Bərdədə daha iki məktəb binası istifadəyə veriləcək
Bu gün respublikamızın bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da yeni təhsil müəssisələrinin tikintisi və yenidən qurulması davam edir. Təsədüfi deyil ki, son 5 ildə dövlət vəsaiti hesabına rayonda 13 yeni məktəb binası tikilib, 20-si isə əsaslı təmir edilib.
Hazırda rayonun Kətəlparaq və Qaradırnaq kəndlərində yeni məktəblərin tikintisi başa çatmaq üzrədir. Bu məktəblərin yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.
Kətəlparaq kənd orta məktəbi 640 yerlik olaraq 3 mərtəbədən ibarətdir. Bununla yanaşı, 31 sinif otağı, kitabxana, müəllimlər, kompüter otağı, fizika və kimya laboratoriyaları, idman və akt zalları şagird və müəllimlərin ixtiyarına veriləcəkdir. Məktəb həmçinin istilik sistemi ilə də təchiz olunub. Türkiyənin "Alarko" firmasına məxsus bu sistem müasir tələblərə uyğun olaraq quraşdırılıb. Məktəbin həyətində abadlıq işləri aparılıb, asfalt salınıb.
Qaradırnaq kənd orta məktəbi isə 2 mərtəbədən ibarət olaraq 480 nəfər şagird üçün nəzərdə tutulub. Tikintisi 2009-cu ilin yanvarından başlayan məktəbdə artıq son tamamlama işləri gedir. Məktəb 23 sinif, 2 kompüter otagı, fizika və kimya laboratoriyaları, kitabxana, bufet, akt və idman zallarından ibarətdir. Bununla yanaşı, məktəb müasir standartlara cavab verən avadanlıqlarla da təchiz olunub. Məktəbin enerji təchizatını yaxşılaşdırmaq üçün əlavə transformator quraşdırılması da nəzərdə tutulub. Həyətyanı sahə abadlaşdırılıb. Yenidənqurma işləri davam edir.
Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.-2009.- 4 sentyabr.-S.8.