"Müasir şəraitdə orta
ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək
yolları" mövzusunda konfrans
Oktyabrın 23-də Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunan "Müasir şəraitdə orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda I respublika elmi-metodik konfransı keçirildi. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Gənc istedadlar liseyinin bazasında keçirilən elmi-metodik konfransda paytaxt məktəblərinin, eləcə də respublikanın müxtəlif bölgələrindəki təhsil müəssisələrinin direktorları, qabaqcıl müəllimləri ilə yanaşı, bir sıra ali məktəblərin görkəmli alim və pedaqoqları iştirak edirdilər.
Konfransı Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov giriş sözü ilə açaraq paytaxt məktəblərindən, həmçinin respublikanın müxtəlif bölgələrindən gəlmiş təhsil işçilərini, tanınmış alim və pedaqoqları salamlayaraq, onları Bakı Dövlət Universitetində görməyindən məmnunluq duyduğunu bildirdi. Rektor bu yaxınlarda 90 illik yubileyinin keçirilməsinə hazırlaşdığımız Bakı Dövlət Universitetinin fəaliyyəti barədə konfrans iştirakçılarına məlumat verdi.
Qeyd olundu ki, mövcud olduğu 90 il ərzində Bakı Dövlət Universiteti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərib. Hazırda Azərbaycan elmi dünyanın qabaqcıl elmləri sırasındadır. Onun inkişafında isə Bakı Dövlət Universitetinin fəaliyyəti əvəzsizdir. Yarandığı gündən Azərbaycanda elmi inkişaf etdirən Bakı Dövlət Universiteti hazırda da bu işi məsuliyyət və uğurla davam etdirir. Rektor Abel Məhərrəmov 90 il müddətində Bakı Dövlət Universitetinin şərəfli bir yol keçdiyini, bundan sonra da ölkə təhsilinin və elminin inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.
Akademik A.Məhərrəmov BDU-nun 90 illik yubileyi ilə əlaqədar
rəhbərlik etdiyi ali təhsil ocağında, həmçinin
digər təhsil müəssisələrində bu əlamətdar
hadisəyə həsr edilən bir çox silsilə tədbirlərin
keçirildiyini söylədi. BDU-nun nəzdində fəaliyyət
göstərən Gənc istedadlar liseyinin bazasında
keçirilən bugünkü I respublika elmi-metodik
konfransın da növbəti belə bir uğurlu tədbirlərdən
olduğunu deyən Abel Məhərrəmov adıçəkilən
lisey haqqında söz açdı. ölkə
başçısı cənab İlham Əliyevin
təhsilə diqqət və qayğısı sayəsində
təhsilin ayrı-ayrı sahələri üzrə elmi təhlillərə
əsaslanan Dövlət Proqramlarının təsdiq olunaraq
reallaşdırılmağa
başlanıldığını söyləyən rektor
görülən işlərdən danışdı.
çıxış zamanı qeyd etdi ki, reallaşan
proqramlardan biri "Xüsusi istedada malik olan uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006-2010-cu illər)"dır. Məhz
həmin proqramın reallaşması istiqamətində
atılan mühüm addımlardan biri də Təhsil
Nazirliyinin 08.06.2007-ci il tarixli 708 nömrəli əmri ilə
yaranan Gənc istedadlar liseyidir. Lisey BDU-nun nəzdində fəaliyyət
göstərir. Liseyin qarşısına qoyduğu vəzifə
gənc istedadların üzə çıxarılması və
onlara lazımi şəraitin yaradılmasıdır. Bildirildi
ki, qısa müddət ərzində lisey kifayət qədər
uğurlar qazanıb. Rektor 2009-cu ildə liseyin ilk məzunlarının
hamısının ali məktəblərin nüfuzlu
fakültələrinə qəbul olunmalarını ən
böyük müvəffəqiyyət hesab etdiyini dedi. Bildirdi
ki, qəbul olunanlardan biri- Rəcəb Məmməd oğlu Rəcəbov
Prezident təqaüdünə layiq görülüb.
Rektor Abel Məhərrəmov Gənc istedadlar liseyində
istedadlı şagirdlərlə aparılan işlərdən
ətraflı söz açaraq onu da qeyd etdi ki, liseydə
paytaxt məktəbləri ilə yanaşı, gələcəkdə
respublikanın müxtəlif regionlarından da seçim əsasında
istedadlı şagirdlərin təhsil almaları, onlar üçün müvafiq
yataqxananın tikintisi də nəzərdə tutulur.
Keçirilən elmi-metodik konfransın əhəmiyyətini
xüsusi vurğulayan rektor orta ümumtəhsil məktəblərində
tədrisin keyfiyyətinin yüksəldilməsi ilə
bağlı öz fikir və mülahizələrini tədbir
iştirakçıları ilə bölüşdü.
Konfransı açıq elan edən BDU-nun rektoru Abel Məhərrəmov onun işinə
uğurlar arzuladı.
"Tədrisin keyfiyyətinin yüksəldilməsində
idarəetmənin rolu" mövzusuda məruzə ilə
çıxış edən Təhsil Nazirliyinin şöbə
müdiri, respublikanın əməkdar müəllimi Arif
Muradov qeyd etdi ki, ümumtəhsil məktəbinin
qarşısında duran vəzifələrin uğurla həyata
keçirilməsi məktəbin idarəolunması, ona rəhbərlik
edilməsi səviyyəsindən əhəmiyyətli dərəcədə
asılıdır. İdarəetmə sosial mənada, müəyyən
obyektə təşkilati, planlı və sistemli şəkildə
təsir etmək kimi anlaşılır. Bu təsir müəssisənin
fəaliyyətinin keyfiyyət xüsusiyyətlərinin nizama
salınması, qorunması, gələcək inkişafı
və təkmilləşdirilməsini təmin edir.
Məruzəçi bildirdi ki, respublikada təhsili idarə
etmək və ona rəhbərlik sahəsində dövlət
və ictimai özünüidarə sistemi
yaradılmışdır. Şöbə müdiri A.Muradov
idarəetmə və rəhbərlik nədir, Bu
anlayışlar bir-birindən nə ilə fərqlənir
suallarının hər birini ayrı-ayrılıqda ətraflı
şərh etdi. Bildirdi ki, məktəbşünaslıqda
"idarəetmə" anlayışı optimal nəticə
əldə etmək məqsədilə məktəb işlərini
mütəşəkkil, planlı, müntəzəm təşkil
və təmin etmək, məktəb daxilində baş verən
münasibətləri, mürəkkəb psixoloji, pedaqoji və
metodik prosesləri şüurlu surətdə tənzimləməkdir.
Məktəb
rəhbərinin davranışı, iş yoldaşlarına və
başqa adamlara münasibəti də obyektivlik və
prinsipiallığı ilə fərqlənməlidir.
Bütün cəhətlərdən onun şəxsiyyəti
insanlara müsbət mənada tərbiyələndirici təsir
göstərməlidir. Məruzəçi dedi
ki, ən vacib prinsiplər sırasında elmilik mühüm
yer tutur. ümumiyyətlə, yaxşı idarəetmə və
rəhbərlik üçün dərin bilik, peşəkarlıq,
səriştəlilik, işgüzarlıq, təcrübə
və bunların vəhdəti çox vacibdir. Həmin
vəhdət isə pedaqogika, psixologiya və sosiologiya elmlərinin
nailiyyətlərinə yiyələndikdə və onları
təcrübədə tətbiq etdikdə yaranır. Məktəb
rəhbərləri, xüsusilə direktor üçün bu
keyfiyyətlər səciyyəvi olmalıdır. Məktəb rəhbərləri həmçinin
geniş dünyagörüşünə, zəngin məlumata,
yeni üsullar axtarmaq, tapmaq, onları işdə tətbiq etmək
qabiliyyətinə malik olmalı, mürəkkəb təşkilati
və pedaqoji məsələləri yaradıcılıqla və
operativ surətdə həll etməyi bacarmalıdırlar.
Məktəbdaxili nəzarətin məqsədinin direktiv və
normativ-hüquqi sənədlərdə irəli sürülən
məktəbin qarşısında qoyulan vəzifələrin
icrasını maksimum təmin etməkdən ibarət
olduğunu deyən Təhsil Nazirliyinin şöbə
müdiri bu haqda ətraflı söz açdı. Qeyd olundu ki, məktəbdaxili
nəzarət mürəkkəb məzmuna malik olmaqla geniş
sahələri əhatə edir. Həmin sahələr daim
bir-biri ilə qarşılıqlı əlaqədədir.
Məktəbdaxili
nəzarətin spesifik formaları da olduğunu bildirən
A.Muradov dedi ki, bunlar məktəbdaxili nəzarətin
strukturuna daxil olan sahələrin özləri qədər
müxtəlifdir. Bununla bağlı digər məsələlərə
də geniş toxunan məruzəçi söylədi ki,
bütün bu qeyd olunan şərtlərə düzgün əməl
olunması məktəbi idarəetməni
optimallaşdırmaq, yəni nisbətən az qüvvə və
vəsait sərf etməklə, nisbətən qısa
müddətdə fəaliyyətində daha yaxşı nəticələr
qazanmaq yolunda ən etibarlı təminatdır.
Geniş və əhatəli məruzəsində tədrisin
keyfiyyətinin yüksəldilməsində idarəetmənin
rolu ilə bağlı bütün məsələlərə
geniş aydınlıq gətirən, onları təhlil edən
şöbə müdiri Arif Muradov
çıxışının sonunda konfransda iştirak edən
təhsil işçilərinə Azərbaycan təhsilinin inkişafında
uğurlar arzuladı.
BDU-nun
Pedaqogika kafedrasının professoru Ləzifə Qasımova
"Məsafədən (distant) təlim texnologiyaları"
mövzusunda məruzəsində qeyd etdi ki, distant təlim
texnologiyaları ölkənin vahid təhsilinin inkişafı
strategiyasını təcəssüm etdirir. Onun
başlıca vəzifəsi yüksək ixtisaslı
kadrların hazırlanması məqsədi ilə təhsilin
proqnozlaşdırılmasından, təlim-tərbiyə
işini planlaşdırmaqdan, onun mərhələlərini,
üsullarını və təşkili formalarını
müəyyənləşdirməkdən ibarətdir.
Distant təlim texnologiyalarına konkret tədris fənlərindən
asılı olmayaraq, təlim-tərbiyə prosesini həyata
keçirmək aiddir. Distant təlim texnologiyalarının məzmun
və mahiyyətinə gəldikdə, o, bilavasitə təlimin
həyata keçirilməsinə xidmət edir. Yəni təlimin
texnologiyaları vasitəsilə öyrədənlərin və
öyrənənlərin tədris fəaliyyəti sistemi həyata
keçirilir. ümumilikdə, distant təlim texnologiyaları
didaktik proseslərin idarəetmə mexanizminin ən vacib
elementi hesab olunur. Distant təlim texnologiyalarının tətbiqi
ilə bağlı digər məsələlərə də
toxunan məruzəçi onun üstünlüklərindən
söz açdı.
BDU-nun elmi işlər üzrə prorektoru, professor
İsmayıl Əliyev, Lənkəran Dövlət
Universitetinin baş müəllimi, pedaqoji elmlər namizədi
Bəxtiyar Muradxanlı, BDU-nun Kimyanın tədrisi
metodikası kafedrasının müdiri, dosent Əyyub Əzizov,
Tovuz rayonundakı çobansıxnaq kənd orta məktəbinin
kimya müəllimi, respublikanın əməkdar müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi, pedaqoji elmlər namizədi Talıb Mahmudov, BDU-nun
Pedaqogika kafedrasının müdiri, professor Nübar Muxtarova
keçirilən tədbirin əhəmiyyətindən, 90
illik yubileyinin keçirilməsinə
hazırlaşdığımız Bakı Dövlət
Universitetinin elmi əlaqələndirici mərkəz,
fundamental intellekt mənbəyi olmasından, ali təhsil
ocağının ixtisaslı kadrların yetişməsində,
elmi-tədqiqat işlərinin aparılmasında,
bütövlükdə onun Azərbaycan elminin
inkişafındakı əvəzsiz rolundan söz
açdılar.
BDU-nun nəzdində
fəaliyyət göstərən Gənc istedadlar liseyinin
direktoru, kimya elmləri doktoru, professor Qasım Hüseynov rəhbərlik
etdiyi təhsil müəssisəsinin fəaliyyəti
haqqında konfrans iştirakçılarına məlumat
verdi. Liseydə təhsil almaq istəyənlərin
sayının ildən-ilə artdığını söyləyən
direktor burada hazırda 430 şagirdin təhsil
aldığını, onların təlim-tərbiyəsi ilə
70 müəllimin məşğul olduğunu dedi. Liseydə tədrisin keyfiyyətinin yüksəldilməsində
BDU-nun professor-müəllim heyətinin yaxından iştirak
etdiyini söyləyən Q.Hüseynov onu da bildirdi ki, burada dərs
deyənlər içərisində 1 elmlər doktoru, 20 elmlər
namizədi, ali kateqoriyalı müəllimlər, TQDK-nın
aparıcı ekspertləri, respublikanın
tanınmış ən yaxşı müəllimləri
vardır. Liseydə tədris işlərinin
keyfiyyətlə aparılması, müəllimlərin tədris
və təqvim planlarının günün tələblərinə
uyğun tərtibi, dərslərdə müasir təlim
metodlarından istifadə, təlimin tərbiyəedici,
inkişafedici funksiyasına xüsusi əhəmiyyət verilməsi,
tədris prosesinin şagirdlərin fəallığı
şəraitində qurulması işinə ciddi nəzarət
edilir. Qeyd olundu ki, liseydə keçilən dərslərdə
yeni təlim texnologiyalarından, interaktiv metodlardan, əyani vəsaitlərdən
geniş şəkildə istifadə edilməsi daim diqqət
mərkəzindədir. Təhsil
ocaqlarının səviyyəsinin şagirdlərinin
savadı ilə ölçüldüyünü deyən
direktor, keçirilən müxtəlif bilik, intellekt və
idman yarışlarında, məktəblilərin respublika fənn
olimpiadalarında yeniyetmələrin əldə etdiyi
uğurları diqqətə çatdırdı. Bildirdi ki,
liseyin IX-XI siniflərində oxuyan əlaçı və
istedadlı şagirdlərinə təqaüdlər verilir ki,
bu da onların təhsilə marağının artmasına,
yüksək nəticələr əldə etmələrinə
stimul yaradır. Qasım müəllim liseyi
bitirən ilk məzunların hamısının
respublikanın müxtəlif ali məktəblərinin ən
nüfuzlu fakültələrinə daxil olmalarından
qürur hissi keçirdiyini bildirdi. İki gün keçirilməsi
nəzərdə tutulan I respublika elmi-metodik konfransın
aktuallığına toxunan professor Qasım Hüseynov
bütün təhsil işçilərinə müvəffəqiyyətlər
arzuladı.
Sonra
konfrans öz işini bölmələrdə davam etdirdi.
Konfransın
23-24 oktyabr tarixlərində keçirilən iclaslarında 7
bölmə üzrə 90-dan artıq məruzə dinlənildi
və onlar ətrafında müzakirələr
aparıldı.
Yekun iclasında Bakı Şəhəri üzrə Təhsil
İdarəsi müdirinin müavini Hüseyn Əsgərov,
AMEA-nın müxbir üzvü, professor Mustafa Salahov, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin dosenti Məhyəddin İsgəndərov,
BDU-nun kafedra müdirləri, dosent Abbas Abbasov, professor Qara
Mustafayev çıxış edərək konfransın
yüksək səviyyədə
təşkilini, dinlənilən məruzələrdə orta
ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin
yüksəldilməsi ilə bağlı bir sıra məsələlərin
öz geniş əksini tapdığını dedilər. Bütövlükdə bu tədbirin təhsil
işçilərinin bir-biri ilə ünsiyyətdə
olması, iş təcrübəsi ilə
tanışlığı, birlikdə fikir mübadiləsi
aparılması baxımından olduqca faydalı və əhəmiyyətli
olduğunu vurğuladılar. Çıxış edənlər belə
konfransların davamlı olmasını arzu etdilər.
Bununla da
ikigünlük konfrans öz işini başa
çatdırdı.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.-2009.-30
oktyabr.-S.4.