Təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi şurası yaradılacaq

 

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, bu qurum tərəfindən təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi şurasının yaradılması planlaşdırılır.

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın tələblərinə uyğun yaradılacaq şuranın əsas vəzifələri multimedia xarakterli dərsliklərin digər tədris vasitələrinin işlədilməsini, yayılmasını, təhsil prosesində tətbiq olunmasını, elektron elmi-metodiki bazanın yaradılmasını, istifadəsini, yayılmasını qiymətləndirilməsini həyata keçirməkdən ibarət olacaqdır.

Elektron tədris resurslarının Azərbaycanın təhsil sistemində geniş istifadəsi nəzərdə tutulur. Belə ki, Milli Təhsil Portalında yerləşdiriləcək elektron tədris resurslarından Azərbaycan Təhsil Şəbəkəsinə (AZEDUNET) qoşulan bütün məktəblər istifadə edə biləcəklər. Yaradılan elektron tədris resurslarının qiymətləndirilməsi "Təhsil haqqında" Qanunun, Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasının (Milli Kurikulumun) digər müvafiq sənədlərin tələblərinə uyğun həyata keçiriləcəkdir.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.-23 oktyabr.-S.1.