Təhsildə yeni kimlik modeli

 

Yerin milyard illərlə ölçülən tarixi ilə müqayisədə bəşəriyyətin mövcudluğunun 6 min ili planetin təşəkkülündəki yeni dövrün ilk saniyəsinə bənzəyir. Düzdür, qısa mövcudluğumuzla müqayisədə nəzərdən keçirdiyimiz 6 min il çox uzun müddətdir. İki min il əvvəl olduğu kimi, indi də insana xatirə kimi xatırlanan vaxtın dərki belə assosiasiya yaradır ki, hər şey hələ irəlidədir: Amma insan - "bəşəriyyətin bütün tarixi yerin tarixində keçici bir epizod deyilmi" sualını verə bilər. Bu sual həm də insanın həqiqətə çatmaq istəyi ilə üst-üstə düşəndə gələcəyin mənzərəsi daha aydın görünə bilər. Bir şərtlə ki, dünyanın yeni yozumu təhsilin diqtə etdiyi proqnozlarla həmahəng olsun.

Xalqın həyatı, etiqad və yaradıcılıq dühası onun daxili aləminin yalnız görünən tərəfləridir. Görkəmli filosof Q. Lebon hər bir xalqın dünyanın sürətlə dəyişən ritminə uyğunlaşması üçün qeyd edirdi ki, "...öz daxili aləmini, ruhunu dəyişməlidir, öz sivilizasiyasını başqasına ötürə bilməsi üçün onun öz ruhunu başqasına vermək iqtidarında olması da lazımdır. Bu gün dünyanın inkişaf axarında təkcə insanları deyil, həm də bütöv xalqları dəyişə bilən ən böyük amil təhsil fenomenidir.XXI əsrə damğa vuran informasiya cəmiyyətində təhsilin əsas məqsədi, cəmiyyətlərin bir-birləri ilə rabitə və təsirin daha az olduğu dönəmlərdəki kimi müəyyən davranış, dəyər və məlumatları ötürən və əvvəlki nəsillərin etdiklərini təkrarlayan deyil, yeni düşüncələri ortaya çıxaran və yeni fikirlər irəli sürən insanları yetişdirmək olmalıdır. Herbert Spenserin qeyd etdiyi kimi, "təhsil öz predmeti ilə xarakterin formalaşması"na xidmət edir. Burada təkcə individin xarakteri deyil, bütöv sosiumun xarakterindən söhbət gedir. Futurist alim A.Tofflerin gələcəyin təlatümünü öncə görərək bildirirdi ki, təhsil sisteminin inqilabi transformasiyası, tədris planlarının gələcəyə fokuslanması lazımdır. Bunsuz "gələcək şokunu" qarşılamaq mümkün deyil. İnformasiya cəmiyyətində lokomotiv şəkildə qavranılan "bilgisayar" və "bilgi" ilə ictimai yaşayış tərzinin dəyişməkdə olduğunu və buna uyğun olaraq, yeni insan modelinin də formalaşdığını görürük. Yeni insan modelini formalaşdırmaq isə bilavasitə təhsilin vəzifəsidir.

XXI əsrdə - yeni biliklər çağında texnologiyanın intensiv olaraq istifadə edildiyi cəmiyyətlərdə fərdin ictimai faydalılığı üçün kifayət edəcək təhsilin mövcud olması vacib şərtlərdəndir. İnformasiya cəmiyyətində tədqiqat və inkişafa ən yüksək səviyyədə önəm verilərək, zəruri bir qaynaq olan informasiyanın inkişafı üçün elmdə, texnologiyada və insan gücündə dayaq rolu oynayan təhsil ön planda tutulmalıdır. Bu mənada fərdin dəyişən şərtlərə özünü uyğunlaşdıracaq, gələcəyi bütün incəlikləri ilə qavraya biləcək, gördükləri işlərə tənqidi baxış oyandıracaq, daim dəyişən bir mühitdə yeni əlaqələr qura biləcək tərzdə bilik və bacarıqlar qazanması zəruridir. Cəmiyyəti "postindustrial inqilaba hazırlamaq üçün" təhsildə ciddi islahatların aparılmasını vacib bilən Toffler biliklərin vərdişlərə çevrilməsi üçün yeni reseptlər təklif edirdi.

XXI əsr insanının başlıca fərqi ondadır ki, o, daim öyrənməyə və özünü yetişdirməyə səy göstərməlidir. çünki elm insan üçündür, elm yoxdursa, insan da yoxdur. Elmin önəmi odur ki, o, insanın yaşaya bilməsi üçün yoxluğu inkaredilməz bir mahiyyət daşıyır. Bildiyimiz kimi, həyatda aktiv şəkildə istifadə olunan və hərəkət nöqtəsi kimi qərarları yönləndirən əsas güc informasiyadır. Sürətlə çoxalan və yayılan informasiya qarşısında fərdin şəxsi görüşləri dəyişməkdədir. O zaman da hər şeyi bilmək əvəzinə, hansı məlumatı haradan və necə əldə edə biləcəyini öyrənmək istəyən, yəni "öyrənməyi öyrənmək" anlamında fərd ortaya çıxmaqdadır.

İnformasiya cəmiyyətində təhsilin əsas məqsədində önəmli bir dəyişiklik və yenilik olmalıdır. Təhsil prosesində fərdin ona verilən məlumatı araşdırmasından daha çox, fərdin özünün işinə yarayan məlumatı istifadə etməsi faktı getdikcə yayılmaqdadır. Beləcə, təhsil prosesində fərdi öyrənməyin ön plana çıxarıldığı əksər məktəblərdə, hamının daim olaraq öyrənməsi və öz mövzuları ilə əlaqəli texnoloji və iqtisadi yenilikləri izləməsi və öyrəndiklərini həyata keçirməsi lazımdır. Təhsil prosesi informasiya üzərində inşa edilmişdir. İnsan öz təcrübələri, fərdi və ictimai ehtiyacları ilə əlaqəli olan təhsil prosesini mənimsəməkdədir. Bu da insanların informasiya yayılmasına nəzarət edən və istiqamət verən metodlar haqqında məlumatlandırılmalarının vacibliyini ortaya çıxarmaqdadır. İnformasiya cəmiyyətində təhsilin sosial hədəfi və məsuliyyəti mövzusunda aşağıdakı məsələlərə diqqət yetirilməsi zəruridir:

1. İnformasiya cəmiyyəti üçün verilən təhsilin sosial məqsədi olmalıdır.

2. Təhsil sistemi açıq olmalı, təhsil almaq istəyənlərin qarşısına çıxan maneələr aradan götürülməlidir.

3. Sadəcə təhsil müəssisələrində deyil, demək olar ki, bütün qurumlarda təhsilin qayğısına qalmaq lazımdır.

4. Bütün ixtisaslar üzrə təhsil imkanları təbliğ olunmalıdır.

5. Diplom,qabiliyyətin təqdiri yerinə qabiliyyətin önünə qoyulan maneə halına gəlməməlidir.

İnformasiya cəmiyyətinin xüsusiyyətləri-təhsilin sosial bir məqsədə yönələrək həyata keçirilməsi və həyatın bütün sahələrində fasiləsiz yayılması şəklində qarşımıza çıxır. Belə bir anlayışa istinadən təhsilə önəm verən və onu həyata keçirməyə çalışan cəmiyyətlər informasiya cəmiyyəti kimi qiymətləndirilə bilər. çünki bu cəmiyyətdə başlıca alət bilikdir. Bu baxımdan Drakerin maraqlı fikri yerinə düşür: "Başlıca iqtisadi vasitə - iqtisadçıların işlətdiyi terminlə səciyyələnən "istehsal vasitələri" bundan sonra nə kapital, nə təbii ehtiyatlar, nə də "əmək" kimi qəbul edilməyəcək. O, bilikdir və bilik olaraq qalacaqdır".

Bunun üçün də informasiya texnologiyalarının istehsalı və istifadəsi istiqamətində başda insan üçün əsas yatırım sayılan təhsilə, elm və texnologiyaya qoyulan investisiya siyasətinə önəm verilməsi, xüsusi qabiliyyətə sahib işçi qüvvəsinin çatışmazlıqlarının aradan qaldırılması ancaq məktəb təhsili ilə yanaşı, peşə təhsilində, magistr təhsilində davamlılığının təmin olunması və keyfiyyətinin artırılması ilə mümkündür.

İnkişaf etmiş sosiumlarda təhsil müəssisələri - universitetlər və tədqiqat mərkəzləri informasiya cəmiyyətinin beynini formalaşdırırlar. İnformasiya cəmiyyətinin avanqard qüvvəsi - təhsilli işçi qüvvəsini hazırlayan mütəxəssislərdir. Bu səbəblə də təhsil müəssisələri yeni tələblərlə qarşılaşacaq, bəlkə də "təhsilli insan" anlayışı və buna bağlı olaraq "təlim metodları" və "təhsil proqramları" yenidən gözdən keçirilməlidir. Qeyd olunan məsələ ilə bağlı A. Toffler tədris proqramlarının daim innovativ ruhunun vacibliyini ön plana çəkərək qeyd edirdi ki, "indiki tədris proqramları keçmişin mənasız qalıqlarıdır". Hər hansı bir ölkədə mövcud olan təhsil milli təhsildən daha ziyadə, qlobal səviyyədə təhsilli insan yetişdirməyə istiqamətləndirilməlidir.

Təlim edilən təhsil, inteqrasiyanın və təhsilin daimiliyini təmin edən "ömürboyu təhsil almaq" şüarı ilə həyata keçirilməlidir. Burada məqsəd keyfiyyətli insan yetişdirməkdir. Adətən, Azərbaycan cəmiyyətində belə bir tendensiya hökm sürür ki, təhsil almaq yaşı daha çox 6-20 yaşla məhdudlaşır. Bu da ona gətirib çıxarır ki, insanlar daim dəyişən bilik və bacarıqlara vaxtilə öyrəndiyi dar qəlibdən baxmağa vərdiş edirlər. Nəticədə qazanılmış biliklərin müasir bacarıqlara çevrilməsi mümkün olmur. Bu da son nəticədə cəmiyyətin və deməli, dövlətin inkişafına mane olur. Ancaq müasir dünyada təcrübə fərqlidir. Xüsusilə universitetlərə gedən gənclərin çox az bir qismi yetkinlik yaşına çatanlardır: " Məsələn, ABŞ-da universitet tələbələrinin 35,8%,İngiltərədə 19,6 %, Fransada 34%, Almaniyada 44%-nin yaşı 25-dən yuxarıdır. Buradan da göründüyü kimi, fərdin özünü yetişdirmə missiyası daim dəyişməkdə, dayanmadan yeniləşməkdədir və buna görə də təhsil daimi olmalıdır. Artıq informasiya cəmiyyətində təhsilin daimilik qazanma dövrü dövlətin dəstək və qayğısı ilə fərdin öhdəsinə verilmişdir. Bu da bir çox hallarda ona gətirib çıxarır ki, texnologiyanın sürətli inkişafı iş həyatında lazımi bilik və bacarıqları yetərsiz saymaqdadır.

Getdikcə təhsil fenomeni elə bir səviyyəyə gəlib çıxmışdır ki, artıq ölkənin iqtisadi, siyasi və sosial təhlükəsizliyi bir çox hallarda bundan asılıdır. Məsələn, dünyanın qəbul etdiyi bir həqiqət vardır ki, " Yaponiya cəmiyyətinin inkişafının lokomotivi rolunu oynayan təhsil sistemi olmasaydı, heç bir kapital qoyuluşu Yaponiyanı bugünkü yüksək səviyyəli texnologiyaların və böyük iqtisadi potensialın əldə olunmasına gətirib çıxara bilməzdi.

Cəmiyyətdə hər hansı bir yerə sahib ola bilmək üçün təhsil müəssisələri, təhsili idarəedənlər yeni fəlsəfə ilə tanış olmalıdır. Bütün bu yanaşmalar əsasında gələcəyin təhsil görüşü 3 şəkildə düsturlana bilər:

- Bilmək üçün öyrənmək; belə təhsil insanlara öyrənməkdən zövq almağı öyrədir.

- Etmək üçün öyrənmək; burada fərd zəruri olan bacarıqlarını üzə çıxarmaq üçün öyrənmək məcburiyyətindədir. İnsanlar təhsil müddətində iş təcrübəsi qazanmaqla bacarıqlarını inkişaf etdirmə fürsəti əldə etdiklərindən, sözügedən bacarıq və qabiliyyətlər daha asan inkişaf edir.

- Olmaq üçün öyrənmək, fərdin öz zehnində anlayış gücü, fiziki qabiliyyətlər, estetik duyğusu, əlaqə qura bilmə bacarığı, liderlik və b. duyğuları ilə yaşadığı cəmiyyətdə faydalı olduğunu göstərmək üçün müraciət etdiyi öyrənmə yoludur.

XXI əsrə damğasını vuran informasiya cəmiyyətində gələcəyin təhsil formatı təhsil sistemi, məktəb mədəniyyəti, idarəetmə, müəllim və şagird baxımından nə kimi yeni axtarışlara ehtiyac olduğunu sübut edir.

 

Yeni məktəb modeli

 

Məktəbin fəaliyyəti təhsilə ehtiyacı olan şagirdlərin varlığına bağlıdır. Şagirdləri yaşadığımız dövrün və cəmiyyətin tələblərinə uyğun yetişdirmək vəzifəsi də məktəbin üzərinə düşür. çünki məktəb təhsil sistemində bir çox sosial funksiyaları yerinə yetirmə baxımından, şəxsiyyətin sosiallaşması, təlim-tərbiyəsi və inkişafı nöqteyi-nəzərdən çox vacib nüvədir. İnformasiya cəmiyyətində şagirdlərin fikirlərini ifadə edə bilmələri, səbəb-nəticə əlaqəsinə bağlı olaraq düşünməyi və ağlını işlədərək yeni biliklərə yiyələnməyi və qazandıqları yeni biliklərlə təhsilin növbəti üst məqamına qədəm qoymaları, ya da iş həyatında özlərini sınamaları zəruridir. Buna görə də XXI əsrdə informasiya cəmiyyətinin tələblərinə cavab verə biləcək bir məktəb modeli qurmağımız üçün təhsil sistemində bütöv və sistematik dəyişiklik etmək məqsədəuyğun hesab olunur.

Bu mənada məktəblərin informasiya cəmiyyətinin sahib olduğu dəyərləri mənimsəməsi, özününküləşdirməsi və tətbiqi çox vacibdir. Ancaq şagird, müəllim və digər tərəfin də buna paralel olaraq dəyişməsi qaçılmazdır. Bu yeni dəyişikliklərlə məktəblər öz fərqliliklərini qorumaqla yanaşı, düşüncəyə, yaradıcılığa, təşəbbüskar və məhsuldarlığa dəyər verən yeni məktəb modelini bir tərkibdə birləşdirməyə çalışmalıdırlar.

Yeniliklər və həyata keçirilməsi arzuedilən çağdaş düşüncələr də məktəb və öyrənmə şəraitinin dəyişilməsini zəruri edir. çünki təhsil müəssisələri olaraq məktəblər, daim yeniliyə açıq, biliklərin əldə edildiyi, istifadəsi və inkişafı, qrup halında çalışmaqla insanda özünə inamın təmin edildiyi, günün hər saatında istifadəyə yararlı, cəmiyyətin yeni informasiya ehtiyacının təmin edildiyi, şagirddə yaradıcı düşüncənin inkişafını qarşısına məqsəd qoyan, çoxfunksiyalı bir sistemdə olmaq məcburiyyətindədir. Yeni məktəb mədəniyyətinin ən çox nəzərəçarpan xüsusiyyəti qrup şəklində çalışmaqdır. Yüksək motivasiyaya sahib fərdlərin daim öyrənmək arzusunda olması, şagird-müəllim-idarəetmə heyətindən ibarət olan qrup üçün müvəffəqiyyətin əldə edilməsində ilkin şərtlərdəndir.

Yeni məktəb anlayışında formalaşdırılan bu missiyanın inkişafa açıq olması əsas xüsusiyyət sayılmalıdır. Bunun üçün də şagird-müəllim-valideyn və təhsildən çox şey gözləyən fərdlər də nəzərə alınaraq, toplu halda fikir yürütməyi sevən, əzbərdən uzaq və hər kəsə açıq məktəb sistemini inkişaf etdirməliyik. Bu sistemdə məktəbin klassik iş funksiyası olan məlumatı öyrətmək və ya ötürmək əvəzinə araşdırma apara bilmək, tənqidi düşünə bilmək, öyrənməyə davam etmək, nizam-intizamı mükəmməlləşdirmək kimi vərdişlərin qazanıldığı mərkəzlər halına gətirilməlidir. Beləliklə, vətəndaş cəmiyyətində iştirak müvəffəqiyyətli peşə karyerası olmadan, demək olar ki, mümkün deyil, çünki o, şəxsi müstəqilliyin, özünə hörmətin və xoş güzəranın əsasını təşkil edərək həyatın keyfiyyətini müəyyən edir.

 

Yeni məktəb idarəetmə modeli

 

İnformasiya cəmiyyətində məktəb idarəetməsi məfhumu yeni mahiyyət daşıyır. Bu mənada ənənəvi məktəb rəhbəri əvəzinə liderlik daha çox əhəmiyyət qazanmışdır. Klassik idarəetmə anlayışı da bu nisbətdə dəyişməkdədir. Məktəb idarəetməsi müsbət yöndə dəyişə bilmək üçün dəyişən liderliyin fəal rolu ilə ayaqlaşmalıdır. Liderliyin yeni forması isə dəyişkən xarakterli olmasıdır.Məktəb rəhbərliyi dəyişikliyə maneə törətməkdənsə, yeni fürsətləri dəyərləndirərək, arzu edilən dəyişikliyi və yeniliyi asanlaşdırmağa istiqamətləndirilmiş informasiyanı idarə etməyi, ondan istifadəni inandırıcı və daim öyrənmək bacarığına sahib olmalıdır. Beləliklə, məktəb rəhbərliyi dəyişikliyin gətirdiyi yeni fürsətləri görərək onları dəyərləndirməli, məktəblərin yeni çağa hazırlanmasına cavabdeh olmalıdırlar. İnformasiya cəmiyyətinin əsas dəyərlərinin qəbul edildiyi müasir dövrümüzdə də məktəb rəhbəri öyrənən lider olmalıdır. öyrənən lider yeni istiqamətlərdən xəbərdar, daim öyrənə bilən, sürətlə dəyişən və inkişaf edən informasiya cəmiyyətinin formasına uyğun strategiyalar ortaya qoya bilən və fərdlərin yetişdirmə səviyyəsindən, yəni öyrənmələrindən məsul olan liderdir. Məktəb rəhbərinin müvəffəqiyyəti bütövlükdə müəllimin müvəffəqiyyətinə bağlıdır. Bu səbəblə də idarəedən müəllimlərinə öz sahələrində səlahiyyətli və məsul olacaq tərzdə, professional şəkildə hərəkət etməyə fürsət yaradaraq ixtisasları üzrə püxtələşmələrində alternativ qərarlar verə bilmək təşəbbüsünə sahib olmalıdır. çünki müəllimin gücü və hərəkətinin dayaq nöqtəsi təkcə avtoriteti ilə deyil, biliyi və öyrənməyə əzmli olması ilə ölçülməlidir. İnformasiya cəmiyyətində məktəb idarəçisi özünü yetişdirən, daim öyrənən, sahib olduğu qurumdan kənar baş verənləri izləyə bilən, tabeliyində olan fərdlərin öyrənmələrindən və bir məqsəd ətrafında birləşərək qrup halında çalışa bilmələrindən məsul lider kimi daim öz-özünə: "nəyi, necə daha yaxşı edə bilərəm" - şəklində suallar verən, innovasiyanı dəstəkləyən, daim zehnində gələcəklə bağlı düşüncələrin olduğu təşəbbüskar "nəyi, nə zaman, niyə etdiyini bilən", məktəbdə oxuyub öyrənmək üçün münasib şəraiti təmin edən, şagirdin müvəffəqiyyətini ön plana çıxaran və buna təşviq edən təsirli əlaqə qurma qabiliyyətinə sahib gənc və yeniyetmələri tanıya bilən, müasir dövrdəki yeni texnologiyalardan xəbərdar olan və onlardan məktəbində lazımlı şəkildə istifadə edən insanlar olmalıdır. Müəllimin yeni kimliyi, təhsil üçün münbit şərait yaradaraq həyat tərzinə uyğun islahedici tənqid yolunu tutan və təcrübi bir dünyagörüşü ilə şagirdin öyrənməsində özünün passiv, şagirdin isə aktiv şəkildə iştirakını təmin edəcəkdir. Beləcə, şagirdin daim ortaya çıxan texnoloji yenilikləri izləyə bilməsi mümkün olacaqdır. Bu şəkildə şagirdlər dəyişikliklərlə ayaqlaşmağa və öyrənə bilmə bacarığından sonuna qədər istifadə etməklə peşə həyatında ən dəyərli xüsusiyyətə sahib olacaqlar. Şagirdlərin informasiya cəmiyyətinə lazımi şəkildə elm və qabiliyyətə sahib bir insan kimi yetişməsində kompüteri bilmənin böyük rolu vardır. çünki təhsil müddəti ərzində həm vasitə, həm də məqsəd kimi istifadə olunan bilgisayardan istifadə etmək artıq hər kəsin məcburiyyətində olduğu ümumi bilik kimi qəbul edilir. Eyni zamanda texnologiyanın imkanlarından istifadə edərək layihələr hazırlayan və fərqli layihə qruplarında işləyə bilən, qrup şəklində çalışmağı bacaran, müstəqil şəkildə düşünə bilən, xəyal qurmaq qabiliyyəti yüksək olan, elm axtarışında olan, yaradıcı, hər növ düşüncəyə hörmət edən şəxsiyyətlər olacaqlar. Bu mənada kütləvi təhsil, həyat boyu təhsil, yüksək səviyyəli təhsil, qloballaşan və yüksək keyfiyyətli təhsil texnologiyaları XXI əsr təhsilinin əsası olacaqdır. Elmi cəmiyyətdə təhsilin hədəfi bunlar olacaqdır:

* Ən azı bir xarici dil bilən

* Bilgisayarı bilən

* Öyrənməyi bilən

* Yaradıcılıq qabiliyyəti olan

* Nizam-intizamla bağlı müxtəlif layihələrdə qrup çalışmalarına qatılan

* Yerli anlayışı qlobal anlayışla birləşdirən

* Demokratiyaya və insan haqqlarına hörmət bəsləyən, bunları həyat tərzinə çevirən insanlar yetişdirməkdir.

Nəticə olaraq bunu deyə bilərik ki, XXI əsrdə biliyin önəmi daha da artacaq və buna heç kimsə şübhə edə bilməz. Bu səbəbdən Azərbaycanın "biliklərə əsaslanan cəmiyyətə" və ya informasiya cəmiyyətinə uyğunlaşa bilməsi üçün təhsil prosesində inqilabi dəyişikliklərə ehtiyac vardır. Məşhur futurist alim A. Toffler də qeyd edirdi ki, təhsildə inqilab edin,ənənəvi addımları tərk edin. Uşaqlara pis təhsil veririk. Məktəblərin yeni iqtisadiyyatın qaydalarına görə hazırlanması lazımdır. Məktəblərdə yeni düşüncə tərzlərini inkişaf etdirmək lazımdır.

Yeni məktəb anlayışı ilə müəllimlərin fərqli və yeni kimliklər fəlsəfəsinə sahib olması bir zərurət olaraq qarşımıza çıxmaqdadır. Müəllim çox çevik məlumat əldə etməklə daim biliklərini yeniləşdirməlidir. çünki öyrənən cəmiyyətin müəllimləri ömürboyu şagird olmalıdırlar. Biliklər cəmiyyətinin tərbiyəçisi biliyin tərbiyəvi əhəmiyyətinin fərqinə varmalıdır. Biliyi vermə və onu əldə etmə mövzusunda rəhbərlik etməyi öhdəsinə götürən müəllimlər biliyin seçimi mövzusunda mütəxəssis olmaq məcburiyyətindədir. Bu səbəblə də özlərini yetişdirməlidirlər.

İnformasiya cəmiyyətində müəllimin əsas rolu, öyrənmə üsullarını şagirdə mənimsədərək ona məlumatı necə əldə edə bilməyi və ondan faydalı yararlanmağı öyrətməkdir. Qısaca olaraq, müəllim şagirdə biliyi necə qazandırmalıdır?! Bu da şagird üçün öyrənməyi öyrətməkdir. Ancaq burada müəllim şagirdini yaxşı tanımalı, onun öyrənmə səviyyəsinə uyğun öyrənmə imkanı yaratmaq və o istiqamətdə şagirdi istiqamətləndirmə vəzifəsini yalnız tətbiq edən deyil, bir mütəxəssis olaraq edə bilməlidir.

Müəllim biliklər cəmiyyətində bilik əldə etmə, seçmə və faydalanma müddətindən istifadəni yaxşı bilməlidir. Müasir dövrdə ortaya çıxan texnoloji hadisələr təhsil almaq səylərinə ancaq müəllimin müvəffəqiyyəti ilə iştirakı təmin etmədə və müəllimin statusu bilikdən istifadə etmə bacarığıyla eyni nisbətdə artmaqdadır. Bundan başqa, müəllimin araşdırma və öyrənmə fəaliyyətində özünü dar qəliblər içərisində tutmaması, geniş düşüncəyə sahib, qrup şəklində çalışa bilən, əlaqə qura bilən, elmi mübahisə aparmaq və problem həll etmək bacarığına sahib, riskə girə bilən, çox səsə önəm verən, çevik, yeni bilik texnologiyalarından xəbərdar olan və onlardan istifadə etməyi bacaran bir fərd olması, yəni bütün bu bacarıqlarını göstərə bilməsi onun yeni kimlik xüsusiyyətlərindəndir.

İnformasiya cəmiyyətində meydana gələn yeniliklər, proqramların inkişafı, öyrənmə qaynaqlarının hazırlanması, təlimlə məşğul olan pedaqoji heyətin daim olaraq yetişdirilməsini zəruri edir. Biliklər cəmiyyətində öyrənməyən, passiv bir müəllimin ondan gözlənilən vəzifələri yerinə yetirə bilməsi mümkün deyildir. Müəllimlərin daim yetişdirilməsinə önəm verərək, təhsil sistemi üçün investisiya qoyulmalıdır.

 

Şagirdin yeni kimliyi

 

Biliklər cəmiyyətində məktəb, idarəedən və müəllimlərin fəaliyyətində müşahidə olunan dəyişikliklər şagirdlərin səviyyəsində öz əksini tapmalıdır. Əgər müəllim və məktəbi idarə edən dəyişərsə, sagird köhnə dar qəliblərdən uzaqlaşaraq müəlliminin köməyi ilə "öyrənməyi öyrənən" bir fərd olacaqdır. Şagirdi öyrənməyə və problemlərin həllinə təşviq edən yeni təhsil sistemi ilə hər bir şagird öz bacarıqları istiqamətində çevik və geniş dünyagörüşünə sahib olaraq yetişdirilməlidir. Bu da şagirdin yiyələndiyi biliyi şərh edə bilməsini və ona məna qazandırmasını, yəni bilik əldə etmə bacarığına sahib olmasını təmin edəcəkdir.

Yuxarıda qeyd etdiyimiz təhsil hədəflərini həyata keçirə bilməyən, elm və texnologiyadakı sürətli inkişaf və dəyişikliyi fəal bir şəkildə təhsil prosesinə ötürə bilməyən cəmiyyətlər XXI əsrdə geri qalmış ölkələr platformasında yer almaq təhlükəsi ilə qarşı-qarşıya durmaqdadır.

Beləliklə, müəllimi bir tədqiqatçı olaraq görən, tədris metodları və dərs proqramları ilə yeni məktəb mədəniyyətini inkişaf etdirən, şagirdini gələcək əsr üçün həyat boyu təhsildə "öyrənməyi öyrənən" bir anlayışla yetişdirən və onlara yeni kimliklər qazandıran bir cəmiyyət biliklər cəmiyyəti olacaqdır.

 

 

Cəsarət VALEHOV

 

Azərbaycan müəllimi.-2009.- 4 sentyabr.-S.6.