Təhsil Nazirliyində görüş
Oktyabrın
20-də təhsil naziri Misir Mərdanov Koreya universitetlərinin
I Təhsil sərgisində iştirak etmək
üçün ölkəmizdə səfərdə olan Beynəlxalq
Təhsil və İnkişaf üzrə Koreya Milli
İnstitutunun (NIIED) Beynəlxalq Təhsil Mübadiləsi
Departamentinin direktoru cənab Çunq Nam Jonun başçılıq
etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Cənab
Çunq Nam Jonu və onun rəhbərlik
etdiyi nümayəndə heyətini Təhsil Nazirliyində
görməyindən məmnunluq hissi keçirdiyini söyləyən
nazir Azərbaycanla Koreya arasında mövcud olan əlaqələrin
ilbəil sürətlə inkişaf etdiyini dedi. Təhsil
naziri, xüsusilə, hər iki ölkənin prezidentlərinin
qarşılıqlı səfərlərindən sonra ölkələrimiz
arasında yaranmış sıx dostluq münasibətlərinin
daha yüksək səviyyədə qurulduğunu qeyd etdi.
Koreya Respublikasının dünyanın ən qabaqcıl
ölkələrindən biri olduğunu deyən nazir ölkələrimizin
təhsil sahəsindəki əməkdaşlığını
müsbət qiymətləndirdi. Təhsil naziri Koreya
Respublikasına səfərini xatırlayaraq orada təhsillə
bağlı işgüzar və səmərəli
görüşlər keçirildiyini vurğuladı.
Azərbaycanlı
gənclərin xaricdə təhsili məsələsinə
toxunan təhsil naziri Misir Mərdanov hazırda 60-dan çox tələbənin
Koreyanın ən nüfuzlu ali məktəblərində
oxuduğunu söylədi.
Ölkələrimizin təhsillə
bağlı əlaqələrindən ətraflı söz
açan nazir onu da qeyd etdi ki, Bakı Dövlət
Universitetində və Azərbaycan Dillər Universitetində
Koreya dili tədris olunur. Təhsil naziri Koreya universitetlərində
də Azərbaycan dilinin tədrisi ilə bağlı müəyyən
işlərin aparıldığını dedi.
Ali təhsil
sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin
zəruriliyindən danışan nazir Misir Mərdanov bu səfərin
hər iki tərəf üçün mühüm əhəmiyyət
kəsb etdiyini bildirdi.
Təhsil
naziri çıxışının sonunda koreyalı
qonaqlara səfərlərinin uğurlu keçməsini,
işlərində müvəffəqiyyətlər
arzuladı.
Beynəlxalq
Təhsil və İnkişaf üzrə Koreya Milli
İnstitutunun (NIIED) Beynəlxalq Təhsil Mübadiləsi
Departamentinin direktoru cənab çunq Nam Jo səmimi
qarşılandıqlarına görə rəhbərlik etdiyi
nümayəndə heyətinin adından Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanova təşəkkürünü
bildirdi. Ölkələrimiz arasındakı
oxşar cəhətlərdən danışan qonaq Azərbaycanın,
həqiqətən, inkişaf etmiş bir ölkə
olduğunu söylədi. Qeyd etdi ki, bu gün Azərbaycan
xüsusilə iqtisadiyyat və təhsil sahələrində
böyük uğurlar qazanıb. Bu, bir dost ölkə kimi
onları çox sevindirir. Azərbaycanlı gənclərin
Koreyanın nüfuzlu universitetlərində təhsil
almaları onlar üçün olduqca xoşdur və bundan məmnunluq
duyurlar. Gələcəkdə Koreyanın ali məktəblərində
təhsil alan azərbaycanlı gənclərin sayının
artacağına ümid etdiyini bildirən nümayəndə
heyətinin rəhbəri bu səfərin, təşkil olunan
sərginin hər iki ölkənin ali təhsil sahəsində
əməkdaşlığının genişlənməsinə
və möhkəmlənməsinə, ölkələrarası
tələbə mübadiləsinə əlverişli imkan
yaradacağını söylədi.
Sonra
görüşdə iştirak edən Koreya, Kimçon, Kyunq
Puk, Mokpo Milli, Pusan Milli, Seul Dövlət Texnologiya və digər
universitetlərin nümayəndələri təmsil etdikləri
ali məktəblər haqqında geniş məlumat verdilər.
çıxış edənlər Azərbaycanın ali məktəbləri
ilə tanışlığın onlar üçün
böyük maraq kəsb etdiyini bildirdilər.
Görüşün
sonunda koreyalı qonaqlar təhsil naziri Misir Mərdanovla xatirə
şəkli çəkdirdilər.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.-2009.-23
oktyabr.-S.2.