Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
(Əvvəli qəzetimizin
ötən saylarında)
Hörmətli
oxucular, ötən məqalədə ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə
hazırlanmış və 1999-cu ildə təsdiq olunmuş təhsil
sahəsində İslahat Proqramı ilə əlaqədar bir
sıra məlumatlarla sizi tanış etmişdim. Bu məqalədə
islahatların əsas istiqamətləri, proqramın birinci və
ikinci mərhələlərində həyata keçirilən
tədbirləri diqqətə çatdırmaq istərdim.
Proqramda
islahatların aşağıdakı strateji istiqamətlər
üzrə aparılması müəyyənləşdirilmişdi:
-
normativ-hüquqi bazanın yaradılması sahəsində;
- təhsil sisteminin strukturunda;
- təlim-tərbiyənin məzmununda;
- kadr hazırlığı və təminatında;
- təhsil sisteminin tədris, elmi-metodiki və informasiya təminatında;
- təhsil sisteminin idarəolunmasında;
- təhsil sisteminin maddi-texniki bazasında;
- təhsilin iqtisadiyyatında.
Proqram perspektiv inkişafı nəzərdə tutan üç mərhələni əhatə edirdi və uzun müddət üçün nəzərdə tutulmuşdu.
İslahataqədərki dövr təhsil sisteminin vəziyyəti təhlil olunarkən aşağıdakı prinsipial məsələlər müəyyən edilmişdi:
- Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra beynəlxalq təcrübədən bəhrələnən və müasir tələblərə cavab verən, milli və ümumbəşəri dəyərlərə, demokratik prinsiplərə əsaslanan yeni milli təhsil sisteminin yaradılması istiqamətində lazımi səviyyədə işlərin aparılmaması, təhsil sahəsində köklü islahatların aparılması istiqamətində əsaslı addımların atılmaması;
- 1992-ci ildə qəbul edilən "Təhsil Qanunu"nun Azərbaycan təhsilində əsaslı yeniləşmələr aparmaq üçün real zəmin yaratmaması, həmin qanunda ölkənin iqtisadi potensialının nəzərə alınmaması;
- təhsil müəssisələrinin keçmiş sovet dövründəki şəbəkəsinin əsasən eyni ilə saxlanılması və onun təkmilləşdirilməsi istiqamətində lazımi tədbirlərin görülməməsi;
- idarəetmə orqanları arasında əlaqələrin sistemsizliyi və pərakəndə halda olması, idarəetmədə paralel strukturların mövcudluğu, əks-mərkəzləşmə prinsiplərinin tətbiq olunmaması;
- tədris müəssisələrinin, təhsil orqanlarının strukturlarının və funksiyalarının təkmilləşdirilməməsi;
- təhsilin məzmununda müstəqil dövlətçilik və milli ideologiya prinsiplərinin əks olunmaması, milli tərbiyə konsepsiyasının hazırlanmaması;
- təhsilin ayrı-ayrı pillələri üzrə dövlət təhsil standartlarının və bazis tədris planlarının hazırlanıb təsdiqlənməməsi;
- milli ənənələrə, ümumbəşəri dəyərlərə, demokratik prinsiplərə əsaslanan, beynəlxalq standartlara uyğun tədris proqramları və dərsliklərin hazırlanmaması, dövlətçilik ideologiyası prinsiplərinə əsaslanan humanitar profilli dərsliklərin yaradılmaması;
- yeni tipli təlim-tərbiyə müəssisələri üçün nümunəvi tədris plan və proqramlarının hazırlanmaması;
- mütəxəssis hazırlığı prosesində bazar iqtisadiyyatının tələblərinə cavab verə bilən yeni tədris plan və proqramlarının hazırlanması işinin zəif təşkili;
- ixtisasartırma və yenidənhazırlanma təhsilində yeni mexanizmlərə keçidin ləngidilməsi;
- müasir tələbatı ödəyən kadr hazırlığı və təminatı üzrə təşkilati mexanizmlərin yaradılmaması;
- "ixtisasartırma-attestasiya-stimul" mexanizminin hazırlanmaması;
- kadrların attestasiyasının yeni qaydalarının müəyyənləşdirilməməsi;
- pedaqoji profilli ali və orta ixtisas məktəblərində müəllim hazırlığı prosesinin təkmilləşdirilməməsi;
- mütəxəssis hazırlayan peşə-ixtisas təhsili müəssisələrində marketinq strukturlarının yaradılmaması, bu işin elmi əsaslarının öyrənilməməsi;
- təhsil sisteminin tədris, elmi-metodiki və informasiya təminatının qeyri-qənaətbəxş olması;
- yeni təhsil texnologiyalarının tətbiqini təmin edə biləcək strukturların yaradılmaması;
- təhsil sisteminin maddi-texniki, tədris bazasının zəif olması, müasir iqtisadi idarəetmə modelinin yaradılmaması, bazar iqtisadiyyatı prinsipləri baxımından ümumtəhsil məktəblərinin büdcədənkənar vəsaitlərini əldə etmək imkanlarının olmaması;
- təhsilə investisiya qoyuluşu istiqamətində məqsədyönlü işlərin aparılmaması, qrant və kreditlərin əldə olunması üçün kifayət qədər birgə layihə və proqramların hazırlanmaması;
- adambaşına maliyyələşmə mexanizminə keçid üçün konkret addımların atılmaması;
- təhsil sisteminin maliyyələşdirilməsi üzrə normativlərin bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırılmaması;
- beynəlxalq təhsil sisteminə inteqrasiyanın zəifliyi və sair.
Qeyd olunan problemlərin həlli üçün İslahat Proqramında aşağıdakı tədbirlər müəyyənləşdirilmişdi:
- məktəbəqədər təhsil müəssisələrinin mövcud şəbəkəsinin təkmilləşdirilməsi, uşaqların erkən yaşdan inkişafını təmin edən yeni tipli müəssisələrin təşkil edilməsi;
- məktəbəqədər təhsil müəssisələri üçün milli tərbiyə proqramlarının hazırlanması;
- əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün xüsusi müəssisələrin, psixi gərginliyə məruz qalmış qaçqın və məcburi köçkün uşaqlar üçün reabilitasiya mərkəzlərinin, xüsusi istedad və qabiliyyəti ilə fərqlənən uşaqlar üçün yeni tipli təhsil müəssisələrinin, o cümlədən təhsil sahələri üzrə fənn məktəblərinin, yeni profilə istiqamətləndirmə və qruplaşdırmaqla peşə-ixtisas təhsili müəssisələrinin bazasında yeni tipli elm-təhsil və elm-istehsalat komplekslərinin, müasir idarəetmə prinsiplərinin və funksiyalarının tətbiqi məqsədilə təhsil menecerlərinin hazırlanması mərkəzinin, əmək bazarının tələbatına uyğun olaraq orta ixtisaslı fəhlə və kiçik mütəxəssis kadrların səmərəliliyini təmin edə biələck yeni tipli təhsil müəssisələri komplekslərinin yaradılması;
- məsafədən (distant) təhsil texnologiyaları da daxil olmaqla ixtisasartırma və yenidənhazırlanma təhsilinin yeni sisteminin qurulması;
- təhsilin bütün pilllələri üzrə dövlət təhsil standartlarının, bunlara uyğun tədris planları və proqramları, dərslik və dərs vəsaitlərinin hazırlanması üçün təşkilati tədbirlərin görülməsi, dərsliklərin hazırlanması, nəşri və təhsil müəssisələrinin onlarla təminatı proqramının hazırlanması;
- təhsilin bütün pillələri, xüsusən ümumtəhsil məktəbləri üçün Azərbaycanın milli ideologiyasını özündə əks etdirən humanitar profilli dərsliklərin, xüsusən "Azərbaycan tarixi", "Azərbaycan ədəbiyyatı", "Azərbaycan dili", "Azərbaycan coğrafiyası" dərsliklərinin hazırlanması;
- təlim-tərbiyə prosesinin təhsilalanın meyil, maraq, istedad və qabiliyyəti əsasında quruluması, bu məqsədlə çoxvariantlı tədris plan və proqramlarının hazırlanması, tədricən inteqrativ təlimə keçid üçün real zəminin yaradılması;
- istedadlı uşaq, şagird və tələbələrin aşkara çıxarılması üçün xüsusi mexanizmin işlənməsi, onların təhsil aldığı müəssisələrdə fərdi tədris planları və proqramlarının tətbiqinə keçilməsi;
- milli tərbiyə proqramının hazırlanması və mərhələlər üzrə həyata keçirilməsi, milli ideologiya komponentlərinin, xüsusən dövlətçilik atributlarının təlim-tərbiyə müəssisələrində təbliği və tədrisi işinin gücləndirilməsi;
- əmək bazarının dəyişən şəraitinə uyğunlaşmağa imkan verən, genişprofilli mütəxəssis hazırlığını təmin edən baza təhsil proqramları, eləcə də yeni ixtisas və ixtisaslaşma klassifikatorunun hazırlanması;
- təhsil müəssisələrinin kompüterləşdirilməsi və mərkəzləşdirilmiş informasiya sistemləri proqramının işlənməsi, tətbiq olunması;
- monitorinq, yeni qiymətləndirmə modellərinə keçid, təhsilalanların biliklərinin qiymətləndirilməsi üçün yeni attestasiya sisteminin yaradılması;
- təhsil sisteminin pedaqoji kadrlara olan real tələbatının proqnozlaşdırılması;
- əmək bazarının tələbatı nəzərə alınmaqla mütəxəssis hazırlığının cari və perspektiv strukturunun və həcminin müəyyənləşdirilməsi;
- "Təhsilin təşkili və idarəolunması" ixtisası üzrə mütəxəssis-təhsil menecerlərinin hazırlığına başlanılması və bu istiqamətdə kadr hazırlığının ardıcıl inkişaf etdirilməsi;
- pedaoji ali və orta ixtisas məktəblərində müəllim hazırlığının yeni modelinə keçilməsi;
- kadrların ixtisasının artırılması və yenidənhazırlanması təhsilində müqavilə mexanizmlərinin tətbiqi, "öyrədənlərin öyrədilməsi" proqramlarına üstünlük verilməsi;
- əlavə pedaqoji təhsil sisteminin yeni modelinin qurulması, diplomdansonrakı təhsil konsepsiyası, distant təhsil konsepsiyası, ixtisasartırma və yenidənhazırlanma təhsilinin təşkili modellərinin hazırlanması, təsdiqi və prosesə tətbiq edilməsi;
- pedaqoji kadrların attestasiyasının yeni - müasir mexanizminin hazırlanması, təsdiqi, prosesə tətbiqi;
- təhsil sistemində beynəlxalq informasiya mübadiləsi mexanizminin tətbiqi, elmi-kütləvi kitabxanaların beynəlxalq informasiya kanallarına qoşulması üçün informasiya bazasının yaradılması, yeni standartların və islahatların həyata keçirilməsinə nəzarət etmək və qiymətləndirmək məqsədilə dövlət monitorinq sisteminin qurulması;
- yeni informasiya texnologiyalarının tətbiqi və istifadəsi, xüsusilə elmi və metodiki işlərin səmərəliliyinin artırılması, təhsil müəssisələrini bütövlükdə əhatə edən kompüter şəbəkəsinin yaradılması, onun İnternetə çıxışının təmin edilməsi, vahid informasiya sisteminin təşkili, informasiya bankının yaradılması;
- təhsili idarəetmə orqanlarında informasiya mərkəzlərinin yaradılması;
- təhsil sisteminin informasiyalaşdırılması və kompüterləşdirmə proqramının hazırlanması;
- dərsliklərin müsabiqə əsasında hazırlanmasının təmin edilməsi, alternativ dərsliklərin yaradılmasını təmin edən mexanizmlərin tətbiqinə keçid;
- milli xüsusiyyətlər nəzərə alınmaqla pedaqogika və psixologiyanın, xüsusilə milli tərbiyənin aktual problemləri üzrə elmi-tədqiqat işlərinin istiqamətlərinin müəyyənləşdirilməsi, bu sahədə elmi araşdırmaların intensiv şəkildə aparılması;
- təhsil sisteminin idarəolunması sahəsində tədricən əks-mərkəzləşmə mexnizmlərinə keçid, planlaşdırma, təşkiletmə, rəhbərlik, nəzarət, informasiya təminatı və sair kimi funksiyaları özündə əks etdirən müasir idarəetmə modellərinin tətbiqinə keçid;
- dövlət lisenziyalaşdırma, attestasiya və akkreditasiya sisteminin yaradılması və prosesə tətbiq olunması;
- təhsilin keyfiyyətinə dövlət nəzarətinin, eləcə də müasir qiymətləndirmə sisteminin yaradılması, monitorinq və qiymətləndirmə mexanizmlərinin tətbiqi;
- təhsil müəssisələrinə mərhələlərlə muxtariyyət statusunun verilməsi;
- təhsil sisteminin bütün pillələrdən olan təlim-tərbiyə müəssisələri və ona xidmət sahələri üçün zəruri avadanlıq, əyani tədris vəsaitlərinin, təlimin texniki vasitələrinin nümunəvi siyahısının, uşaq, şagird və tələbələrin sağlamlığının qorunması, təlim-tərbiyə üçün təhlükəsiz şəraitin yaradılması, eləcə də sanitar-gigiyenaya dair müvafiq normativlərin hazırlanması;
- təhsilalanların sayına görə büdcədən maliyyələşmənin optimal həcminin müəyyənləşdirilməsi məqsədilə adambaşına maliyyələşmə normativlərinin müəyyən edilməsi və prosesə tətbiqi;
- ümumtəhsil məktəblərinin maliyyə ehtiyatlarını artırmasını, təşəbbüskarlığının stimullaşdırılmasını təmin edən yeni maliyyə mexanizminin yaradılması;
- təhsil müəssisələrində əməkhaqqı fondunun dövlət büdcəsindən, qeyri-büdcə sferasında olan mənbələr və eləcə də mütəxəssis hazırlığı, tədris-metodiki, elmi-texniki məhsul və digər xidmətlərin reallaşdırılmasından əldə olnan vəsaitlər hesabına formalaşması və xərclənməsi mexanizminin yaradılması;
- təhsil sisteminin inkişafı məqsədilə investisiyanın cəlb olunması və investisiya fondunun təşkili proqramının hazırlanması;
- təhsil sisteminin iştirakçılarının sosial müdafiəsi proqramının hazırlanması;
- təhsilin İnkişaf Fondunun fəaliyyətinin gücləndirilməsi və genişləndirilməsi tədbirlərinin həyata keçirilməsi və sair.
Bütün bu islahatyönümlü tədbirlərin yerinə yetirilməsinə ulu öndərin "Azərbaycan Respublikasında islahatlar üzrə Dövlət Komissiyası haqqında" 30 mart 1998-ci il tarixli sərəncamında qeyd edildiyi kimi, Dünya Bankının vəsaiti cəlb olunmaqla başlandı. Belə ki, 1999-cu il iyunun 29-da Azərbaycan hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında 3220-AZ nömrəli "İnkişaf üçün kredit haqqında Saziş" imzalandı və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edidi.
Dünya Bankının təsnifatına əsasən, kredit mahiyyətcə öyrədici və innovasiya xarakteri daşıyırdı. Yəni bu kiçikhəcmli kreditin məqsədlərindən biri də Azərbaycanın təhsil sistemində Dünya Bankının qaydaları, prosedurları, təlimatları üzrə zəruri bilik və bacarıqlar formalaşdırmaq, müvafiq kadr hazırlığını təmin etmək, təhsil innovasiyalarını dəstəkləməkdən ibarət idi. Layihənin dəyəri 5,5 milyon ABŞ dolları təşkil etmişdi ki, bu məbləğin də 500 min dolları Azərbaycan hökumətinin payına düşürdü.
Layihəni həyata keçirmək üçün 27 pilot müəssisəsi müəyyən edilmişdi. Buraya Naxçıvan Muxtar Respublikasında 4, Bakı şəhərində 8, Gəncə şəhərində 3, Sumqayıt şəhərində 1, Lənkəran rayonunda 4 məktəb olmaqla ümumilikdə 20 pilot məktəbi, keçmiş Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması Baş İnstitutu və onun Lənkəran filialı, Naxçıvanda və Gəncədə yerləşən Müəllimlərin İxtisasartırma institutları, Bakı Şəhər PKİAYH İnstitutu, keçmiş Təhsil Problemləri üzrə Elmi-Metodik Mərkəz və Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu daxil edilmişdi.
Layihə iki istiqamətdə islahatların aparılması üzrə xüsusi yanaşmaları özündə əks etdirirdi:
- tədris plan və proqramları, tədris-metodiki təminat sahəsində islahatlar;
- müəllimlərin ixtisasartırması üzrə islahatlar.
İslahat sahəsində Təhsil Nazirliyinin uğurlu işlərindən biri ümumi orta təhsilin dövlət standartları və bazis tədris planı əsasında pilot məktəblərinin I-II və V-VI sinifləri üçün müasir tələblər səviyyəsində 9 adda yeni nəsil tədris proqramlarının hazırlanması və nəşr edilməsi oldu. Bu işə respublikanın tanınmış alim-pedaqoqları və metodistləri, qabaqcıl müəllimləri cəlb olunmuşdu. 2001-2002-ci dərs ilindən başlayaraq pilot məktəblərində Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və informatika, tarix, ingilis dili (V və VI siniflər), musiqi, təsviri incəsənət (I-II, V-VI siniflər), Azərbaycan dili (təlim rus dilində olan məktəblərin I-II, V-VI sinifləri), rus dili və ədəbiyyatı (təlim rus dilində olan məktəblərin V-VI sinifləri) fənləri yeni proqramlar əsasında tədris olunmağa başlandı. Bu tədris proqramlarının tətbiqi ilə əlaqədar olaraq 252 müəllim və metodist "öyrədənlərin öyrədəni" sistemi əsasında xüsusi təlim kurslarından keçirildi.
2001-ci ildən başlayaraq pilot məktəblərində təlim şəraitinin əsaslı şəkildə dəyişilməsinə, fəal və interaktiv təlim metodlarının dərs prosesinə tətbiqinə böyük diqqət verilirdi. Bu istiqamətdə 2000-ci ildə pilot məktəblərinin 204 ibtidai sinif müəllimi, 2001-ci ildə 527 nəfər V-VI siniflərdə dərs deyən fənn müəllimi və 110 nəfər pilot ixtisasartırma institutlarının metodistləri müasir təlim metodları üzrə xüsusi kursların müdavimləri olmuşdular. 2003-cü ilin may-avqust aylarında isə pilot məktəblərinin 66 nəfər müəllimi və müvafiq RTŞ metodistləri, habelə 62 nəfər ixtisasartırma institutlarının metodistləri "öyrədənlərin öyrədəni" modeli əsasında 3 mərhələdə 104 saatlıq təlim kursu keçmiş və sertifikat almışdır. Həmin müəllim və metodistlər isə öz həmkarlarına fəal və interaktiv təlim metodlarını öyrətmişlər. Hər bir pilot məktəbində müasir təlim metodlarının tətbiqi məsələlərinə həsr olunmuş xüsusi seminarlar təşkil olunurdu. Pilot müəssisələrinin müəllim və metodistlərinin, tanınmış alim-pedaqoqların iştirakı ilə belə seminarlar Bakı şəhərindəki 7, 18, 70, 82, 181, 275, 287 nömrəli, Sumqayıt şəhərindəki 25 nömrəli, Naxçıvan şəhərindəki 11 nömrəli orta məktəblərdə və Şərur rayonundakı Aralıq kənd məktəbində keçirilmişdi.
İslahatların aparılması prosesində təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi Təhsil Nazirliyinin daim diqqət mərkəzində idi. Hələ təhsil islahatının başlanğıc mərhələsində beynəlxalq və milli məsləhətçilərin köməyi ilə 40-a yaxın xarici ölkənin təhsil sistemləri, orada tətbiq olunan təlim və tərbiyə metodları, ayrı-ayrı mexanizmlər, idarəetmə modelləri öyrənilmişdi.
Müasir pedaqoji tendensiyalara uyğun olaraq, Azərbaycanın təhsil sisteminə yeni təcrübələrin tətbiqi məqsədilə müsabiqə yolu ilə seçilmiş üç nəfər təhsil mütəxəssisi Təhsil Nazirliyinin xüsusi təqaüdü ilə İngiltərənin Lids Universitetində və Kinqs Kollecində inteqrativ fənlər, riyaziyyat və təbiətşünaslıq, təhsildə qiymətləndirmə sahələrində magistr dərəcəsi üzrə təhsil almışdılar.
Bunlarla yanaşı, 2000-ci ilin mayında Təhsil Nazirliyinin 17 nəfər əməkdaşı Türkiyə Respublikasına ezam olunmuş, nazirliyi və pilot müəssisələrini təmsil edən 10 nəfərdən ibarət nümayəndə heyəti 2001-ci ilin aprelində ABŞ-ın təhsil sistemi ilə yaxından tanış olmuş, ABŞ-ın 5 iri şəhərində 18 rəsmi görüş keçirmiş, 15 seminarda iştirak etmişdi, 12 ümumtəhsil məktəbi və digər təhsil müəssisələrinin iş təcrübəsi ilə tanış olmuşdu. Həmin ilin iyulunda nazirliyin və pilot müəssisələrinin 28 nəfər rəhbər işçisi "Cəmiyyətin demokratikləşdirilməsi şəraitində ümumtəhsil məktəbinin idarəolunmasının müasir metodları" mövzusunda İsraildə təşkil olunmuş təlim kursunun iştirakçısı olmuşdu.
2001-ci ilin iyununda ABŞ-ın Kolorado Universitetindən dəvət olunmuş mütəxəssislər "Sinif şəraitində uşağın inkişafı" və "Ucuz materiallardan istifadə etməklə təbiətşünaslıq fənninin əyani surətdə tədrisi" mövzusunda pilot məktəblərinin və ixtisasartırma institutlarının 100 nəfər müəllim və metodisti üçün xüsusi seminar keçirmişdi.
2002-ci ilin mayında Təhsil Nazirliyinin 8 nəfərdən ibarət nümayəndə heyəti Hollandiya və İngiltərənin təhsil sistemləri ilə yaxından tanış olmuş, hər iki ölkənin tədris proqramlarının, dərsliklərin və digər tədris materiallarının hazırlanması, təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi ilə məşğul olan 10 qurumun fəaliyyətini öyrənmiş, 2 universitet və 2 ümumtəhsil məktəbində olmuş, 21 seminarda iştirak etmişdi.
2002-ci ilin oktyabrında Almaniyadan olan təhsil mütəxəssisləri tərəfindən 80 nəfər rəhbər təhsil işçisi üçün "Təhsilin keyfiyyətinə müasir baxışlar", "Təhsil sisteminin monitorinqi və qiymətləndirilməsi", həmin ilin dekabrında isə Böyük Britaniya və ABŞ mütəxəssisləri Təhsil Nazirliyinin, ixtisasartırma institutlarının və pilot məktəblərinin rəhbərliyi və əməkdaşları üçün "Müəllim fəaliyyətinin qiymətləndirilməsi və peşəkarlıq səviyyəsinin inkişafı" mövzularına həsr olunmuş seminarlar keçirilmişdi.
2003-cü ilin iyulunda təhsil nazirinin müavinləri, nazirliyin struktur bölmələrinin rəhbərləri daxil olmaqla 20 nəfərlik nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının İtaliyada yerləşən Treninq Mərkəzində "Təhsil islahatı layihəsinin idarəolunması" mövzusunda 2 həftəlik təlim kursundan keçmişdi. Həmin il sentyabrın 1-dən 14-dək 9 nəfər təhsil işçisi ümumi təhsil sistemində yeni kurikulumun hazırlanması məsələləri ilə əlaqədar Finlandiyada və İsveçdə tədris səfərlərində olmuşdu.
2000-2002-ci illər ərzində beynəlxalq məsləhətçilər tərəfindən Azərbaycanda dərsliklə təminat, təhsil xərcləri və maliyyələşdirmə, valideynlərin və ictimaiyyətin məktəb həyatına cəlb olunması, müəllimlərin peşəkarlıq səviyyəsinin inkişafı, təhsil islahatı layihəsinin monitorinqi və qiymətləndirilməsi mövzuları üzrə xüsusi tədqiqatlar aparılmış, nəticədə müvafiq tövsiyələr hazırlanmışdır.
İslahatlar çərçivəsində pilot müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi də nəzərdə tutulmuşdu. 2000-ci ildə bütün pilot müəssisələrində, Təhsil Problemləri İnstitutunun binasında əsaslı təmir işləri aparılmış və bu məqsədlərə 1,23 milyon ABŞ dolları sərf olunmuş, Təhsil Nazirliyi və pilot müəssisələri üçün 982 min ABŞ dolları məbləğində kompüter, surətçıxaran maşınlar və digər avadanlıq, habelə ofis mebeli alınmışdı.
2000-2003-cü illərdə bütün pilot məktəbləri və institutları üçün 512 dəst kompüter, 77 printer, 34 surətçıxaran maşın, 100 televizor, 216 stereomaqnitofon, 92 videomaqnitofon, 189 müxtəlif proyektor, o cümlədən multimedia proyektorları, 29 videokamera və digər audio-vizual avadanlıqlar alınmışdı. Bundan başqa pilot müəssisələri 5950 dəst şagird masası, 470 ədəd yazı lövhəsi, akt zalı üçün 1897 kreslo və digər mebel avadanlığı ilə təchiz olunmuşdu.
Azərbaycanda ilk dəfə olaraq 2003-cü il sentyabrın 1-dən pilot məktəblərinin V və VI sinif şagirdləri ədəbiyyat, təlim rus dilində olan məktəblər rus dili, ədəbiyyat fənləri üzrə dərslik komplektləri, iş dəftərləri və müəllimlər isə metodik vəsaitlərlə təmin olundu.
Tədris proqramlarının hazırlanması, şagird nailiyyətlərinin qiymətləndirilməsi və müəllimlərin ixtisasartırması üzrə 2003-cü ilin yanvar-fevralında CİTO Qroup (Hollandiya) və EDC (ABŞ) şirkətləri məsləhətçi xidmətlərinə başladı. CİTO Qroup şirkəti Təhsil Problemləri İnstitutunun, ixtisasartırma institutlarının mütəxəssisləri və bir qrup qabaqcıl müəllim üçün (cəmi 62 nəfər) "Kurikulumun hazırlanması", "Şagird nailiyyətlərinin qiymətləndirilməsi və milli qiymətləndirmə" mövzularında 2003-cü ilin fevral-iyun aylarında seminarlar keçirdi. Həmin şirkətin köməyilə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Lənkəran rayonunda yerləşən 8 pilot və 12 qeyri-pilot məktəblərində ilk dəfə olaraq 1600 nəfər V sinif şagirdi əhatə olunmaqla ana dili və riyaziyyat fənləri üzrə beynəlxalq standartlara cavab verən milli qiymətləndirmə aparıldı.
Məsləhətçi xidmətləri göstərən digər təşkilat - ABŞ-ın EDC şirkəti "İxtisasartırma institutları üçün kurikulumun hazırlanması", "Fəal və interaktiv tədirs-təlim metodları" mövzularında ixtisasartırma institutlarının 155 nəfər metodisti, TPİ-nin əməkdaşları və pilot məktəblərinin müəllimləri üçün məqsədli seminarlar keçirdi. Bu şirkətin köməyilə ilk dəfə olaraq 5 fənn əsasında ixtisasartırma institutları üçün 20 təlim kursunun kurikulumu hazırlanmışdı.
Beynəlxalq ekspertlərin apardığı monitorinq və qiymətləndirmələrin nəticəsinə əsasən hazırlanmış hesabatlarda ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsində əhəmiyyətli irəliləyişlərin oldugu qeyd edilmişdi. Bu müsbət nəticələri, xüsusilə də Azərbaycan rəhbərliyinin təhsil sahəsində islahatları dəstəklədiyini, islahatları həyata keçirəcək kadr potensialının formalaşdığını nəzərə alaraq, Dünya Bankı yeni islahat layihəsinin hazırlanması üçün 2001-ci ildə Azərbaycan hökuməti ilə danışıqlar aparmağa başlamışdı. Bununla əlaqədar seçilmiş beynəlxalq və milli məsləhətçilər aşağıdakı mövzular üzrə tədqiqatlar apardılar:
- ümumi təhsilin dövlət standartları və kurikulum islahatı;
- müəllim hazırlığı (pedaqoji təhsil, ixtisasartırma və yenidənhazırlanma);
- təhsil sistemində monitorinq və qiymətləndirmə;
- təhsil sisteminin idarəolunması;
- təhsil sahəsində tətbiqi tədqiqatlar, strateji təhlil və planlaşdırma;
- təhsilin idarəedilməsinin məlumat sistemləri (TİMS) və məktəblərin xəritələşdirilməsi;
- dərsliklərin hazırlanması;
- təlim texnologiyalarının inkişafı;
- informasiya və kommunikasiya texnologiyaları;
- təhsilin maliyyələşdirilməsi və iqtisadiyyatı.
Tədqiqatların nəticələrinə və 10 illik strategiyaya uyğun olaraq 2003-2007-ci illəri əhatə edən Təhsil Sektorunun İnkişafı Layihəsinə dair zəruri sənədlər hazırlandı. Proqram və onun birinci mərhələsi üzrə 2003-cü ilin aprelində ABŞ-da Vaşinqton şəhərində Dünya Bankı və Azərbaycan hökumətinin nümayəndə heyəti arasında yekun danışıqlar aparıldı və Razılaşma Protokolu imzalandı.
Onillik strategiyanın əsas məqsədi ümumi təhsilin keyfiyyətinin yüksəldilməsini təmin etməkdən ibarət idi və onun üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdu:
Birinci mərhələ - 2003-2007-ci illər;
İkinci mərhələ - 2007-2010-cu illər;
Üçüncü mərhələ - 2010-2013- cü illər.
Birinci mərhələnin, yəni 2003-2007-ci illəri əhatə edən Təhsil Sektorunun İnkişafı Layihəsinin həyata keçirilməsi üçün Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən 18 milyon ABŞ dolları məbləğində güzəştli kredit ayrıldı. Azərbaycan hökumətinin layihədəki iştirak payı 2,8 milyon ABŞ dolları təşkil edirdi. Donor təşkilat kimi Açıq Cəmiyyət İnstitutunun (Azərbaycan) layihəyə texniki yardım göstərmək məqsədilə təxminən 200 min ABŞ dolları məbləğində vəsait qoyuluşu da nəzərdə tutulmuşdu.
Layihənin aşağıdakı istiqamətlərdə həyata keçirilməsi nəzərdə tutulmuşdu:
I Komponent: ümumi təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu.
1-ci alt-komponent: Kurikulum islahatı (1,28 milyon ABŞ dolları);
2-ci alt-komponent: Müəllim hazırlığı (2,57 milyon ABŞ dolları);
3-cü alt-komponent: Dərsliklər və oxu materialları (3,27 milyon ABŞ dolları);
II Komponent: Səmərəlilik və maliyyə islahatları.
1-ci alt-komponent: Maliyyələşdirmə və büdcə islahatları (0,45 milyon ABŞ dolları);
2-ci alt-komponent Rasionallaşdırma və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi (8,42 milyon ABŞ dolları).
III Komponent: Məktəb Qrantı Proqramı (0,87 milyon ABŞ dolları).
IV Komponent: İdarəetmə, planlaşdırma və monitorinq.
1-ci alt-komponent: Şagird nailiyyətlərinin qiymətləndirilməsi sistemi (1,12 milyon ABŞ dolları);
2-ci alt-komponent: Təhsilin İdarəolunması üzrə Məlumat Sistemi (TİMS) (0,70 milyon ABŞ dolları);
3-cü alt-komponent: İdarəetmə və planlaşdırma imkanları (0,51 milyon ABŞ dolları).
V Komponent: Layihənin Əlaqələndirilməsi və Monitorinqi (1,87 milyon ABŞ dolları).
(Ardı
var)
Misir MƏRDANOV
Azərbaycan müəllimi.-2009.-23
oktyabr.-S.3.