Milli müstəqilliyin banisi
Naxçıvan Dövlət Universitetindəki Heydər Əliyev lektoriyasının "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda 128-ci məşğələsi keçilmişdir.
18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibəti ilə keçilən məşğələni giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin milli müstəqilliyin qazanılması və qorunmasındakı misilsiz xidmətlərindən, müasir Azərbaycanın onun millilik ideyaları altında sürəkli inkişaf etməsindən söz açmışdır.
Sonra Azərbaycan tarixi kafedrasının dosenti, tarix elmləri namizədi Elçin Zamanovun "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə xalqımızın məşəqqətli və şərəfli istiqlaliyyət mücadiləsi tarixinə nəzər salınmış, qeyd olunmuşdur ki, Azərbaycan xalqının müstəqillik tarixi dahi öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Belə ki, ümummilli lider istər SSRİ dövründə, istərsə də 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə yanaşı, onun güclü dövlətçilik xəttini, siyasi və iqtisadi əsaslarını yaratmış, Azərbaycanın milli mənəvi dəyərlərini, milli mənsubiyyətini bütün dünyada təbliğ etmişdir. Tarixçi alim müasir Azərbaycanın dinamik inkişafından, siyasi uğurlarından bəhs etmiş, milli müstəqilliyimizin bugünkü bəhrələrindən danışmışdır.
Müstəqillik günü münasibəti ilə keçirilən silsilə tədbirlərin davamı olaraq universitetin magistratura bölməsində də elmi konfrans keçirilmiş, I kurs magistrantlarından Turan Həşimovanın "Müstəqillik tarixində Heydər Əliyev şəxsiyyəti", Mirhəsən Seyidlinin "Müstəqillik dövründə iqtisadi inkişaf", Nərmin Məhərrəmovanın "18 oktyabr Müstəqillik Günüdür" mövzularında məruzələri dinlənilmişdir.
Tədbirlərdə slayd və videomateriallardan istifadə olunmuşdur.
Mehriban SULTAN
Azərbaycan müəllimi.-2009.-23
oktyabr.-S.1.