Təhsil
işçilərinin respublika konfransı
Sentyabrın 5-də
"Gülüstan" sarayında təhsil işçilərinin
ənənəvi respublika konfransı keçirildi. Konfransda
Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis
sədrinin birinci müavini Ziyafət Əsgərov, Prezident
Administrasiyası humanitar siyasət məsələləri
şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri
Misir Mərdanov, rabitə və informasiya texnologiyaları
naziri Əli Abbasov, xarici işlər nazirinin müavini, Azərbaycan
Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Yeni Azərbaycan
Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov,
deputatlar, nazirlik və dövlət komitələrinin
nümayəndələri, Azərbaycanda fəaliyyət
göstərən beynəlxalq qurumların təmsilçiləri,
ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri,
şəhər və rayon təhsil şöbələri və
idarələrinin müdirləri, Təhsil Nazirliyinə
birbaşa tabe olan lisey və gimnaziyaların direktorları,
2009-cu ildə keçirilmiş "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrinin qalibləri,
KİV əməkdaşları iştirak edirdilər.
İştirakçılar
öncə Azərbaycan təhsilinin nailiyyətlərindən
bəhs edən kitab sərgisinə baxdılar. Konfransa
aparıcılıq edən respublika uşaq parlamentinin
üzvləri tədbiri açıq elan etdikdən sonra məktəblilərin
ifasında Azərbaycan Respublikasının Dövlət himni
səsləndi. Təhsil sahəsində dövlət siyasətini
əks etdirən videoçarx nümayiş etdirildi. Sonra
"2008-2009-cu dərs ilinin yekunları və 2009-2010-cu dərs
ilində qarşıda duran vəzifələr"
mövzusunda məruzə-təqdimat üçün söz təhsil
naziri Misir Mərdanova verildi.
Təhsil naziri iştirakçıları salamlayaraq bildirdi ki, konfransın keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə ötən dərs ili ərzində təhsil sahəsində həyata keçirilmiş islahatların əsas istiqamətləri, mövcud problemlər, onların həlli yolları, növbəti dərs ilində görüləcək işlərin istiqamətləri barədə Azərbaycan ictimaiyyətinə məlumat verməkdir.
Ötən dərs ilinin Azərbaycanın təhsil həyatında çox vacib bir il olduğunu deyən nazir Azərbaycan dövlətinin başçısının əvvəlki illərdə olduğu kimi, ötən il də təhsili daim diqqət mərkəzində saxladığını, il ərzində təhsillə bağlı çoxsaylı
fərmanlar, sərəncamlar imzaladığını,
bir neçə istiqamət üzrə proqramların təsdiq olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı", "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" təsdiq olunmuşdur.
Nazir Təhsil Nazirliyi ilə Dünya Bankı arasında imzalanmış
İkinci Kredit sazişini, ötən ilin mayında keçirilmiş "Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda YUNESKO-nun regional konfransını, İSESKO ilə birlikdə keçirilmiş İslam ölkələri ali təhsil və elmi-tədqiqat nazirlərinin IV konfransını, Azərbaycan müəllimlərinin XIII qurultayını, möhtərəm Prezidentimizin "Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında" bu il aprelin 24-də imzaladığı
sərəncamı, Bakı şəhərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılmasını, cənab Prezidentin sərəncamı ilə Azərbaycanın təhsil tarixində ilk dəfə həyata keçirilmiş və ölkə ictimaiyyətinin böyük marağına səbəb olmuş "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" müsabiqələrini də ilin ən mühüm hadisələri sırasında qeyd etdi.
Artıq ikinci ildir ki, keçirilən müsabiqələr haqqında bir qədər ətraflı
məlumat verən nazir, hər iki il üzrə müsabiqələrin nəticələrinə əsasən, ölkə Prezidenti tərəfindən mükafatlandırılmış ən yaxşı ümumtəhsil məktəbləri və ən yaxşı müəllimlərin siyahısı, müsabiqələrdə yaxşı iştirak edən və etməyən rayonların adlarını konfrans iştirakçılarına təqdim etdi.
Sonra nazir konfrans iştirakçılarını ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə təhsilə ayrılan büdcə vəsaitinin artımını əks etdirən rəqəmlərlə
Nazir konfrans iştiraklarının diqqətini ekranda nümayiş olunan 2003-2009-cu illər ərzində Azərbaycan müəllimlərinin aylıq əməkhaqqının artım dinamikasını əks etdirən qrafikə yönəltdi. Qrafikdən aydın oldu ki, müəllimlərin əməkhaqqı ilbəil artaraq 2003-cü ildə 42,3 manatdan 2009-cu ildə 268,5 manata yüksəlib. Ekranda nazirin müvafiq müşayiətedici şərhi ilə bir təhsilalana düşən xərclərin inkişaf dinamikasını göstərən slaydlar da nümayiş olundu. Məlum oldu ki, bir təhsilalana düşən xərclər məktəbəqədər təhsil müəssisəsində 2008-ci ildə 703, 2009-cu ildə 884, ümumi təhsil müəssisəsində müqayisə olunan illər üzrə müvafiq olaraq 420 və 577, texniki peşə təhsili müəssisəsində 943 və 1108, orta ixtisas təhsili müəssisəsində 566 və 741, ali təhsil müəssisəsində isə 813 və 1176 manat təşkil edib.
2008-2009-cu dərs ili ərzində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 247 nəfər təhsil işçisinin dövlət təltiflərinə layiq görüldüyünü söyləyən nazir bunu dövlətimizin başçısının təhsil işçilərinə diqqət və qayğısının nəticəsi kimi dəyərləndirdi.
Təhsil naziri uzun müddət müzakirələri keçirilən "Təhsil haqqında" Qanunun qəbulunu da ötən tədris ilinin ən yaddaqalan hadisələrinin biri saydı və qanunda təsbit olunmuş bir sıra yeni müddəlarla konfrans iştirakçılarını
Misir Mərdanov məruzə-təqdimatında təhsilin hər bir pilləsi üzrə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında konfrans iştirakçılarına ətraflı məlumat verdi. öncə məktəbəqədər təhsillə bağlı statistik rəqəmlər nümayiş olundu. Müəssisələrin, uşaqların və pedaqoji işçilərin sayını göstərən cədvəli şərh edən nazir bildirdi ki, 2009-cu ildə məktəbəqədər təhsil müəssisələrinin sayı 2008-ci ilə nisbətən 54 vahid azalıb. Müvafiq şəkildə uşaqların və pedaqoji işçilərin sayında da azalma olub. Nazir bunun məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi ilə bağlı qəbul olunmuş qərarla əlaqədar olduğunu söylədi. Özəl uşaq bağçalarının sayının isə artdığını deyən nazir yeni dərs ilinin əvvəlində 3 yeni özəl uşaq bağçasının fəaliyyətə başlayacağını diqqətə çəkdi.
Nazir daha sonra Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş, "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı"nda nəzərdə tutulan və həyata keçirilən tədbirlər haqqında məlumat verərək bildirdi ki, bu ilin əvvəlindən 320 yerlik 2 uşaq bağçası binası inşa edilmişdir. Onlar yeni dərs ili ərəfəsində açılacaq. Bakı şəhərində 20, Sumqayıtda 1 uşaq bağçası əsaslı təmir olunub. Ağdam, Füzuli, Cəbrayıl rayonlarından olan məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə 11 uşaq bağçası yeni binalarda fəaliyyətə başlamışdır. Bütövlükdə dərs ilinin başlanmasına 16 yeni uşaq bağçası tikilib istifadəyə verilmişdir.
Nazir Heydər Əliyev Fondunun bu sahədəki xidmətlərini xüsusi qeyd etdi, Fondun dəstəyi ilə tikilmiş və təmir olunmuş uşaq bağçalarından fotogörüntülər nümayiş etdirildi.
Məktəbəqədər təhsil müəssisələrinin
tədris vəsaitləri ilə təminatına toxunan nazir
bildirdi ki, son 20 ildə ilk dəfə olaraq 37 adda təlim vəsaitləri
hazırlanaraq uşaq bağçalarına
çatdırılmışdır.
Nazir Təhsil Sektorunun inkişafı üzrə İkinci
Layihəyə əsasən YUNİSEF-in dəstəyi ilə
məktəbəqədər təhsilin müasir tələblərə
cavab verən yeni kurikulumlarının hazırlanmasına
başlandığını diqqətə
çatdırdı, qarşıda duran digər vəzifələrdən
söz açdı.
Təhsil nazirinin məruzə-təqdimatında təhsilin
ən vacib sahəsi olan ümumi təhsilin inkişafı
yönündə görülmüş işlər və
mövcud problemlər də ətraflı təhlil olundu. Nazir
öncə sahə ilə bağlı statistikanı diqqətə
çatdırdı. Müəllimlərin sayını əks
etdirən rəqəmlərin üzərində xüsusi
dayanan Misir Mərdanov bildirdi ki, "əgər biz ötən
dərs ilinə 173100 müəllimlə
başlamışdıqsa, ilboyu həyata keçirilmiş tədbirlər
nəticəsində bu say yeni dərs ilində azaldılaraq
170000-ə çatdırılıb ki, bu da müsbət
haldır. Biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik".
Son 7-8 il ərzində birinci sinfə gedən
uşaqların sayında ciddi azalma olduğunu deyən nazir,
2007-2008-ci dərs ilindən başlayaraq bu sahədə
artım qeydə alındığını, bu il 125114 nəfər
uşağın birinci sinfə qəbul olunacağını
diqqətə çatdırdı.
Nazir Misir Mərdanov məruzə-təqdimatında son illər
nəinki ölkəmizdə, hətta bütün dünyada
heyrətlə qarşılanan və ölkə Prezidentinin həyata
keçirdiyi islahatların ən öncül istiqamətlərindən
biri kimi dəyərləndirilən yeni məktəb tikintisi
ilə bağlı məlumat verərək bildirdi ki,
2008-2009-cu illərdə Dövlət Proqramı hesabına
44176 yerlik 152 yeni məktəb tikilmişdir. 36 məktəbdə
14600 şagird yerlik əlavə korpus inşa edilmişdir.
Digər mənbələr hesabına 2009-cu ildə 8286 yerlik
27 yeni məktəb binası, 6 məktəb üçün əlavə
korpuslar tikilmişdir. Beləliklə, 2008-2009-cu illərdə
52462 şagird yerlik 179 yeni məktəb binası, 42 məktəb
üçün 15 min yerlik əlavə korpuslar tikilib istifadəyə
verilmişdir. Bununla yanaşı, bu illər ərzində 118
məktəb binası əsaslı təmir olunmuş, 293 məktəbin
istilik sistemi əsaslı təmir və bərpa edilmişdir.
Sonra ekranda yeni istifadəyə verilmiş bəzi məktəblərin
fotogörüntüləri nümayiş olundu.
Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi
haqqında məlumatını davam etdirən nazir onların
avadanlıqlarla təchizinə dair faktlar və rəqəmləri
diqqətə çatdırdı. Qeyd etdi ki, 2008-2009-cu illərdə
377 məktəb avadanlıqla təmin olunub, müstəqillik
illərində ilk dəfə olaraq 119 məktəb ilin sonunadək
bu gün ən çox ehtiyac duyulan müasir kimya və fizika
laboratoriyaları ilə təmin olunacaq.
Nazir məktəblərin infrastrukturunun yeniləşdirilməsində
Heydər Əliyev Fondunun müstəsna xidmətləri
olduğunu bildirdi. Qeyd etdi ki, son illər Fondun təşəbbüsü
ilə 300-ə yaxın yeni məktəb, uşaq
bağçası, uşaq evi, internat məktəbi binası
tikilib istifadəyə verilmiş, əsaslı təmir və
bərpa olunmuş, müasir avadanlıqlarla təchiz
edilmişdir. 2009-cu ildə Fondun təşəbbüsü ilə
1600 şagird yerlik 6 yeni məktəb binası inşa
olunmuşdur.
Məruzə-təqdimatında kurikulum islahatına da
toxunan nazir bildirdi ki, ötən dərs ilində ümumtəhsil
məktəblərinin I siniflərində tədrisə
2006-cı ildə Azərbaycan hökuməti tərəfindən
təsdiq olunmuş "Ümumi təhsilin
Konsepsiyası (Milli Kurikulum)" əsasında hazırlanan fənn
kurikulumları və müasir dərsliklərlə
başlanmışdır və bu proses 2009-2010-cu dərs ilində
II siniflərdə davam etdiriləcəkdir.
Yeni kurikulumların tətbiqi ilə bağlı 18 minədək
müəllim xüsusi proqram əsasında öyrədici təlim
kurslarından keçirilmiş, bu işə dəstək
kimi Təhsil Nazirliyində "Kurikulum" jurnalının nəşrinə
başlanmışdır. Növbəti dərs ilində V-XI
siniflər üzrə fənn kurikulumları hazırlanıb
təsdiq olunacaq. 2009-2010-cu dərs ilindən Milli Kurikuluma
müvafiq olaraq 3 pilot məktəbində həndəsə və
cəbrin inteqrativ proqramla riyaziyyat fənni kimi tədrisi layihəsinə
başlanacaq.
Ciddi məsələlərdən birinin də məktəblərdə
xarici dilin tədrisi ilə bağlı olduğunu söyləyən
nazir, uzun illər bu sahədə vəziyyətin qənaətbəxş
olmadığını, bu məsələyə indi tamamilə
başqa istiqamətdən yanaşıldığını,
bununla bağlı dünya təcrübəsinin öyrənildiyini
diqqətə çəkdi. Bildirdi ki, ötən il Bakı
şəhərinin 7 məktəbində British Council təşkilatının
köməyi ilə ingilis dilinin intensiv tədrisinə
başlanıb. Bu iş I və V siniflərdə
aparılıb. Həmin siniflərdə işləyən 55 nəfər
müəllim Böyük Britaniyadan dəvət olunmuş
beynəlxalq məsləhətçinin iştirakı ilə
xüsusi treninqlərdən keçirilmişdir. Bu istiqamətdə
aparılan iş ilin sonunda qiymətləndirilmiş və
layihənin bu il də I-II və V-VI siniflərdə davam
etdirilməsi qərara alınmışdır.
Nazir bu işin rus dilinin tədrisi ilə bağlı da
aparılacağını, bu məqsədlə Rusiya
Federasiyasının Təhsil Nazirliyi, həmin ölkənin
Bakıdakı səfirliyi ilə müvafiq razılaşma əldə
olunduğunu söylədi.
Misir Mərdanov diqqətə çatdırdı ki, ötən
dərs ilindən Azərbaycanda "Qiymətləndirmə
Konsepsiyası" təsdiq edilib. Konsepsiyaya uyğun olaraq
müasir qiymətləndirmə sistemi təhsilin keyfiyyətini
idarə edən zəruri amil kimi meydana çıxır, məktəbin,
müəllimin fəaliyyətinin, tədris prosesinin keyfiyyətinin,
şagirdlərin təlim nəticələrinin standartlara
uyğunluğunun, ümumilikdə kurikulumların qiymətləndirilməsini
təmin edir.
Nazir bu istiqamətdə artıq bir sıra addımlar
atıldığını, ölkənin ümumtəhsil məktəblərinin
XI siniflərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada test üsulu ilə keçirildiyini bildirdi.
Dünya təcrübəsinə uyğun olaraq ölkəmizdə
qiymətləndirmə siyasətini 3 istiqamətdə
aparıldığını deyən nazir bununla əlaqədar
beynəlxalq təcrübənin öyrənildiyini, ölkəmizin
artıq 3 beynəlxalq proqrama qoşulduğunu bildirdi və
beynəlxalq qiymətləndirmə ilə bağlı fikirlərini
konfrans iştirakçıları ilə
bölüşdü. 3 il öncə və bu il
aparılmış qiymətləndirmənin nəticələri
barədə faktlar gətirdi.
Milli qiymətləndirmə ilə bağlı
görülmüş işlər barədə də məlumat
verən Misir Mərdanov cari ilin may ayında respublikanın 52
rayon və şəhərinin 216 məktəbində 12500
şagird əhatə olunmaqla Milli qiymətləndirmənin tədqiqat
mərhələsinin keçirildiyini, hazırda Milli qiymətləndirmənin
nəticələrinin təhlilinin
aparıldığını, bu barədə ilin sonunadək
ictimaiyyətə məlumat veriləcəyini söylədi.
Məruzə-təqdimatında təhsil naziri Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə təsdiq
edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı"nın həyata keçirilməsi
istiqamətində görülmüş işlərə də
toxundu və bildirdi ki, proqramın icrası ilə
bağlı riyaziyyat, kimya, fizika və biologiyadan istedadlı
uşaqlar üçün 6 adda kitab çap olunub. ölkənin
ayrı-ayrı rayonlarında 4 fənn üzrə
istedadların seçimi aparılıb, seçimdə fərqlənən
uşaqlar üçün Bakı şəhərində yay
təlim-istirahət düşərgəsi təşkil
olunub.
Nazir aparılmış seçimin, dünya fənn
olimpiadalarında Azərbaycan məktəblilərinin nəticələrini
əks etdirən rəqəmlərlə konfrans
iştirakçılarını tanış etdi. Qeyd etdi ki,
son 10 ildə dünya fənn olimpiadalarında Azərbaycan məktəbliləri
10 qızıl, 21 gümüş, 45 bürünc medal olmaqla
ümumilikdə 76 medal qazanmışdır.
Məruzə-təqdimatın dərslik siyasəti
bölümündə nazir ötən il və bu il çap
olunmuş dərsliklərlə bağlı rəqəmləri
sadaladı. Qeyd etdi ki, 2009-2010-cu dərs ili üçün
87 adda 4.256.000 nüsxə dərslik və müəllim
üçün vəsait nəşr olunmuş və
artıq məktəblərə
çatdırılmışdır. Bunlardan 19 adda dərslik
və 21 adda müəllim üçün metodik vəsait
yeni kurikulumlar əsasında tədrisə davam edən II
siniflər üçün çap olunmuşdur.
Heydər Əliyev Fondunun dəstəyi ilə 130 adda 1,4
milyon ədəd tədris əyani vəsait hazırlanıb
çap etdirilərək məktəblərə
çatdırılmışdır.
Yeni çap olunmuş dərsliklərin və vəsaitlərin
fotogörüntüləri konfrans
iştirakçılarına nümayiş etdirildi.
Misir Mərdanov məruzə-təqdimatında təhsil
müəssisələrinin pedaqoji kadrlarla təminatı sahəsində
görülmüş işlərdən də bəhs edərək
bildirdi ki, Nazirlər Kabineti tərəfindən təsdiq
olunmuş və 2005-2009-cu illəri əhatə edən
ölkənin ümumtəhsil məktəblərinin pedaqoji
kadrlarla təminatı üzrə inkişaf proqramı
başa çatdırılmış, ümumilikdə 6179, o
cümlədən 2009-cu ildə 1308 nəfər müəllim
stimullaşdırıcı tədbirlər tətbiq edilməklə
respublikanın ehtiyacı olan ucqar kənd məktəblərinə
göndərilmişdir.
Təhsil siyasətində müəllim
hazırlığının ən ciddi məsələlərdən
biri olduğunu deyən nazir bu məsələyə xüsusi
diqqət göstərildiyni, müəllimlərin işə
qəbulunda yeni mexanizmlərin tətbiq olunduğunu diqqətə
çatdırdı.
Məktəbli formasının tətbiqi barədə də
məruzə-təqdimatda söz açan nazir artıq
üçüncü ildir ki, başlanmış və
ictimaiyyətin də dəstəklədiyi bu işin yeni dərs
ilində də davam etdiriləcəyini söylədi.
Təhsil sahəsində həyata keçirilən digər
bir proqrama - de institutlaşdırma proqramına da toxunan nazir həmin
proqram çərçivəsində dövlət uşaq
müəssisələrinin transformasiya planının
hazırlanıb təsdiq olunduğunu, planauyğun tədbirlər
həyata keçirildiyini, Uşaq Müdafiə Sisteminin
yaradılması istiqamətində addımlar atılmağa
başlandığını, qarşıdan gələn dərs
ilində bu sahədə də işlərin davam etdiriləcəyini
dedi.
Sonra ekranda məktəbdənkənar təhsil müəssisələrinin
mövcud durumunu əks etdirən statistik göstəricilər
nümayiş olundu. Nazir bildirdi ki, bu müəssisələrin
bir çoxunun fəaliyyəti hiss olunmadığından
onların sayı azalmaqdadır. Ötən dərs ilində 5 məktəbdənkənar müəssisənin
fəaliyyəti dayandırılıb.
Məktəbdənkənar təhsil sahəsində
görülən işlərdən danışan nazir ötən
illər ərzində bir sıra yarışlarda məktəbli
idmançıların diqqətəlayiq qələbələr
qazandığını, bir çox uşaq
yaradıcılıq sarayı və mərkəzlərində,
uşaq-gənclər idman və şahmat məktəblərində
təmir işlərinin görüldüyünü və
onların yeni avadanlıqlarla təmin edildiyini diqqətə
çatdırdı.
Ölkədə aparılan təhsil siyasətinin ən vacib
istiqamətlərindən birinin təhsil sisteminin
informasiyalaşdırılması olduğunu vurğulayan Misir
Mərdanov bu sahədə həyata keçirilən proqramlar,
əldə olunmuş uğurlar və görüləsi
işlər barədə də konfransda geniş məlumat verdi.
Bildirdi ki, bu sahədə artıq ikinci proqram həyata
keçirilir. ötən dərs ilində Təhsil Nazirliyinin
nəzdində Məlumat və Resurs Mərkəzi
açılmış, ictimaiyyəti təhsil sahəsindəki
yeniliklərlə operativ məlumatlandırmaq və elektron tədris
resurslarından istifadəni təmin etmək məqsədi ilə
Milli Təhsil Portalı yaradılmışdır. İlkin mərhələdə
portalda kimya, biologiya, fizika, tarix fənləri üzrə 300
saatlıq elektron tədris resursları yerləşdirilmiş
və müəllimlərin istifadəsinə verilmişdir. Gələcəkdə
təkcə 4 fəndən deyil, orta və ali məktəblərdə
tədris olunan bütün fənlər üzrə
resursların həmin portalda yerləşdirilməsi nəzərdə
tutulur.
Verilən məlumatdan aydın oldu ki, Təhsil Nazirliyi ilə
Mikrosoft və İntel şirkətləri arasında
bağlanmış memoranduma əsasən, bir şagirdə
bir kompüter konsepsiyası reallaşdırılır. Həmin
layihə çərçivəsində cari ildə 400
şagirdə noutbukların verilməsi nəzərdə
tutulmuşdur. 2009-2010-cu illər ərzində həmin
şirkətlər tərəfindən 1000, Təhsil Nazirliyi
tərəfindən isə 3000 olmaqla ümumilikdə 4000
şagirdə noutbuklar veriləcəkdir.
Dövlət proqramına əsasən inzibati pedaqoji və
texniki heyət əhatə olunmaqla 2008-ci ildə 10000 nəfər,
2009-cu il avqustun 1-dək 8000 nəfər müvafiq treninqlərdən
keçərək İKT bacarıqlarına yiyələnmişdir,
2009-cu ilin sonunadək daha 12000 nəfərin treninqlərdən
keçirilməsi nəzərdə tutulmuşdur.
2000 müəllim hazırda həyata keçirilən
"Xalq kompüteri" layihəsi çərçivəsində
kompüterlə təmin olunmuş, daha 4 min nəfər
müraciət etmişdir.
Təhsil naziri daha sonra texniki peşə təhsili barədə
məlumatı təqdim etdi. Nümayiş olunan cədvələ
diqqəti yönəldərək qeyd etdi ki, 2009-2010-cu dərs
ilində 108 peşə təhsili müəssisəsində
25520 şagird təhsil alacaq, 3670 mühəndis-pedaqoji
işçi çalışacaq. Peşə təhsilinin
inkişafı üzrə Dövlət Proqramına uyğun
olaraq ötən ildə Qəbələ rayonunda müasir tələblərə
cavab verən Turizm və Otelçilik üzrə Peşə
Tədris Mərkəzi açılmış, 8 peşə təhsili
müəssisəsi əsaslı təmir edilmişdir.
Dövlət Proqramına uyğun olaraq İsmayıllı
rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris
Mərkəzinin tikintisi aparılır. Bütün peşələr
üzrə 32 adda 1222 dəst əyani vəsait çap olunub
müəssisələrə
çatdırılmışdır. Müxtəlif peşələr
üzrə ilk dəfə olaraq 8 adda dərslik
hazırlanmışdır.
TSİİL çərçivəsində Avropa
Komissiyası və Britaniya Şurasının dəstəyi
ilə 5 ixtisas üzrə kurikulumlar hazırlanır.
Nazir texniki peşə təhsili sahəsində həyata
keçirilən proqram və layihələr haqqında da
qısa məlumat verdi, qarşıda duran vəzifələrdən
danışdı.
Məruzə-təqdimatda ali və orta ixtisas təhsili sahəsində
ötən və növbəti dərs illərində
görülmüş və görüləcək işlər
barədə də yığcam məlumat verildi. Nazir öncə
təhsilin bu pillələrində hazırkı durumu əks
etdirən bəzi statistik məlumatları diqqətə
çatdırdı. Ali məktəblərin maddi-texniki
bazasının möhkəmləndirilməsi sahəsində
görülən işlərə toxunaraq bildirdi ki, ölkə
Prezidentinin sərəncamlarına əsasən, Bakı
Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti
üçün yeni korpuslar inşa olunmuşdur, Azərbaycan
Müəllimlər İnstitutunun, Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının binaları əsaslı təmir
edilmişdir.
Nazir dedi ki, "2009-2012-ci illərdə Azərbaycan
Respublikasının orta ixtisas təhsili sistemində islahatlar
üzrə Dövlət Proqramı" layihəsi, orta ixtisas
təhsili üzrə ixtisasların (proqramların) yeni
siyahısı hazırlanıb təsdiq üçün
Nazirlər Kabinetinə təqdim olunmuşdur. Orta ixtisas təhsili
müəssisələrində tələbələrin
biliyinin çoxballı sistemlə qiymətləndirilməsi
üzrə eksperimentlərə başlanmışdır.
Nazirlər Kabinetinin 12.01.2009-cu il tarixli qərarı ilə
"Ali təhsilin bakalavr pilləsində ixtisasların
(proqramların) siyahısı" təsdiq edilmişdir. Həmin
siyahıya əsasən bakalavr hazırlığının
yeni nəsil dövlət standartları təsdiq olunaraq tətbiqinə
başlanmışdır. ölkə Prezidenti tərəfindən
təsdiq edilmiş "2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı"na uyğun olaraq nazirliyin fəaliyyət
planı hazırlanmış və icrasına
başlanmışdır.
15 ali və 6 orta ixtisas təhsili müəssisəsi
akkreditə edilmiş, kredit sisteminin tətbiqi ilə
bağlı normativ sənədlər təkmilləşdirilmişdir.
Akademik borcların ləğv edilməsinə şərait
yaradılması məqsədi ilə respublikada ilk dəfə
olaraq 8 ali məktəbdə "yay semestri" təşkil
edilmişdir. Magistr ixtisaslarının (proqramlarının)
dünya təcrübəsinə uyğun yeni
siyahısının layihəsi hazırlanmışdır.
Müəllim hazırlığının keyfiyyətinin
yüksəldilməsinə xidmət edən təhsilin əsasları
fənninin yeni dərs ilində 3 ali məktəbdə
eksperiment qaydasında tədrisinə başlanması ilə
bağlı işlər yekunlaşdırılmışdır.
Nazir ali və orta ixtisas təhsilinin inkişafı
üçün yaxın perspektivdə görülməsi nəzərdə
tutulan işləri də diqqətə çatdırdı.
Məruzə-təqdimatda ixtisasartırma təhsilindən
də söhbət getdi, bu sahədə
görülmüş işlər və qarşıda duran vəzifələr
qeyd olundu.
Təhsil sahəsində beynəlxalq əlaqələrə
və xaricdə təhsilə də
çıxışında toxunan nazir bildirdi ki, hazırda
5000-dən çox azərbaycanlı gənc xarici ölkələrin
universitetlərində təhsil alır. Onlardan 832 nəfəri
ayrı-ayrı tərəfdaş ölkələrlə
imzalanmış müqavilələr əsasında Azərbaycan
üçün ayrılmış kvotalar hesabına xarici
ölkələrin universitetlərində təhsil
alanlardır. ölkələr üzrə onların
sayını göstərən cədvəl konfrans
iştirakçılarına təqdim olundu.
Nazir vurğuladı ki, ölkə Prezidenti tərəfindən
təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"na əsasən son üç ildə 498 nəfər
xarici ölkələrin aparıcı universitetlərinə
göndərilmişdir. Təhsil alanlardan artıq 43-ü məzun
olmuşdur. Konfransda xaricdə təhsil alanların ixtisaslar
üzrə faiz nisbətini, tərəfdaş xarici təşkilatların
adlarını, ölkəmizin ali məktəblərində təhsil
alan xarici tələbələrin illər üzrə
artım dinamikasını, Təhsil Nazirliyinin beynəlxalq təşkilatlarla
əməkdaşlıq əlaqələrini göstərən
diaqram və qrafiklər iştirakçılara təqdim
olundu.
Məruzə-təqdimatının sonunda nazir ali məktəb
elmi ilə bağlı məlumat verərək qeyd etdi ki,
ölkədə hazırda 99 elmi-tədqiqat institutu, mərkəzi
və laboratoriyası fəaliyyət göstərir. Elmlər
doktorlarının sayı ölkə üzrə 1824, Təhsil
Nazirliyi sistemində isə 842 nəfərdir. Respublika üzrə
8764 elmlər namizədinin 4037-si nazirlik sistemində
çalışır. Bu istiqamətdə görülən
işlərdən danışan nazir bildirdi ki, 4 ali məktəbdə
- BDU, AzTU, ADU və BMA-da yeni elmi-tədqiqat laboratoriyaları fəaliyyətə
başlayıb. Ali məktəblərdə
çalışan alimlər tərəfindən 296
monoqrafiya, 294 dərslik, 489 dərs vəsaiti, 1609 adda proqram və
metodik ədəbiyyat nəşr etdirilmişdir.
Təhsil naziri Misir Mərdanovun məruzəsindən
sonra çıxışlar oldu. "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı"nın təqaüdçüsü,
Mərkəzi Bankın Tədqiqatlar Departamentinin direktoru Emin
Hüseynov "qara qızıl"ın insan kapitalına
çevrilməsi barədə danışaraq qeyd etdi ki,
dünyada elə bir iqtisadi model, iqtisadi inkişaf nümunəsi
yoxdur ki, orada iqtisadi artım insan kapitalının kritik rolu
olmadan baş vermiş olsun. İnsan kapitalı iqtisadi
artımın ən dayanıqlı və tükənməyən
komponentidir. Onun inkişafının ən mühüm
formalarından biri də təhsil sistemidir. Lakin Azərbaycan
kimi keçid dövrünü yaşayan, inkişaf etməkdə
olan ölkələrdə təhsil sisteminin
islahatlarının davam etdiyi bir şəraitdə xaricdə
təhsilə investisiyalara böyük ehtiyac var.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" məhz bu ehtiyacın ödənilməsinə
xidmət edir.
Natiq daha sonra Dövlət
Proqramının əhəmiyyətindən bəhs edərək
bu sənədin digər ölkələrdə tətbiq
olunan analoji proqramlar arasında ən liberal və abituriyentlər
üçün münasib şərtlərə malik
olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu
baxımdan tam və təmənnasız maliyyələşmə,
ən qabaqcıl ali məktəblərdə təhsil, geriyə
dönmənin tələb olunmaması və dövlət
qulluğuna müsabiqədənkənar qəbul kimi şərtlər
xüsusilə təqdirəlayiqdir. Təkcə onu demək
kifayətdir ki, Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət Komissiyası tərəfindən keçirilən
son müsabiqələrdə iştirak etmiş xarici təhsilli
namizədlərin xüsusi çəkisi 26 faiz
artmışdır. Beləliklə, Prezident İlham Əliyevin
müstəsna diqqəti sayəsində ölkədə
top-menecerlərin yeni təbəqəsi formalaşmaqdadır.
İndi Azərbaycan gənclərindən yalnız yüksək
səviyyədə məsuliyyət və öz üzərlərində
işləmək tələb olunur.
Nəhayət, Dövlət
Proqramının daha bir başlıca xüsusiyyəti də
Azərbaycan həqiqətlərinin yayılmasında
oynadığı mühüm roldur. İndi gənclər təhsil
almaq üçün hətta elə ölkələrə
göndərilir ki, orada ümumiyyətlə Azərbaycan
Respublikasının diplomatik nümayəndəlikləri
mövcud deyil. Amma təəssüf ki, dünyanın ən
qüdrətli dövləti sayılan ABŞ-a göndərilən
tələbələrin sayı digər ölkələrdən
xeyli azdır. Bu gün dünyanın ən qabaqcıl ali təhsil
sistemlərindən birinə malik ABŞ-da təhsil alan tələbələrimizin
sayını artırmaq məqsədəuyğun olardı.
Emin Hüseynov
çıxışını yekunlaşdıraraq dedi: Sonda
sizi həyatımda özümə örnək bildiyim iki dahi
şəxsin maraqlı ifadələri ilə baş-başa
buraxmaq istərdim. İlk sitat ABŞ-da qaradərili vətəndaşların
hüquq və azadlıqları uğrunda fədakarlıqla
mübarizə aparan Marifin Lyuter Kinqə məxsusdur: "Təhsilin
funksiyası insanlara intensiv və kritik düşünməyi
öyrətməkdir. İntellekt plyus xarakter - budur. Həqiqi
təhsilin məqsədi". İkinci sitat isə
ümummilli liderimiz Heydər Əliyevə məxsusdur: "Cəmiyyətin
gələcək tərəqqisi bir çox cəhətdən
indi gənclərimizə nəyi və necə öyrətməyimizdən
asılı olacaqdır".
Sonra çıxış
üçün söz Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının sədri Məleykə
Abbaszadəyə verildi. Konfrans
iştirakçılarını salamlayan M.Abbaszadə, ilk
növbədə, yeni dərs ilinin başlanması münasibətilə
bütün təhsil işçilərini, xüsusən də
2009-cu ilin "Ən yaxşı ümumtəhsil məktəbi"
və "Ən yaxşı müəllim" müsabiqələrinin
qalibi adına layiq görülmüş məktəb
kollektivlərini və müəllimləri təbrik etdi.
Öz çıxışında müasir dövrdə
iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə
biliklərə əsaslanan cəmiyyətin formalaşmaqda
olduğunu vurğulayan natiq qeyd etdi ki, belə cəmiyyətin
ən əsas tələblərindən biri təhsil müəssisələrində,
tədris mərkəzlərində, kitabxanalarda İKT-dən
fəal şəkildə istifadə edilməsidir. Məhz bu
texnologiyalardan geniş istifadə edilməsi təhsil almaq
imkanlarının artmasına, mütəxəssislərin
peşəkarlıq səviyyələrinin yüksəlməsinə
münbit şərait yaradır.
1992-ci ildən başlayaraq Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası kütləvi
tədbirlərin idarəolunmasında İKT-nin tətbiqi sahəsində
zəngin təcrübə əldə etmişdir. Bu qurum
müxtəlif mühüm beynəlxalq və yerli layihələrin
iştirakçısı olmuş, 2002-2004-cü illərdə
ölkədə İKT-nin inkişafı üzrə Milli
Strategiyanın hazırlanmasında iştirak etmiş, təhsildə
və kütləvi proseslərin idarəolunması sahələrində
müxtəlif pilot layihələri həyata
keçirmişdir.
Məruzəçi bütün
bunlarla yanaşı, informasiya-kommunikasiya texnologiyalarından
imtahan prosesində istifadənin Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının işinin əsasını
təşkil etdiyini bildirdi və son iki il ərzində TQDK tərəfindən
İKT-nin tətbiqi istiqamətində görülmüş
işlər və həyata keçirilmiş layihələr
haqqında məlumatı konfrans
iştirakçılarının diqqətinə
çatdırdı.
Təhsil işçilərinin
respublika konfransındakı çıxışında
TQDK-nın sədri Məleykə Abbaszadə daha sonra dedi:
- Mən bu tədbirdə
2009-2010-cu tədris ili üçün keçirilmiş qəbul
imtahanlarına aid məlumat və rəqəmləri təkrarən
səsləndirmək istəmirəm. Ona görə ki, biz son
iki ay ərzində müntəzəm olaraq hər imtahandan
sonra həmin məlumatları ictimaiyyətə
çatdırmışıq. Mən yalnız müasir
imtahan prosesinin bəzi keyfiyyət göstəricilərinə
toxunmaq istərdim. Bu gün uşaqlarımızın
aldıqları təhsilin məzmunu XXI əsrdə insanın
və cəmiyyətin qarşısına qoyulan tələblərə
cavab verməlidir. Müasir dövrdə elə informasiya
bolluğu yaranmışdır ki, şagirdlərə
yalnız müəyyən həcmdə biliklərin
çatdırılması cəhdləri əvvəlcədən
uğursuzluğa məhkumdur. Bu gün təhsil müəssisəsi
(məktəb və ya universitet) uşaqlara və gənclərə
düşünməyi, zəruri informasiyanı müstəqil
şəkildə əldə etməyi, informasiya bolluğu
şəraitində düzgün istiqamət götürməyi,
analitik düşünmə bacarığını öyrətməlidir.
Və əlbəttə ki, bütün bu amillər qəbul
imtahanlarının məzmununa da öz tələblərini
irəli sürür.
Biz hər bir imtahanın layihəsini
tərtib edərkən, ilk növbədə, onun məqsədini
müəyyən edirik. Kimi seçirik?
Tələbə qəbulunda
qarşıya qoyulan əsas məqsəd seçdiyi ixtisas
üzrə ali məktəbdə təhsilalma qabiliyyətinə
malik olan abituriyentlərin seçilməsidir. Bu vəzifəni
lazımınca həyata keçirmək məqsədilə
TQDK biliyin qiymətləndirilməsi üzrə beynəlxalq təcrübəyə
əsasən ardıcıl olaraq, test
tapşırıqlarının həm məzmununda, həm tərtibində,
həm də təqdimat formalarında təkmilləşdirmə
işləri aparır. Belə işlərdən biri də bu
il qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə
testlərdə nəzəri biliklərin bilavasitə tətbiqinə
aid olan test tapşırıqlarının sayının
ötən illərə nisbətən bir qədər
artırılmasıdır. Nəticədə qeyri-standart
düşüncə və yaradıcılıq tələb
edən məsələlərin həllində abituriyentlərin
bir hissəsinin topladığı bal ötən illərlə
müqayisədə azalmış, lakin bununla belə cari ildə
yüksək bal diapazonunda (500-700 bal) biliyin qiymətləndirilməsi
və onun əsasında abituriyentlərin sıralanması
daha dəqiq aparılmışdır. Bu dəyişiklik daha
çox qəbul imtahanına hazırlaşarkən əzbərçiliyə
üstünlük verən abituriyentlərin imtahan nəticələrinə
öz təsirini göstərmişdir. Belə abituriyentlər
adətən, orta məktəb kursunda öyrənilən
fiziki, kimyəvi və bioloji proseslərin, riyazi çevirmələrin
məğzini anlamağa cəhd etmir, ən sadə təbiət
hadisələrinin baş verməsində özünü
göstərən səbəb-nəticə əlaqələrini
izah etməkdə çətinlik çəkirlər.
Amma buna baxmayaraq, qəbul
olanların, xüsusilə də 500-700 arasında bal
toplamış abituriyentlərin nəticələrinin təhlili
belə qənaətə gəlməyə imkan verir ki, biz ali
məktəblərin I kursları üçün bilik və
bacarıqları ali təhsil almağa imkan verən tələbə
kontingenti formalaşdırmışıq.
500-700 arasında bal toplayan
abituriyentlər, demək olar ki, ölkənin bütün
bölgələrini, cəmiyyətin müxtəlif sosial təbəqələrini
təmsil edirlər. Onların hamısı ən nüfuzlu
ixtisaslara qəbul olunmuş və ən yüksək nəticə
göstərən 102 nəfərinin namizədliyi Prezident təqaüdünə
təqdim olunmuşdur.
Hər bir normal, öz gələcəyini
düşünən cəmiyyət var gücünü ona
yönəldir ki, bütün təbəqələrdən
olan insanların təhsil almaq imkanlarını maksimal dərəcədə
bərabərləşdirsin. Təhsil sistemi gənclərə
şəxsi uğur əldə etmək, öz
bacarıqları və səyləri əsasında cəmiyyətdə
layiqli yer tutmaq üçün bərabər şanslar verməlidir.
Qəbul imtahanlarının nəticələri bir daha onu təsdiq
edir ki, bunun üçün ölkəmizdə real sosial
mexanizm yaradılıb və bu mexanizm uğurla fəaliyyət
göstərməkdədir.
Bildiyimiz kimi, bu il Təhsil Nazirliyi
tərəfindən mərkəzləşdirilmiş şəkildə
buraxılış imtahanları keçirildi. Buraxılış
imtahanlarının və qəbul imtahanlarının nəticələrinin
bir-biri ilə necə uzlaşması, yəqin ki, cəmiyyəti
çox maraqlandırır. Bu suala isə yalnız hər iki
qurumun və müstəqil ekspertlərin iştirakı ilə,
birgə metodiki və statistik tədqiqatlar həyata
keçirildikdən sonra tam elmi dəqiqliklə cavab verilə
bilər.
Biz çox istəyirik ki, attestat
qiymətləri ali məktəblərə abituriyentlərin
yerləşdirilməsi zamanı nəzərə
alınsın (bildiyiniz kimi, biz artıq tədricən buna
doğru gedirik). Bu, yeni Təhsil Qanununda da öz əksini
tapmışdır. Lakin Qanunun bu bəndinin praktiki cəhətdən
tətbiqinə keçmək üçün
buraxılış sinfi şagirdlərinin mərkəzləşdirilmiş
imtahan vasitəsilə attestasiyası prosesində keyfiyyət
baxımından dəyişikliklər baş verməlidir. Mən
ümid edirəm ki, hər iki qurumun birgə səyləri sayəsində
müsbət nəticələr əldə ediləcəkdir.
Bakının Nərimanov
rayonundakı 182 nömrəli körpələr evi-uşaq
bağçasının müdiri Ulduz Məmmədovanın
çıxışında son illərdə məktəbəqədər
təhsil sisteminə artan dövlət
qayğısının bu sahənin inkişafına
güclü təkan verməsindən bəhs olundu. Qeyd olundu
ki, ölkə başçısının təsdiq etdiyi
"Azərbaycan Respublikasında məktəbəqədər
təhsilin yeniləşdirilməsi üzrə Dövlət
Proqramı (2007-2010-cu illər)" çərçivəsində
Bakı şəhərində 11 yeni məktəbəqədər
təhsil müəssisəsi inşa edilmiş, 21-i əsaslı
təmir olunmuş, bu müəssisələr müvafiq bərk
avadanlıq, yumşaq inventar, idman avadanlığı,
oyuncaqlar, texniki vasitələrlə təchiz olunmuşdur. Təhsil
Nazirliyinin sifarişinə əsasən
"çaşıoğlu" nəşriyyatı tərəfindən
100-dən artıq adda müxtəlif nümayişetdirici materiallar,
masaüstü oyunlar, uşaqların məntiqi təfəkkürünü
inkişaf etdirən test kitabları, metodik vəsaitlər,
illüstrasiyalı nağıl kitabları və s.
hazırlanaraq respublikanın bütün məktəbəqədər
təhsil müəssisələrinə
çatdırılmışdır.
Proqramda nəzərdə tutulan vacib
məsələlərdən biri də məktəbəqədər
təhsil üzrə Milli Kurikulumun hazırlanmasıdır.
çünki məktəbəqədər təhsil müəssisələri
yalnız uşaqların saxlanması yeri deyil, eyni zamanda
onların hərtərəfli inkişafını təmin edən
təlim-tərbiyə ocağıdır.
Beşyaşlıların
hamılıqla məktəbəqədər müəssisələrə
cəlbi məsələsi də aktual olaraq qalır. Lakin
bunun üçün əlavə qrupların
açılması, eyni zamanda yeni təşkilati
formaların, məsələn, çevik vaxt cədvəli ilə
işləyən qısamüddətli qrupların
yaradılması vacibdir.
Problemlərdən söz açan
Ulduz Məmmədova əmin olduğunu bildirdi ki, müvafiq
proqramın həyata keçirilməsi mövcud çətinliklərin
aradan qaldırılmasına şərait yaratmaqla məktəbəqədər
təhsilin inkişafında ciddi dönüşə səbəb
olacaqdır.
Bakı şəhəri 6 nömrəli
məktəb-liseyin ibtidai sinif müəllimi Gülşən
Orucova birinci siniflərdə yeni kurikulumun tətbiq edilməsinin
ötən dərs ilinin ən əlamətdar hadisələrindən
biri olduğunu dedi. O, bu prosesin birbaşa
iştirakçısı kimi fəxr etdiyini bildirərək
qeyd etdi ki, yeni məzmun təbii ki, yeni dərsliklərin
yaranmasını zəruri edir. Məhz bu səbəbdən
mühüm pedaqoji prinsipləri gözləməklə
kurikulumun tələblərinə uyğun səviyyədə
I və II siniflər üçün dərslik, iş dəftəri
və müəllim üçün vəsaitdən ibarət
yeni dərslik komplektləri nəşr olunmuşdur. Lakin istənilən
dərsliklərə əsas qiyməti ən azı bir il tədris
olunduqdan, yəni şagirdlərin, valideynlərin münasibətlərini
nəzərə aldıqdan, tədris prosesində yaranan
problemlərin həllindən sonra vermək olar. Təqdirəlayiq
haldır ki, bu gün dərslik müəllifləri onlara
müraciət edən müəllimlərin təkliflərini,
iradlarını dinləyir və nəzərə alırlar.
Bu baxımdan həmin dərsliklərin ildən-ilə təkmilləşmək,
zənginləşmək imkanı yaranır.
Yeni dərsliklər şagirdləri
öyrənməyə, inkişafa, yaradıcılığa,
tədqiqatçılığa yönəldir. Onlar daha
çox şəxsiyyətyönümlüdür. Dərsliklərdəki
materiallardan istifadə edərkən fəal təlim
metodlarına üstünlük verilir ki, bu da şagirdlərin
mövzunu daha yaxşı mənimsəməsinə, təlim
prosesinə daha fəal qoşulmasına zəmin yaradır. Həmin
təcrübənin nəinki ibtidai siniflərdə, yaxın
gələcəkdə yuxarı siniflərdə də tətbiq
olunmasını məqsədəuyğun hesab etdiyini deyən
Gülşən Orucova diqqətə çatdırdı ki,
II sinfin Azərbaycan dili dərslik komplektinin müəlliflərindən
biri kimi müəllimlərin təkliflərini dinləməyə
həmişə hazırdır.
Natiq yeni məzmunun, yeni dərsliklərin
yeni qiymətləndirmə sisteminin tətbiqini zəruri
etdiyini vurğuladı. Qiymətləndirmə sistemi əvvəlkindən
fərqli olaraq şagirdin nailiyyətlərinin sistemli şəkildə
izlənməsinə imkan verir, şagirdlərin, müəllimlərin,
valideynlərin məsuliyyətini artırır.
Gülşən Orucova
çıxışında daha sonra müasir
dövrümüzdə informasiya-kommunikasiya
texnologiyalarının təhsil sisteminə tətbiqinin əhəmiyyətindən
bəhs etdi və konfrans iştirakçılarına
çalışdığı təhsil müəssisəsində
bu sahədə həyata keçirilən tədbirlər
haqqında məlumat verdi.
Sonra Heydər Əliyev Fondu, Azərbaycan
Respublikası Təhsil Nazirliyi və YUNESKO-nun birgə həyata
keçirdiyi "Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi"
layihəsinin eksperti Fuad Dərgahlının "Azərbaycanda
texniki peşə təhsili: reallıqlar və perspektivlər"
mövzusunda məruzəsi təqdim olundu.
Məruzədə qeyd olundu ki,
texniki peşə təhsilinin məqsədi ölkə
iqtisadiyyatının bütün sahələri
üçün əmək bazarının tələblərinə
uyğun sənət və peşələr üzrə
ixtisaslı kadr hazırlığını təmin etməkdir.
Lakin etiraf etmək lazımdır ki, Azərbaycan
iqtisadiyyatının dinamik inkişafı, qlobal əmək
bazarının yaranması müasir texnologiyalara yiyələnmiş
ixtisaslı və genişprofilli işçi qüvvəsinə
tələbatı artırsa da, indiki vəziyyətində
peşə təhsili sistemi həmin vəzifənin öhdəsindən
gələ bilmir. Bu baxımdan ölkə
iqtisadiyyatının inkişafında, gənclərin məşğulluq
probleminin həll edilməsində və ölkənin əmək
bazarına rəqabətəqabil kadrların
hazırlanmasında Prezident İlham Əliyevin təsdiq etdiyi
"Azərbaycan Respublikasında texniki peşə təhsilinin
inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci
illər)" mühüm əhəmiyyət kəsb edir.
Bir sıra xarici dövlətlərin
təcrübəsindən aydın olur ki, texniki peşə təhsili
ölkənin sosial-iqtisadi inkişafında xüsusi rol
oynayır. Peşə təhsili bir çox məsələlərin,
o cümlədən sosial problemlərin həllində
mühüm bir vasitə kimi istifadə olunmaqdadır.
Son illər ölkə
iqtisadiyyatının prioritet sahələrinə
investisiyaların yönəldilməsi nəticəsində
istehsal və emal müəssisələrinin fəaliyyəti
bərpa edilmiş, iqtisadiyyatın
balanslaşdırılmış inkişafının sürətləndirilməsi,
sahibkarlara verilmiş güzəştli kreditlər yeni müəssisələrin
açılmasına şərait yaratmışdır. 2009-cu
ilin yanvar-mart ayları ərzində ölkədə 17416
yeni, o cümlədən 14197 daimi iş yeri
açılmışdır. Ayrı-ayrı sahələr -
tikinti, emal sənayesi, kənd təsərrüfatı, xidmət,
xüsusən kulinariya, turizm, otelçilik və s. üzrə
kadrlara tələb artdıqca müvafiq müasir tipli peşə
təhsili müəssisələrinin yaradılması və
təkmilləşdirilməsi texniki peşə təhsilinin
inkişafının əsas prioritet istiqamətlərindən
biri olmalıdır.
Son illər texniki peşə təhsili
sahəsində görülən işlərdən bəhs edən
məruzəçi bildirdi ki, ölkənin müxtəlif
regionlarında fəaliyyət göstərən 10-a yaxın
müəssisə təmir edilmiş, müasir texniki
avadanlıqlar və əyani vəsaitlərlə təmin
olunmuş, müəllim heyətinin respublika daxilində və
hətta xaricdə ixtisasının artırılması
istiqamətində tədbirlər həyata
keçirilmişdir.
Diqqəti cəlb edən ən
önəmli məqamlardan biri isə son illər texniki peşə
təhsili sahəsində yerli və beynəlxalq təşkilatlarla
birgə həyata keçirilən layihələrin
sayının artmasıdır. Təhsil Nazirliyi həmin layihələrin
reallaşdırılmasına pedaqoji kollektivi cəlb etməklə
yanaşı, bu sahədə müəyyən təcrübəsi
olan müstəqil ekspertləri və işəgötürən
təşkilatların nümayəndələrini də dəvət
edir.
Texnika elmləri doktoru Sübhan
Namazov konfransda "Ali məktəblərdə elmin
inkişaf perspektivləri" mövzusunda məruzə ilə
çıxış etdi. Məruzədə ölkə rəhbərliyi
tərəfindən elmin və təhsilin inkişafına
yüksək diqqət və qayğı göstərilməsindən,
ilbəil təhsilə ayrılan büdcə vəsaitlərinin
həcminin artırılmasından, təhsil şəraiti və
mühitinin yaxşılaşdırılmasından bəhs
olundu. Məruzəçi qeyd etdi ki, bununla yanaşı, hər
il Avropa İttifaqı keçmiş sovet respublikalarına ali
təhsilin, elmin inkişafı üçün müxtəlif
proqramlar, o cümlədən TEMPUS, Erasmus Mundus və digər
beynəlxalq layihələr vasitəsilə böyük məbləğdə
vəsaitlər, qrantlar yönəldir. Təhlil göstərir
ki, ölkəmizin universitetlərinin bu proqramlar vasitəsilə
cəlb etdiyi maliyyə resursları digər respublikaların
ali təhsil müəssisələrinin gəlirləri ilə
müqayisədə dəfələrlə azdır.
İnkişaf sürətlərinə
görə Azərbaycandan çox geridə qalan region ölkələrinin
ali məktəbləri hər il müxtəlif yollarla, elm sahəsində
Avropanın universitetləri ilə əlaqələr qurmaqla,
qarşılıqlı səfərlər təşkil etməklə,
mübadilə proqramları həyata keçirməklə
kifayət qədər vəsait əldə edirlər.
Bu gün Azərbaycana müasir səviyyəli,
yeni texnologiyaları mükəmməl bilən, İKT-ni dərindən
mənimsəmiş mütəxəssislər lazımdır.
Həmin kadrları Azərbaycan alimləri ali məktəblərdə
- universitetlərdə hazırlamalıdırlar. Bu məqsədlə
tədris planlarında elmi tutumlu fənlərə və
ixtisas fənlərinə daha çox yer vermək zəruridir.
Etiraf etməliyik ki, yüksək
intellektual potensiala malik ölkəmizdə həmin
potensialın real tətbiq sahələrinə çevrilməsi
üçün vacib olan elmi mühit hələ də
müasir dövrün tələblərinə tam cavab vermir. Araşdırmalar
göstərir ki, gənc nəsildə fundamental və tətbiqi
elmlərə maraq azalmışdır. Respublika üzrə
elmlər doktorları və elmlər namizədlərinin
yaş tərkibi elm sahəsində qocalma meyilindən xəbər
verir. Hazırda respublikada 40 yaşadək elmlər
doktorlarının sayı çox azdır (10 nəfər).
Xüsusilə texniki elmlər sahəsində onların
sayı 1-2 nəfərdir. Yaxşı olardı ki, təcrübəli
alimlər elmi məktəblərin qorunması istiqamətində
gənclərə lazımi köməyi əsirgəməsinlər.
Bu məsələ ilə bağlı xarici ölkələrin
təcrübəsindən bəhrələnmək faydalı
olardı.
Azərbaycanlı alimlərin,
xüsusilə gənc alimlərin dünyada qəbul
edilmiş ABS reytinqli elmi jurnallarda və məcmuələrdə
məqalələri çox az sayda nəşr edilir. Bu o deməkdir
ki, bizim xarici ölkələrdə məktəb
keçmiş, xarici dilləri normal bilən gənclərə
ciddi ehtiyacımız vardır. Son illər bu məsələ
ilə əlaqədar lazımi işlər görülməkdədir.
Belə ki, son günlərdə Təhsil Nazirliyində ali məktəblərin
reytinqini müəyyənləşdirəcək metodika tərtib
edilmişdir. Bu metodikaya əsasən, ali məktəbin
reytinqi yüksək səviyyəli elmi kadrlardan çox
asılıdır. Universitetlərdə aparılan elm, elmi-tədqiqat
işləri yüksək keyfiyyətli tədris prosesinə və
yüksək səviyyəli kadr hazırlığına xidmət
etməlidir.
Bakının Nəsimi
rayonundakı 23 nömrəli məktəbin ibtidai sinif müəllimi
Solmaz Abdullayevanın konfransdakı
çıxışında kurikulum islahatı çərçivəsində
aparılan məzmun dəyişikliklərindən söz
açıldı: "...Bu bir il ərzində uğurla həyata
keçirilən islahat həm şagirdlərin, həm də
müəllimlərin ürəyincədir. Xüsusilə,
uşaqlardakı fəallıq hər bir sinif müəllimini
sevindirir. Mənə belə gəlir ki, bu sevincin əsas səbəbkarı
fənn kurikulumlarının tətbiqi ilə əldə
olunan nailiyyətlərdir. Uzun illər tədris
proqramlarının aşılanmasına yönələn təlim
işimiz yalnız hafizə məktəbinin
formalaşmasına xidmət etmişdir. Milli Kurikulumda istifadə
olunan bütün üsullar şagirdlərin geniş
dünyagörüşü, yüksək intellekt, nitq mədəniyyəti,
texnoloji bacarıqlara malik olan şəxsiyyət yetişdirmək
məqsədinə xidmət göstərir. Biz əvvəllər
nəyi qiymətləndirirdik, indi nəyi qiymətləndiririk.
Bunu, birinci növbədə, özümüz
üçün aydınlaşdırmalıyıq. Biz indi sadəcə
olaraq bilikli, bacarıqlı insanlardan başqa, həm də
zamanın tələblərinə uyğun şəxsiyyət
formalaşdırırıq. Müasir dövrün şəxsiyyətini
isə ənənəvi təhsil və təlimlə
formalaşdırmaq çətindir".
Məruzəçi diqqətə
çatdırdı ki, uzun illər təsviri incəsənət,
fiziki tərbiyə, musiqi, texnologiya fənlərini tədris
etmək üçün müəllimlərin əlində
heç bir vəsait olmayıb. İndi bu fənlərdən
də dərslik komplektlərinn hazırlanması tədrisin təşkilində
müəllim və şagirdlərə ən böyük
töhfədir. Kurikulumun tələb etdiyi problem həlli, təqdimetmə,
əlaqələndirmə, araşdırma, ünsiyyətqurma
kimi fəaliyyət standartlarını müəllimlər əsasən
dərsliklərin köməyi ilə həyata keçirirlər.
Fəal və interaktiv üsul və vasitələrdən
faydalanan müəllim kurikulumun tədrisində şagirdlərə
nəyi öyrənmək istəyi, mövzu ilə
bağlı ilkin biliyin nədən ibarət olması və
qarşıya çıxan boşluğun doldurulması ilə
bağlı bələdçilik etməyə həmişə
hazır olmalıdır.
Solmaz Abdullayeva
çıxışının sonunda dedi: "Təhsildə
ən məsuliyyətli öhdəlik bu sahədə olan
öyrədənlərin - müəllimlərin öhdəsinə
düşür. Unutmayaq ki, bu günün öyrənənləri
sabahın öyrədənləri ola bilər. Yeniliklərə
qarşı həssas olmalıyıq, bu yeniliklərin bizim
üçün olan yaxşı tərəflərini
şagirdlərə, ümumiyyətlə, öyrənmək
həvəsində olan hər kəsə öyrətməliyik.
Təhsilin sağlam bünövrəsi gələcək
nailiyyətlərimizin başlanğıcı və təməli
olmalıdır. Mən bütün müəllimlərə
bu yolda uğurlar arzu edirəm".
***
Konfransın sonunda təhsil naziri
Misir Mərdanov "Ən yaxşı ümumtəhsil məktəbi"
və "Ən yaxşı müəllim" müsabiqələrinin
2009-cu il qaliblərini təbrik etdi. Onlara müvafiq diplomlar və
2008-ci il müsabiqəsinin qaliblərindən bəhs edən
"İlk 50 ən yaxşı məktəb, 100 ən
yaxşı müəllim" kitabı təqdim olundu, Təhsil
naziri müsabiqə qalibləri ilə xatirə şəkli
çəkdirdi.
Bununla da konfrans öz işini
başa çatdırdı.
Hicran ƏKBƏROVA,
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.-2009.-11 sentyabr.-S.6-7.