Milli təhsilin inkişafına həsr olunmuş alim ömrü

 

Oktyabrın 23-də Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda professor Ş.Mikayılovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Yubiley tədbirinin iştirakçıları əvvəlcə alimin əsərlərindən ibarət sərgi ilə tanış oldular.

Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanov geniş iclas zalına toplaşanları salamlayaraq, ölkədə pedaqoji, psixoloji elmlərin inkişafında xidmətləri olanların əməyini yüksək dəyərləndirdi. Nazir ədəbiyyat tədrisi metodikası sahəsində tədqiqatları ilə seçilən professor Ş.Mikayılovun fəaliyyətini təqdir etdi, onu insanpərvər, nurlu bir insan-alim kimi səciyyələndirdi. Professor Misir Mərdanov onu da vurğuladı ki, Ş.Mikayılov məhz xidmətlərinə görə təhsil sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə fərdi təqaüdə layiq görülən alimlərdəndir. Giriş sözünün sonunda Misir Mərdanov Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanını yubilyara təqdim etdi.

Professor Şəmistan Mikayılov 62 ildir elmi-pedaqoji fəaliyyət göstərir. Qədim Borçalının böyük kəndlərindən olan Faxralıda dünyaya göz açmış Ş.Abdu oğlu Sarvanda Pedaqoji Texnikumda oxuyub, Azərbaycan Dövlət Universitetinin məntiq-psixologiya şöbəsində ali təhsil alıb. O, doğma kənddə müəllim məktəb direktoru vəzifələrində çalışıb, həmkəndlilərinin təhsil almalarında əməyini əsirgəməyib.

Sonralar Bakıya gələn Ş.Mikayılov Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda aspiranturaya qəbul olunub, aşağı siniflərdə ədəbiyyat nəzəriyyəsi anlayışlarının öyrədilməsi mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1974-cü ildə orta məktəbdə ədəbiyyat nəzəriyyəsi tədrisinin nəzəri əsasları mövzusunda doktorluq dissertasiyası müdafiə edən alim araşdırmalarını davam etdirib.

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov professor Ş.Mikayılovun elmi-pedaqoji fəaliyyəti" mövzusunda məruzəsində həmkarının "Orta məktəbdə ədəbiyyat tədrisi" adlı ikicildlik tədris vəsaitinin hər iki nəşrinin hazırlanmasında müəllif elmi redaktor kimi fəaliyyətindən, aspirant dissertantların elmi əsərlərinin hazırlanmasında elmi rəhbər kimi rolundan, opponent kimi obyektiv çıxışlarından, bir müddət institutun direktoru kimi çalışmasından, Orta Asiya respublikalarında elmi-pedaqoji kadr hazırlanmasında opponent şura üzvü kimi əməyindən söhbət açdı.

Məruzəsinin sonunda professor Y.Kərimov yubilyarı institut əməkdaşları, yetirmələri çoxsaylı ədəbiyyat müəllimləri adından təbrik edib cansağlığı arzuladı.

Tədbir iştirakçılarından psixologiya elmləri doktoru, professor Əbdül Əlizadə professor Ş.Mikayılovu diqqətli, səmimi mehriban qonşu, əsl ata kimi səciyyələndirərək, bir alim olaraq elmi-metodik yaradıcılığındakı psixoloji təhlil elementlərindən danışdı.

Respublika Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev Ş.Mikayılovun elmi-pedaqoji yaradıcılığının əsasında duran əməksevərliyin qaynaqlandığı ailə mühitindən, alimin vətənində qazandığı nüfuz hörmətdən yaddaqalan epizodlar şəklində söhbət açdı.

Pedaqoji elmlər doktoru, professor Rəfiqə Mustafayeva Şəmistan Mikayılovun həm nüfuzlu ədəbiyyatşünas olduğunu təsdiq edən bir hadisədən - Türkiyədə şahidi iştirakçısı olduğu bir ədəbi mübahisədən bəhs edərək, professor Mikayılovun təxmiş, müxəmməs, beşlik ədəbi anlayışlarına aydınlıq gətirən qələm məhsulunun elmi-nəzəri cəhətdən düzgünlüyündən məlumat verdi.

Azərbaycan Müəllimlər İnstitutunun kafedra müdiri, professor Mircəfər Həsənov professor Ş.Mikayılovun elmi-pedaqoji araşdırmalarında dini dəyərlərə bələdliyi faktlarını vurğuladı.

"Azərbaycan məktəbi" jurnalının baş redaktoru, filologiya elmləri namizədi, dosent Nəcəf Nəcəfov professor Ş.Mikayılovun ədəbiyyat proqramının tərtibi, dördüncü sinif üçün "Ədəbiyyat" dərsliyi hazırlanması sahəsində fəaliyyətindən maraqlı faktlar danışmaqla, yubilyarın yaradıcı-şəxsi keyfiyyətlərinə, elmi cəsarətinə aydınlıq gətirdi. SDU-nun kafedra müdiri, dosent Yusif Aslanov yubilyarın axtarışlarından bəhs etdi.

Yubiley tədbirini Azərbaycan TPİ-nin direktoru, professor, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü Abdulla Mehrabov ümumiləşdirərək yekunlaşdırdı. O, professor Ş.Mikayılovun 62 illik elmi-pedaqoji fəaliyyəti boyunca Azərbaycan təhsilinə öz elmi-metodik kitab məqalələri ilə, ixtisasartırma kurslarında mühazirələri, metodist alim kadrları hazırlığında elmi rəhbər kimi fəaliyyəti ilə fayda verdiyini yüksək dəyərləndirdi. 80 yaşlı alimə cansağlığı uğurlar arzulayan institut direktoru yubilyara müəssisənin Fəxri fərmanını hədiyyələrini təqdim etdi.

 

 

Şamxəlil MƏMMƏDOV

 

Azərbaycan müəllimi.-2009.-30 oktyabr.-S.3.