Kollecin 50 illik yubileyi qeyd olundu

 

Sumqayıt şəhərindəki S.Vurğun adına Mədəniyyət Sarayında Sumqayıt Dövlət Texniki Kollecinin 50 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirildi.

Yığıncaqda təhsil naziri Misir Mərdanov, şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev, şəhərin idarə və müəssisə rəhbərləri, ali və orta ixtisas məktəblərinin professor-müəllim heyəti, Bakıdakı texnikumların direktorları və qabaqcıl müəllimlər iştirak edirdi.

Tədbirdə Sumqayıt Dövlət Texniki Kollecinin direktoru, kimya elmləri namizədi Mətanət Pirquliyeva təlim-tərbiyə ocağının 50 ildə keçdiyi yol barədə məruzə etdi.

Məruzəçi qeyd etdi ki, 1959-cu ildə Sumqayıt Kimya-Texnologiya Texnikumunun - indiki Sumqayıt Dövlət Texniki Kollecinin əsası qoyuldu. Əlli il əvvəl öz qapılarını tələbələrin üzünə açan bu təhsil ocağı böyük inkişaf yolu keçmiş, potensial imkanlarını artıraraq sayılıb-seçilən mütəxəssisləri ilə tanınmışdır.

Bu gün kollecdə 12 ixtisas üzrə 1141 tələbə təhsil alır. Onlardan 774-ü əyani təhsilin 46 tədris qrupunda, 367-si isə qiyabi təhsilin 18 qrupunda seçdikləri ixtisaslara yiyələnirlər.

Qeyd olundu ki, 146 müəllimin çalışdığı təhsil ocağında tədrisin müasir səviyyədə qurulması, cəmiyyətimiz üçün layiqli mütəxəssislərin yetişməsi üçün ən mütərəqqi metodlardan istifadə edilir. Auditoriyaların, laboratoriya və fənn kabinetlərinin, zəngin kitab fonduna malik kitabxananın əsaslı təmiri, onların lazımi avadanlıqlarla təchiz olunması, ümumilikdə, maddi-texniki bazanın möhkəmləndirilməsi, söz yox ki, tədrisin yüksək səviyyədə aparılmasına geniş imkan verir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev çıxış edərək bu əlamətdar gün müasibətilə bütün sumqayıtlıları təbrik etdi və şəhərin inkişafında kollecin rolunu xüsusi vurğuladı.

Daha sonra V.Əliyev təlim-tərbiyə işində fərqlənən müəllimlərin bir qrupuna şəhər icra hakimiyyətinin Fəxri fərmanını təqdim etdi.

Təhsil naziri Misir Mərdanov mərasimdə çıxış edərək sumqayıtlıları, tələbələri, müəllimləri bu yubiley münasibətilə təbrik etdi. Qeyd etdi ki, biz bura gəlməmişdən əvvəl şəhər rəhbərliyi ilə birlikdə bir neçə təlim-tərbiyə ocağında, uşaq bağçalarında olduq, şəhərin ümumi mənzərəsini seyr etdik. Dövlət başçısının diqqət və qayğısı sayəsində, ölkəmizin hər yerində olduğu kimi, Sumqayıtda da böyük abadlıq və quruculuq işləri aparılır.

Daha sonra nazir Misir Mərdanov bildirdi ki, möhtərəm cənab Prezident İlham Əliyev Sumqayıt şəhərinin 60 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalamışdır. Sərəncama əsasən Sumqayıtın 60 illik yubileyi böyük təntənə ilə qeyd olunacaqdır. İndiki yubiley tədbiri də bir növ Sumqayıtın 60 illik yubileyi silsiləsindən olan bir tədbir kimi qiymətləndirilir. Bu münasibətlə sizi, kollecin bütün tələbələrini və məzunlarını ürəkdən təbrik edirəm.

İndi əvvəlki illərlə müqayisədə texnikum təhsilinə böyük önəm verildiyini bildirən nazir qeyd etdi ki, həm sovet dövründə, həm də müstəqillik dövründə texnikumlara ali məktəblərə nisbətən az diqqət verilmişdir. Bu, faktdır və bunu açıq demək lazımdır.

Kollec təhsili üçün hələ çox işlər görülməlidir. Texnikum və kolleclərə verilən ixtisasların tərkibinə, dərsliklərin, yeni proqramların hazırlanmasına yenidən baxmaq lazımdır. Texnikum və kollecləri bitirənlərin iş təminatı məsələsi də diqqətdən kənarda qalmamalıdır. Düzdür, indi onlar ali məktəblərə nisbətən daha çox işlə təmin olunurlar. Lakin dövrün tələblərinə uyğun yeni ixtisasların yaranmasına da ciddi ehtiyac duyulur. Maliyyə imkanları yarandıqca biz bu məsələyə də diqqət verməyə çalışırıq və bu da öz bəhrəsini verəcəkdir.

Sumqayıt təhsilinin vəziyyətindən danışan nazir bildirdi ki, ölkə təhsili ilə müqayisədə Sumqayıt ön sıralarda gedir. Lakin bununla kifayətlənmək olmaz. Biz təhsilə daim diqqət yetirməli, yeni təlim texnologiyaları təhsilə tətbiq edilməlidir.

Nazir qeyd etdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə təhsilin inkişafına xüsusi önəm verilir. Ali, orta ixtisas və ümumtəhsil məktəblərinin maddi-texniki bazaları, kadr potensialı gücləndirilir. Yeni iqtisadi sistemin tələblərinə uyğun kadrların hazırlanması dövlətin əsas prioritetinə çevrilmiş və son illər bu sahədə köklü dəyişikliklər baş vermişdir. ölkə təhsilinin dünya səviyyəsinə çatmasında YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın zəhməti böyükdür. Məhz Fondun dəstəyi ilə son illər respublikada 300-dən çox yeni məktəb binaları tikilib istifadəyə verilmişdir.

Daha sonra təhsil naziri Misir Mərdanov səmərəli pedaqoji fəaliyyətlərinə görə kollecin 13 müəlliminə təşəkkürnamə, 7 müəllimə Təhsil Nazirliyinin Fəxri fərmanını, 3 müəllimə isə respublikanın "Qabaqcıl təhsil işçisi" döş nişanlarını təqdim etdi.

 

 

Malik NOVRUZOV

 

Azərbaycan müəllimi.-2009.-23 oktyabr.-S.7.