Nailiyyətlərimiz, qarşıda
duran vəzifələr
(Əvvəli qəzetimizin ötən
sayında)
Təhsilin dəyər olması özündə milli mədəni
keyfiyyətləri (dili, mentaliteti, milli bayramları, adət-ənənələri)
ehtiva etməsi zəruri xüsusiyyət kimi
açıqlanmalı, məktəbin nailiyyətlərini ifadə
edən zəruri şərt kimi onun izahı verilməlidir.
Şagirdlərin əldə etdikləri irəliləyişlərdə onun
mühüm göstərici kimi rolu xüsusi qeyd edilməlidir.
Sistem kimi təhsilin mahiyyətinin açıqlanması
zamanı onun fəlsəfi parametrlərindən, mahiyyət və
məzmunundan , mərhələlərindən, formalarından
söhbət açılmalıdır.
Təhsil
həm də insanların milli və bəşəri dəyərlərə
yiyələnməsi prosesinin ciddi mərhələsini əhatə
etdiyindən xüsusi diqqət mərkəzində
saxlanılmalıdır. Bir sistem kimi təhsilin xarakterik cəhətləri
ətrafında müzakirə açılmalıdır. Onun
didaktik əsası kimi təbiətəmüvafiqlik, praktik
istiqamətlilik, varislik, mərhələlilik, fərdi
ehtiyacların nəzərə alınması və fasiləsizlik
prinsipləri üzrə diskussiyalar təşkil
olunmalıdır.
Bölmələrdə
təhsil anlayışına yeni baxış onun, hər
şeyden əvvəl, bir proses kimi humanist pirinsiplərə
söykənən xarakteri barədə nisbətən
geniş polemika qurmağa imkan verəcəkdir. Demokratik təhsil
demokratik dərs şəraitində müəllimin və
şagird fəaliyyətinin xarakterindəki əməkdaşlıq
elementlərini müəyyənləşdirməyə, fərqli
cəhətləri konkretləşdirməyə şərait
yaradacaqdır.
Bu
işin gedişi prosesində ənənəvi pedaqogikada
işlənməyən "Təlim strategiyaları nədir",
"Təlim strategiyalarının mahiyyəti nədən
ibarətdir" kimi suallar da meydana çıxa bilər. O
zaman fənn kurikulumlarının təlim strategiyaları
bölməsinə müraciət etmək məsləhət
görülür. Orada göstərilir ki, təlim
strategiyaları müəllimin təlim prosesində istifadə
etdiyi forma, üsul və texnikaları əhatə edir. Ehtiyac
hiss edən müəllimlər bu strategiyalardan uyğun
olanını seçirlər, yaxud da səriştəsi olan
müəllimlər münasib strategiya hazırlayaraq ondan
istifadə edirlər. Bütün hallarda yeni kurikulumların tətbiqi
ilə məşğul olan, onu həyata keçirən
müəllimlər belə bir vəziyyətə hazır
olmalıdırlar.
Təbii
ki bütün bunlar fəal təlim şəraitinin
qurulmasını təmin edir. Pedaqoji proses yeni
kurikulumlarda müəyyən olunmuş yeni prinsiplərə
(pedaqoji prosesin tamlığı, təlimdə bərabər
imkanların yaradılması,
şagirdyönümlülük,
inkişafyönümlülük, fəaliyyətin
stimullaşdırılması, dəstəkləyici
mühitin yaradılması) əsasən təşkil edilir.
Bütün bunlar isə yeni təlim mühitinin
formalaşması ilə nəticələnir. Bu mühit
şagirdlərin fəallığı şəraitində
yaranan pedaqoji mühitdir. Artıq on ilə yaxındır ki,
respublikamızda fəal təlim problemi kimi layihələr
şəklində həyata keçirilən bu proses müəllimlərimizə,
pedaqoji ictimaiyyətə tanışdır. Fəal təlim
texnologiyadır.Bu sahədə əldə olunmuş
bütün təcrübələr təlimin ənənəvi
məzmunu uzrə qazanılmışdır. Təhsilin
ənənəvi məzmunu müəllimin yaradıcı fəaliyyətini,
onun istiqamətverici rolunu, şagirdlərin daha müstəqil
fəaliyyət göstərməsini, təşəbbüskarlığını
və s. genişləndirmək baxımından kifayət qədər
imkanlara malik deyildir. Lakin demokratik və humanist prinsiplər
əsasında formalaşdırılan yeni kurikulumlar müəllimlərin
və şagirdlərin proqressiv fəaliyyətinə imkan
yaratmaq, ona istiqamət vermək baxımından fərqlənir.
Yeni kurikulumlar əsasında hazırlanan resurslar bilavasitə
fəal təlim prosesini dəstəkləmək, onu
maraqlı öyrənmə prosesinə çevirmək
baxımından əhəmiyyət daşıyır. Təlim
prosesində iştirak edən qüvvələrin
funksiyası mahiyyət etibarı ilə dəyişir.
Nəticəyönümlü
təhsil sistemində pedaqoji prosesin mərkəzində dayanan
müəllim və şagirdlərin funksiyaları dəyişir.
Onların fəaliyyətləri əvvəlcədən
müəyyən olunmuş nəticələrə əsasən
qurulur. Müəllim kurikulumlara uyğun inteqrasiya olunmuş
proqramlarla yanaşı, yeni texnologiyalar hazırlayır, yaxud
mövcud olanların içərisindən ən münasib
olanını seçir. Bu texnologiyaların müəyyən
olunmasında müəllim və şagird şəxsiyyəti
təliminin aparıcı subyektləri kimi
çıxış edir. Münasibətlər "subyekt +
subyekt" formasına uyğun üfüqi istiqamətdə
qurulur. Bu zaman şagirdlər öz təfəkkürünü,
düşüncəsini , müəllimlər isə
şagirdin öyrənməsi üçün zəruri şəraitin
təşkilatçısı olur. Müəllimin rəhbərlik
funksiyası dəyişir, informasiya vermək sahəsindəki
fəaliyyəti məhdudlaşır. O, daha çox sinifdə
təlim fəaliyyətini əlaqələndirən, istiqamətləndirən,
məsləhətçi kimi şagirdlərin müstəqil
idrak fəaliyyətini, fəal
yaradıcılığını təşkil edən subyektə
çevrilir.
Şagirdlər isə öz növbəsində təlimin
ikinci subyektlərindən biri kimi fəallaşır, məktəb
təhsilinin məzmununu mənimsəmək və onu şəxsi
malı etmək üçün yaradılmış
imkanlardan və ya informasiya vasitələrindən, dərsliklərdən,
tədris metodik komplekslərdən, tədris tapşırıqlarına uyğun proqram
vasitələrindən, elektron dərsliklərdən və
sair istifadə edir. Bu zaman istər müəllimin, istərsə
də şagirdin üzərinə düşən konkret vəzifələr
aydın olmalı, müəyyən prinsiplər əsasında
həyata keçməlidir. Dərsin təşkili və
aparılmasında ən müasir pedaqoji prinsiplər, tələblər
əsas tutulmalı, onlara əsasən irəliləyişlər
əldə edilməlidir.
Dərs
bugünkü pedaqogikanın mühüm
anlayışlarından biri kimi istifadə olunmaqdadır. Hələ
də onun müəllimin rəhbərliyi altında, cədvəl
üzrə, müəyyən olunmuş şagird kontingenti ilə
konkret vaxt çərçivəsində keçirilməsi
pedaqoji tələb kimi öz qüvvəsini saxlayır.
Müəllimlər tədris fəaliyyətlərində
onlara əməl etməli olurlar. Standart dərsin
parametrləri kimi onları yerinə yetirirlər. İslahat
Proqramında müəyyən olunmuş təhsilin demokratikləşdirilməsi
istər - istəməz dərs anlayışına da yenidən
baxılmasını, onun humanist və demokratik prinsiplərə
tabe olan müasir variantının müəyyən edilməsi
istiqamətində düşünülməsini, konkret
təkliflər hazırlanmasını tələb edir. Bu mənada
bölmə iclaslarında beynəlxalq təcrübələrə
istinad etməklə demokratik əsasda qurulan müxtəlif, o
cümlədən qeyri-standart dərs modellərinin müzakirə
edilməsi də tövsiyə olunur.
Müasir
məktəbin normal fəaliyyətində müəllim və
şagirdlə yanaşı, aparıcı amil kimi valideyn də
iştirak edir. Yeni təhsil quruculuğunda valideyin-müəllim
əlaqələri sadəcə yığıncaqlarda passiv
iştirak etmək, informasiya toplamaq yox, əsl mənada
övladının təəssübkeşi olan sosial şəxslərin
fəaliyyəti kimi qurulmalıdır. Onlar təhsilin
bütün mərhələlərində,
övladlarının irəliləyişlərində müəllimlərlə
birgə iştirak etməli, onların hər hansı nailiyyətlərində
özlərinin stimullaşdırıcı reaksiyası ilə
maraq nümayiş etdirməlidirlər. özünün tələbkarlıq
prinsipi əsasında qurulmuş marağı ilə
müəllimin şəffaf qiymətləndirmə əsasında
həyata keçirdiyi tədris (öyrətmə) prosesinə
nüfuz etməlidir. Belə bir valideyn-məktəb əməkdaşlığının
yaranmasına necə nail olmaq olar? Təbii ki, bölmə iclaslarında
bu məsələnin də müzakirə olunmasına ehtiyac
vardır. çünki valideyn-məktəb münasibətlərinin
ümumi parametrləri respublikamızın müxtəlif
bölgələrində eyni deyildir. Onu vahid standartlar səviyyəsində
istiqamətləndirmək də imkandan xaricdir. Lakin ayrı-ayrı
bölgələrdə bu məsələ ətrafında
müzakirə aparmaqla müəyyən qərara gəlmək
mümkündür.
Bütün
sahələrdə olduğu kimi, təhsildə də nailiyyətlərin
uğurla başa çatdırılması üçün
onun düzgün planlaşdırılmasına böyük
ehtiyac vardır. Yeni kurikulumların tətbiqində bu sahədə
düzgün siyasətin aparılması tələb olunur.
Ona görə də təhsil işçiləri və eləcə
də müəllimlərin iştirak etdiyi bölmələrin
bütün iclaslarında fəaliyyətin
planlaşdırılması barədə müzakirələrin
keçirilməsi tövsiyə edilir.
Planlaşdırma
işi aparılmazdan əvvəl görüləcək
işlərin ümumi aspektləri layihələşdirilir.
Müxtəlif çeşiddən olan işlərin yerinə
yetirilməsinin ümumi parametrləri barədə qeydlər
edilir. Sonra imkan və ehtiyaclar nəzərə alınmaqla hər
hansı fəaliyyətə aid konkret planlar hazırlanır. Yeni kurikulumların reallaşdırılmasına
xidmət göstərən həmin planlaşdırmalar mahiyyət
etibarı ilə müxtəlif mərhələlərə
aid olmaqla, oradakı bütün məsələləri əhatə
edir. ölkə miqyasında nəzərdə tutulmuş nəticələrin
müxtəlif şəraitlərdə həyata
keçirilməsi ardıcıllığını əks
etdirməklə rayon, yaxud məktəb kurikulumunun vəzifəsini
icra edir. Yeni planlaşdırmalar təsadüfi, intuitiv,
mexaniki xarakter daşımamalıdır. Tətbiqi
araşdırmalara əsaslanmaqla yaradıcı əməyin məhsulu
olmalı, elmi mahiyyət kəsb edən sənəd kimi
meydana çıxarılmalıdır. Xüsusən
bu, ayrı-ayrı fənlər üzrə müəllimlərin
daha ciddi tədqiqatlar aparmasını, konkret təhsil mərhələsi
üzrə fəaliyyət göstərmək
üçün irəliləyişləri təmin edən,
məntiqi ardıcıllıqla qurulan planlaşdırma
sxeminin meydana çıxması ilə nəticələnməlidir.
Təbii
ki, bunların yerinə yetirilməsi üçün müəllimin
yeni pedaqoji təfəkkürə, yeni yanaşma tərzinə
malik olması çox vacibdir. Müəllimlər bu
yanaşma tərzinə yiyələnmək üçün
özlərinin potensial imkanlarını bilməli, onun
hansı zəruri nöqtəyə
çatdırılması istiqamətində aydın təsəvvürə
malik olmalıdırlar. Təbii olaraq, bu o zaman baş verə
bilər ki, müəllim özünə hazırkı fəaliyyət
müstəvisində yeni nəzərlə,təfəkkürlə
baxsın. Başqa sözlə, özünün fəaliyyət
istiqamətlərini yeni məktəbin (idrak məktəbinin)
tələblərinə uyğunlaşdırsın. Azərbaycan təhsilinin psixopedaqoji problemlərini
öyrənən professor Əbdül Əlizadə haqlı
olaraq belə qənaətə gəlir ki, "Müasir məktəbin
bugünkü uğurları və işıqlı sabahı
ancaq (və ancaq) yeni pedaqoji təfəkkürün nailiyyətləri
ilə şərtlənir və şərtlənəcəkdir".
Bu isə onu söyləməyə imkan verir ki,
yeni pedaqoji təfəkkür, yeni baxış olmadan təhsilin
yeni prinsiplərini, məzmun və strategiyalarını, qiymətləndirmə
mexanizmlərini başa düşmək çətinləşəcək,
təhsildə istifadəsi zəruri hesab edilən
texnologiyalarla işləmək mümkün olmayacaqdır.
Ona görə də müəllimlər ilkin
olaraq kurikulumların tərkib hissəsi kimi məzmun
standartlarının əhəmiyyəti və rolu, məzmun və
strukturu haqqında zəruri anlayışlara malik olmalı,
standartlar əsasında təlim işinin
planlaşdırılmasına aid bacarıqlara yiyələnməlidirlər.
Bu zaman şagirdlərdə anlama, tətbiq, analiz, sintez, dəyərləndirmə
kimi idrak qabiliyyətlərinin formalaşdırılmasına,
mənimsənilməsinə üstün yer ayrılması
diqqət mərkəzində saxlanılmalıdır. Məktəbdəki bütün fəaliyyətlərin
planlaşdırılmasında şagirdlərin idrak,
hissi-emosional və psixomotor (fiziki) bacarıqlarının
formalaşdırılması, bütövlükdə
şagird şəxsiyyətinin inkişaf etdirilməsi diqqət
mərkəzində saxlanılmalıdır.
Aparılan
müzakirələrdə mühüm istiqamətlərdən
birini şagird nailiyyətlərinin qiymətləndirilməsi
təşkil etməlidir. Müəllimlər bu
məsələ ətrafında müzakirələr apararkən,
ilk növbədə, yeni təhsil sisteminin yaranması ilə
yanaşı, yeni qiymətləndirmə mexanizmlərinə
ehtiyacın əmələ gəlməsini qeyd etməli, Milli
Kurikulumda, fənn kurikulumlarında həmin problemlə
bağlı müddəaların olmasından danışmalı və xüsusi olaraq Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9
nömrəli qərarı ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası"nın üzərində geniş
dayanmalı və səmərəli təhlillər
aparmalıdırlar. Bu zaman aşağıdakı məsələlərə
xüsusi diqqət yetirilməli, onlarla bağlı uyğun təkliflər
hazırlamalıdırlar.
İlk növbədə, Qiymətləndirmə
Konsepsiyasının hazırlanması nələri
reallaşdırır, sualına münasibət bildirilməlidir.
İzah edilməlidir ki, bu konsepsiya heç bir vaxt Azərbaycanda
mövcud olmayan, yeni bir idarəetmə mexanizminin
formalaşdığını meydana
çıxarmışdır. Bu mexanizmdə mütərəqqi
dünya ölkələrinin təhsil sahəsindəki qiymətləndirmə
ənənələri ümumiləşdirilməklə
yanaşı, Azərbaycanın mövcud təhsil durumu, onun
idarəetmə və qiymətləndirmə sahəsindəki
özünəməxsus cəhətləri mühüm amil
kimi nəzərə alınmış və məktəb
rəhbərlərinin, eləcə də müəllimlərin
qiymətləndirmə sahəsində mütərəqqi
yanaşmalarına istinad olunmuşdur.
Qiymətləndirmə
Konsepsiyasında başlıca məqsədlərin, fəaliyyət
istiqamətlərinin müəyyən olunmasına ümumi məsələlər
kimi baxılmış, onun yaradılmasını zəruri edən
şərtlər əsaslandırılmışdır. Demokratik və humanist xarakterə malik bir təhsil
sistemi kimi Azərbaycan təhsilinin özəllikləri,
inkişaf istiqamətləri, qiymətləndirmə mexanizmlərinin
bu prosesdəki əhəmiyyəti və faydası,
özünəməxsus cəhətləri
açıqlanmışdır. Ən başlıcası,
istifadə olunacaq qiymətləndirmə növlərinin
texnoloji parametrləri üzərində xüsusi
dayanılmış, onlardan istifadənin prosedur cəhətləri
şərh olunmuşdur.
Təhsil
sahəsində qiymətləndirmənin sistemi dedikdə,
ilkin olaraq onun məzmununun müəyyənləşdirilməsi
yada düşür. Qiymətləndirmənin məzmunu
fənn kurikulumlarında əhatə olunduğundan bu sənəddə
həmin məsələ sadəcə xatırlanır və
qiymətləndirmə mexanizmləri və vasitələrinin
yaradılmasında məzmun standartlarının, fənn
kurikulumlarının bir mənbə kimi əsas olması
xüsusi qeyd edilir.
Qiymətləndirmə Konsepsiyasında şagird nailiyyətlərinin
qiymətləndirilməsinin əsas xüsusiyyətləri,
qiymətləndirmə növlərinin ümumi cəhətləri,
məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə
növlərinin mahiyyət və məzmunu konseptual olaraq
müəyyənləşdirilir.
Müzakirələr
zamanı Qiymətləndirmə Konsepsiyasında
qarşıya qoyulmuş məqsədlərin mahiyyəti
açıqlanmalı və onun
aydınlaşdırılması istiqamətində geniş təhlillər
aparılmalıdır.
Məlum
olduğu kimi, Konsepsiyada qiymətləndirməyə
dünyanın qlobal təhsil problemi kimi yanaşılır,
onun hazırlanmasını şərtləndirən səbəblər
göstərilir. Belə qiymətləndirmə mahiyyət
etibarilə, ilk növbədə, dünyanın siyasi,
iqtisadi, sosial dəyişiklikləri ilə əlaqələndirilir.
Bu dəyişikliklər cəmiyyətdə
idarəetmənin daha demokratik üsullarla həyata
keçirilməsi, ölkədə açıq vətəndaş
cəmiyyətinin qurulması, inkişaf etmiş ölkələrlə
səmərəli əməkdaşlığın təmin
edilməsi, beynəlxalq bazar münasibətlərinin və
iqtisadi rəqabət şəraitinin yaradılması və
milli özünəqayıdış hisslərinin
aşılanması məqsədlərinə yönəlməklə
özündə dünyəvi cəhətləri ümumiləşdirir.
Doğrudan da, dünyanın inkişaf etməkdə olan
demokratik ölkələrindən biri kimi Azərbaycan təhsil
sistemində daha ümumi məqsədlərə doğru
yönəlmiş yeni qiymətləndirmə fəaliyyətlərinin
qurulması, bu sahədə irəliləyişlərdən xəbər
verir. Başqa
sözlə, bu cəhətlər işlərin müsbət
istiqamətdə getdiyini göstərir.
Konsepsiyanın
qlobal məqsədlərə yönəlməsi istər-istəməz
onun tətbiq imkanlarını genişləndirəcək,
humanist və demokratik təhsil sisteminin qurulması
baxımından gələcək fəaliyyətləri təmin
ediləcəkdir. Belə bir şəraitdə,
ilk növbədə, cəmiyyətdə müasir
baxışların, dəyərlərin (mədəniyyətlərin)
formalaşmasına təkan veriləcək; ikinci, bazar
münasibətləri şəraitində müəyyən
olunmuş məzmunun (standartların) mənimsənilməsi təmin
olunacaq; üçüncü, qiymətləndirmə
prosedurlarını müəyyən edən normativ-hüquqi
baza yaradılacaq; dördüncü, milli qiymətləndirmə
sistemi yaradılacaq və ölkənin beynəlxalq qiymətləndirmədə
iştirakı təmin ediləcəkdir.
Qiymətləndirmə
Konsepsiyasının çərçivə sənədi kimi
xüsusiyyətləri barədə də bölmə
iclaslarında müzakirələrin aparılması məqsədəmüvafiq
hesab edilir. Bu müddəanı əsaslandırmaq
üçün konsepsiyadakı "Bu sənəd çərçivə
sənədi kimi, Azərbaycan Respublikasının Təhsil
Qanununun, Azərbaycan Respublikasının təhsil sahəsində
İslahat Proqramının tələblərinə və
dövlətin təhsil siyasətinə, qiymətləndirmənin
müasir dünya standartlarına uyğun
hazırlanmışdır və yeni qiymətləndirmə
sisteminin prinsipləri üçün baza rolunu
oynayır" fikrinə istinad etmək lazımdır. Sonra
belə bir nəticə ümumiləşdirilməlidir ki,
konsepsiyada müəyyənləşdirilmiş müddəalar
ümumi xarakter daşımaqla özündən sonra bir
sıra sənədlərin hazırlanması
üçün zəmin rolunu oynayır.
Onlardan
birincisi "Məktəbdaxili və milli qiymətləndirmə
konsepsiyası"nın hazırlanmasıdır. Gələcəkdə yaranacaq bu sənəddə
şagird nailiyyətlərinin uzunmüddətli strategiyası
müəyyənləşdiriləcək, məktəbdaxili
və milli qiymətləndirmənin məqsədi, vəzifələri,
təşkili məsələləri, vasitələri və
sair öz əksini tapacaqdır. İkinci, qiymətləndirmə
növlərinin tətbiqi üzrə prosedur qaydalar
hazırlanacaqdır. üçüncü, şagird nailiyyətlərinin
qiymətləndirilməsi ilə bağlı pedaqoji, metodik ədəbiyyat
yaradılacaq, təhsil menecerləri üçün köməkçi
resurslar hazırlanacaqdır. Dördüncü, kurikulum
islahatı çərçivəsində müvafiq qiymətləndirmə
vasitələri yaranacaqdır. Bu zaman şagirdlərin
idrak, hissi və psixomotor fəaliyyətləri sahəsində
nailiyyətlərinin xüsusiyyətləri nəzərə
alınacaqdır. Şagird nailiyyətlərini qiymətləndirmək
üçün verilmiş təlim
tapşırıqlarında hər bir fənnin xüsusiyyətləri
diqqət mərkəzində saxlanılacaqdır.
Bu
müddəalar üzrə Qiymətləndirmə
Konsepsiyası, ümumiyyətlə, şagird nailiyyətlərinin
qiymətləndirilməsi problemi üzrə də geniş
müzakirələr açılmalı və səmərəli
təkliflər formalaşdırılmalıdır.
Konfransda Azərbaycan təhsilinin ən müasir problemlərindən
biri kimi informasiya-kommunikasiya texnologiyalarından - İKT-dən
istifadə problemi də geniş müzakirə edilməlidir.
İlk növbədə, məsələyə dövlət
qayğısının olması, onun daim diqqət mərkəzində
saxlanılması, bu barədə dövlət
proqramlarının qəbul edilməsi vurğulanmalıdır.
Müzakirələrdə informasiya texnologiyaları ilə
təmin olunmağa başlanılmasının məhz XXI əsrin
ilk illərinə düşdüyü qeyd edilməlidir.
İzah olunmalıdır ki, İKT-dən istifadəyə dair
ilk Dövlət Proqramı qəbul edilənədək
ölkədə adambaşına düşən kompüterlərin
sayı 1:1000
olmuşdur. Bu sahədə pedaqoji kadr hazırlığı
1%, İnternetdən istifadə isə 1,5% təşkil
etmişdir. Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin informasiya və
kommunikasiya texnologiyaları ilə təminatı Proqramı
(2005-2007-ci illər) çərçivəsində həyata
keçirilən tədbirlər nəticəsində vəziyyət
dəyişmiş, İKT-dən istifadə
bacarıqlarının səviyyəsi yüksəlmişdir.
Bu, 27 şagirdə 1 kompüterin düşdüyü,
İKT üzrə müəllim kadrlarının
hazırlığının 8% təşkil etdiyi bir şəraitdə
baş vermişdir.
Bu işi dəstəkləmək, onu daha da inkişaf
etdirmək məqsədilə respublika Prezidenti İlham Əliyev
cənabları 2008-ci il 10 iyun tarixində "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" haqqında sərəncam
imzalamışdır. Bu proqramda təhsilin bütün pillələrində
İKT-nin səmərəli tətbiqi və istifadəsi,
vahid ümummilli təhsil mühitinin formalaşdırılması,
əhalinin bütün təbəqələri
üçün keyfiyyətli təhsilalma imkanlarının təmin
edilməsi və Azərbaycan təhsilinin dünya təhsil
məkanına inteqrasiyasının
reallaşdırılması başlıca məqsədlər
kimi qarşıya qoyulmuşdur. Təhsil
sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi,
elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi,
təhsil sistemində idarəetmənin
informatlaşdırılması, kadr potensialının
gücləndirilməsi və normativ-hüquqi bazanın
möhkəmləndirilməsi islahatın məqsədindən
irəli gələn vəzifələr kimi müəyyənləşdirilmişdir.
Bölmələrdə Proqramın tələbinə
uyğun olaraq İKT üzrə maddi-texniki bazanın təkmilləşdirilməsi,
kompüter və rəqəmsal avadanlıq təminatına
texniki nəzarət və dəstək sisteminin
yaradılması, korporativ şəbəkə, şəbəkə
idarəetmə və nəzarət sisteminin, İnternet xidmətləri
və İnternet şəbəkəsinə
çıxışın təmin edilməsi haqqında
müzakirələrin keçirilməsi, elektron təhsillə
bağlı fənlər üzrə elektron elmi-metodik vəsaitlər
kompleksi,İKT-nin tətbiqi üzrə məlumat və resurs
mərkəzi və vahid təhsil portalının
yaradılması, elektron təhsil (e-learning) resursları bazasının
təkmilləşdirilməsi və interaktiv tədris
imkanlarının genişləndirilməsi tədbirlərinin
həyata keçirilməsi barədə açıqlamalar
verilməli, dərin təhlillər aparılmalıdır.
Bu yazıda 2009-cu il sentyabr konfransları üçün
daha aktual hesab edilən bir neçə problem xarakterli məsələlərdən
söhbət açıldı. Onların sayını
artırmaq da olardı. Lakin bölmə iclaslarında
aparılan müzakirələrin əsas məqsədi
müxtəlif bölgələrdə zonalar üçün xarakterik olan problemlərin
araşdırılması və onların aradan
qaldırılması üçün müvafiq təkliflərin
hazırlanmasına yönəldilməlidir.
Azərbaycanda təhsil quruculuğu davam edir. Ona görə də müzakirələrdə təkcə sadalanan problemlər deyil, müxtəlif bölgələrin spesifik xüsusiyyətlərinə aid digər məsələlər də müzakirə obyektinə çevrilməlidir. Heç şübhə etmirik ki, həmin müzakirələrdə əldə olunmuş nəticələrin, irəli sürülmüş təkliflərin ümumiləşdirilməsi üçün onlar Təhsil Problemləri İnstitutuna göndəriləcəkdir.
Abdulla
MEHRABOV
Ənvər
ABBASOV
Azərbaycan müəllimi.- 2009.- 4
sentyabr.- S.5.