Ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin birgə "dəyirmi masa"

 

Oktyabrın 22-də Azərbaycan Dillər Universitetində "Respublikamızın ali təhsil müəssisələrində mətbuat xidməti: işin təşkili, vəzifələr, reallıqlar, perspektivlər" mövzusunda "dəyirmi masa" keçirildi. Tədbiri açıq elan edən ADU-nun rektoru, professor Səməd Seyidov öncə jurnalistləri salamladı. Bütün sahələrə, o cümlədən təhsilə göstərilən dövlət qayğısını önə çəkən Səməd Seyidov iştirakçılara xatırlatdı ki, bu yaxınlarda Azərbaycan Respublikasının Milli Məclisi yeni "Təhsil Qanunu"nu qəbul etdi. Ölkəmiz müntəzəm olaraq dünyanın təhsil sistemi ilə əlaqələr qurur. Təhsil naziri Misir Mərdanovun aktual məsələlərlə bağlı çıxışları, təhsilin inkişafı naminə atdığı qəti addımlar mətbuatla qurduğu sıx əlaqələr bizi daha fəal olmağa sövq edir. Respublikamızda baş verən hadisələrin, təhsil sistemində aparılan islahatların digər işlərin ictimaiyyətə düzgün çatdırılması üçün ali məktəblərin mətbuat xidmətlərindən yüksək səviyyədə işgüzarlıq tələb olunur. Rektor qeyd etdi ki, respublikamızda birincilər sırasında Azərbaycan Dillər Universitetində mətbuat xidməti yaradılıb, "Poliqlot" qəzeti veb saytı fəaliyyət göstərir. Ali təhsil ocağında gedən prosesləri mətbuat xidmətinin köməyi ilə ictimaiyyət yaxından izləyir.

ADU-nun ictimaiyyətlə əlaqələr mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova isə "Azərbaycanın ali təhsil müəssisələrində mətbuat xidməti: işin təşkili, vəzifələr, reallıqlar, perspektivlər" mövzusunda çıxış etdi.

Sonra söz Mətbuat Şurasının sədri Əflatun Amaşova verildi. 2005-ci ildə informasiya əldə etmək hüququ haqqında qəbul edilən qanunu iştirakçıların nəzərinə çatdıran sədr mətbuat xidmətlərinin funksiyaları barədə məlumat verdi. Hər bir qurum öz fəaliyyətini ictimaiyyətlə səmərəli qurmaq üçün mətbuat xidmətini yaratmalıdır. Jurnalistlərin suallarına vaxtında dəqiq cavab verilməsinin vacibliyinə toxunan Əflatun Amaşov bir çox məsələlərə aydınlıq gətirdi.

Sonra tədbirdə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə çıxış etdi. Mətbuat xidmətinin fəaliyyəti ilə bağlı keçirilən "dəyirmi masa"nı nazir Misir Mərdanov tərəfindən dəstəkləndiyini qeyd edən şöbə müdiri bildirdi ki, dövlət müəssisələri müxtəlif qurumlarda mətbuat xidmətinin normal fəaliyyət göstərmələri ölkənin strateji istiqamətlərindəndir. Sevindirici haldır ki, əksər ali məktəblərdə müxtəlif formalarda mətbuat xidmətləri fəaliyyət göstərir. İctimaiyyətlə əlaqə şöbəsinin yaradılmasında beynəlxalq təcrübədən istifadə edilməsinin zəruriliyinə toxunan natiq Azərbaycan mətbuatında çalışan media nümayəndələrinin səviyyəsinə diqqət çəkdi, problemləri nəzərə çatdırdı. Qeyd etdi ki, müəssisə rəhbərlərinin ictimaiyyətin dəstəyi olarsa, mətbuat xidmətləri daha yaxşı inkişaf edər, yüksək səviyyəli layihələrin həyata keçirilməsində mühüm rol oynayar.

Sonda Təhsil Nazirliyinin rəsmi nümayəndəsi həlli vacib olan digər məsələlərə toxundu, tövsiyələrini verdi. Çıxışının sonunda B.Hüseynzadə təhsil naziri Misir Mərdanovun adından Azərbaycan Dillər Naxçıvan Dövlət universitetlərinin mətbuat xidmətlərinin rəhbərlərinə təşəkkür məktublarını təqdim etdi. "Dəyirmi masa" arxasında fikir mübadiləsi aparıldı, maraqlı təkliflər söylənildi.

 

 

Fazil İDRİSOĞLU

 

Azərbaycan müəllimi.-2009.-23 oktyabr.-S.6.