Təhsil Nazirliyinin kollegiya
iclaslarında "Pedaqoji
kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət,
problemlər və təklif edilən yeni model"
Oktyabrın 24-də Təhsil Nazirliyində "Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model" mövzusunda növbəti kollegiya iclası keçirildi. Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçiləri, müvafiq struktur bölmələri və şöbələrinin, bölgələrdəki ixtisasartırma təhsili verən müəssisələrin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları və KİV təmsilçiləri iştirak edirdlər.
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayaraq dəvəti qəbul etdikləri üçün onlara öz minnətdarlığını bildirdi. Giriş sözündə pedaqoji kadrların ixtisasartırma təhsili sahəsinin ən ciddi müzakirə tələb edən məsələlərdən biri olmasından söz açan nazir nə sovet dövründə, nə də müstəqillik qazandıqdan sonra bununla bağlı elə bir işlək mexanizmin qurulmadığını, müxtəlif kollegiya iclaslarında bir neçə dəfə müzakirə olunsa da, qərarların həyata keçirilmədiyini qeyd etdi, ümumiyyətlə, dünya təcrübəsi ilə tanışlıqdan sonra bu problemin hər bir ölkədə mövcudluğunun müəyyənləşdiyini vurğuladı.
Misir Mərdanov giriş sözündən sonra "Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model" mövzusunda məruzə-təqdimatla çıxış etdi.
Təqdimatda
öncə ölkənin ixtisasartırma təhsili müəssisələri
haqqında ətraflı məlumat verildi. Bu kollegiya iclasının
yalnız ümumtəhsil məktəblərində
çalışan pedaqoji kadrların ixtisasartırması məsələsinə
həsr olunduğunu bildirən nazir tədbir
iştirakçılarının diqqətini müəssisələrin
adları, kadr potensialı, kitabxanaları və infrastrukturu
haqqında statistikanın əks olunduğu slaydlara yönəltdi.
Aydın oldu ki, ölkədə ixtisasartırma təhsili ilə
18 müəssisə məşğul olur və həmin
müəssisələrdə ştatda olan 3613 nəfər
professor-müəllim heyətindən yalnız 992 nəfəri
bu sahədə fəaliyyət göstərir.
Məruzə-təqdimatda
daha sonra bu sahədə görülmüş işlərdən
bəhs olundu. Qeyd olundu ki, Azərbaycan Müəllimlər
İnstitutunda ixtisasartırma təhsilinin həyata
keçirilməsi üçün müasir maddi-texniki və
tədris bazası, treninq mərkəzləri
yaradılmış, Mingəçevir və Cəlilabad
filialları TSİL çərçivəsində əsaslı
təmir edilmişdir.
AMİ-də
ixtisasartırma təhsilinin məzmunu, tədris plan və
proqramları daim yeniləşdirilir, variativ proqramları, eləcə
də bu sahədə dünya təcrübəsi, müasir
texnologiyalar və qabaqcıl təcrübələr öyrənilir
və tətbiq edilir.
İxtisasartırma
üzrə mühazirə və seminarlara qabaqcıl müəllimlər,
Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun, Azərbaycan
Milli Elmlər Akademiyasının, ali məktəblərin
tanınmış alimləri və qabaqcıl mütəxəssisləri
dəvət olunurlar.
Bakı
Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunun təşəbbüsü ilə
"Diplomdansonrakı pedaqoji təhsil: Avropa oriyentirləri və
regional prioritetlər" mövzusunda Azərbaycanda və
Ukraynada 2 beynəlxalq elmi konfrans keçirilmişdir.
Son iki il
ərzində BPKİYİ xarici ölkələrin 7 ali məktəbi
ilə elm və təhsil sahəsində əməkdaşlığa
dair müqavilə imzalamışdır.
Təhsil
Sektorunun İnkişafı Layihəsi çərçivəsində
BPKİYİ-nin binası əsaslı təmir olunmuş və
avadanlıqla təchiz edilmişdir. Yeni kurikulumların tətbiqi
ilə əlaqədar 2008-2009 və 2009-2010-cu tədris illərində
I siniflərdə işləyən 18 minədək müəllimin
xüsusi proqram əsasında öyrədici təlim
kurslarından keçirildiyini və nümunəvi tədris
materialları ilə təmin olunduğunu deyən Misir Mərdanov
bu işdə TPİ-də yaradılmış Kurikulum Mərkəzinin
rolunu xüsusi qeyd etdi. Qeyri-hökumət təşkilatlarının
fəaliyyəti haqqında məlumat verən natiq Müasir Təhsilə
və Tədrisə Yardım Mərkəzi tərəfindən
2 minədək müəllim və məktəb rəhbərinin
müasir təlim strategiyaları üzrə təlimlərdən
keçdiyini, "Mədəd"-Azərbaycan təşkilatı
tərəfindən 2005-2009-cu illərdə 30 minədək
müəllimin treninqlərdən keçərək İKT
bacarıqlarına yiyələndiyini bildirdi.
Daha sonra
məruzə-təqdimatda pedaqoji kadrların ixtisasartırma təhsili
ilə bağlı beynəlxalq təşkilatlarla birgə həyata
keçirilən layihələr haqqında məlumat verildi.
Bildirildi ki, British Council ilə birgə layihələrə əsasən
2003-2009-cu illərdə ümumilikdə 220 kaskad təlimləri
təşkil edilmiş, İNSETT layihələri çərçivəsində
ingilis dilinin tədrisi üzrə 1500 nəfər müəllim
treninqlərdən keçirilmiş, 23 nəfər
"öyrədənlərin öyrədəni" təcrübə
mübadiləsi məqsədilə xarici ölkələrdə
təlim səfərlərində olmuşdur. YUNİSEF-lə
birgə layihələr çərçivəsində 500 təlim
kursu keçirilmiş, 300 nəfər müəllim, AMİ və
onun filiallarının, pedaqoji profilli ali təhsil müəssisələrinin
500 əməkdaşı fəal təlim üzrə treninqlərdən
keçirilmişdir. 100 minədək nüsxə müxtəlif
məzmunlu təlim materialı, fəal təlim üzrə
müəllimlər üçün vəsaitlər
hazırlanmış, çap olunmuş və məktəblərə
çatdırılmışdır.
İntel,
CİSCO, Microsoft şirkətləri ilə birgə layihələr
çərçivəsində 2005-2009-cu illərdə 10 minədək
müəllim treninqlərdən keçərək İKT
bacarıqlarına yiyələnmişdir.
Təhsil
Nazirliyi tərəfindən 2009-cu ilin mayında
aparılmış monitorinqin nəticələrinə aid
arayışı tədbir iştirakçılarının
diqqətinə çatdıran Misir Mərdanov kadrlarla iş
sahəsində və müqavilə şərtlərinin yerinə
yetirilməsində yol verilmiş nöqsanlar, bu
nöqsanların başlıca səbəbləri,
ixtisasartırma təhsilinə cəlbolunma vəziyyəti,
"Dayaq məntəqələri"nin fəaliyyətinin təşkili
və bu məntəqələrin fəaliyyətində yol
verilmiş nöqsanlara dair fakt və cədvəllərin əks
olunduğu slaydları nümayiş etdirdi. İclasda bakalavr təhsilini
başa vurmamış, qeyri-pedaqoji ixtisaslı, kifayət qədər
pedaqoji staja malik olmayan şəxslərin işə qəbul
edilməsi, ixtisasartırma təhsili müəssisələrində
bəzi hallarda dərs yükünün normadan artıq verilməsi,
ixtisasa uyğun olmayan fənlərdən dərs
saatlarının verilməsi və kadr sənədləşməsi
işinin düzgün aparılmaması faktları ilə
bağlı ətraflı məlumat verildi.
Pedaqoji
kadrların ixtisasartırma təhsilinə cəlbolunma vəziyyətinə
dair cədvəldən məlum olduğuna görə, son 2 tədris
ilində 28109 dinləyicidən 2023 nəfəri vəsiqə
almamışdır. Nazir aparılmış monitorinq nəticəsində
bir çox təhsili idarəetmə orqanları tərəfindən
ixtisasartırma şərtlərinin yerinə yetirilmədiyinin,
rayon təhsil şöbələrinin bu işə laqeyd
münasibətinə görə ayrı-ayrı rayonlardan
ixtisasartırmaya cəlb olunanların sayının
planlaşdırılandan xeyli az olduğunun, bir sıra rayonlardan
isə ixtisasartırma təhsilinə ümumiyyətlə
müəllim göndərilmədiyinin və təhsilini bitirənlərə
vəsiqələrin verilməsində nöqsanların müəyyən
olunduğunu bildirdi.
Nazir
Misir Mərdanov müqavilə şərtlərinin yerinə
yetirilməməsinin başlıca səbəblərini
aşağıdakı amillərlə xarakterizə etdi:
- rayon
(şəhər) təhsil şöbələri tərəfindən
dəqiq proqnozlaşdırmanın aparılmaması və
maliyyə orqanlarının müqaviməti nəticəsində
büdcədə ixtisasartırma təhsili üçün
ezamiyyə xərclərinin kifayət qədər nəzərdə
tutulmaması;
- yerli təhsil
orqanları və təhsil müəssisələri ilə
bağlanmış müqavilələrdə sifariş-təklif
prinsipinə əməl edilməməsi;
- pedaqoji
kadrların ixtisasartırmaya olan fərdi tələbatlarının
öyrənilməsinə lazımi diqqət yetirilməməsi;
-
ixtisasartırma təhsilində müasir metodlardan və təlim
texnologiyalarından geniş şəkildə istifadə edilməməsi;
-
ixtisasartırma təhsili müəssisələrinin
yataqxanalarının olmaması və ya mövcud yataqxanalarda
məcburi köçkünlərin məskunlaşması.
"Dayaq
məntəqələri"nin fəaliyyəti məsələsinə
toxunan nazir xatırlatdı ki, bir neçə il qabaq
ixtisasartırma təhsili ilə bağlı dünya təcrübəsi
öyrənilərkən həmin məntəqələrin bu
işdə çox böyük əhəmiyyət kəsb
etdiyi məlum olmuşdu. Buna görə də Təhsil
Nazirliyinin "Dayaq məntəqələrinin şəbəkəsinin
yaradılması barədə" 30.XI.2000-ci il tarixli əmrinə
uyğun olaraq respublikada ayrı-ayrı ixtisaslar üzrə 3
minə yaxın "Dayaq məntəqəsi"
yaradılmışdı. Təhsil Nazirliyinin
"İxtisasartırma təhsilində yeni mexanizmə
keçid və müəllimlərin təkmilləşdirilməsi
işinin təşkili" barədə 21.II.2002-ci il tarixli əmri
ilə "Dayaq məntəqələri"nin əsas fəaliyyət
istiqamətləri bir daha müəyyənləşdirilmişdi.
Ölkədə yaradılmış
"Dayaq məntəqələri"nin fəaliyyətinin qənaətbəxş
olmadığını təəssüf hissi ilə bildirən
təhsil naziri bu işdə yol verilmiş başlıca
nöqsanları iclas iştirakçılarının diqqətinə
çatdırdı. Qeyd etdi ki, reqlamentləşdirici sənədlərə
yerli təhsili idarəetmə orqanları tərəfindən
laqeyd münasibət göstərildiyindən
yaradılmış "Dayaq məntəqələri"nin
böyük əksəriyyəti formal fəaliyyət göstərməkdədir.
Hər
bir rayon və şəhər üzrə "Dayaq məntəqəsi"
kimi nəzərdə tutulan məktəblərin
dislokasiyası bu günə qədər tam və
düzgün müəyyənləşdirilməmişdir.
Yerli təhsil
orqanları tərəfindən qabaqcıl müəllimlərdən
ibarət "öyrədənləri öyrədən"
müəllimlərin siyahıları müəyyənləşdirilməmiş,
bu barədə müvafiq ixtisasartırma təhsili müəssisələrinə
məlumat verilməmişdir.
İxtisasartırma
təhsili və təkmilləşmə prosesinə yeni
mexanizmlərin tətbiqi ilə əlaqədar metodik kabinetlərdə
konkret tədbirlər həyata keçirilməmişdir.
Rayonlar
üzrə ayrı-ayrı ixtisaslı fənn müəllimlərinin
ixtisasartırma təhsilinə olan real tələbatının,
ehtiyaclarının öyrənilməsi, bu barədə
ixtisasartırma təhsili müəssisələrinə əsaslandırılmış
təkliflərin verilməsi, qarşılıqlı
müqavilələrin vaxtında imzalanması təmin edilməmişdir.
İxtisasartırma təhsilinə cəlb olunmaqla
bağlı bütün müəllimlər haqqında yerlərdə
informasiya banklarının yaradılmasına nail
olunmamışdır və s.
Məruzə-təqdimatda
daha sonra ixtisasartırma təhsili sahəsində mövcud
olan problemlərdən bəhs edən nazir bildirdi ki,
ixtisasartırma sistemində keyfiyyəti təmin edəcək
rəqabət mühiti yoxdur, alternativ proqramlar tətbiq
olunmur; mövcud sistemdə müəllimlərin ehtiyacları
lazımi səviyyədə öyrənilmir, proqramlar bu
ehtiyacları ödəmir, ixtisasartırma təhsilinin təşkilində
"sifariş-təklif" prinsipi gözlənilmir;
ixtisasartırmanın nəticəsinə görə müəllim
fəaliyyəti stimullaşdırılmır, müəllimlər
və digər pedaqoji heyət üçün karyera yüksəlişi
nəzərdə tutulmur; ixtisasartırma təhsilinin təşkilində
İKT-nin imkanlarından geniş istifadə olunmur;
ixtisasartırma təhsili üzrə maliyyələşmə
mexanizmi kifayət qədər səmərəli deyildir, nəticəyə
yönəlmiş maliyyələşmə tətbiq edilmir;
mövcud ixtisasartırma sistemində cəlb olunmamağa
görə məsuliyyət müəyyənləşdirilməmişdir;
"öyrədənlər"in peşəkarlıq və
səriştəliliyi kifayət qədər deyildir;
proqramların akkreditasiyası və
sertifikatlaşdırılması sistemi yoxdur; ixtisasartırma
təhsili üzrə monitorinq və qiymətləndirmə
mexanizmi tətbiq edilmir; bir sıra ixtisasartırma təhsili
müəssisələrinin maddi-texniki və tədris
bazası zəifdir; ixtisasartırma təhsilini təşkil
edən xidmət strukturlarının (metodik, tədris, kadr
xidmətləri) funksiyaları dəqiq tənzimlənmir və
bu xidmətlər əlaqələndirilmir; ixtisasartırma təhsilinin
təşkilində daha çox nəzəri biliklərə
istinad edilir, praktik bacarıqların verilməsinə və
müasir təlim strategiyalarının öyrədilməsinə
kifayət qədər diqqət yetirilmir.
Təhsil
naziri pedaqoji kadrların ixtisasartırma təhsilinin
düzgün təşkil edilməsində dünya təcrübəsinin
öyrənilməsinin xüsusi əhəmiyyət
daşıdığını dedi. Nazir ayrı-ayrı
ölkələrin bu sahədəki təcrübəsinə
dair faktları iclas iştirakçılarının diqqətinə
çatdıraraq bildirdi ki, son 10 il ərzində bir sıra
ölkələr (Belçika, Danimarka, Finlandiya, Macarıstan,
İtaliya, Niderland, Norveç, Rumıniya, İsveç və
İsveçrə) ixtisasartırma təhsili təşkilatları
arasında rəqabət mühitinin yaradılması və
keyfiyyətin yüksəldilməsi məqsədilə
ixtisasartırma prosesinə çoxsaylı dövlət və
qeyri-dövlət təşkilatlarını cəlb etmişlər.
Keyfiyyətə
nəzarət, keyfiyyətin təmin olunması və monitorinq
mexanizmi kimi müəllimlərin ixtisasartırma təhsili
proqramlarının akkreditasiyası İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatı (İƏİT),
Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyətində
tətbiq edilir.
Beynəlxalq
səviyyədə ixtisasartırmanın əsas
tendensiyalarından biri proqramların kəmiyyət və
keyfiyyət ölçülərini təmin etmək
üçün çevik modul ixtisasartırma proqramı -
kurikulumu və müvafiq kredit sisteminin tətbiq edilməsidir.
İxtisasartırma üzrə Avropa Köçürülə
bilən Kreditlər Sistemi Finlandiya (bu, ümumiyyətlə,
dünyada ən yaxşı müəllim
hazırlığı sisteminin tətbiq edildiyi ölkədir),
Almaniya, Macarıstan və Rumıniyada istifadə edilir. Həmin
ölkələrdə ixtisasartırma təhsili karyera perspektivləri
yaradır, karyera və peşə yüksəlişi, eləcə
də bir karyera dərəcəsindən digərinə
keçid üçün əsas kimi istifadə edilir.
Hüquqi
baxımdan ixtisasartırmanın məcburi və ya
könüllü olmasına baxmayaraq, ölkələrdə
elə çevik mexanizmlər tətbiq edilir ki, faktiki olaraq
belə mexanizmlər (məcburi; könüllü, lakin əməkhaqqı
və vəzifə artımı üçün vacib hesab
edilən; könüllü, məktəblər tərəfindən
müəllimlər üçün təşkil edilən
ixtisasartırma təhsili) vasitəsilə bütün müəllimlər
ixtisasartırma və peşə hazırlığına cəlb
edilirlər.
Bəzi
ölkələrdə (Rumıniya, Almaniya, Macarıstan)
ixtisasartırma üzrə qeydiyyatın aparılması
üçün "İxtisasartırma portfoliosu" istifadə
edilir.
Daha sonra
tədbir iştirakçılarına ixtisasartırma təhsili
üzrə təklif edilən yeni model təqdim olundu. Misir Mərdanov
məlumat verdi ki, yeni modelin əsasları Azərbaycan
hökuməti tərəfindən 2007-ci ildə təsdiq
edilmiş "Fasiləsiz müəllim
hazırlığı Konsepsiyası"nın
ayrı-ayrı maddələrində əks olunub. Təhsil
Sektorunun İnkişafı üzrə İkinci Layihə
çərçivəsində (2009-2014-cü illər)
"Pedaqoji kadrlar üçün əlavə təhsil
sisteminin müasirləşdirilməsi" komponentinin
icrasına başlanılmış və icra planında 4
mühüm vəzifə müəyyənləşdirilmişdir:
Müəllimlərin
ixtisasartırması üzrə xidmətlərin təklifi
sahəsində rəqabət mühitinin yaradılması.
Yeni
kurikulumun tətbiqi ilə bağlı ixtisasartırma təhsili
tədbirlərinin həyata keçirilməsi.
Əlavə təhsilin distant yolla həyata keçirilməsi.
Yeni məktəbəqədər təhsil kurikulumunun tətbiqi ilə bağlı ixtisasartırma təhsili tədbirlərinin həyata keçirilməsi.
Yeni modelin əsas xüsusiyyətləri ixtisasartırma təhsili sahəsində rəqabət mühitinin yaradılması, kredit sisteminin tətbiqi, ixtisasartırma təhsilinin icbarilik statusu alması və stimullaşdırma vasitəsinə çevrilməsi, ixtisasartırma təhsili proqramlarının akkreditasiyası, bu proqramların 3 modul üzrə qurulması (təhsilin ümumi əsasları, ixtisas sahələri, təhsildə texnologiyalar və yeni tendensiyalar) müxtəlif kateqoriyalardan olan işçilər üçün ixtisasartırma müddətinin fərqli nəzərdə tutulmasıdır.
Modelin mahiyyəti ilə bağlı verilən məlumatdan aydın oldu ki, Təhsil Nazirliyi tərəfindən ayrı-ayrı kateqoriyalardan olan pedaqoji heyət üçün kurikulum çərçivəsi elan edilir. Həmin elana əsasən hər tədris ilində həm dövlət, həm də qeyri-dövlət müəssisələri və ya təşkilatları öz proqramlarını akkreditasiya üçün təqdim edirlər. Təhsil Nazirliyi nəzdində yaradılmış Akkreditasiya Şurası təqdim olunmuş proqramları qiymətləndirir və nəticələrini elan edir. Nazirlik akkreditasiya olunmuş proqramları seçmiş pedaqoji heyətin ixtisasının artırılması üçün həmin proqramları təqdim etmiş müəssisə və ya təşkilatla müqavilə bağlayır.
Monitorda mövcud ixtisasartırma sistemi ilə yeni modelin müqayisəli təhlilinə aid slaydlar nümayiş etdirildi və bu fərqlər iclas iştirakçılarının diqqətinə çatdırıldı. Qeyd olundu ki, mövcud ixtisasartırma sistemi bir variantda proqram təklif edir və müəllimlər təklif olunan yeganə proqramı qəbul etməyə məcbur olurlar. Yeni modeldə 3 modul üzrə çoxsaylı proqramlar təklif edilir. Müəllimlər ehtiyac və tələblərinə uyğun olaraq həmin proqramlardan istədiklərini seçirlər.
Hazırda təklif edilən ixtisasartırma kurslarının məzmunu və təlimçilər əvvəlcədən qiymətləndirilmir. Yeni modeldə akkreditasiya prosesi nəzərdə tutulur ki, burada təklif olunan kursların məzmununun, o cümlədən təlimçilərin minimum keyfiyyət tələblərinə cavab verməsi yoxlanılır.
Mövcud ixtisasartırma sistemində stimullaşdırıcı amillərin olmaması ixtisasartırma təhsilinə marağı azaldır. Yeni modeldə ixtisasartırma təhsilinin nəticəsi hər bir rəhbər və pedaqoji işçinin əməkhaqqına müvafiq artımların edilməsində, vəzifədə irəli çəkilməsində, fəxri adlara və dövlət təltiflərinə layiq görülməsində və sair hallarda nəzərə alınır. Hazırda bütün kateqoriyalardan olan rəhbər və pedaqoji kadrlar üçün eynimüddətli (5 il), yeni modelə görə isə kadrların bu və ya digər kateqoriyası üçün müxtəlifmüddətli ixtisasartırma dövrü müəyyən edilir. İdarəetmə sahəsində kadr dəyişiklikləri tez-tez baş verdiyindən onların ixtisasartırması üçün 5 illik müddət optimal hesab olunmur.
Sonra yeni modelin tətbiqi üçün hazırlanmış sənədlərin adları təqdim olundu. "Azərbaycan Respublikasının təhsil sistemində rəhbər və pedaqoji kadrların ixtisasartırmasına dair Əsasnamə", "Məktəbəqədər və ümumtəhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlarının ixtisasartırmasının kurikulum çərçivəsi", "Azərbaycan Respublikasının təhsil sistemində rəhbər və pedaqoji kadrlar üçün ixtisasartırma proqramlarının akkreditasiyasına dair Qaydalar", "Rəhbər və pedaqoji kadrların ixtisasartırması üzrə kursların, treninqlərin keyfiyyətinin təmin edilməsi, monitorinqi və qiymətləndirilməsi haqqında təlimat". "Azərbaycan Respublikasının təhsil sistemində rəhbər və pedaqoji kadrların ixtisasartırmasına dair Əsasnamə" layihəsinin bu işlə məşğul olan müəssisə, təşkilat və bir neçə ümumtəhsil məktəbinə rəyə göndərildiyini deyən nazir verilmiş rəylərin əsasən nəzərə alındığını bildirdi.
Məruzə-təqdimatın sonunda pedaqoji kadrların ixtisasartırma təhsilinin təkmilləşdirilməsi ilə bağlı təkliflər iştirakçıların diqqətinə çatdırıldı:
- "Azərbaycan Respublikasında məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlarının ixtisasartırma təhsilinə dair Əsasnamə" təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilsin.
- 2010-2011-ci tədris ili üçün yeni model üzrə ibtidai sinif müəllimlərinin ixtisasartırma təhsili ilə bağlı təkliflər və kurikulum çərçivəsi hazırlansın, pilot olaraq tətbiq edilsin.
- Yeni modelə keçidlə əlaqədar ixtisasartırma proqramlarının akkreditasiyası məqsədilə Təhsil Nazirliyi nəzdində Akkreditasiya Şurası yaradılsın.
- Təhsil Nazirliyinin strukturunda müvafiq dəyişiklik edilərək Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin nəzdində "İxtisasartırma təhsili" sektoru yaradılsın.
- Dünyada gedən tendensiyalar nəzərə alınaraq ixtisasartırma təhsilində modul-kredit sisteminin tətbiq edilməsi və sertifikatlaşdırmanın reallaşması üçün müvafiq tədbirlər həyata keçirilsin.
Təqdimatda ayrıca olaraq ixtisasartırma təhsili müəssisələrinin və rayon (şəhər) təhsil şöbələri rəhbərlərinin bu sahədəki fəaliyyətlərinin yaxşılaşdırılmasına dair təkliflər də özünə yer aldı.
Sonra məruzə-təqdimat ətrafında
çıxışlar başladı.
çıxışlarda məsələ ilə bağlı
müxtəlif fikirlər səsləndi, iradlara münasibət
bildirildi, nöqsan və problemlərin aradan
qaldırılması yolları müzakirə olundu.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.-2009.-30
oktyabr.-S.1, 2.