Koreya universitetlərinin təhsil sərgisi keçirildi

 

Oktyabrın 20-də Bakının "Hyatt Regency" otelində Koreya Respublikası universitetlərinin təhsil sərgisi keçirildi. Sərgi Azərbaycanın Təhsil Nazirliyi, Koreya Respublikasının Azərbaycandakı səfirliyi və Koreya turizm təşkilatının dəstəyi ilə təşkil olunmuşdur. Sərgidə Koreyanın 15 universitetinin nümayəndələri, Koreyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, ali məktəblərin rektorları, elm adamları, tələbələr və KİV nümayəndələri iştirak edirdilər.

Sərginin açılışında çıxış edən təhsil naziri Misir Mərdanov öncə qonaqları salamladı və bildirdi ki, bu gün sərginin keçirilməsinin məqsədi Koreyanın qabaqcıl universitetlərini Azərbaycana tanıtdırmaq, Koreya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələri daha da genişləndirmək, eləcə də xarici tələbələri ölkəmizə cəlb etməkdir.

Bu sərgi Koreyaya göndərilən azərbaycanlı tələbələrin sayını artırmaq imkanı da yaradacaqdır. Bu yaxınlarda Koreyada açılacaq Azərbaycan dilinin tədrisi mərkəzinin əhəmiyyətini qeyd edən nazir Misir Mərdanov dedi ki, bu mərkəz xalqımızın tarixinin və mədəniyyətinin təbliğində böyük rol oynayacaqdır.

Nazir Misir Mərdanov Azərbaycan və Koreyanın təhsil sahəsində sürətlə inkişaf edən əməkdaşlığının bundan sonra daha da genişlənəcəyinə əmin olduğunu bildirdi.

Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışaraq qeyd etdi ki, məqsədimiz ölkələrimiz arasında geniş mədəniyyət mübadiləsi prosesini həyata keçirməkdir.

Sərgidə Koreya Respublikasının Azərbaycandakı səfiri Lü Kvanq Çul çıxış edərək iki ölkə arasındakı mövcud əlaqələrdən danışdı və hər iki ölkənin aparıcı təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığını yüksək qiymətləndirdi.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.-23 oktyabr.-S.8.