BDU – 90
Bakı
Dövlət Universiteti qədim və zəngin tariximizə
yeni parlaq səhifələr yazacaq
Hər bir xalqın milli şüurunun, milli özünüdərkinin yetkinləşməsi onun elm və təhsilinin inkişafı ilə şərtlənir. Bu mənada, XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan xalqının maariflənməsində, ziyalı təbəqəsinin formalaşmasında, elmi ənənələrin zənginləşməsində Bakı Dövlət Universitetinin əvəzsiz rolu danılmazdır.
Ümummilli liderimiz Heydər Əliyevin "Azərbaycan xalqının milli sərvəti" adlandırdığı Bakı Dövlət Universiteti (BDU) mənəvi böyüklüyümüzün simvolu, elm, təhsil və mədəniyyətimizin möhtəşəm məbədidir. Azərbaycan xalqının tarixi ilə çox səsləşən BDU-nun keçdiyi şərəfli yol ilk rektor V.İ.Razumovskinin dediyi sözlərin həqiqət olduğunu sübut etmişdir: "Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovşağında yeni məşəl yandı... Mən Bakı Dövlət Universitetinin parlaq gələcəyinə inanıram".
BDU bir təhsil ocağı, bir qurum kimi cəmi 90 il fəaliyyət göstərsə də, əslində, onun mənəvi-tarixi kökləri daha dərinlərə gedib çıxır, dəqiq desək, ilk ali təhsil ocağımız milli mədəniyyətimizin qədim bünövrəsi üzərində formalaşmışdır. Hər biri bir universitet olan Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli kimi dünya şöhrətli dahilərimiz bəşəriyyətə tükənməz mənəvi qida vermiş, Azərbaycanın elm və mədəniyyəti üçün möhkəm əsaslar, tarixi köklər formalaşdırmışdır. Məhz bu möhkəm əsasların və mənəvi bazanın mövcudluğu hesabına yaşı hələ bir əsr olmayan BDU dünyanın bir neçə yüz il əvvəl yaradılmış aparıcı universitetləri ilə bərabərhüquqlu əməkdaşlıq edir, hərtərəfli elm və təcrübə mübadiləsi aparır.
Ulu öndərimiz Heydər Əliyev BDU-nun 50 illik yubileyindəki çıxışında bu barədə çox dəqiq fikirlər söyləmişdir: "Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin ən yaxşı ənənələri Azərbaycan Dövlət Universitetində (o dövrdə BDU belə adlanırdı - A.M.) inkişaf etdirilmişdir. Məşhur filosof Ə.Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı- astronom Nəsirəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi F.Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi A.Bakıxanovun və realist yazıçı M.F.Axundovun, görkəmli satiriklərdən M.Ə.Sabirin, C.Məmmədquluzadənin və bir çox başqalarının adları bu milli dəyərlərin çoxəsrlik tarixinin bəzəyidir".
Adı milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılan Bakı Dövlət Universiteti Şərqdə və türk dünyasında qurulan ilk dünyəvi elm ocağı, tədris mərkəzi olaraq xalqımızın və dövlətimizin ən çətin, ən sınaqlı illərində yarandı. Bütün varlığı, ruhu və duyğuları ilə millətinin dirçəlişinə, maariflənməsinə nail olmaq istəyən cümhuriyyət fədailəri Şərqin ilk modern universitetini qurmaq üçün bütün çətinliklərə sinə gərdilər. 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis olunan universitet illərin sınaqlarından keçərək yaşamaq haqqını əlindən vermədi. Tarixi haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş Azərbaycan xalqının tarixi təhsil sistemini və mənəvi tərbiyə formalarını yenidən yaddaşlara qaytardı. 1918-ci ildə müstəqillik qazanaraq Azərbaycan Xalq Cümhuriyyətini elan edən xalqımız neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu qiymətləndirmək imkanı qazandı.
Bolşeviklərin və ermənilərin yaratdığı daxili qarışıqlığa və iqtisadi vəziyyətin ağır olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli mədəniyyətin, təhsilin, ədəbiyyatın və incəsənətin inkişafına xüsusi önəm vermiş, bu ümdə məsələlərə xüsusi qayğı ilə yanaşmışdır. Bu qayğı demokratik ziyalılarımızın uzun illərdən bəri apardığı gərgin mübarizənin həyati təzahürü idi.
Xalq Maarif Nazirliyinin təqdimatını nəzərə alaraq, 1919-cu il sentyabrın 8-də Bakı Dövlət Universitetinin rektoru və dekanlarının təsdiqi haqqında qərar qəbul edildi. Qərarda operativ cərrahiyyə kafedrasının əməkdar professoru V.İ.Razumovskinin rektor, patoloji anatomiya kafedrasının professoru İ.İ.Şirokoqorovun, o olmadığı dövrdə isə müvəqqəti olaraq professor A.M.Levinin tibb fakültəsinin, görkəmli tarixçi, publisist, ümumi tarix kafedrasının dosenti N.A.Dubrovskinin tarix-filologiya fakültəsinin dekanı təyin olunduğu göstərilir.
Komissiya 1919-cu il sentyabrın 10-da ona verilən səlahiyyətə uyğun olaraq, Rusiyanın bir sıra tanınmış professorlarını, elm adamlarını universitetə işləməyə dəvət edir.
Lakin Azərbaycanda hər şey arzu edildiyi kimi getmədi. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, bolşeviklərin hakimiyyətə gəlməsi respublikanın, o cümlədən Bakı Dövlət Universitetinin də tarixində mürəkkəb bir dövrün başlanğıcını qoydu.
Artıq 1920-ci il mayın 11-də xalq maarif komissarı Dadaş Bünyadzadənin universitetin rektoru V.İ.Razumovskiyə verdiyi sərəncamda universitetdə təlim və tərbiyə işinin lazımi səviyyədə saxlanılacağı göstərilirdi. Sərəncamda həmçinin sovet Rusiyası ilə əlaqə yaradılacağı, oradan müəllimlərin dəvət olunacağı da bildirilirdi. Təzyiqlər böyük rus alimi V.İ.Razumovskini Bakını tərk etməyə məcbur etdi. Həmin il universitetə məşhur nevropatoloq, Moskva Universitetinin məzunu, sonralar akademik olmuş professor Sergey Nikolayeviç Davidenkov rektor təyin edildi.
1922-ci ildə universitetin adı dəyişdirildi və Azərbaycan Dövlət Universiteti qoyuldu. Artıq universitetlə bağlı qərarlar mərkəzdə qəbul olunurdu və onların icrası məcburi idi.
1929-cu ildə universitetin on illiyinin ümumrespublika səviyyəsində qeyd edilməsi qərara alındı və bu tədbir 1930-cu ilin yanvarında təntənəli surətdə həyata keçirildi. Bundan bir qədər sonra isə universitetin həyatında mürəkkəb və qaranlıq hadisələr başladı. 1930-cu ilin iyununda Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Azərbaycan Dövlət Universitetinin fəaliyyəti dayandırıldı, onun ayrı-ayrı fakültələrinin bazası əsasında yeni müstəqil institutlar yaradıldı.
Ümumiyyətlə, milli vətənpərvərlik mövqeyində durması universitet üçün o dövrdə müxtəlif problemlər yaratmışdı. Hətta sovet hakimiyyəti illərində universitetin adı da dəfələrlə müxtəlif dəyişikliklərə məruz qalmışdır: 1922-ci ildə Bakı Dövlət Universitetinin adı dəyişdirilərək Azərbaycan Dövlət Universiteti adlandırılır. Belə qərar verilməsinin səbəbi BDU-nun təkcə Azərbaycan üçün deyil, qonşu respublikalar üçün də mədəniyyət ocağı olması ilə izah edilirdi. Bu fakt isə özlüyündə BDU-nun ali təhsilin yayıcısı kimi fəaliyyət dairəsinin yalnız müasir dövrümüzdə deyil, yarandığı gündən etibarən hər zaman Azərbaycanın hüdudlarından çox-çox kənara çıxmasını bir daha sübut edir.
1924-cü ildə universitetin əsl yaradıcılarını xalqın şüurundan silmək üçün növbəti tədbir həyata keçirilir: universitetə bolşeviklərin rəhbəri V.İ.Leninin adı verilir.
1939-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 aprel tarixli fərmanı ilə Azərbaycan Dövlət Universitetinə vaxtilə Azərbaycan Kommunist Partiyasına rəhbərlik etmiş S.M.Kirovun adı verilir.
1991-ci ildə isə Bakı Dövlət Universitetinə bu ali təhsil ocağının yaradılmasında fəal iştirak etmiş M.Ə.Rəsulzadənin adı verilmişdir. Nəhayət, 2001-ci ildən universitet ilk təsis edildiyi kimi, Bakı Dövlət Universiteti adı ilə təsdiqlənmişdir.
II Dünya müharibəsi universitetin də həyatına mənfi təsir etdi, tədris prosesi ağır vəziyyətə düşdü. 1941-ci il iyunun 22-də - müharibənin başlandığı ilk gündə universitetin rektoru Cəbrayıl Ağəli oğlu Ələsgərovun cəbhəyə getməsi bütün müəllim-tələbə kollektivi üçün bir çağırış oldu. Bir neçə gün ərzində universitetin 159 müəllimi, 23 aspirantı, 1141 tələbəsi səfərbərliyə alındı, silaha sarılaraq ön cəbhəyə getdi.
Müharibənin ən ağır dövründə - 1941-1944-cü illərdə universitetə dosent Şamil Rəhim oğlu Əliyev rektorluq etmişdir.
Amansız müharibə universitetin fəaliyyətinə ağır zərbə vursa da, onun kollektivi bu ağır sınaqdan şərəflə çıxdı. Elə həmin çətin illərdə universitet alimləri beynəlxalq əhəmiyyəti olan bir sıra kəşflərə imza atdılar. Bunlara ən parlaq misal akademik Yusif Məmmədəliyevin donmayan sürtkü yağlarını kəşf etməsini göstərmək olar ki, müharibə illərində hərbi aviasiya sənayesində sovet təyyarələri üçün bu tapıntı həlledici rol oynadı.
Ötən əsrin 50-ci illərinin ortalarında sovet cəmiyyətində baş verən nisbi yumşalma universitet həyatına da müsbət təsir etdi. Lakin bu vəziyyət çox uzun sürmədi. Yenidən milli ruhun sıxışdırılması prosesi başladı. Mərkəzin nəzarəti sərtləşdirildi, təhsildə yersiz siyasiləşdirmə və ideologiyalaşdırma daha da gücləndirildi. Bütün bunlara baxmayaraq, universitet öz inkişafından qalmadı, burada yeni fakültələr yaradıldı, laboratoriyalar açıldı. Beləliklə, artıq universitet ölkədə ən güclü elmi mərkəzə çevrildi.
Ümumiyyətlə, 1940-1950-ci illər universitetin həyatında xüsusi yüksəliş illəri kimi qiymətləndirilə bilər. Xalqımızın 4 böyük ziyalısının həmin illərdə universitetə rəhbərlik etməsi dediklərimizin bir sübutudur. 1944-1950-ci illərdə akademik Abdulla İsmayıl oğlu Qarayev, 1950-1954-cü illərdə professor Cəfər Xəndan Zeynal oğlu Hacıyev, 1954-1958-ci illərdə akademik Yusif Heydər oğlu Məmmədəliyev, 1958-1965-ci illərdə akademik Şəfayət Fərhad oğlu Mehdiyev kimi böyük təhsil və elm təşkilatçılarının rəhbərliyi universitetə yeni inkişaf stimulları gətirdi.
1921-ci ildən bu günə kimi universitetin dövri mətbuat orqanı olan "Elmi xəbərlər" müntəzəm olaraq çap edilir. Bu gün həmin jurnal universitet alimlərinin elmi araşdırmalarını əks etdirən mötəbər mətbuat orqanlarından biridir.
Universitetin inkişafında yeni keyfiyyət mərhələsi, heç şübhəsiz, Azərbaycan xalqının ümummilli lideri, BDU-nun tarix fakültəsinin məzunu Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Bakı Dövlət Universitetinin 50 illik yubileyində sovet rejiminin tətbiq etdiyi bütün qadağaları aşan və o dövr üçün inqilaba bərabər bir hadisə baş verdi. 1969-cu il noyabrın 1-də universitetin yaradılmasının 50 illiyi münasibəti ilə yubiley tədbiri keçirilirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin tədbirdə iştirak etməsi və ana dilində nitq söyləməsi təkcə universitet kollektivinə deyil, bütün Azərbaycan cəmiyyətinə milli ruhun qaytarılması istiqamətində bir dönüş anı oldu. Bu nitq o vaxta qədərki bütün sovet sisteminin ağır repressiyalarından və təqiblərindən əziyyət çəkən universitet kollektivinin ürəyində ümid çırağı yandırdı, onları ruhlandırdı. Universitetin həyatında yeni bir keyfiyyət mərhələsinin başlanğıcını qoydu.
Heydər Əliyev deyirdi: "Azərbaycan universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi".
Bu fikirlər Heydər Əliyevin Azərbaycan maarifçilərinə, ziyalılarına və cümhuriyyət dövrü xadimlərinə verdiyi böyük qiymət idi. Əslində, bu sözləri ilə Heydər Əliyev milli tarixə xüsusi diqqət yetirilməsinə səsləyirdi.
Heydər Əliyevin nitqini ana dilində söyləməsi böyük tarixi əhəmiyyət daşıyırdı. O vaxtadək çoxları respublika rəhbərinin ana dilində nitq söyləyəcəyini güman etmirdi. Sovet sistemi şəraitində milli dildə nitqlərə mərkəzdə o qədər də rəğbətlə yanaşmırdılar. Respublika rəhbərləri, adətən, rus dilində danışırdılar. Heydər Əliyev isə mövcud qadağaları cəsarətlə qıraraq, nitqi ilə təkcə ana dilinə olan bağlılığını, sevgi və hörməti nümayiş etdirmədi, eyni zamanda bütün Azərbaycan cəmiyyətinə bu yolda bir nümunə göstərdi. Bu tədbirdə iştirakı və ana dilində nitqi ilə Heydər Əliyev milli ruhu universitet divarları arasına qaytardı.
Heydər Əliyev deyirdi: "Bu gün, təntənəli yubiley günündə biz öz biliyini, öz istedadını Azərbaycan universitetinin yaranmasına və inkişafına sərf edənlərin xatirəsini hörmətlə yad edirik". Bu sözlər Heydər Əliyevin milli tariximizə, mədəniyyətimizə və elmimizə olan dərin hörmətini və sıx bağlılığını göstərirdi.
Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin, elm və mədəniyyət xadimlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub, milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı. Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər həmin təməl prinsiplər əsasında milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsinə təkan verdi.
Həmin dövrdə elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı təzyiqlər, təqib və təhqirlər Sovet İttifaqının bir çox başqa respublikalarında özünü aşkar hiss etdirdiyi halda, qorxmaz, cəsur, möhkəm iradə sahibi olması sayəsində Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmə və düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə milli mənəvi ideala, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yolları tapmaq imkanı verən bir şərait yaratmışdı.
XX əsrin son onilliklərində Azərbaycan elmi və təhsili də Heydər Əliyev şəxsiyyətinin, zəkasının və bacarığının işığında inkişaf etmiş və bugünkü səviyyəsinə gəlib çıxmışdır. Bu gün biz bir daha fəxrlə söyləyirik ki, Heydər Əliyev kimi nadir şəxsiyyət Bakı Dövlət Universitetinin məzunu olmuş, həyatının bütün dövrlərində bizim təhsil ocağımızla möhkəm bağlanmış, heç zaman BDU-dan öz qayğıkeş əlini çəkməmişdir. Bu, onun ziyalılara olan sevgisindən, doğmalığından irəli gələn bir cəhət idi. Ona görə də hər zaman Azərbaycanın inkişafını və intibahını burada axtarır və əlindən gələni edirdi ki, Bakı Dövlət Universitetində yeni nəsil yetişdirmək üçün şərait olsun. Heydər Əliyev epoxasının mənəvi yüksəliş tarixinin mərkəzində məhz Bakı Dövlət Universitetinin dayanması reallıqdır. O deyirdi: "Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir". Və bu sərvəti göz bəbəyi kimi qorumaq üçün tələbkar rəhbər qətiyyəti göstərirdi. Eyni zamanda hər bir ziyalıya, elm adamına, təhsil işçisinə öz əzizi kimi baxırdı. Azərbaycanın hər bir savadlı, təhsilli insanı onun sevimlisi idi.
Bütün dövrlərdə Bakı Dövlət Universitetinə Heydər Əliyevin xüsusi bir sevgisinin şahidiyik. O, BDU-ya olan məhəbbətini, ehtiramını, sevgisini bu sözlərlə bildirirdi: "Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam".
Məhz Heydər Əliyevin qayğısı sayəsində 70-ci illərdə universitet Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələri üçün mütəxəssislər hazırlayan güclü bir mərkəzə çevrildi. Azərbaycan universitetində təhsil alan həmin gənclər öz ölkələrinə döndükdən sonra müxtəlif vəzifələrdə çalışdılar, hətta sonralar bəziləri siyasi xadim, dövlət xadimi, ölkə rəhbəri oldu.
Müsbət haldır ki, ABŞ-dan və Avropanın bir sıra ölkələrindən gələn tələbə və tədqiqatçılar da Azərbaycan elmi, təhsili, mədəniyyəti və tarixi ilə tanış olur, hətta universitet laboratoriyalarında və kafedralarında çalışırdılar.
1980-ci ildə universitetin yaradılmasının 60 illik yubileyi keçirildi və həmin tədbirlərdə Heydər Əliyev də iştirak etdi. Bu iştirakdan sonra da universitet həyatında bir sıra yeniliklər oldu - yeni laboratoriyalar və kafedralar açıldı, bir sıra əməkdaşlara fəxri adlar verildi.
Universitet həmişə Azərbaycanda azadfikirliliyin, müstəqil düşüncənin və demokratiyanın beşiyi olub. Bu, özünü 80-ci illərin sonlarında ölkədə gedən proseslərdə, Ermənistandan tarixi torpaqlarından vəhşicəsinə qovulan, öldürülən azərbaycanlıların hüquqlarının mərkəz tərəfindən qorunmamasına, Dağlıq Qarabağda təcavüzkar separatizm və Ermənistanın hərbi təcavüzünün dayandırılmamasına qarşı etiraz hərəkatında göstərdi. Bu zaman ölkə rəhbərliyinin Azərbaycana olan mənfi münasibəti bütün respublikaya olduğu kimi, universitetə də təsir etdi. Etiraz hərəkatının önündə universitet tələbələri, əməkdaşları və məzunları getdilər. Universitet kollektivi ölkə rəhbərliyinin laqeydliyinə, erməni millətçilərinin və Ermənistan SSR-in kommunist rəhbərliyinin qəddar hərəkətlərinə cavab verməməsinə etiraz əlaməti olaraq aksiyalara başladı. Universitet Azərbaycanda gedən proseslərin beşiyinə çevrildi. Ermənistanın hərbi təcavüzünə qarşı başlayan hərəkat, tədricən, müstəqillik uğrunda mübarizəyə çevrildi. Bu mübarizənin gedişində milli azadlıq hərəkatı genişləndi, tarixin bütün dönəmlərində olduğu kimi, xalqın, ölkənin taleyi ilə taleyində oxşarlıq olan BDU 1989-cu ildə öz tarixi Bakı Dövlət Universiteti adını (1922-ci ildən indiyədək Azərbaycan Dövlət Universiteti adlanırdı) bərpa etdi. Bununla belə, baş verən proseslər, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından qovulması, Dağlıq Qarabağda baş verən təcavüzkar separatizmin doğurduğu nəticələrdən biri universitetdə tədris prosesinin ahənginin pozulması oldu. Təhsilin keyfiyyətində, elmi-tədqiqatların aparılmasında geriləmə müşahidə edilməyə başladı. Tələbə və müəllimlərin kütləvi şəkildə Qarabağ uğrunda gedən döyüşlərə qatılması, müharibədən gələn acınacaqlı xəbərlər, şəhidlərin sayının durmadan artması və digər hadisələr universitet auditoriyalarına sarsıdıcı zərbələr endirirdi. Digər tərəfdən, təhsilin infrastrukturunda baş verən əyintilər, çoxsaylı mənşəyi məlum olmayan özəl universitetlərin yaranması, ölkədə baş verən özbaşınalıq və xaos tədris prosesini dayanmaq həddinə çatdırırdı. Vətənpərvərlik və milli təəssübkeşliyi özləri üçün siyasi dividendə çevirərək vəzifə davasına qalxan bəzi üzdəniraq siyasətçilər universitet tələbələrini, yeri oldu-olmadı, mitinqlərə cəlb edərək karyera mübarizələrində vasitəyə çevirirdilər. Xüsusən 1991-92-ci illərdə ayrı-ayrı səlahiyyət sahiblərinin tədris prosesinə kobud müdaxiləsi, əməkhaqlarının kəskin aşağı düşməsi və aylarla ödənilməməsi, yeni təhsil qanunları qəbul edilməmiş köhnələrin kortəbii ləğv edilməsi və s. hallar Bakı Dövlət Universitetində ziyalıların kütləvi şəkildə respublikanı tərk etməsilə nəticələndi.
Azərbaycanın, o cümlədən universitetin həyatında qarışıqlıq, mürəkkəbliklərlə dolu anları bir fakt da sübut edir ki, 1989-93-cü illərdə BDU-da 5 dəfə rektor dəyişdirildi: 1987-89-cu illərdə AEA-nın müxbir üzvü, professor Yəhya Cəfər oğlu Məmmədov; 1989-1990-cı illərdə akademik Cəmil Bahadur oğlu Quliyev; 1990-1992-ci illərdə akademik Mirabbas Göycə oğlu Qasımov; 1992-1993-cü illərdə professor Firudin Yusif oğlu Səməndərov.
Ağır iqtisadi, ictimai və mənəvi böhran şəraitinə düşmüş universitet üçün həmin illər çətin sınaq dövrü idi. Lakin universitetimiz bu sınaqlardan da həmişəki kimi üzüağ çıxdı.
1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə Heydər Əliyevin yenidən müstəqil respublikamızın rəhbərliyinə gəlməsi ölkədə əhvali-ruhiyyəni müsbət istiqamətdə dəyişdirdi, Bakı Dövlət Universiteti tədricən öz mövqeyini bərpa etməyə başladı.
Azərbaycanda siyasi hakimiyyətə qayıdarkən, Heydər Əliyev ölkəni fəlakət və xaosdan, parçalanıb məhv olmaqdan, vətəndaş müharibəsindən xilas edərkən belə Bakı Dövlət Universitetini yaddan çıxarmadı və onun dövlətin yaradılıb möhkəmlənməsində rolunu çox yüksək qiymətləndirdi. O, şəxsən bir neçə dəfə universitetə gələrək, bu təhsil ocağına yenidən həyat verdi. Xatırladaq ki, Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər Bakı Dövlət Universiteti çox acınacaqlı durumda idi və bunu biz heç zaman unutmamalıyıq. Azərbaycanın ilk ali təhsil ocağında tədrisin səviyyəsi aşağı düşmüş, kollektivdə gələcəyə inam hissi qalmamışdı. Təkcə bizim universitet deyil, respublikanın digər təhsil müəssisələri də dağılmaq təhlükəsi qarşısında idi. Alimlərin bir çoxu Azərbaycanı tərk edərək başqa ölkələrə üz tutmuş, elələri də olmuşdu ki, müəllimliyin və elmin daşını birdəfəlik atmışdılar. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı sanki bütün elm adamlarına, o cümlədən Bakı Dövlət Universitetinin kollektivinə gələcəyə inam hissi aşıladı.
1993-cü ilin iyununda artıq vətəndaş müharibəsi içərisində olan Azərbaycanın imdadına Heydər Əliyev çatdı. Təhsil sistemində tədricən pozitiv dəyişikliklər yarandı, tədris prosesi kənar müdaxilələrdən qurtuldu, müəllimlərin əməkhaqqı artmağa başladı, sosial vəziyyət yaxşılaşdı, ali təhsil prosesinə ləkə olan çoxsaylı özəl universitetlər kəskin azaldı, bir sözlə, təhsil siyasəti müəyyənləşdirildi. Həmin ildən başlayaraq bütün Azərbaycan cəmiyyətində olduğu kimi, universitetin həyatında da dirçəliş dövrü başlandı.
Universitetin Böyük Elmi Şurasının elmin və təhsilin inkişafına göstərdiyi qayğıya, universitetin adını və şöhrətini yüksəklərə qaldırdığına, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərinə görə Heydər Əlirza oğlu Əliyevə BDU-nun fəxri doktoru adı verilməsi barədə qərar qəbul etməsi də tarixi bir addım, universitet kollektivinin böyük öndərə ehtiramının ifadəsi idi. Mən özümü xoşbəxt hesab edirəm ki, 2000-ci ildə BDU-nun 80 illiyinə gəlmiş qonaqları qəbul edərkən böyük öndərə fəxri diplomu təqdim etmək şərəfinə nail olmuşam.
1994-cü ildə Bakı Dövlət Universitetinin yaradılmasının 75 illiyi tamam oldu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə yubiley komissiyası yaradıldı. Yubiley komissiyasının iclasına Heydər Əliyevin şəxsən sədrlik etməsi Azərbaycan rəhbərinin universitetin cəmiyyətin həyatında roluna və yerinə verdiyi böyük qiymət və diqqətlə bağlı idi. Bu, həm də ümummilli liderin ölkəmizdə elm, təhsil və mədəniyyətə yüksək qayğısının nümunəsi idi.
Təntənəli yubiley mərasimində iştirak edən Heydər Əliyev geniş nitq söylədi. Bu nitq məzmunca geniş, mahiyyətcə dərin, hədəflərinə görə strateji əhəmiyyət daşıyırdı. Heydər Əliyev deyirdi: "Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır...".
Böyük tarixi əhəmiyyət daşıyan bu fikirlər həm universiteti quranların xatirəsinə ehtiramın nümunəsi, həm də Azərbaycan xalqının milli və mənəvi inkişafında Bakı Dövlət Universitetinin oynadığı rola verilən dəqiq qiymət idi.
Keçdiyi məşəqqətli və şərəfli yolun təhlili göstərir ki, Afina Universiteti yunanların, Sorbona fransızların, Kembric ingilislərin milli şüurunun, elminin, maarifinin yüksəlməsində hansı rolu oynamışdısa, Bakı Dövlət Universiteti də xalqımızın tarixi taleyində həmin vəzifəni ləyaqətlə yerinə yetirmişdir. BDU-nun səmərəli fəaliyyəti nəticəsində ölkəmizdə onlarca ali məktəb yaranmış, Azərbaycan böyük ali təhsil potensialına malik bir respublikaya çevrilmişdir.
BDU Azərbaycan elminin inkişafında misilsiz xidmətlər göstərmiş, ilk gündən elmi-tədqiqat mərkəzinə çevrilərək, AMEA-nın və onun institutlarının təşkilində, kadr potensialının formalaşmasında yaxından iştirak etmişdir.
Qeyd etmək lazımdır ki, Bakı Dövlət Universiteti təkcə Azərbaycanın ali təhsil ocaqlarının bayraqdarı, güclü elm mərkəzi deyil, həm də ölkənin ictimai-siyasi həyatında önəmli rol oynayan əzəmətli qüvvəni təmsil edən çoxminli kollektivdir.
Hazırda BDU-da 16 fakültə, 125 kafedra, 2 elmi-tədqiqat institutu (ETİ), 4 elmi-tədqiqat mərkəzi (ETM), 20 elmi-tədqiqat laboratoriyası (ETL) fəaliyyət göstərir. Bu struktur bölmələrdə 2897 nəfər əməkdaş çalışır.
Bu gün universitetin kafedralarında 300 nəfərədək elmlər doktoru, 900 nəfərdən çox elmlər namizədi, dosent öz bilik və bacarığını gənc kadrların, savadlı elm adamlarının yetişdirilməsinə sərf edir. Professor-müəllim heyətindən 8 nəfəri AMEA-nın həqiqi üzvü, 15 nəfəri AMEA-nın müxbir üzvü, 48 nəfəri yüksək fəxri adı olanlar, 4 nəfəri Respublika Dövlət Mükafatı laureatıdır. Universitetin 40-dək əməkdaşı "Şöhrət" ordeni, 30 nəfərdən çoxu "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Bu gün universitet əməkdaşlarından 14 nəfəri Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
Azərbaycan tarixində müstəsna rol oynayan digər bir sıra dövlət, ictimai, siyasi və elm xadimləri - Yusif Məmmədəliyev, Heydər Hüseynov, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Zahid Xəlilov, Mir Cəlal Paşayev, Əşrəf Hüseynov, Nəsir İmanquliyev, Məcid Rəsulov, Mirəli Qaşqay, İsmayıl Hüseynov və başqa alimlər universitetin şöhrətini bütün dünyaya yaymışlar. Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Süleyman Rəhimov, Səid Rüstəmov, Əfrasiyab Bədəlbəyli kimi görkəmli şair və yazıçılar, mədəniyyət xadimləri universitetin məzunları olmuşlar.
Əgər 1919-cu ildə Bakı Dövlət Universiteti öz fəaliyyətinə 2 fakültə və 1094 tələbə ilə başlamışdısa, hazırda universitetdə 16 fakültə fəaliyyət göstərir və bu fakültələrdə müxtəlif təhsil istiqamətlərində bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisas üzrə 18 mindən çox tələbə təhsil alır.
Yarandığı ilk gündən Bakı Dövlət Universiteti respublikanın əsas elmi mərkəzlərindən biri olmuş, Azərbaycanda təkcə təhsilin deyil, elmin də təşəkkülü və inkişafında aparıcı rol oynamışdır.
Universitetdə mütəmadi olaraq beynəlxalq, respublika, universitet və fakültə səviyyəli elmi konfranslar keçirilir. 1998-2008-ci illərdə və 2009-cu ilin birinci yarısında Bakı Dövlət Universitetində 300 elmi konfrans keçirilmişdir. Onlardan 26-sı beynəlxalq səviyyəli, 49-u respublika səviyyəli, 70-i universitet səviyyəli, 155-i fakültə səviyyəli elmi konfranslar olmuşdur. Bu konfransların materialları 14307 məqalə və 12834 tezis şəklində nəşr olunmuşdur.
Universitetdə aparılan elmi-tədqiqat işlərinin nəticələrinin geniş elmi ictimaiyyətə çatdırılması üçün kifayət qədər elmi nəşrlər buraxılır.
Universitetin əməkdaşları tərəfindən bir sıra beynəlxalq elmi layihələr həyata keçirilmişdir. Universitet əməkdaşları Avropa Birliyi İNTAS fondunun 6-cı çərçivə proqramında (180 000 avro dəyərində), Azərbaycan Milli Elm Fondu və Amerikanın Mülki Tədqiqatlar və İnkişaf Fondunun elan etdiyi layihələrdə (455 000 dollar dəyərində), Ukrayna Elm və Texnologiya Mərkəzi (STCU) tərəfindən maliyyələşdirilən proqramlarda (689 000 dollar dəyərində), Avropa Komissiyasının TEMPUS proqramında (130 000 avro dəyərində), SOROS fondu Açıq Cəmiyyət İnstitutunun proqramlarında (10 000 avro dəyərində) və Azərbaycanda ölkədaxili qrant layihələrində iştirak etmişlər.
BDU son zamanlar ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsində çox önəmli rol oynayır. Boloniya təhsil sisteminə qoşulmuş universitetdə kompüter texnologiyasının tətbiqi sahəsində böyük işlər görülmüş, ayrıca İnformasiya Texnologiyaları Mərkəzi, bütün fakültələrdə isə hər birində onlarca kompüter olmaqla, 20 elmi-tədqiqat sinfi yaradılmış və müəllimlərlə təmin edilmişdir. Hər bir fakültənin kompüter sinfində lokal şəbəkə yaradılmış və həmin kompüterlərin BDU-nun ümumuniversitet lokal şəbəkəsi vasitəsi ilə İnternetə çıxışı təmin edilmişdir.
BDU-da elmin və təhsilin kitabxana-informasiya xidməti ilə təminatında zəngin kitab fonduna malik Elmi Kitabxana mühüm rol oynayır. Hazırda Elmi Kitabxananın fondunda 2,5 milyon nüsxədən çox ədəbiyyat saxlanılır. 5 abonement, 14 oxu zalı, 30 kabinet kitabxanası olan Elmi Kitabxana dünyanın 15 ölkəsinin 30 universiteti ilə kitab, jurnal və qəzet mübadiləsi aparır. Kitabxana işinin kompüterləşdirilməsi elmi-tədqiqat laboratoriyasının köməyi ilə respublikamızda ilk dəfə olaraq kitabxananın kompüterləşdirilməsi işinə başlanmış, elektron kataloq yaradılmış, kitab, jurnal və qəzet fondunun böyük hissəsi elektron kataloqa salınmışdır.
Universitetin müasir çap maşınları və texnologiyalarla təchiz edilmiş nəşriyyatı fəaliyyət göstərir.
Bakı Dövlət Universitetinin kütləvi mətbu orqanı olan "Bakı Universiteti" qəzeti çap edilir. Qəzetin səhifələrində universitetin həyatı ilə bağlı xəbərlər və digər yazılar verilir.
Bakı Dövlət Universitetinin bir çox tələbələri və əməkdaşları Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərin ön cərgələrində getmiş, Qarabağ uğrunda ağır döyüşlərdə iştirak etmiş, bəziləri canlarını Vətən yolunda qurban vermiş, bir çoxları isə fiziki sağlamlıqlarını itirmişlər. Universitetin həyətində Vətən uğrunda şəhid olan oğulların xatirəsinə abidə ucaldılmışdır. Şəhidlərin qəhrəmanlığı tələbə gənclərimizə örnəkdir.
Universitetdə tələbə gənclərin vətənpərvərlik və milli dövlətçilik ruhunda tərbiyə edilməsi sahəsində ciddi iş aparılır. Gənclər təşkilatı, həmkarlar komitəsinin fəaliyyəti bu baxımdan diqqətəlayiqdir.
Bakı Dövlət Universitetinin inkişafının yeni mərhələsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bilavasitə bağlıdır. Universitetin sonuncu tədris korpusu 20 il əvvəl, 1988-ci ildə istifadəyə verilmişdi. Həmin tarixdən keçən dövr ərzində açılan yeni fakültələr, kafedralar, laboratoriyalar, elmi-tədqiqat institutları və digər qurumlar, habelə tələbələrin sayının kəskin artması tədris prosesində xeyli problemlər yaratmışdır. Son illərdə dünya standartlarında nəzərdə tutulmuş hər tələbəyə 6 m2 əvəzinə, BDU-da cəmi 2,3 m2 sahə düşürdü. Belə vəziyyətdən çıxış yolu axtarılırdı. Ona görə də yeni tədris korpusunun tikintisi barədə qərar qəbul edilmiş və onun inşasına 1991-ci ildə başlanmışdı. 1994-cü ilədək binanın yalnız bir mərtəbəsi tikilmişdi. 2003-cü ilədək tikinti işlərinə cəmi 240 min manat vəsait ayrılmışdı. Azərbaycan xalqının böyük ruh yüksəkliyi ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçdiyi İlham Əliyev Bakı Dövlət Universitetinin yeni korpusunun inşası prosesi ilə yaxından maraqlandı, yaranmış vəziyyəti dərindən öyrənərək qəti qərarlar qəbul etdi, yeni tədris korpusunun tikintisinə xüsusi qayğı göstərdi. Prezident İlham Əliyevin bilavasitə göstərişi ilə tikinti işləri üçün 2006-cı ildə 600 min manat, 2007-ci ildə 2, 5 milyon manat, 2008-ci ildə isə 3 milyon manat vəsait ayrıldı. Cənab İlham Əliyevin 2008-ci il mayın 25-də Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayırdığı 4,6 milyon manat vəsait binanın tez bir zamanda istifadəyə verilməsinə şərait yaratdı. Smeta dəyəri 15,5 milyon manat qiymətləndirilən binanın inşası vəsaitdən səmərəli istifadə etmək hesabına cəmi 10 milyon 940 min manata başa gəldi. Bu məbləğə tədris korpusunun texniki avadanlıqlar və tədris ləvazimatları ilə təchiz edilməsi də daxildir.
Burada poliklinika, yeməkxana, 300 nəfərlik konfrans zalı, "Rus dünyası" araşdırmalar mərkəzi və digər strukturlar yerləşdirilmişdir. Bütün auditoriyalar müasir səviyyədə təchiz edilmiş, İNTERNET və İNTRANET sistemlərinə qoşulmuşdur.
Yeni tədris korpusu 2008-ci il sentyabrın 15-də istifadəyə verildi. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi və geniş nitq söyləməsi universitet kollektivinin həyatında əlamətdar hadisəyə çevrildi. Prezident İlham Əliyevin nitqi universitet kollektivi tərəfindən yüksək ruh yüksəkliyi ilə qarşılandı, daha yaxşı işləməyə və təhsil almağa stimul verdi.
Universitet kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısına cavab olaraq təhsildə və elmdə yüksək yaradıcılıq uğurlarını zənginləşdirmək, dünya təhsilinə və elminə inteqrasiyanı sürətləndirmək üçün gərgin səylərini davam etdirir.
Bütün bunlar 90 il müddətində Bakı Dövlət Universitetinin şərəfli bir yol keçdiyini deməyə əsas verir. Bu dövr ərzində universitet Azərbaycanın təhsil, elm və mədəniyyət tarixində görkəmli bir yer tutmuş, ona özünün ən dəyərli töhfələrini vermişdir və bu gün də həmin ənənələri uğurla davam etdirir. Ona görə də hesab edirəm ki, Azərbaycanda elmin, təhsilin, mədəniyyətin inkişafında əvəzsiz xidmətləri olan Bakı Dövlət Universitetinin 90 illik yubileyi, sadəcə, bir təhsil müəssisəsinin, ali məktəbin tarixinin müəyyən bir mərhələsinin qeyd edilməsi deyil, bütün Azərbaycan xalqının tarixində xüsusi vurğulanan hadisələrdəndir.
İnanıram ki, bəşəriyyət durduqca ölkəmizin milli sərvəti olan Bakı Dövlət Universiteti təhsildə və elmdə uğurları ilə qədim və zəngin tariximizə yeni parlaq səhifələr yazacaq, xalqımızın intellektual səviyyəsinin inkişafına göstərdiyi güclü təsiri saxlayacaq, dövlətimizin qüdrətlənməsinə və dünyada tutduğu layiqli yerinin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.
Abel MƏHƏRRƏMOV
Azərbaycan
müəllimi.-2009.-23 oktyabr.-S.4.