Təhsilin əsasları fənninin təqdimatı

 

Sentyabrın 5-də Azərbaycan Müəllimlər İnstitutunda təhsilin əsasları fənninin tədrisinə həsr olunmuş təqdimat mərasimi keçirildi. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, ali məktəb rektorları, müəllimlər və KİV nümayəndələri iştirak edirdilər.

Təqdimat mərasimində təhsil naziri Misir Mərdanov həyata keçirilən bu layihənin əhəmiyyəti barədə danışaraq qeyd etdi ki, pilot layihə kimi təhsilin əsasları fənni pedaqoji kadrların hazırlığı ilə məşğul olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Müəllimlər İnstitutunun və Gəncə Dövlət Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası üzrə təhsil alan II kurs tələbələri üçün nəzərdə tutulur. İlk semestrdə 60 saat olmaqla tədris olunacaq yeni fənnin hazırlığına 3 il bundan əvvəl başlanılıb. Artıq istənilən nəticə əldə olunub. Yeni layihənin hazırlanmasında Dünya Bankı tərəfindən ayrılan beynəlxalq mütəxəssislərlə birlikdə respublikamızın təcrübəli müəllimləri də iştirak edib. Təhsilin əsasları fənn kurikulumu məzmun, strategiya, qiymətləndirmə olmaqla üç hissədən ibarət olub. Təhsilin fəlsəfəsi və təlim prosesi, cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı, təhsildə dövlət siyasəti, kurikulum və onun elmi, nəzəri, metodoloji əsasları, təhsilin iqtisadiyyatı üzrə məsələlər burada öz əksini tapıb.

Təhsil naziri Misir Mərdanov onu da vurğuladı ki, bilik və bacarığın vəhdətini əks etdirən yeni fənnin tədrisi zamanı tələbələrin biliyi ilə yanaşı, müəllimlərin də əməyi yeni metodoloji sistem üzrə qiymətləndirilməlidir. Bu cür qiymətləndirmə tələbə və müəllimlərin məsuliyyətinin artırılması üçün gərəkdir.

Sonra Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Afət Süleymanovanın rəhbərliyi ilə hazırlanan yeni layihənin əsas məziyyətləri barədə məlumat verən ADPU-nun ibtidai təhsilin pedaqogika və metodikası kafedrasının dosenti Gülşən Novruzova bu barədə ətraflı danışdı.

Tədbirin sonunda pilot layihə olan təhsilin əsasları fənninin hazırlıq kurslarında iştirak edən 18 müəllimə təhsil naziri Misir Mərdanov tərəfindən sertifikatlar təqdim olundu.

 

 

Azərbaycan müəllimi.-2009.-11 sentyabr.-S.8.