsi. İşğal olunmuş ərazilərdə dağıdılmış təlim-tərbiyə müəssisələrinin bərpası və təchiz olunması proqramının hazırlanması. I mərhələdə 12 strateji tədbir, II mərhələnin birinci ilində 1 strateji tədbir.

Mətbuat və İnformasiya Nazirliyi - tədris-əyani vəsaitlərin, təlimin texniki vəsaitlərini istehsal edən xüsusi sahələrin və vahid Nəşriyyat-Poliqrafiya Birliyinin yaradılması işinin həyata keçirilməsi. II mərhələnin birinci ilində 1 strateji tədbir.

Azərbaycan Respublikası Elmlər Akademiyası - Azərbaycan Respublikası Təhsil Akademiyasının yaradılması barədə təkliflərin verilməsi. Tərbiyə proqramının hazırlanmasında iştirak, humanitar və sosial-iqtisadi fənlərin tədqiqi və onların tədrisinin yeni konsepsiyasının hazırlanması. Təhsil sistemi və müəssisələrinin kompüterləşdirilməsi istiqamətində hazırlanacaq proqrama təkliflərin verilməsi. Təhsil sisteminin informasiya və kompüterləşmə proqramının hazırlanmasında yaxından iştirak. Tədris, elmi-metodik vəsaitlərin və dərsliklərin nəşri proqramının hazırlanması, istedadlı şagird və tələbələrin respublikadaxili və beynəlxalq olimpiadalarda, müsabiqələrdə, konfranslarda və digər tədbirlərdə iştirakı proqramının hazırlanması. I mərhələdə 10 strateji tədbir, II mərhələnin birinci ilində 10 strateji tədbir.

Bakı Şəhər İcra Hakimiyyəti - yeni təhsil müəssisələrinin yaradılması prosesində iştirak, ayrı-ayrı proqramların hazırlığı dövründə konkret təkliflərin verilməsi. I mərhələdə 3 strateji tədbir, II mərhələnin birinci ilində 2 strateji tədbir.

Həmkarlar İttifaqı Konfederasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu - təhsil sisteminin bütün iştirakçılarının sosial müdafiəsini təmin edən normativ-hüquqi aktların hazırlanması. Hazırlanacaq yeni attestasiya mexanizminə kadrların maddi stimullaşdırılması ilə bağlı konkret müddəaların daxil edilməsi, təhsilalanların qruplarda, siniflərdə sıxlığının yeni normativləri barədə təkliflərin hazırlanması. İdarəetmə orqanlarında rəhbər işçilərin attestasiya sisteminin yaradılması, təhsil sistemi iştirakçılarının sosial müdafiəsi proqramının hazırlanması. I mərhələdə 6 strateji tədbir, II mərhələnin birinci ilində 3 strateji tədbir.

Dövlət Statistika Komitəsi - hazırlanacaq müvafiq proqramlara təkliflərin verilməsi, kadr tələbatı proqnozlarının hazırlanması. I mərhələdə 1 strateji tədbir, II mərhələnin birinci ilində 3 strateji tədbir.

Dövlət Əmlak Nazirliyi - təhsil müəssisələrinin sərəncamında olan mülkiyyətdən təhsil sistemi üçün səmərəli istifadə olunması tədbirlərinin müəyyənləşdirilməsi üzrə təkliflərin hazırlanması. Hazırlanacaq müvafiq proqramlara təkliflərin verilməsi, yeni müəssisələrin yaradılması prosesində iştirak etmək. I mərhələdə 1 strateji tədbir, II mərhələnin birinci ilində 2 strateji tədbir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi - təcavüz nəticəsində işğal olunmuş ərazilərdə dağıdılmış təlim-tərbiyə müəssisələrinin bərpası və təchiz olunması proqramının hazırlanmasının təmin edilməsi. II mərhələnin birinci ilində 1 strateji tədbir.

Dövlət Antiinhisar Komitəsi- təhsil sisteminin idarəolunmasının inhisarsızlaşdırılması ilə bağlı konkret təkliflərin hazırlanması. I mərhələdə 1 strateji tədbir.

Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi - respublikada istehsal olunmayan tədris-əyani və digər avadanlıqlarla təhsil sisteminin təchizatı proqramının hazırlanmasında iştirak etmək, təhsilin təchizatını təmin edən malların respublikaya gətirilməsi zamanı istehsalçılar və sponsorların fəaliyyətinin stimullaşdırılması mexanizmini hazırlamaq.

Dövlət Teleradio Verilişləri Şirkəti - təlim-tərbiyənin əsas problemlərinin işıqlandırılmasını, elmi inkişafındakı yeniliklərin yayılmasını, təhsil sahəsində hüquqi aktlar və digər məlumatları pedaqoji ictimaiyyətə və təhsil müəssisələrinə çatdırmaq məqsədilə kütləvi informasiya vasitələrinin telekommunikasiya kanalının təşkili.

Təhsil sistemini müasir tələblər səviyyəsində qurmaq və inkişaf etdirmək üçün proqramda islahatların aşağıdakı əsas prinsipləri müəyyənləşdirilmişdi:

* təhsil sisteminin üstün inkişaf etdirilməli sahə olduğunu təsbit etməyə imkan verən etibarlı bazanın yaradılması, ölkə elminin və mədəniyyətinin inkişafı, demokratik vətəndaş cəmiyyətinin qurulması, modernləşdirilmiş istehsalat-mülkiyyət sistemi əsasında dayanıqlı iqtisadi artıma keçirilməsi;

* demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə prinsiplərinə əsaslanaraq təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, onun təhsil prosesinin əsas, bərabərhüquqlu subyektinə çevrilməsini başlıca vəzifə hesab edən, milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanan, bütün qurumların fəaliyyətini təhsilalanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən milli təhsil sisteminin yaradılması;

* mövcud təhsil sistemində toplanmış təcrübənin mütərəqqi əsaslarını saxlamaqla Azərbaycanın strateji məqsədlərini həyata keçirməyə qadir olan intellektual potensialın formalaşdırılmasında inkişaf etmiş ölkələrin özünü doğrultmuş və elmi-pedaqoji ictimaiyyətin qəbul etdiyi təcrübəsindən istifadə olunması;

* idarəetmənin dövlət-ictimai xarakterdə həyata keçirilməsi, müəllimlərin və digər pedaqoji işçilərin fəaliyyəti üçün ən əlverişli şəraitin yaradılması, onların sosial müdafiəsinin təmin olunması, perspektivdə ictimai-dövlət idarətmə modelinə keçilməsi;

* təhsil sisteminin yeni iqtisadi modelinin qurulması, resurs təminatının möhkəmləndirilməsi və onun optimallaşdırılması;

* islahatın humanitar xarakterli olması, onun insanların yaradıcı və keyfiyyətli fəaliyyətinin hərtərəfli açılmasına yönəldilməsi, islahatda şəxsiyyətin hüquq və azadlıqlarının təmin edilməsi;

* islahatın praktiki yönümlüyünü - dövlətin və cəmiyyətin malik olduğu vəsaitlə təmin oluna bilən məqsəd və tədbirlərin, yenilik və dəyişikliklərin həyata keçirilməsinə yönəldilməsi;

* təhsil sisteminin mütənasib inkişafının təmin edilməsi;

* təhsil sisteminin əhatə imkanlarının genişləndirilməsi, onun keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi;

* təhsil sisteminin idarəetmə orqanlarının fəaliyyətinin respublikanın digər dövlət orqanları və qeyri-dövlət təşkilatlarının fəaliyyəti, eləcə də ölkənin iqtisadi mühiti ilə əlaqələndirilməsi, təhsil siyasətini həyata keçirən orqan və şəxslərin səlahiyyətlərinin Azərbaycan Respublikasının "Təhsil Qanunu"na və digər qanunvericilik aktlarına uyğun tənzimlənməsi.

 

 

(Ardı var)

 

Misir MƏRDANOV

 

Azərbaycan müəllimi.-2009.-16 oktyabr.-S.1, 3.