İndoneziyanın Prezidenti azərbaycanlı alimi mükafatlandırıb

 

Azərbaycanda ilk İndoneziya dili üzrə mütəxəssis olan Həbib Məmməd oğlu Zərbəliyev Azərbaycan Dillər Universitetinin professorudur. O, 60 elmi, çoxsaylı tənqidi, publisistik və bədii tərcümə əsərlərinin, o cümlədən beynəlxalq humanitar hüquqa dair iki kitabın ingilis və rus dillərindən Azərbaycan dilinə tərcüməsinin, bir sıra metodik vəsait, göstəriş və tədris proqramlarının müəllifidir. Əsərlərinin bir qismi xarici ölkələrdə çap olunmuşdur. Bir çox ölkələrin alimləri ilə sıx elmi əməkdaşlıq edir. 1988-2009-ci illər ərzində Hollandiya, Almaniya, ABŞ, Yeni Zelandiya, Fici, Tailand, Malayziya, İndoneziya, Avstraliya, Çin, Tayvan, Rusiya və Qazaxıstanda keçirilmiş onlarca beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmişdir.

 

1995-ci ildən Bakı Dövlət Universitetinin nəşri olan "Dil və ədəbiyyat" nəzəri, elmi-metodik jurnalının, 2009-cu ildən həm də Azərbaycan Dillər Universitetinin nəşri olan "Dil və ədəbiyyat" jurnalının redaksiya heyətinin üzvü, 1995-ci ildən dilçilik üzrə ixtisaslaşdırılmış müdafiə şuralarının (hazırda Bakı Slavyan Universitetinin nəzdindəki İxtisaslaşdırılmış müdafiə şurasının), 1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komitəsinin, 2003-cü ildən Beynəlxalq malay dili Məclisinin (Kuala Lumpur), 2005-ci ildən Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvü, 2009-cu ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasının sədr müavinidir.

Professor Həbib Zərbəliyev bir çox monoqrafik tədqiqatların elmi redaktoru, 35 elmlər namizədi və elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş tədqiqatçının rəsmi opponenti olmuşdur. Cənub-Şərqi Asiya ölkələri xalqlarının dilləri və ədəbiyyatlarının tədqiqi üzrə tanınmış mütəxəssis kimi onun haqqında məlumatlar Niderlandda çap olunmuş "European Directory of South-East Asian Studies" ensiklopedik məlumat kitabına daxil edilmişdir.

O, 2004-cü ildən "Heydər Əliyev Elektron Kitabxanası"nın (aliyevheritage.com) İndoneziya dili üzrə tərcüməçisidir.

2008 və 2009-cu illərdə Malayziyanın Baş nazirinin təsis etdiyi mükafat uğrunda tələbələr arasında malay və İndoneziya dilləri üzrə keçirilmiş beynəlxalq müsabiqələrin münsiflər heyətinin sədri olmuş H.Zərbəliyev 2008-ci ildə İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyononun şəxsi dəvəti ilə Prezident sarayında keçirilmiş "İndoneziya Prezidentinin dostları" proqramında iştirak etmişdir.

Uzun illər geniş mənada İndoneziya mədəniyyətinin təbliği, Azərbaycanda İndoneziya dili və ədəbiyyatının tədrisi, tədqiqi və təbliği sahəsində göstərdiyi xidmətlərə görə professor Həbib Zərbəliyev İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyononun 4 noyabr 2008-ci il tarixli sərəncamı ilə "Mədəniyyət sahəsində xidmətlərinə görə" ordeninə (Tanda Kehormatan Satyalancana Kebudayaan), 15 avqust 2009-cu il tarixli sərəncamı ilə "Xidmətlərinə görə I dərəcəli Şərəf ordeni"nə (Bintanq Jasa Pratama) layiq görülmüşdür.

 

Müəllimləri onun gələcəyinə inanırdılar

 

Həbib 1953-cü ildə Salyan rayonunun Xurşud kəndində anadan olmuşdur. O vaxtlar Xurşud kəndində yalnız ibtidai məktəb fəaliyyət göstərirdi. İki il orada oxuduqdan sonra Həbib Salyan şəhər internat məktəbində təhslini davam etdirməli olur. Burada oxuduğu müddətdə müəllimlər ondan həmişə razılıq edir, onun ən yaxşı oxuyan şagird olduğunu deyirdilər.

Səkkizinci sinfə qədər burada oxuduqdan sonra 1968-ci ildə Həbib Əli Bayramlı şəhər Pedaqoji Məktəbinin ibtidai sinif müəllimi şöbəsinə daxil olur. Burada da o, yaxşı oxuması ilə fərqlənir. Bununla yanaşı, Həbib bədii özfəaliyyət dərnəyində də fəaliyyətini davam etdirir, pedaqoji məktəbin ansamblı ilə əlamətdar günlərdə tələbələr qarşısında, eləcə də müxtəlif rayon və şəhərlərin mədəniyyət saraylarında konsert proqramları ilə çıxış edir.

1972-ci ildə Həbib pedaqoji məktəbi fərqlənmə diplomu ilə bitirib ibtidai sinif müəllimi ixtisası alır və təyinatla Puşkin (indiki Biləsuvar) rayonuna işləməyə göndərilir. 1973-cü ilin mayına qədər Nərimanov kənd orta məktəbində sinif müəllimi işlədikdən sonra Həbib ordu sıralarına çağırılır. Ordudan qayıtdıqdan sonra o, doğma kəndində müəllimlik fəaliyyətini davam etdirir. Həbib yorulmadan öz üzərində işləyir: Azərbaycan ədəbiyyatını, dünya ədəbiyyatını dərindən öyrənir, müstəqil şəkildə fars və ingilis dillərini mənimsəməyə çalışır.

 

Ulu öndər Heydər Əliyevin qayğı göstərdiyi minlərlə gəncdən biri də mən idim

 

1976-cı ilin yayı Həbib üçün uğurlu olur. O illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin səyi və köməkliyi nəticəsində SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almaq üçün Azərbaycan gənclərinə də xeyli yer verilirdi. İmtahanlar Bakıda götürülür, qəbul olan tələbələr təntənəli şəkildə müvafiq ali məktəblərə göndərilirdi. Həmin il Həbib də Leninqrad Dövlət Universitetinin şərq fakültəsinin ərəb filologiyası bölməsinə daxil olur.

Lakin Leninqrada gəldikdən sonra Həbib fikrini dəyişir. Burada ona məlum olur ki, fakültədə İndoneziya filologiyası bölməsi də vardır. Əvvəllər ekzotik İndoneziya haqqında bir qədər məlumat almış, müəyyən təsəvvürü olan Həbibdə bu ölkəyə qarşı yenidən maraq oyanır. Azərbaycanda ərəb dilini bilən mütəxəssislərin kifayət qədər olduğunu, İndoneziya dili üzrə isə mütəxəssisin isə heç olmadığını fikirləşərək, o, seçimini dəyişir və İndoneziya filologiyası bölməsində oxumağa başlayır.

Universitetdə tədris proqramı çərçivəsində Həbib təkcə İndoneziya dilini deyil, həm də malay, ərəb, ingilis, holland, türk və sanskrit dillərini mükəmməl öyrənir, müstəqil şəkildə fars dili ilə məşğul olur.

Universitetin V kursunda oxuyarkən Həbibin yazdığı diplom işi mütəxəssislərin diqqətini cəlb edir. Elə buna görə də 1981-ci ildə diplom müdafiəsindən sonra o, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Moskva şöbəsindən həmin işi çap etdirmək təklifi alır. Həbibin bu tədqiqatı İndoneziyanın o vaxtlar SSRİ-də hələ heç kim tərəfindən öyrənilməmiş, tədqiq edilməmiş dillərindən birinə - minanqkabau dilinə həsr olunmuşdu. Lakin o, bu əsərin üzərində sonradan daha ciddi işləyir. Bir neçə il sonra - 1987-ci ildə Moskvada "Nauka" nəşriyyatında çap olunur. Əvvəllər Moskvada, Leninqradda nəşr olunan sanballı jurnallar və toplularda elmi məqalələr dərc etdirən Həbibin bu, ilk kitabı idi. Bu illər ərzində Həbib dilçilikdə öz yeri olan peşəkar kimi təkcə SSRİ-də deyil, bir çox digər xarici ölkələrdə tanınmışdı. O, dilçilik üzrə müxtəlif beynəlxalq simpozium, konfrans və seminarlarda iştirak edir, xarici ölkələrin elmi nəşrlərində məqalələr çap etdirirdi.

1981-ci ildə Leninqrad Dövlət Universitetini bitirdikdən bir il sonra Həbib dissertasiya yazmaq üçün iki il müddətinə Leninqrad Dövlət Universitetinə - doğma fakültəsinə ezam olunur. Burada o, həm namizədlik dissertasiyası üzərində işləyir, həm də tələbələrə İndoneziya dilindən dərs deyir. çox qısa müddət ərzində müəllimi Aleksandr Konstantinoviç Oqloblinin rəhbərliyi altında tədqiqatını tamamladıqdan sonra 1985-ci ilin fevralında "Avstroneziya dillərində saylar" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir.

1986-cı ildə Həbib doktorluq dissertasiyası üzərində işləmək üçün yenidən iki il müddətinə Leninqrad Dövlət Universitetinin şərq fakültəsinə ezam olunur. O, bu dəfə də həm dissertasiya üzərində çalışır, həm də İndoneziya dilindən dərs deyir. Burada o, elmi əlaqələrinin coğrafiyasını daha da genişləndirir. 1987-ci ilin sonlarında Həbib əslən İndoneziyadan olan, lakin uzun müddət Moskvada yaşadıqdan sonra Hollandiyanın Zaandam şəhərinə köçmüş minanqkabaulu dostu Mohamad Darnisdən Hollandiyanı ziyarət etmək təklifi alır. Burada o, indoneziyaşünaslığın mərkəzi sayılan Leyden Universitetində əsərlərindən tanıdığı alimlərlə görüşür, onlarla elmi əlaqələr saxlamaq barədə razılığa gəlir. Leninqraddan qayıtdıqdan az sonra Həbib bu dəfə Leyden Universitetindəki həmkarı Karl Aleksandr Adelardan tədqiqat aparmaq üçün universitetə gəlmək dəvəti alır. Bundan sonra o, üç il Hollandiyanın Leyden Universitetində fəaliyyətini davam etdirir. Orada elmi araşdırmalar apardığı müddətdə, eyni zamanda bu universitetin türk və İndoneziya filologiyası bölmələrində mühazirələr oxuyur.

Hollandiyada Həbib ciddi ictimai-siyasi fəaliyyətlə də məşğul olmağa başlayır. Orada Azərbaycan diasporunun formalaşmasında, Azərbaycan haqqında məlumatların yayılmasında onun böyük rolu olmuşdur. Vaxtaşırı radio və televiziya kanalları ilə, yerli qəzetlərdə çıxış edir, müsahibələr verir, Azərbaycan haqqında həqiqətləri Avropa dinləyici, tamaşaçı və oxucularına çatdırır.

Hər dəfə bir neçə günlüyə Azərbaycana gəlib geri qayıdarkən Həbib Azərbaycan dili, tarixi, etnoqrafiyası və s. barədə çoxlu kitablar aparır, onları Hollandiyanın, Almaniyanın, Belçikanın kitabxanalarına, oradakı müxtəlif ictimai qurumlara hədiyyə verirdi. Azərbaycan dilinin dialektoloji atlasının bir neçə nüsxəsini də Leyden Universitetinin kitabxanasına məhz Həbib bağışlamışdır.

 

Azərbaycanda ilk dəfə, dünyada isə 27-ci

 

1991-ci ildə Həbib Zərbəliyev Avropadakı fəaliyyətini başa vurub Bakıya - Dilçilik İnstitutuna qayıdır. Lakin az sonra onun elmi və ictimai fəaliyyəti ilə tanış olan və sonradan Həbibin fəaliyyətində mühüm rolu olmuş professor Əlikram Abdullayev onu Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (BSİPİ) rəhbərlik etdiyi mədəniyyətşünaslıq kafedrasına işləməyə dəvət edir. O, 1998-ci ilin ortalarına qədər burada Azərbaycan dilini tədris edir və eyni zamanda institutun Beynəlxalq əlaqələr və xarici tələbələrlə iş şöbəsinə rəhbərlik edir. Qısa müddət ərzində institutun xarici ölkələrin ali məktəblərilə, beynəlxalq təşkilatlarla geniş əlaqələri yaradılır, institutun tələbələrinin bir qismi Misir, Tayvan, Türkiyə, Fransa, ABŞ, İngiltərə və s. ölkələrin təhsil müəssisələri ilə bağlanmış müqavilələr əsasında bu ölkələrdə təhsil alır, müxtəlif kurslarda iştirak edirlər. Rektor, professor Əlikram Abdullayev və Həbib Zərbəliyevin böyük səyləri nəticəsində Azərbaycanda ilk dəfə olaraq burada (dünyada 27-ci) YUNESKO-nun maliyyə dəstəyilə İnsan hüquqları, demokratiya və sülh YUNESKO kafedrası yaradılır.

 

Azərbaycanda tipologiya məktəbinin yaradıcısı

 

1994-cü ildə H.Zərbəliyev xeyli müddət kənara qoymuş olduğu doktorluq dissertasiyasına yenidən qayıdır, tez bir zamanda onu tamamlayır və müvəffəqiyyətlə müdafiə edir. Tezliklə o, Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən İxtisaslaşmış müdafiə şurasına üzv seçilir. Burada müzakirələrdə o, öz prinsipial, obyektiv çıxışları, dissertantlara diqqətlə yanaşması, ədalətli, qərəzsiz opponentliyi ilə fərqlənir. Namizədlik və doktorluq dissertasiyası müdafiə edən onlarca dissertanta opponent olur. Sonralar bu fəaliyyətini Həbib müəllim Bakı Dövlət Universiteti və Təhsil Nazirliyinin birgə İxtisaslaşmış müdafiə şurasında davam etdirir.

Azərbaycanda tipologiya məktəbinin əsasını qoymuş Həbib Zərbəliyev 1997-ci ildə özünün növbəti fundamental tədqiqatını çap etdirir. "Sayların və say konstruksiyalarının tipologiyası" adlanan bu monoqrafiyada o, üç yüzdən artıq dilin materialları əsasında sayları dərindən və hərtərəfli tədqiq etmiş, saylar əsasında dillərin bir sıra universal xüsusiyyətlərini müəyyənləşdirmişdir. Ən azı onbeşillik əməyin nəticəsi olan bu tədqiqat öz əhatəliliyi, dərinliyi, nəzəri müddəalarla zənginliyi ilə onu dünyanın görkəmli dilçiləri sırasına çıxarır.

Elə həmin il onun "Müasir İndoneziya ədəbiyyatı antologiyası" adlı dərs vəsaiti çapdan çıxır. Bu vəsait Bakı Asiya Universitetində təhsil alan İndoneziya filologiyası bölməsinin tələbələri üçün nəzərdə tutulmuşdu. Həbib müəllim artıq bir neçə il idi ki, həmin universitetdə İndoneziya dili və ədəbiyyatını tədris edirdi.

 

O, təkcə elmi fəaliyyətlə deyil, həm də tərcümə ilə məşğul olur

 

Həbib Zərbəliyev hələ Leninqradda namizədlik dissertasiyası üzərində işləyərkən İndoneziya dilindən bir neçə maraqlı hekayəni Azərbaycan dilinə tərcümə edib çap etdirmişdi. Onun elmi tərcümələri də öz keyfiyyəti ilə seçilir. Həbibin 1999-cu ildə rus dilindən, 2000-ci ildə isə ingilis dilindən beynəlxalq humanitar hüquqa aid tərcümə etdiyi iki monoqrafiya oxunaqlı olması, tərcümənin dilinin səlisliyi, axıcılığı ilə fərqlənir.

2001-ci ildə H.Zərbəliyev Malayziyanın Dil və Ədəbiyyat İnstitutuna dəvət olunur. Burada o, "Malay və Azərbaycan dillərində ərəb və fars alınmalarının fonetik xüsusiyyətləri" mövzusunda tədqiqat aparır. Malayziya hökumətinin maliyyələşdirdiyi bu layihəni Həbib 2002-ci ilin martında müvəffəqiyyətlə başa vurur. Layihənin nəticələri monoqrafiya şəklində həmin institutda çapa hazırlanır. Bundan başqa, o, bu institutda vaxtaşırı elmi məruzələrlə çıxış edir, tez-tez Malayziyanın mətbuat orqanlarına müsahibələr verir. Dil və Ədəbiyyat İnstitutu 2002-ci ildə onun malay dili haqqındakı fikirlərini kompakt disk şəklində kütləvi tirajla nəşr edir.

2002-2003-cü illərdə Həbib müəllim bir-birinin ardınca Malayziyanın Dil və Ədəbiyyat İnstitutunun, Malayziya Putra Universitetinin, Malayziya Sains Universitetinin keçirdikləri elmi konfrans və seminarlarda məruzələrlə çıxış edir. Bundan sonra Malayziya tədqiqatçıları da onunla əməkdaşlığa maraq göstərirlər. İndi professor Həbib Zərbəliyev Malayziya Şimal Universitetinin (Kedah) müəllimi, ərəbşünas Munif Zariruddin Fikri Nordin ilə birlikdə malay və Azərbaycan dillərində ərəb alınmalarının morfoloji xüsusiyyətlərinin tədqiqi və malay və Azərbaycan dillərinə daxil olmuş ərəb alınmalarının izahlı lüğətinin tərtibi ilə məşğuldur.

Malayziyada olduğu müddətdə Həbib İndoneziyaya və Sinqapura səfərlər edərək, orada müxtəlif universitetlərin alimləri ilə görüşlər keçirir, onlarla elmi əməkdaşlıq əlaqələri yaradır.

Görkəmli alim İndoneziyanın Türkiyədəki (eyni zamanda Azərbaycandakı) səfirliyi ilə sıx əlaqə saxlayır, onlarla görüşlər keçirir, Azərbaycana gələn səfir və səfirlik əməkdaşlarının tərcümə problemlərini həll edir. Səfirlik də öz növbəsində Həbibə İndoneziyada nəşr olunmuş zəruri elmi ədəbiyyatla yardım edir.

 

Redaksiyada görüş

 

Bu günlərdə görkəmli alimlə redaksiyada görüşdük. Yol üstündə idi. Tallinndə keçiriləcək elmi konfransa tələsirdi. Vaxtının az olmasına baxmayaraq, bizimlə xeyli söhbət etdi. Həmin söhbətin bəzi məqamlarını oxuculara təqdim edirik:

- Bir mütəxəssis kimi Azərbaycan və İndoneziya təhsil sahələrində oxşar və fərqli cəhətləri necə xarakterizə edərdiniz?

- Əvvəlcə fərqli cəhətlərindən başlayaq. İndoneziyada orta məktəbi bitirənlər həm buraxılış imtahanı verir, eyni zamanda həmin buraxılış imtahanları zamanı əvvəlcədən toplanmış ərizələr əsasında, kim hansı ixtisası, hansı universiteti seçmək istəyir, həmin orta məktəbi bitirdiyi bal, onun göstəricisi olur. O həm orta məktəbi bitirir, həm də ali məktəbə qəbul olur. Orada orta məktəblər 13 ildir.Bizdə natamam orta təhsil 9 ildir. Orada isə 11 ildir. 13 ildən sonra isə ali məktəblərə qəbul olunurlar. 1-ci kurslarda dərslər iyulda, yuxarı kurslarda isə sentyabrda başlanır.

Şagirdlər humanitar elmlərə daha çox meyil göstərirlər. Orada universitetlər həcmcə çox böyükdür. Əksəriyyətinin böyük əraziləri var. Təhsil həm pullu, həm də dövlət hesabına aparılır. Tələbələr üçün hər cür şərait yaradılır. Dərslər iki semestr aparılır. Amma biz kredit sisteminə təzə keçmişik. Onlarda bu sistem çoxdandır. Tələbələr imtahan vermədikdə universitetdən xaric edilmirlər. Təbii ki, orada da pullu təhsil çoxluq təşkil edir. Təhsil 4 ildir.

- İndoneziya dili və ədəbiyyatının təbliği sayəsində göstərdiyiniz xidmətləriniz İndoneziya dövləti tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanda bu dilin tədrisi, təbliği səviyyəsi necədir?

- Mən 1981-ci ildə universiteti bitirəndən İndoneziyanın ədəbiyyatı, mədəniyyətinin təbliği ilə məşğulam. Yəni onların dilindən bizim dilə tərcümələr, televiziyada İndoneziyaya dair vaxtaşırı - hər il 5-6 veriliş hazırlayıram. Həmin verilişlər İndoneziyanın dilinə, mədəniyyətinə, etnoqrafiyasına, musiqisinə, coğrafiyasına həsr olunub. İndoneziya haqqında qəzetlərdə müxtəlif yazılarla çıxış etmişəm. İndoneziya ədəbiyyatına dair bir neçə monoqrafiyalarım çıxıbdır. ölkənin təkcə dili deyil, həm də tarixi, coğrafiyası, mədəniyyəti və s. sahələri bizi maraqlandırır.

- Yəqin ki, İndoneziyada olarkən elmi tədqiqat işləri ilə yanaşı, ölkənin mədəni və ictimai həyatı ilə də maraqlanırdınız. Bu ölkənin sosial həyatı sizə necə görünürdü?

- İndoneziya uzun illər hərbi rejim şəraitində yaşayıb, yalnız 90-cı illərin ortalarında hərbi rejim dağıldı və 15 il ərzində İndoneziya çox sürətlə inkişaf eləməyə başladı. ümumi iqtisadi inkişaf pis deyildi, sadəcə rejim imkan vermirdi. Müəyyən demokratik addımlar məhdudlaşdırılmışdı. Amma son 10-15 ildə İndoneziya sıçrayışla inkişaf elədi, həm iqtisadi, həm sosial sahədə. Sonra demokratiya sahəsində inkişaf etdi. Burada insanlar çox səmimi, mehribandır. İndoneziyanın çox qədim mədəniyyəti var. Orada VII, IX əsrlərdən qalma memarlıq abidələri, ədəbiyyatı və musiqi mədəniyyəti çox zəngindir.

 

Böyük inam və fəxrlə demək olar ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1970-80-ci illərdə Moskvanın, Leninqradın, Kiyevin məşhur universitetlərində oxumağa göndərilmiş gənclər bu gün müstəqil Azərbaycan elmini, iqtisadiyyatını və mədəniyyətini ucaltmaqla məşğuldurlar. Onların arasında professor Həbib Zərbəliyev də inamla elmin uca zirvələrinə doğru irəliləməkdədir.

 

 

Malik NOVRUZOV

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2009.- 4 sentyabr.- S. 3.