Şahmatın inkişafına dövlət qayğısı artır

 

Oktyabrın 9-da Təhsil Nazirliyində ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın icrası ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi. Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşlarının və şahmat bölməsi olan idman məktəbləri, şahmat qrupları olan uşaq yaradıcılıq mərkəzlərinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirəni giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə ölkədə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi dövlət qayğısı olmuş və hazırda dövlət başçısı cənab İlham Əliyevin fəaliyyətində idmanın inkişafı prioritet sahələrdəndir. Şahmat zəngin tarixi ənənələri ilə xalqımızın mədəniyyətində özünəməxsus yer tutur. 1993-cü ildən başlayaraq dünya və Avropa birinciliklərində, eləcə də nüfuzlu turnirlərdə 72-dən artıq medal qazanılmışdır ki, onların 26-sı qızıldır. Hazırda Azərbaycanda 21 beynəlxalq qrossmeyster, 12 beynəlxalq dərəcəli idman ustası var. İki şahmatçımız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov dünya reytinq cədvəlində daim birinci onluqdadırlar. Şahmatın xalqın intellektual səviyyəsini göstərən idman növü kimi, ölkəmizin beynəlxalq səviyyədə tanınmasında mühüm rolu olduğunu qeyd edən nazir müavini 2002-ci ildə Bakıda gənclər arasında Avropa, 2003-cü ildə Naxçıvanda keçirilən dünya çempionatlarını, 2009-cu ildə isə Bakıda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dünya yığma komandası ilə Azərbaycan şahmatçıları arasındakı matç-turniri respublikamıza beynəlxalq miqyasda göstərilən etimad kimi qiymətləndirdi. ölkə rəhbərinin 5 may 2009-cu il tarixli "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın təsdiqi ilə bağlı imzaladığı sərəncamı iştirakçıların nəzərinə çatdıran Elmar Qasımov vurğuladı ki, bu proqram ölkə şahmatçılarının yeni qələbələr qazanmasına dünya şahmat tacını Azərbaycana gətirmək üçün zəmin yaradır.

Son dövrlərdə yeni şahmat məktəbləri açılmışdır. Sevindirici haldır ki, Naxçıvan, Samux, Xızı, Yevlax, Xaçmaz və Neftçala şahmat məktəblərinin açılış mərasimlərində ölkə Prezidenti İlham Əliyev iştirak edib. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər şahmat məktəblərinin respublikamızda şahmatın inkişaf etdirilməsindəki xidmətlərinə toxunan nazir müavini kadr potensialının səviyyəsinə də diqqət çəkdi. Regionlarda keçirilən zona və final yarışlarına müsbət münasibət bildirdi və ötən tədris ili ərzində məktəblilərin şahmat üzrə beynəlxalq yarışlarda qazandığı uğurları iştirakçıların nəzərinə çatdırdı.

Çıxışında E.Qasımov qeyd etdi ki, nailiyyətlərlə yanaşı, şahmat məktəblərində bir sıra problemlər və çatışmazlıqlar da mövcuddur.

Həlli vacib olan digər məsələlərə də münasibət bildirən nazir müavini sonda məktəb rəhbərlərinə lazımi tövsiyələr verdi.

 

 

Fazil İDRİSOĞLU

 

Azərbaycan müəllimi.-2009.-16 oktyabr.-S.5.