İlin nüfuzlu ziyalısı

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məşhur bir kəlamı var: "Bizim ziyalıların, mədəniyyət xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır. Çünki xalq həmişə öz ziyalısı, öz mədəniyyəti, öz elmi ilə tanınır".

Bu baxımdan zaman-zaman öz biliyi, elmi, istedadı və işgüzarlığı sayəsində adını Azərbaycanın elm və təhsil tarixinin səhifələrinə yazmış görkəmli alimi Abuzər Xələfovun həyat və fəaliiyəti, sözün həqiqi mənasında, gənc nəsillər üçün örnək və ibrət məktəbidir.

Azərbaycanda milli kitabxanaşünaslıq elminin banisi, ali kitabxanaçılıq təhsilinin təşkilatçıları və müstəqil kitabxanaçılıq fakültəsinin yaradıcılarından biri, görkəmli elm, təhsil və mədəniyyət xadimi kimi professor Abuzər Xələfovun adı respublikamızda və ölkəmizin sərhədlərindən uzaqlarda çox yaxşı tanınır.

Abuzər Xələfov Azərbaycan Respublikasının əməkdar elm xadimi, əməkdar mədəniyyət işçisi, Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universiteti Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professordur. Bununla belə, Abuzər Xələfovun adının qarşısında heç bir titul yazmadan belə onun nüfuzu çoxlarına bəllidir. İllərdən bəri bu nüfuz damla-damla, misqal-misqal yığılır, durulur və nəsillərin iftixar mənbəyinə, güvənc yerinə çevrilir.

Məhəmməd Peyğəmbərin belə bir kəlamı var: "Elm köməksizlikdə yoldaşımız, xoşbəxtliyə tərəf yol göstərənimiz, dostlar arasında zinətimiz, düşmənlər arasında isə silahımızdır". Necə də yerində deyilib, sanki Abuzər müəllim kimi elm və təhsil fədailərinin boynuna biçilib. Bu ağsaqqal alimin şərəfli ömür yolunun keşməkeşli məqamlarına, mübarizələrlə adi taleyinə bələd olanlar həmin müqəddəs kəlamın mahiyyətinə vara bilərlər.

Sadə bir kəndli ailəsində boya-başa çatan, ilk dəfə düşdüyü şəhər mühitinə alışa-alışa məqsədinə doğru inamla irəliləyən Abuzər Xələfov zirvəyə doğru gedən yolda nə qədər maneələrlə, nə qədər çətinliklərlə, nə qədər süni əngəllərlə üz-üzə gəlib.

A.Xələfovun xoşbəxtliyi ondadır ki, hələ tələbəlik illərindən başlayaraq Yusif Məmmədəliyev, Əliheydər Qarayev, Şəfaət Mehdiyev, Faiq Bağırzadə, Məmməd Arif Dadaşzadə, Cəfər Xəndan, Feyzulla Qasımzadə, Məmməd Cəfər Cəfərov, Həmid Araslı, Əli Sultanlı, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Əliheydər Qəhrəmanov, Mehdixan Vəkilov, Abbas Zamanov, Pənah Xəlilov, Zülfəli İbrahimov kimi görkəmli alim-pedaqoqlar dəstəsi ilə əhatə olunmuşdu və onların təsiri ilə formalaşıb yetkinləşirdi.

1955-ci ildən səmərəli elmi və pedaqoji fəaliyyətlə məşğul olan Abuzər Xələfov mədəniyyət, kitabxana işi, kitabxanaşünaslıq, təhsil və informatika sahələrinin tarixinə və nəzəriyyəsinə dair 250-dən artıq monoqrafiya, dərslik, dərs vəsaiti, elmi məqalə, tədris-metodik material və s. əsərlərin müəllifidir.

1961-ci ildə A.Xələfovun fəal iştirakı ilə BDU-nun kitabxanaçılıq şöbəsi müstəqil kitabxanaçılıq fakültəsinə çevrilmiş və o, 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərmişdir. A.Xələfov, eyni zamanda 1963-cü ildən bu günə kimi Kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsində uğurla çalışmaqdadır.

Professor A.Xələfov yüksək səviyyəli alim, pedaqoq, rəhbər işçi, fəal ictimai xadimdir. Onun səmərəli elmi-tədqiqat fəaliyyəti Azərbaycanda və xarici ölkələrdə geniş şöhrət qazanmışdır. Yaradıcılıq fəaliyyətinin əvvəllərindən başlayaraq mədəniyyət və kitabxana işi quruculuğunun tarixi problemləri, kitabxanaşünaslığın nəzəriyyəsi və metodologiyası, ali kitabxanaçılıq-biblioqrafiya təhsili məsələləri, habelə kitabxana işi nəzəriyyəsi və bir sıra digər aktual elmi problemlər Abuzər Xələfovun diqqət mərkəzində dayanmışdır. Onun elmi tədqiqatlarının nəticələri bütövlükdə mədəniyyətşünaslıq, kitabxanaçılıq elmi və təcrübəsi üçün böyük əhəmiyyət kəsb edən sanballı əsərlərdə öz parlaq əksini tapmışdır. Bu əsərlərin əksəriyyəti həm Azərbaycanda, həm də xarici ölkələrdə yüksək qiymətləndirilmişdir.

O, Azərbaycanda kitabxana işinin çoxəsrlik tarixinə onlarca kitab, elmi məqalə və başqa materiallar həsr etmişdir.

Azərbaycan Respublikasının təhsil naziri, əməkdar elm xadimi, professor Misir Mərdanov görkəmli kitabxanaşünas alimi belə xarakterizə edir: "Professor Abuzər Xələfov Azərbaycanda kitabxanaşünaslıq elminin yaradıcısı, bu sahədə elmi məktəb yaratmış tanınmış alim, bacarıqlı elm və təhsil təşkilatçısıdır. İftixar etməli haldır ki, Azərbaycanda kitabxanaşünaslıq nəzəriyyəsinin elmi əsası A.A.Xələfov tərəfindən qoyulmuş, ölkəmizdə kitabxana işinin tarixi və inkişaf perspektivlərinə həsr edilən araşdırmaları ilə vətənimizdə mədəniyyət tarixinin nəzəriyyə və təcrübəsi zənginləşdirilmişdir".

A.Xələfovun elmi araşdırmalarını Azərbaycanda ali kitabxanaçılıq-biblioqrafiya təhsilinin tarixi və nəzəri problemləri mühüm yer tutur. Onun "Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı", "Azərbaycanda ali kitabxanaçılıq təhsili" kitabları, çoxsaylı məqalələri, tədris-metodik materialları respublikada kitabxanaçılıq-biblioqrafiya təhsilinin, yüksəkixtisaslı mütəxəssislər hazırlanmasının konseptual cəhətdən həllinə ciddi təsir göstərmişdir.

Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin üzvü, əməkdar elm xadimi, akademik Abel Məhərrəmov professor A.Xələfov haqqında belə deyir: "Abuzər müəllimin çox zəngin irsi vardır və ondan gənc alimlər, tələbələr zaman-zaman faydalanacaqlar. Abuzər müəllimin yazdığı dərslik, dərs vəsaiti, tədris-metodik vəsaitləri hər zaman aktual olacaq, dövrlə, zamanla səsləşəcəkdir. çünki bu əsərlərin bir ucu tarixi ənənələrə söykənirsə, o biri ucu bugünkü həyatın axarına uyğundur. Yeniliyə, müasirləşməyə səsləyən hər bir yaradıcı əmək heç vaxt təsirsiz qalmaz".

Professor Abuzər Xələfov müstəqillik illərində özünün çoxsahəli elmi və pedaqoji fəaliyyətini Azərbaycanda hüquqi, demokratik cəmiyyət quruculuğu şəraitində siyasi plüralizmin, informasiya azadlığının, milli və ümumbəşəri dəyərlərin ilkinliyinin nəzərə alınması əsasında kitabxana xidmətinin təşkilinin metodik problemləri ilə, şəxsiyyətin və bütövlükdə cəmiyyətin intellektual və mənəvi inkişafında kitabxanaların rolu ilə sıx şəkildə bağlayır.

Alimin bir sıra konseptual məqalələrində cəmiyyətdə baş verən sosial-iqtisadi və mədəni proseslərin elmi şəkildə dərk edilməsi əsasında Azərbaycanda kitabxana işinin nəzəriyyə və təcrübəsinin inkişaf konsepsiyası hazırlanmışdır ki, bu da yeni cəmiyyətin reallıqlarını özündə hərtərəfli əks etdirir.

A.Xələfovun elmi-tədqiqat fəaliyyətində humanitar elm kimi kitabxanaşünaslığın ümumnəzəri və metodoloji problemlərinin işlənilməsi, kitabxanaların sosial funksiyalarının inkişafının araşdırılması, cəmiyyətin intellektual inkişafı prosesində, insanların mədəni-mənəvi tərbiyəsində, təhsil prosesində kitabxanaların rolunun öyrənilməsi çox böyük yer tutur.

Azərbaycanın müstəqilliyi dövründə 2 hissədən ibarət "Kitabxanaşünaslığa giriş" dərsliyinin çapdan çıxması A.Xələfovun elmi fəaliyyətinin zirvəsi sayıla bilər. Bu nəşr Azərbaycanda kitabxanaçılıq təhsili tarixində kitabxanaşünaslığa dair ilk dərslikdir.

XXI əsrin əvvəllərində Abuzər Xələfovun xalqımızın mədəniyyət tarixinə verdiyi qiymətli töhfələrindən biri də üçcildlik "Azərbaycanda kitabxana işinin tarixi" adlı dərslikdir. ölkəmizdə kitabxana işi tarixinin ən qədim dövrlərdən XX əsrə qədərki dövrünü əhatə edən bu əsər xalqımızın mənəvi mədəniyyət tarixi sahəsindəki mövcud boşluğu aradan qaldırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Əsərdə Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq qədim dövrlərdən XX əsrə qədər Azərbaycanda kitab və kitabxanalar tarixinin inkişaf mərhələlərini tarixi mənbələri əsasında araşdırmış, Azərbaycan mədəniyyətinin mühüm tərkib hissələrindən biri olan kitabxana mədəniyyəti ilə əlaqədar yazının meydana gəlməsi, əlifbanın yaranması, kitabçılıq işinin təşəkkülü, kitabxanaların yaranması və onların xalqımızın mədəni-mənəvi inkişafındakı rolunu müəyyənləşdirə bilmişdir.

Bu əsaslı tədqiqatın ana xətti ondan ibarətdir ki, Azərbaycan xalqı hələ tarixin erkən çağlarından başlayaraq təhsilə, elmə, kitab və kitabxanalara çox böyük qiymət vermiş, milli sərvətimiz olan yazı abidələrinin toplanıb saxlanılmasında, əsrdən-əsrə, nəsildən-nəslə çatdırılmasında kitabxanalarımız əvəzsiz rol oynamışlar.

Professor A.Xələfovun son illərdə apardığı tədqiqatlar nəticəsində Azərbaycanın müstəqilliyi şəraitində ölkədə kitabxana-informasiya fəaliyyətinin strateji istiqamətləri, informasiya cəmiyyətinin vəzifələrinə uyğun yeniləşməsi, kitabxanaşünas-biblioqraf peşəsinin yeni keyfiyyətləri və s. məsələlər ətraflı şərh edilmişdir.

Görkəml alimin elmi-tədqiqat istiqamətlərindən biri ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda kitabxana işinin inkişafındakı xidmətlərinin təhlili, onun nəzəri irsinin kitabxanalarda təbliği məsələləri təşkil etmiş və bu, ayrıca "Heydər Əliyev və Azərbaycanda kitabxana işi" adlı monoqrafiyanın meydana gəlməsi ilə nəticələnmişdir. 2006-cı ildə nəşr edilmiş bu fundamental monoqrafiya mühüm tarixi-elmi əsər kimi mütəxəssislərin diqqətini cəlb etmiş, çox yüksək qiymətləndirilərək, müəllifinə şöhrət qazandırmışdır.

Professor A.Xələfov kitabxanaşünaslıq-biblioqrafiya elmi sahəsində mütəxəssis, elmi-pedaqoji kadrların hazırlığında da əvəzsiz rol oynamışdır. ümumiyyətlə, o, Azərbaycanda kitabxanaşünaslıq elmi sahəsində xüsusi elmi məktəb yaratmış, kitabxana işinin tarixi, nəzəriyyəsi, metodologiyası və aktual problemləri ilə bağlı geniş tədqiqatlar aparan 1 elmlər doktoru və 13 elmlər namizədi yetirmişdir. Tanınmış alim, eyni zamanda 25 nəfər elmlər namizədi və elmlər doktorunun hazırlanmasında elmi məsləhətçi və ya opponent kimi xüsusi fəallıq göstərmişdir.

A.Xələfov uzun illər ərzində Moskva şəhərində doktorluq dissertasiyalarının müdafiəsi üzrə vahid ixtisaslaşdırılmış şuranın üzvü kimi də səmərəli fəaliyyət göstərmişdir. O, həmçinin başqa ölkələrdə mədəniyyət, kitabxana işi quruculuğu, kitabxanaşünaslıq tarixi və nəzəriyyəsi problemləri üzrə müdafiə edilmiş bir çox namizədlik və doktorluq dissertasiyalarının opponenti, yaxud müdafiə şuralarının üzvü kimi milli kitabxanaşünaslıq elmimizi uğurla təmsil etməyi bacarmışdır.

A.Xələfov bir sıra dövri mətbuat orqanlarının - "BDU-nun elmi əsərləri"nin kitabxanaşünaslığın tarixi və nəzəriyyəsi üzrə elmi məqalələr məcmuələrinin, mədəniyyətə dair qəzet və jurnalların redaktoru və ya redaksiya heyətlərinin üzvüdür. O, həmçinin elm, mədəniyyət və təhsil sahələrinə dair bir sıra elmi şuraların, komissiya və ictimai birliklərin üzvüdür.

Kitabxana işinin inkişafının hüquqi normalarının işlənilib hazırlanmasına böyük əmək sərf etmiş A.Xələfov 1999-cu ildə qəbul olunmuş "Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanununun hazırlanması üzrə işçi qrupuna rəhbərlik etmişdir. Alim, eyni zamanda 2009-cu ildə qüvvəyə minmiş "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun hazırlanması prosesində də xüsusi fəallıq göstərmişdir.

Abuzər müəllim görkəmli ziyalılarla sağlam elmi müzakirələr aparmağın və müəyyən bir fikir formalaşdırmağın ustasıdır. Belə olmasaydı, bu gün müxtəlif elm sahələrində tanınmış mütəxəssislər prinsipial elmi məsələlərin həllində Abuzər müəllimin nüfuzlu alim sözünü əsas götürməzdilər. Bu cəhət təkcə ustad alimimizə yox, eyni zamanda onun ağsaqqalı olduğu böyük kitabxanaçılar ordusuna və kitabxana işi mütəxəssislərinə başucalığı və şan-şöhrət gətirir.

Abuzər Xələfov həm də əməlisaleh insan, Allaha dərin inam və etiqad bəsləyən bir şəxsdir. Tanrı bu nəcib insanın qismətinə üç müqəddəs ocaqda - Həcc, Məşhəd və Kərbəla ziyarətində olmağı nəsib edib.

Əmək və müharibə veteranı olan professor A.Xələfovun Vətən və cəmiyyət qarşısındakı, elm, mədəniyyət və təhsilin inkişafındakı xidmətləri dövlət orqanlarının və bir sıra ictimai təşkilatların xüsusi mükafatları, medalları və fəxri fərmanları ilə dəyərləndirilmişdir.

Professor A.Xələfov, eyni zamanda BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü - akademiki seçilmişdir. Dünyanın bir sıra dövlətlərinin başçılarının, görkəmli mütəxəssislərin, elm və mədəniyyət xadimlərinin də həmin beynəlxalq miqyaslı qurumun üzvü olması Azərbaycan aliminin dünyada tanınmasını bir daha təsdiq edən mühüm faktlardan biridir.

Elə bu günlərdə Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı professor Abuzər Xələfovu "İlin nüfuzlu ziyalısı" fəxri diplomu ilə təltif etmişdir. Belə bir mükafata layiq görülməsi onun Vətən və xalq qarşısında xidmətlərinə verilən qiymət kimi çox dəyərlidir.

Bu gün Abuzər müəllim ömrünün müdriklik çağlarını yaşayır. İnanırıq ki, təkcə Azərbaycanda deyil, həmçinin yaxın və uzaq xarici ölkələrdə yaxşı tanınan görkəmli alim bundan sonra da Azərbaycanın kitabxanaşünaslıq elmini özünün yeni-yeni sanballı əsərləri ilə daha da zənginləşdirəcəkdir.

 

 

Knyaz ASLAN

 

Azərbaycan müəllimi.-2009.-23 oktyabr.-S.5.