Təhsil və karyera"
sərgisinə həsr
olunmuş mətbuat konfransı
Sentyabrın
9-da "Trend" İnformasiya Agentliyinin zalında 3-cü Azərbaycan
Beynəlxalq "Təhsil və karyera" sərgisinin
açılışına həsr olunmuş mətbuat
konfransı keçirildi. Konfransda təhsil naziri Misir Mərdanov
iştirak edirdi. Mətbuat konfransının
açılışından sonra "İteca Caspian"
şirkətinin direktoru Fərid Məmmədov rəhbərlik
etdiyi müəssisənin gördüyü işlər barədə
qısa məlumat verərək təşkilatçısı
olduqları tədbirlərə göstərdikləri maraq və
diqqətə görə təhsil naziri Misir Mərdanova və
mətbuat nümayəndələrinə minnətdarlığını
bildirdi. Sonra "Təhsil və Karyera" sərgisinin
meneceri Xəyal Əliyeva sərginin təşkili ilə
bağlı məlumat verdi.
Təhsil naziri Misir Mərdanov mətbuat
konfransında sərgi haqqında məlumat verərək
bildirdi ki, bu il sərgi öz meydançasında
dünyanın 12 ölkəsindən 53 təşkilatı,
şirkəti bir araya gətirəcək; bu isə ötənilki
iştirakçıların sayından 25 faiz çoxdur.
Ümumilikdə, ekspozisiya sahəsi 30 faiz artmışdır.
Bu il çoxlu sayda yeni təşkilatların sərgidə
iştirak etməsi də sevindirici haldır - onlar ümumilikdə
iştirakçıların 50 faizini təşkil edirlər.
Belə ki, sözügedən sərgidə Azərbaycan təhsil
sistemini Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət
İqtisadi Universiteti, "Azərbaycan" Universiteti, Azərbaycan
Diplomatik Akademiyası və digərləri təmsil edəcəklər.
Bu ilin debütantları kimi ölkənin kənd təsərrüfatı
sektorunda mütəxəssislər hazırlayan yeganə təhsil
müəssisəsi - Azərbaycan Dövlət Aqrar Universiteti
(Gəncə), habelə Bakı Peşə Liseyi təmsil
olunacaqlar. Sərgidə ilk dəfə olaraq qeyri-hökumət
gənclər təşkilatları və birlikləri də
iştirak edəcəklər.
Nazir qeyd etdi ki, sərgi orta və ali təhsil,
xaricdə təcrübə və iş, ixtisasın
artırılması üzrə dil kursları və treninqlər,
işəgötürmə, təhsil ədəbiyyatı və
təhsil sahəsində informasiya texnologiyaları kimi bölmələri
təqdim edəcək. "Təhsil və karyera - 2009" sərgisinin
ekspozisiyasına yeni sektorlar əlavə olunacaq. İlk dəfə
olaraq sərgidə orta məktəb müəssisələri
üçün məktəbli forması, eləcə də
orta məktəbə hazırlıq proqramları və testlər
təqdim edən məktəbəqədər təhsil sektoru
nümayiş etdiriləcək. Xaricdə təhsil sektoru əvvəlki
sərginin tendensiyasını davam etdirərək
İsveçrə, Böyük Britaniya, Almaniya, Türkiyə,
İtaliya, Rusiya, çexiya, Macarıstan və digər
ölkələrdən olan Avropa təhsil müəssisələrini
geniş şəkildə təqdim edəcək. Belarusun Təhsil
Nazirliyi öz stendində ölkəsinin dörd dövlət
universitetinin ekspozisiyasını birləşdirəcək.
Builki sərginin fərqli məqamlarından
biri də karyera sektorunun geniş ekspozisiyası olacaq. Bu
ekspozisiyaya xaricdə ali təhsil müəssisələrini
bitirmiş gənclərin işlə təmin olunması
proqramlarını təqdim edən Böyük Britaniya təşkilatları,
ABŞ Ali Biznes Məktəbi və digər təşkilatların
iştirakı daxil olacaq. İlk dəfə olaraq "Təhsil
və karyera" sərgisində İsveçrə tərəfindən
mehmanxana işinin idarəolunması üzrə ali məktəb
təqdim olunacaq. Hazırda əlavə peşəkar
bacarıqların əldə edilməsi imkanını təmin
edən şirkətlərin rolu artmaqdadır. Bununla əlaqədar
ilk dəfə olaraq sərgidə bugünkü əmək
bazarının müasir tələblərinə
uyğunlaşmaq üçün konsaltinq, treninq və
seminarlar təklif edən şirkət iştirak edəcək.
Nazirin bildirdiyinə görə, bu ilki sərginin
daha bir fərqli məqamı burada fəal, işgüzar,
intellektual və əyləncəli proqramın
olmasıdır. üç gün ərzində onlayn rejimində
tədris proqramları, treninqlər, kurslar keçiriləcək.
Aparıcı mütəxəssislər tərəfindən
"Təqdimat bacarıqları" mövzusuna həsr
olunmuş təkmilləşdirmə məşğələləri
təşkil olunacaq. Sərgi çərçivəsində
bədii təfəkkürü və
yaradıcılığı inkişaf etdirən yapon
intellektual oyunları və tapmacaları üzrə müsabiqə
də keçiriləcək. Müsabiqənin nəticələrinə
əsasən mükafatlar təqdim olunacaq.
Çıxışdan məlum oldu ki,
sərgi təşkilatçıları "Uşaq ili"nə
həsr olunmuş tədbirlər planını gerçəkləşdirməklə
"Təhsil və karyera" sərgisində uşaq evləri
və internatlar üçün kitab yığımı
üzrə "Kitab hədiyyə et!" adlı xeyriyyə
aksiyası da keçirəcəklər.
İşəgötürən, təhsil
müəssisələri və gənclər arasında
dialoqun inkişafı üçün platforma yaratmaq - Azərbaycan
Beynəlxalq "Təhsil və karyera" sərgisinin əsas
məqsədidir. Sözügedən sərgi regionda gənclərin
yerli və beynəlxalq təhsilin inkişafı haqqında məlumatlandırılmasına
yönəlmiş oxşar tədbirlər ilə müqayisədə
ən iri tədbir sayılır. Belə ki, sərgi mədəni
mübadilə proqramları, Azərbaycanda və xaricdə təhsil
və iş imkanları haqqında hərtərəfli məlumat
təqdim edəcək və hansı ixtisaslara daha çox tələbatın
olduğunu öyrənməyə imkan verəcək.
Mətbuat konfransının sonunda təhsil
naziri Misir Mərdanov jurnalistləri maraqlandıran suallara cavab
verdi.
Azərbaycan
müəllimi.-2009.-11 sentyabr.-S. 8.