Yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı sorğunun nəticələri
təqdim olundu
Oktyabrın
19-da Təhsil Nazirliyində "Siqma" İnkişaf və
Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzinin
2008-2009-cu tədris ilində I siniflərdə yeni
kurikulumların və dərsliklərin tətbiqi ilə
bağlı apardığı sosioloji sorğunun nəticələrinə
dair təqdimat mərasimi keçirildi.
Tədbirdə
Təhsil Nazirliyinin məsul əməkdaşları,
tanınmış alimlər, dərslikləri çap edən
nəşriyyatların və Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin rəhbərliyi, ayrı-ayrı fənlər
üzrə elmi-metodik şuraların üzvləri, ümumtəhsil
məktəblərinin direktorları, müəllimlər,
valideynlər və KİV təmsilçiləri iştirak
edirdilər.
Mərasimi
açan təhsil naziri Misir Mərdanov ölkəmizdə dərslik
siyasətinin daim prioritet sahələrdən biri olduğunu
vurğuladı. Təhsil naziri daha sonra öz
çıxışında Azərbaycan hökuməti tərəfindən
təsdiq olunmuş Milli Kurikuluma əsasən hazırlanan və
ötən tədris ilindən I siniflərdə tətbiq
olunan dərsliklərdən bəhs etdi. Diqqətə
çatdırdı ki, öncə bu istiqamətdə bir
sıra əhəmiyyətli addımlar atılmış,
axtarışlar və müzakirələr
aparılmış, dünya təcrübəsi dərindən
öyrənilmişdir. Keçən müddət ərzində
bu məsələnin geniş ictimaiyyətin müzakirə
obyektinə çevrildiyini və daim diqqət mərkəzində
olduğunu deyən Misir Mərdanov bir sıra irad və təkliflərə
münasibətini bildirdi və dərsliklərin
hazırlanması ilə bağlı fikirlərini söylədi.
Dərsliklərin kimlər
tərəfindən yazılması
məsələsinə toxunan
nazir bu işə bütün ömrünü yalnız
elmi fəaliyyətə
həsr edən, təhsil müəssisələrində
aparılan təlim-tərbiyə prosesindən
xəbərsiz alimlərin
deyil, həmin fənni tədris edən pedaqoqların cəlb olunmasının zəruriliyini vurğuladı.
Sonra "Siqma"
İnkişaf və Beynəlxalq Əməkdaşlıq
Tədqiqatlar Mərkəzinin
sorğu ilə bağlı elmi rəhbəri Şahin Zülfüqarov və Dərslikləri Qiymətləndirmə
Şurasının sədri
Elmira Kazımzadə öz təqdimatları ilə çıxış
etdilər. Verilən məlumatdan aydın
oldu ki, sorğunun təşkilində
əsas məqsəd
2008-2009-cu tədris ilində
I siniflərdə istifadə
edilmiş kurikulumların
və dərsliklərin
keyfiyyətində müsbət
və ya mənfi cəhətlərin
aşkar edilməsi, eyni zamanda bu
sahədə tətbiq
edilmiş yeni dərslik siyasətinin səmərəliliyinin
qiymətləndirilməsi və
gələcəkdə reallaşdırılması
üçün optimal
mexanizmin işlənilərək
sınaqdan keçirilməsidir.
Sorğu prosesi müvafiq sənədlərin
təhlili və empirik araşdırma elmi üsullarının tətbiq olunması ilə həyata keçirilmişdir. Kəmiyyət cəhətdən qiymətləndirmə
üçün 2 əsas
hədəf qrupu seçilmişdir: 2008-2009-cu tədris
ilində I siniflərdə
işləyən müəllimlər
(943 nəfər) və
həmin tədris ilində I siniflərdə
oxuyan şagirdlərin
valideynləri (1380 nəfər),
bu 2 qrupdan üzbəüz sorğu üsulu ilə cəmi 2323 müsahibə götürülmüşdür.
Keyfiyyət cəhətdən
qiymətləndirmədə 2 üsuldan - dərinləşmiş
müsahibələr və
fokus qruplarda müzakirələrdən istifadə
edilmişdir.
Daha sonra tədbir iştirakçılarına əldə
edilmiş nəticələrin
təhlil olunduğu hər bir istiqamət
üzrə ətraflı
məlumat verildi.
Təqdimatlarda keçirilən
sorğunun nəticələrinə
əsasən dərsliklərin
istifadəsində əldə
edilmiş nailiyyətlər
və qarşıya çıxan problemlər
diqqətə çatdırıldı.
Qeyd olundu ki, yeni dərsliklərə
köhnə dərsliklərlə
müqayisədə ən
müsbət amil kimi müasirlik meyarı üzrə yüksək qiymət (80%-dən yuxarı) verilmiş, onların əyanilik, düzgünlük,
fəndaxili inteqrasiya və fənlərarası
infeqrasiya kimi xüsusiyyətlərə görə
köhnələrdən 7 dəfə
üstün olması
müəyyən edilmişdir.
Müəllimlər belə
hesab edirlər ki, yeni dərsliklər
yalnız 2 meyar üzrə - təlim vaxtına uyğunluq və şagirdin yaş xüsusiyyətlərinin
nəzərə alınmasına
görə hələlik
köhnə dərsliklərdən
geri qalır.
Hər bir məruzəçi təqdimatını
başa çatdırdıqdan
sonra tədbir iştirakçılarının ayrı-ayrı məlumatlarla bağlı
suallarını cavablandırdı.
Mərasimdə çıxış
edən Bakıdakı
132 nömrəli məktəbin
ibtidai sinif müəllimi Məlahət
Şirinli tətbiq edilən dərslik komplektləri
haqqında rəyini bildirdi.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.-2009.-23
oktyabr.-S.2.