Bakı Slavyan Universitetində "Fransa həftəsi" keçirilir

 

Son illər ölkəmizin ali təhsil müəssisələrinin beynəlxalq əlaqələri yüksək səviyyədə inkişaf etməkdədir. Bakı Slavyan Universitetində də beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində mühüm işlər görülür. İxtisas və şöbələrin, fakültə və kafedraların, elmi-tədqiqat laboratoriyalarının, müxtəlif xalqların tədris- mədəniyyət mərkəzlərinin uğurlu fəaliyyəti çox qısa bir zamanda universiteti respublikamızın tanınıb-seçilən ali məktəblərindən birinə çevirmişdir.

Yarandığı gündən BSU-nun beynəlxalq əlaqələri özünün sürətlə inkişafına görə fərqlənir. Belə ki, universitet bir çox xarici ölkələrin tanınmış təhsil və elm mərkəzləri ilə əməkdaşlığa başlamış, həmin ölkələrin nüfuzlu ali təhsil müəssisələri ilə sıx münasibətlər yaratmışdır.

BSU-dakı tədris-mədəniyyət mərkəzlərində keçirilən tədbirlər nəinki ölkəmizin təhsil ictimaiyyəti, həmçinin belə tədbirlərdə iştirak edən xarici ölkələrin alim və mütəxəssisləri tərəfindən də maraqla qarşılanır. Belə uğurlu və yaddaqalan növbəti tədbirlərdən biri də "Fransa həftəsi"dir.

Məlumat üçün bildirək ki, 20 oktyabr 2008-ci ildə BSU-da V.Hüqo adına Fransa tədris-mədəniyyət mərkəzinin açılışı olub. Mərkəz Azərbaycan-Fransa arasında mədəni əlaqələrin inkişafına, gənclərimizdə Fransa təhsilinə, elminə, mədəniyyətinə marağın artırılmasına, Avropa təhsil sistemi ilə tanışlığa, fransaşünaslıq sahəsində biliklərin daha da təkmilləşdirilməsinə xidmət edir. Fəaliyyətə başladığı vaxtdan bu günə qədər V. Hüqo adına Fransa tədris-mədəniyyət mərkəzində artıq bir neçə tədbir təşkil olunub.

19-24 oktyabr tarixlərində keçirilən "Fransa həftəsi" də ölkənin təhsil ictimaiyyətinin böyük marağına səbəb oldu.

Bu tədbirin keçirilməsində əsas məqsəd Bakı Slavyan Universiteti ilə Fransa universitetləri arasındakı əlaqələri gücləndirmək, Azərbaycan reallıqlarını dünyaya çatdırmaq və fransız dilini tədris edən müəllimlərlə, eyni zamanda həmin dili öyrənən tələbələrlə görüşüb, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparmaqdır.

Oktyabrın 19-da BSU-da "Fransa həftəsi"nin açılış mərasimi keçirildi. Mərasimdə Fransanın Nansi-2, Strasburq, Versal və İNALCO (Şərq Dilləri və Sivilizasiyaları İnstitutu) universitetlərinin tanınmış alim və mütəxəssisləri, həmçinin Azərbaycanın görkəmli alimləri iştirak edirdilər.

Tədbiri Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev açaraq qonaqlara dəvəti qəbul edib gəldiklərinə görə təşəkkürünü bildirdi. Rektor qeyd etdi ki, həftə çərçivəsində fransalı qonaqlar məruzələrlə çıxış edəcəklər. Bu alimlər təkcə Fransada deyil, eyni zamanda bütün dünyada tanınmış tədqiqatçılardır.

"Fransa həftəsi" çərçivəsində proqram üzrə həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumat verən rektor bunun gələcəkdə də davamlı olmasını və gözəl bir ənənəyə çevrilməsini arzu etdi.

Ölkəmizdə ali təhsil sahəsində aparılan məqsədyönlü işlərdən danışan BSU-nun rektoru, professor Kamal Abdullayev rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən söz açdı. çıxışında bir sıra məsələlərə toxunan rektor, daha sonra Fransanın "Harmattan" nəşriyyat evində fransız dilində nəşr edilən "Azərbaycan dilini öyrənirik" kitabının işıq üzü görməsində onunla birgə həmmüəllif olan dünya şöhrətli alim, adıçəkilən nəşriyyat evində "Parlons" kolleksiyasının direktoru Mişel Malherbə öz dərin minnətdarlığını bildirdi.

Çıxış üçün söz alan Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə attaşesi Lük Obri, İNALCO Paris Universitetinin professorları Mişel Bozdemir, Tomaş Zende, Nansi-2 Universitetinin professorları Didye Frankfort, xanım Gül Mete Yuva, Strasburq Universitetinin professoru, Türkologiya departamentinin rəhbəri cənab Pol Dümon, Versal Universitetinin professoru Deni Sayar bu tədbirin Azərbaycan-Fransa əlaqələrinin inkişafında mühüm rol oynayacağını bildirdilər. Qonaqlar belə bir yüksək səviyyədə təşkil olunmuş tədbirə dəvət olunduqları üçün BSU-nun rektoru, professor Kamal Abdullayevə təşəkkür etdilər.

"Fransa-Azərbaycan mədəni əlaqələri: dünən, bu gün, sabah" mövzusunda keçirilən "dəyirmi masa"da çıxış edən Fransanın Mört Mozel regionunun ali şurada vitse-prezidenti, regional assambleyada respublikaçılar və sosialistlərin rəhbəri cənab Matyö Klən Azərbaycanın dünyəvi bir ölkə olduğunu bir daha təsdiqlədi.

Çıxış edən qonaqlar Azərbaycanda gedən sürətli inkişafdan, quruculuq işlərindən və xalqımızın qonaqpərvərliyindən heyrətə gəldiklərini söylədilər.

24 oktyabrda başa çatacaq "Fransa həftəsi"ndə Fransa alimləri BSU-da "Müasir fransız musiqi mədəniyyəti", "Müasir Avropa ədəbiyyatı", "Qafqaz və Yaxın Şərq mədəniyyəti XII-XX əsr fransız yazıçılarının gözü ilə" və s. mövzularda mühazirələr oxuyacaqlar.

Bundan başqa, həftə çərçivəsində qonaqların BSU-nun fransız dili müəllimləri üçün metodik seminarı, roman-german filologiyası şöbəsində fransız dili dərslərində iştirakı , "Heydər Əliyev məktəbi" tələbə teleradio studiyasında müsahibələri , Bakı şəhərinin tarixi abidələri və mədəni həyatı ilə tanışlığı nəzərdə tutulub.

Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən tədbir nəticə etibarı ilə hər iki ölkənin alim və mütəxəssisləri üçün gələcək fəaliyyətlərində mühüm rol oynayacaqdır.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.-2009.-23 oktyabr.-S.5.