Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
(Əvvəli qəzetimizin ötən
saylarında)
Əvvəlki
məqalədə qeyd etdiyim kimi, müasir dövrdə
İKT-nin tətbiq sahələrindən biri də məhz
idarəetmədir. Hazırda dünyada ümumilikdə
menecmenti, o cümlədən təhsilin idarəolunmasını
İKT-siz təsəvvür etmək belə çətindir.
İKT-nin tətbiqi idarəetmənin daha çevik və səmərəli
təşkilinə zəmin yaradır.
Məhz
bu səbəbdən Dünya Bankının maliyyə dəstəyi
ilə həyata keçirdiyimiz Təhsil Sektorunun
İnkişafı Layihəsinin (2003-2008-ci illər) əsas
komponentlərdən biri də Təhsil Nazirliyində təhsilin
idarəolunmasının məlumat sisteminin (TİMS)
yaradılması oldu. Belə bir sisteminin qurulmasında əsas
məqsəd təhsil sistemi haqqında əhatəli,
etibarlı informasiya bazasının formalaşdırılması,
məlumatların təhlili vasitəsilə monitorinq sisteminin
yaradılması, məlumatlar əsasında təhsil siyasəti,
strategiyası, fəaliyyət və inkişaf
planlarının hazırlanması və beləliklə,
çevik idarəetməyə nail olunmasıdır. Sistem Təhsil
Nazirliyi və yerli təhsil orqanları səviyyələrində
təşkil edilmişdir. İşlərin səmərəli
təşkili üçün nazirlikdə ayrıca qurum - Təhsilin
İdarəolunmasının Məlumat Sistemləri şöbəsi,
o cümlədən Bakı Şəhəri üzrə Təhsil
İdarəsində müvafiq sektor
yaradılmışdır.
İlkin
mərhələdə məlumat bazası yerlərdən
anket formasında toplanan və məktəb hesabatlarına
daxil olan informasiyalar əsasında
formalaşdırılırdısa, sonradan verilənlər
bazasının bilavasitə yerlərdə (məktəblərdə,
təhsil şöbələrində)
formalaşdırılması üçün İKT
avadanlıqları və kadrlarla bağlı məsələlər
öz həllini tapdı. Bunları nəzərə alaraq
TİMS proqram təminatının yeni modulları -
"TİMS-məktəb" və "TİMS-təhsil
şöbəsi" yaradılmış, proqram təminatı
ilə işləmək qaydaları rayon təhsil şöbələri
və məktəblərdən müəyyən olunmuş
nümayəndələrə öyrədilmişdir.
Hazırda TİMS bazasına 1,4 milyon şagird və 210 minədək
pedaqoji heyəti (müəllim və digər işçilər)
haqqında məlumat daxil edilmişdir. Sistemin veb
versiyasının, eləcə də məktəbəqədər
tərbiyə və ali məktəb modullarının
hazırlanması istiqamətində işlər davam etdirilir.
Bununla
yanaşı, təhsil sistemində İKT-nin tətbiqi məsələlərinin
tənzimlənməsi, koordinasiyası və bu prosesin səmərəli
idarəolunması məsələlərinin həll edilməsi
də aktuallıq kəsb etmişdi. çıxış yolu
kimi Təhsil Nazirliyində 2005-2007-ci illəri əhatə edən
İKT üzrə Dövlət Proqramının idarəolunması
üzrə İşçi Qrupu yaradıldı. Lakin təcrübə
göstərdi ki, İşçi Qrupunun imkanları ilə
Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin
həllinə nail olmaq və təhsilin
informasiyalaşdırılması sahəsində
qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək
mümkün olmayacaq. Bu səbəbdən Təhsil Nazirliyi nəzdində
müvafiq idarənin yaradılması ilə əlaqədar Azərbaycan
hökuməti qarşısında vəsatət
qaldırdıq. Nazirlər Kabinetinin qərarı ilə
2008-ci ildə 28 ştatdan ibarət "Təhsil sisteminin
informasiyalaşdırılması idarəsi"
yaradıldı. ötən bir ilin təcrübəsi göstərdi
ki, yaradılmış idarə gözlənilən nəticələrə
nail oldu. Hazırda idarə bilavasitə təhsilin
informasiyalaşdırılması məsələlərini həll
etməklə yanaşı, texniki xidmət
funksiyalarını da yerinə yetirir.
Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin mərkəzi aparatında da idarəetmə prosesində İKT-nin imkanlarından geniş istifadə edilir. Belə ki, mərkəzi aparatda güclü server quraşdırılmış, burada çalışan 147 əməkdaşın hər biri kompüter və digər İKT avadanlığı ilə təmin olunmuş, bütün kompüterlər sürətli İnternet şəbəkəsinə qoşulmuşdur. İnternetə giriş xüsusi filtr vasitəsilə tənzimlənir. Eyni zamanda nazirlikdə daxili şəbəkə qurulmuşdur ki, bu da informasiyaların qəbulu və ötürülməsi imkanlarını xeyli genişləndirmişdir. Mərkəzi aparatdakı beş konfrans zalı multimedia sistemi ilə təmin olunmuşdur. 2009-cu ilin iyunundan nazirliyin mərkəzi aparatına giriş-çıxış və qeydiyyat elektron sistemlə idarə olunur.
İKT-nin təhsilin keyfiyyətinin idarəolunmasında tətbiqi də mühüm məsələlərdəndir. Təhsil Nazirliyi 2005-ci ildən başlayaraq bu istiqamətdə müəyyən addımlar atmışdır. XI siniflərdə mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticələrinin emalı məqsədilə həmin ildə 3 ədəd OMR 300 optik oxuyucu qurğu alınmış və 2006-cı ildən tətbiq edilməyə başlanmışdır. Mərkəzləşdirilmiş buraxılış imtahanlarının əhatə dairəsinin genişləndirilməsi və bütün ölkənin orta məktəblərini əhatə etməsi ilə əlaqədar 2007-ci ildə daha 2 ədəd OMR 300, 2009-cu ildə isə 3 ədəd OMR 3000 optik oxuyucu qurğu alınmışdır.
Etiraf etmək lazımdır ki, 2006-2007-ci illərdə şagird nailiyyətlərinin qiymətləndirilməsi prosesində yeni texnologiyaların tətbiq olunması Təhsil Nazirliyi üçün ilk təcrübə idi və bu səbəbdən bir sıra çətinliklərlə qarşılaşdıq. Optik oxuyucu qurğular üçün proqram təminatı nazirliyin mütəxəssisləri tərəfindən hazırlandığından kifayət qədər təkmil deyildi və bu səbəbdən imtahanların nəticələrinin emalı prosesində bəzi problemlərlə üzləşdik. Ona görə də nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşları 2008-ci ilin mayında Almaniyada tədris səfərində oldular və qurğulardan istifadə, onların proqram təminatı ilə bağlı zəruri bacarıqlara yiyələndilər.
Hazırda İKT-nin tətbiqi nəticəsində buraxılış imtahanlarının nəticələri bir gün ərzində emal edilir və elan olunur. Bununla yanaşı, proqram təminatı nəticələrin təhlil edilməsinə və hesabatların tərtibinə də imkan verir. Belə ki, bu hesabatlarda hər bir şagirdin nəticələri, məktəb, rayon-şəhər, ölkə üzrə nəticələr və reytinqlər, düzgün və səhv cavablar üzrə göstəricilər və s. öz əksini tapır. Son nəticədə isə məlumatların operativ əldə edilməsi idarəetməni daha səmərəli edir və çevik qərar qəbul etməyə şərait yaradır.
Qeyd etmək lazımdır ki, İKT-nin ali təhsil sistemində tətbiqinin də özünəməxsus xüsusiyyətləri olmuşdur.
Azərbaycanda kibernetika sahəsində ilk tədqiqatlar 1952-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasındakı Neft ekspedisiyası nəzdində Elektromodelləşdirmə laboratoriyasında başlanmışdır. Laboratoriya 1956-cı ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və Hesablama Mərkəzi adlandırılmışdır.
1959-1960-cı illərdə Azərbaycana ilk universal rəqəmli elektron maşınlar "Ural-1", "BESM-2" gətirildikdən sonra ədədi üsullar, proqramlaşdırma, alqoritmlər yaradılması və ümumiyyətlə, xalq təsərrüfat əhəmiyyətli səciyyəvi məsələlərin həlli sahəsində fəaliyyətə başlanmış və tezliklə xeyli sürətlənmişdir.
1960-cı ildən isə Hesablama Mərkəzi müstəqil qurum kimi fəaliyyət göstərmiş, 1965-ci ildə onun bazasında Kibernetika İnstitutu yaradılmışdır. Eyni zamanda həmin dövrdə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu Elektron Hesablama Maşınları - "Ural-3", "Minsk-1", "SM-2" ilə təmin olunmuşdu. Tədris prosesində EHM-dən fəal istifadə ali təhsil müəssisələrində EHM üzrə mütəxəssis hazırlığına başlanmasına və tətbiqi məsələlərin həllinə imkan yaratdı. Eyni zamanda qeyd olunan və digər ali məktəblərdə, elmi-tədqiqat institutlarında, hesablama mərkəzlərində kibernetikaya dair elmi axtarışlar aparılmağa, bu sahəyə aid yeni ixtisaslar üzrə kadr hazırlığına başlanıldı.
1972-ci ildə Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat fakültəsi yaradıldı. Yeri gəlmişkən, bununla bağlı maraqlı bir faktı diqqətə çatdırmaq istərdim. 1971-1972-ci dərs ilində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev universitetin elmi şurasında iştirak edirdi. Universitetin nüfuzlu riyaziyyatçı alimlərindən olan professor Qoşqar Əhmədov burada tətbiqi riyaziyyat fakültəsinin yaradılması barədə məsələ qaldırdı. Heydər Əliyevin göstərişinə əsasən az sonra məsələ öz müsbət həllini tapdı və 1972-ci ilin sentyabrından fakültə fəaliyyətə başladı. Bu fakültənin yaradılması faktiki olaraq Azərbaycanda hesablama texnikası və proqramlaşdırma üzrə yüksək səviyyəli mütəxəssislərin hazırlanması mərhələsinin başlanğıcı oldu. Sevindirici haldır ki, qısa müddət ərzində tətbiqi riyaziyyat fakültəsi universitetin ən nüfuzlu fakültələrindən birinə çevrildi və həmin fakültənin məzunları hazırda dünyanın İKT sahəsində qabaqcıl ölkələrində mütəxəssis kimi çalışırlar. Belə ölkələrin sırasında ABŞ, Kanada, Almaniya, İsveç, Böyük Britaniya, Avstraliya və digər ölkələri göstərmək olar.
1984-cü ildən Kibernetika İnstitutunda axşam və qiyabi "Gənc kibernetiklər" məktəbi fəaliyyət göstərməyə başlamışdır. Məktəbdə institutun əməkdaşları hesablama texnikası, proqramlaşdırılma üzrə nəzəri və təcrübi məşğələlər aparır, olimpiadalar təşkil edilirdi. İnstitutun əməkdaşları gənc texniklər stansiyasında, bir sıra orta məktəblərdə proqramlaşdırma dərnəklərinə rəhbərlik edirdilər. Həmin dövrdə Azərbaycan SSR Maarif Nazirliyinin və Azərbaycan SSR EA Kibernetika İnstitutunun birgə təşəbbüsü ilə Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun bazasında yuxarı sinif şagirdlərinin kompüter savadını artırmaq məqsədilə eksperimental kurslar açılmışdı.
Xüsusi qeyd etmək lazımdır ki, ölkəmizin ali təhsil müəssisələrində İKT-nin tətbiqi sahəsində əsaslı addımlar müstəqillik illərində atılmışdır. Təsadüfi deyil ki, 2005-ci ilin mayında rəsmən qoşulduğumuz Boloniya Bəyannaməsinin əsas tələblərindən biri də tədrisin səmərəliliyinin artırılması məqsədilə təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunmasıdır. Hazırda bu istiqamətdə bütün ali məktəblərdə əhəmiyyətli addımlar atılır, müasir kompüter mərkəzləri yaradılmaqdadır.
Son illərdə dünyanın bir sıra aparıcı universitetlərində İKT-nin geniş tətbiqini nəzərdə tutan "Virtual universitet" layihəsinin gerçəkləşməsi prosesi başlamışdır. Bu istiqamətdə ölkəmizdə ilk addımlar Bakı Dövlət Universiteti tərəfindən atılmışdır. Burada tətbiq olunmuş "Virtual universitet" layihəsi Azərbaycan Elmi-Tədqiqat və Təhsil şəbəkəsi Assosiasiyası (AzRENA), Almaniyanın İMC şirkəti, TACIS-in "Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı" layihəsi çərçivəsində yaradılmış Elektron Təhsil Mərkəzi tərəfindən həyata keçirilir.
"Virtual universitet" tədrislə bağlı bütün məsələləri, yəni tədris materiallarının yayılması, xəbərlərin nəşri, auditoriyalarda tələbələr arasında, tələbələr və müəllimlər arasında ünsiyyət və sair kimi prosesləri tam və ya qismən virtual mühitə çevirir. "Virtual universitet" dünyanın bütün aparıcı universitetlərində geniş tətbiq olunur. Həmin ali təhsil müəssisələrində "Virtual universitet" tələbələrə təqdim olunan zəruri və məcburi xidmət və atributların siyahısına daxil olmuşdur. Necə ki, müasir universiteti kitabxanasız, laboratoriyasız, idman komplekssiz təsəvvür etmək mümkün deyildir, eləcə də "virtual universitet"siz təsəvvür etmək çətindir.
"Virtual universitet"in iştirakçıları bir çox ünsiyyət vasitələrinə malikdirlər: çatlar, forumlar, daxili fərdi ismarıclar, e-mail. Bu ünsiyyət vasitələri universitetin həyatında baş verən bütün proseslərin keyfiyyət göstəricisinə çevrilir. Forumlarda həmçinin müəllimlərin fəaliyyəti də müzakirə olunur. Həmin müzakirələr müəllimlərin seçimi prosesində müəyyən rol oynayır. Qeyd etmək lazımdır ki, Boloniya Bəyannaməsi tələblərinə müvafiq olaraq ali təhsil ocaqlarında tədris prosesinin qurulması məhz bu cür yanaşmanı nəzərdə tutur və müəllimlər arasında sağlam rəqabət şəraiti yaradır. İndiyədək BDU-nun "virtual universitet"ində 4 minədək tələbə qeydiyyatdan keçmişdir. Sayt tələbələr arasında çox məşhurdur. Bu sayta orta hesabla hər gün 487 istifadəçi daxil olur ki, bu da böyük qiraət zalı səviyyəsi ilə müqayisə oluna bilər. Bundan əlavə, saytda 590 fənn və mövzular üzrə 4800-dən çox müvafiq konseptlər (ümumi məlumat) yerləşdirilmişdir.
Layihənin vacib komponentlərindən biri də multimedia kurslarının hazırlanmasından ibarətdir. Bu kurslar proqram təminatı bazasında yaradılmışdır. Həmin proqram ənənəvi auditoriya məşğələsinin güclü tərəflərini qoruyub saxlamaqla yanaşı, təqdimatları yeni funksional imkanlarla zənginləşdirir ki, bu da tədris prosesinin səmərəliliyinə təsirli töhfə verir. Mütəxəssislərin rəyinə görə, multimedia kursları ənənəvi təhsilə keyfiyyətli əlavədir və tələbələrə tədris materiallarını sistemli şəkildə mənimsəməyə imkan verir.
BDU-da həyata keçirilən "virtual universitet" layihəsinin əhəmiyyətli cəhətlərindən biri də odur ki, burada həm universitet, həm də ölkəmizin digər ali məktəbləri üçün tyutor (məsləhətçi) hazırlığı həyata keçirilir ki, bunun da Boloniya Bəyannaməsinin reallaşdırılmasında mühüm əhəmiyyəti vardır.
Yaxın gələcəkdə Bakı Dövlət Universitetində əldə etdiyimiz bu təcrübəni ölkənin digər ali məktəblərinə də yaymaq istəyirik. Düşünürəm ki, "Elektron məktəb" pilot layihəsi bizə Orta Təhsil Modelini reallaşdırmağa imkan verəcəksə, "virtual universitet" ölkəmizdə Boloniya prinsiplərinə əsaslanan Ali Təhsil Modelini formalaşdıracaqdır.
Azərbaycan Dövlət İqtisad Universiteti də öz fəaliyyətində İKT-nin geniş tətbiqinə əsaslanır. Belə ki, burada Distant və Əlavə Təhsil Mərkəzi yaradılmışdır. Həmin mərkəzin imkanlarından istifadə edilərək universitetdə distant təhsil sahəsində bir sıra vacib tədbirlər həyata keçirilmişdir:
1.Kafedralar tədris planlarında nəzərdə tutulmuş fənlər üzrə müvafiq materialları elektron formada hazırlamışdır.
2.Beynəlxalq iqtisadi münasibətlər, maliyyə və kredit, İqtisadiyyatın hüquqi tənzimlənməsi, mühasibat uçotu və maliyyə işi ixtisasları üzrə tədris planları distant təhsil saytında (www. distance. aseu.az) yerləşdirilmiş və müvafiq tədris planlarında nəzərdə tutulan fənlər üzrə tədris-metodik göstərişlər, mühazirə mətnləri, test sualları və digər zəruri tədris materialları əks olunmuşdur.
3.Təhsilin distant formasını daha da inkişaf etdirmək, kadr hazırlığı, metodik və proqram təminatına kömək məqsədilə ABŞ-ın İndiana Universiteti ilə Azərbaycan Elmi-Tədqiqat və Təhsil şəbəkəsi Assosiasiyası (AzRENA) ilə birgə layihə həyata keçirilir.
4.Respublikada ilk dəfə olaraq Elektron Kitabxana Şəbəkəsi yaradılmışdır. Nəticədə distant təhsil almaq istəyənlər İnternet vasitəsilə (www. kitab. org.) kitabxana kateqoriyalarından istifadə etmək və Azərbaycan alimlərinin, mütəxəssislərinin elmi işləri və məqalələri ilə tanış olmaq imkanı əldə etmişlər.
Universitetdə İKT-nin imkanlarından səmərəli istifadə edilən sahələrdən biri də kitabxana sistemidir. Kitabxana kompleksinə zəngin kitab fondu, geniş oxu zalı, elektron kitabxana və Dünya Bankının İctimai İnformasiya Mərkəzi daxildir. Kitabxanalarda Azərbaycan, rus, türk və ingilis dillərində kifayət qədər yazılı, səsli və görüntülü informasiya resursları əldə etmək mümkündür. Tam şəkildə kompüterlə təchiz olunmuş Elektron Kitabxanada elektron kataloq sistemi, İNTERNET resurslarına sərbəst çıxış, daxili informasiya bazasına verilmiş elektron kitabları birbaşa kompüterdən oxumaq və onların fotosurətini çıxarmaq imkanları mövcuddur.
Bununla yanaşı, oxucular universitet tərəfindən hazırlanmış www.kitab.az domen ünvanlı və bütün oxuculara açıq olan elektron kitabxana sistemindən də istifadə edə bilərlər. Bu sistemdə xarici və yerli mütəxəssislərin, universitetin müəllim və tələbələri tərəfindən aparılan müxtəlif elmi-tədqiqat işləri ilə tanış olmaq mümkündür. Həmçinin ayrı-ayrı laboratoriyaların nəzdində ixtisaslaşmış kitabxanalar da fəaliyyət göstərir. 2008-ci ildən universitetdə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi ilə birgə yaradılmış müasir elektron kitabxana-informasiya mərkəzi də fəaliyyət göstərir.
Universitet kitabxanasının elektron kataloqu təqribən 40 min kitab haqqında məlumatı özündə cəmləşdirir. Kataloqda Azərbaycan, rus, ingilis, fransız, alman, ispan dillərində kitablar vardır. Distant və Əlavə Təhsil Mərkəzinin fəaliyyəti nəticəsində ADİU MDB, Türkiyə, Yaxın Şərq və Avropa ölkələrində yaşayan azərbaycanlılar üçün distant təhsil mərkəzinə çevrilməkdədir. 2004-2008-ci illər ərzində mərkəzdə ixtisasartırma təhsilinə cəlb edilən professor-müəllim heyətinin sayı 280 nəfər, stajkeçməyə cəlb edilənlər isə 199 nəfər olmuşdur.
ADİU-da yaradılmış Magistr hazırlığı mərkəzi də öz fəaliyyətini müasir İKT əsasında qurmuşdur. Mərkəzin ixtisaslaşdırılmış auditoriyalarında real bazar şəraiti, makroiqtisadi və biznes proseslərinin virtual mühiti yaradılmışdır. Mərkəzdə virtual birja, virtual bank, tədris biznes-inkubator, makroiqtisadi təhlil, vergi və vergi siyasəti, elektron kommersiya, elektron mühasibat və audit laboratoriyaları, treninq mərkəzi, virtual gömrük postu fəaliyyət göstərir. Bu təhsil modelləri müvafiq partnyorlarla (nazirliklər, banklar və şirkətlər) birgə müstəqil layihə kimi işlənib hazırlanmışdır. Tədris prosesində bazar təcrübəsinin, biznes texnologiyalarının və iqtisadi siyasətin ən yeni nailiyyətləri tətbiq edilir. Təhsil prosesi müasir proqram məhsullarının, multimedia tədris vasitələrinin, imitasiya modelinin və işgüzar oyunların tətbiq edilməsi əsasında həyata keçirilir. Layihə çərçivəsində xüsusi tədris planları hazırlanmışdır. Bu tədris planları üzrə mütəxəssislər- partnyorların nümayəndələri tərəfindən praktik seminarlar keçirilir.
Hazırda Magistr hazırlığı mərkəzində respublikamızın müxtəlif dövlət və özəl strukturları ilə birgə layihələr əsasında yaradılan, kompüter, proyektor və digər tədris vasitələri ilə təchiz olunmuş, tədris prosesini müasir tələblərə uyğun şəkildə qurmağa imkan verən virtual laboratoriyalar, tədris otaqları və mərkəzlər fəaliyyət göstərir. Onlardan Makroiqtisadi təhlil və proqnozlaşdırma (İqtisadi İnkişaf Nazirliyi ilə birgə), Tədris virtual Mərkəzi Bank (Mərkəzi Bankla birgə), Audit (Auditorlar Palatası ilə birgə), Beynəlxalq iqtisadi münasibətlər, Vergi və vergiqoyma üzrə elmi araşdırmalar (Vergilər Nazirliyi ilə birgə), Virtual qiymətli kağızlar bazarı (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birgə), Virtual bank (Nikoyl İnvestisiya Kommersiya Bankı ilə birgə), Microsoft Biznes Qərarları (AZEL şirkəti ilə birgə), Sənayenin iqtisadiyyatı, İnformatika, Muhasibat uçotu, Marketinq, Biznesin təşkili, Kommersiya işi virtual laboratoriya və mərkəzləri misal göstərmək olar.
Profillərinə uyğun olaraq müxtəlif kompüter proqram-paketləri ilə təchiz olunmuş laboratoriyalarda tədris prosesinin təşkilində universitetin təcrübəli professor-müəllim heyəti ilə yanaşı, ayrı-ayrı nazirlik, idarə və müəssisələrin mütəxəssisləri də iştirak edirlər. Ümumiyyətlə, MDB məkanında yeni olan bu laboratoriyalar elektron təhsil modelinin həyata keçirildiyi ən uğurlu nümunələrdəndir.
Tədris prosesində və elmi-tədqiqatlarda yeni informasiya texnologiyalarından və hesablama texnikasından istifadə universitet fəaliyyətinin əsas prioritetlərindən biri hesab olunur. Universitetdə tədris prosesinin, elmi-tədqiqatların və idarəetmənin informasiyalaşdırılması strategiyasının reallaşdırılması tələbələrin bilik, bacarıq və peşəkar vərdişlərinin formalaşması problemini müvəffəqiyyətlə həll edir, təhsilin praktiki yönümlülüyünü, tələbələrin əldə etdikləri bilikləri müxtəlif praktiki situasiyalarda tətbiq etmək səriştəsinin formalaşmasını təmin edir.
ADİU-da müasir informasiya texnologiyaları təminatına və kompüter parkına əsaslanan İnformasiya Hesablama Mərkəzi (İHM) də yaradılmışdır. İHM-in kompüterlə təchiz olunmuş 24 ixtisaslaşmış sinfi, elektron kitabxanası və linqafon sinfi də mövcuddur. Ümumilikdə universitetdə 1450-dən çox kompüter vardır ki, bunların da 785-i İnternetə qoşulmuşdur. İHM kompüter sinifləri müasir proqram təminatı və zəruri tədris-təlim proqramları ilə təchiz olunmuşdur.
Universitetin əməkdaşları və tələbələri tərəfindən operativ şəkildə hər hansı informasiyanın əldə olunması məqsədilə bütün kompüterlər vahid şəbəkədə birləşdirilmş və mərkəzləşdirilmiş şəkildə xüsusi kanalla İnternet şəbəkəsinə qoşulmuşdur. Universitetin struktur bölmələri arasında informasiyanın lokal şəbəkə vasitəsilə operativ ötürülməsi məqsədilə İRBİS-64 istifadəyə verilmiş, universitetin veb-saytı www.aseu.az fəaliyyət göstərir.
Azərbaycan Dillər Universitetində yaradılmış İnformasiya Resurs Kompleksi xüsusi qeyd edilməlidir. Kompleksin yaradılmasında məqsəd elm, təhsil və mədəniyyətin informasiyalaşdırılması, Azərbaycanın gələcəyi üçün yüksək səviyyəli mütəxəssis kadrların yetişdirilməsinə kömək, Azərbaycan ali təhsil müəssisələrinin müəllim və tələbələrinin elmi-tədqiqat işlərini himayə edən tədbirlərin həyata keçirilməsi - Azərbaycan elm, təhsil və mədəniyyətinin təbliği, dünya elm, təhsil və mədəniyyətinin Azərbaycanda təbliği, mədəniyyətlərarası dialoq, milli mədəni irsin mühafizəsi, beynəlxalq və regional əməkdaşlıq çərçivəsində işlərin həyata keçirilməsidir. Kompleksin tərkibinə 120-dən artıq İnternet şəbəkəli kompüter, genişçeşidli kitabxana, resurs mərkəzləri (Amerika mərkəzi, İnnovasiya mərkəzi, Türkdilli xalqların folklor mərkəzi, Elektron resurs mərkəzi, İKT mərkəzi və sair) daxildir. Bundan başqa, British Council-in 3000-ə qədər məlumat kolleksiyası, Amerikaya dair 4000 nəşr, amerikaşünaslığa dair 7500 adda, müxtəlif elm sahələrinə dair olan tammətnli elektron bazalar mövcuddur.
Onu da qeyd edək ki, NATO-nun Elm Proqramı tərəfindən həyata keçirilən "Virtual İpək Yolu" layihəsi bir sıra ölkələrlə yanaşı, Azərbaycanı da əhatə etmişdir. Layihənin məqsədi peyk texnologiyaları vasitəsilə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin Milli Elmi-Tədqiqat və Təhsil Şəbəkələrinin Avropanın yüksək sürətli İnternet dayaq şəbəkəsinə qoşulmasını təmin etməkdir. Bu layihə çərçivəsində həmin ölkələrin təhsil müəssisələri arasında informasiya mübadiləsinin genişləndirilməsi mümkün olmuşdur. Azərbaycanda bu layihə Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası (AzRENA) tərəfindən həyata keçirilir. Layihə çərçivəsində ölkəmizin ali təhsil müəssisələri yüksək sürətli İnternetə qoşulmaq imkan əldə etmişlər. Eyni zamanda "Virtual İpək Yolu" layihəsinin iştirakçı ölkələrinin elm və ali təhsil ocaqları şəbəkə vasitəsilə öz aralarında əməkdaşlıq və informasiya mübadliəsi aparırlar. 2000-ci ildə Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin bir sıra aparıcı elmi-tədqiqat qurumları və ali təhsil müəssisələri tərəfindən təsis edilmiş Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasının (AzRENA) əsas fəaliyyət strategiyasına regional şəbəkələrin və regional tədris mərkəzlərinin yaradılması, milli informasiya resurslarının inkişafı, yüksəksürətli İnternet vasitəsilə elm və təhsil sahəsində informasiya mübadiləsinin həyata keçirilməsi, distant təhsil sistemlərinin yaradılması və sair daxildir.
Hazırda Qara Dəniz Beynəlxalq Əlaqə layihəsi çərçivəsində Cənubi Qafqaz ölkələri arasında regional tədqiqat və təhsil şəbəkəsinin yaradılması istiqamətində iş aparılır. Bununla əlaqədar Azərbaycanın ali təhsil müəssisələrinin Avropa tədqiqat şəbəkəsinə (GEANT 2) qoşulması planlaşdırılır. Bu fəaliyyət də AzRENA tərəfindən həyata keçirilir. Layihə regionda təhsil sahəsində ən böyük infrastruktur layihəsi olaraq Qafqaz ölkələri tədqiqatçılarının Avropa ölkələrində elmi-tədqiqat və təhsil sahəsində aparılan işlərdə yaxından iştirak etməsinə imkan yaradacaqdır.
İKT-nin tətbiqi ilə bağlı elmi-tədqiqat işlərinin aparılmasına Azərbaycan Neft və Kimya İnstitutunda XX əsrin 60-cı illərində başlanılmışdır. Sonralar, 80-ci illərdə SSRİ məkanında ilk dəfə olaraq həmin ali məktəbdə tələbə qəbulu kompüter sistemləri vasitəsilə həyata keçirilməyə başlamışdı. O dövrdə keçmiş SSRİ-də və Qarşılıqlı İqtisad Yardım Şurasına daxil olan Şərqi Avropa ölkələri ilə kooperasiya əsasında istehsal olunan "Minsk" və "ES" elektron-hesablayıcı maşınlardan bu məqsədlə geniş istifadə olunurdu. Daha sonra isə həm tədris prosesində, həm də elmi-tədqiqat işlərində CM markalı EHM-lərdən istifadə olunmuşdur.
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 90-cı illərin əvvəllərində mövcud sosial-iqtisadi çətinliklər şəraitində az sayda olsa da daha müasir İBM tipli fərdi kompüterlərin tədrisdə və elmi-tədqiqat işlərində istifadəsinə başlanmışdır. 1998-ci ildən başlayaraq Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətin (bp-Azərbaycan) köməyi ilə akademiyada müasir tipli kompüter texnikasının geniş istifadəsi üçün proqram həyata keçirilməkdədir. Bu proqram çərçivəsində son on ildə bütün tədris binalarında kollektiv istifadə üçün 25 lokal şəbəkəli kompüter mərkəzləri yaradılıb istifadəyə verilmişdir.
Əvvəllər köhnəlmiş texnika və texnologiya əsasında fəaliyyət göstərən informasiya-hesablama mərkəzi müasir informasiya-hesablama və nəşr mərkəzinə çevrilmiş, 15-ə yaxın kafedranın nəzdində onun filialları yaradılmışdır. Bu qurum İKT-nin tədris prosesinə, elmi-tədqiqat işlərinə, nəşr fəaliyyətinə, tədrisin və elmi fəaliyyətin idarə edilməsinə xidmət etməkdədir. Bunlarla yanaşı, tədrisi, elmi, inzibati-təsərrüfat fəaliyyətini idarə edən bütün bölmələrdə idarəetmə məlumatlarını emal etmək üçün 70-ə yaxın avtomatlaşdırılmış iş yerləri yaradılmışdır.
Akademiyada müasir tədris texnologiyalarının istifadəsi də kompüter və multimedia vasitələrinin köməyi ilə təmin olunur. Əsaslı kitabxanada elektron kataloq sistemi yaradılmışdır. Hər üç tədris binası sürətli İnternet şəbəkəsinə qoşulmuşdur. İKT-nin geniş tətbiqi məqsədilə işlər davam etdirilir. Hazırda ADNA-da istifadə olunan kompüterlərin sayı 600-dən çoxdur.
Azərbaycan Texniki Universitetində (AzTU) tədris prosesinin müasir informasiya - kommunikasiya texnologiyaları ilə təminatı və universitetin kompüter parkının texniki və proqram xidmətini əhatə edən İnformasiya-Tədris Mərkəzi (İTM) fəaliyyət göstərir. Burada 50 ədəd müasir tipli kompüter quraşdırılmışdır. İTM-də universitetin bütün fakültələrində tədris edilən fənlər üzrə kompüter texnikası tətbiq edilməklə məşğələ və laboratoriya dərsləri keçirilir. Eyni zamanda İTM universitetin kafedra və şöbələrində olan kompüterlərə texniki xidmət göstərir və onları yeni proqram təminatı ilə təchiz edir.
İTM-dən əlavə, universitetdə müasir kompüterlərlə təchiz olunmuş 18 ixtisaslaşdırılmış sinif təşkil olunmuşdur. İnformatika-Tədris Mərkəzi və kompüter sinifləri müasir proqram təminatı və lazımi tədris-təlim proqramları ilə təchiz edilmişdir. Tədrisdə səmərəliliyin artırılmasına xidmət edən müasir multimedia vasitələri və elektron dərsliklər tətbiq olunur. Bütün kafedralar və digər struktur bölmələr kompüterlərlə təchiz olunmuşdur. Tədris prosesində və elmi-tədqiqat işlərinin yerinə yetirilməsində ümumilikdə 600-dək müasir tipli kompüterlərdən istifadə edilir. Kompüterlər elmi-tədqiqat işlərində istifadə edilən Matlab, AutoCad, Lira proqramlarının müxtəlif versiyaları ilə təchiz edilmişdir.
2008-ci ildə AzTU-da respublikanın regionları və xarici dövlətlərin universitetləri ilə əlaqə yaratmağa imkan verən videokonfrans mərkəzi yaradılmışdır.
2008-2009-cu dərs ilinin yay imtahan sessiyasında bir sıra fənlər üzrə imtahanlar kompüterlərdən istifadə olunmaqla aparılmışdır. 2009-2010-cu tədris ilində imtahan sessiyalarını daha mütəşəkkil keçirmək və bütün tələbə kontingentini əhatə etmək məqsədilə universitetdə geniş tədbirlər həyata keçirilir. Belə ki, İTM-in imkanları genişləndirilir, burada 100-dən çox kompüterlərin yerləşdirilməsi nəzərdə tutulur. Bu isə mövcud kompüter bazası ilə birlikdə gün ərzində 1000 nəfərə yaxın tələbənin biliyini obyektiv qiymətləndirməyə imkan verəcəkdir.
AzTU-da informasiya təminatının səmərəliliyini artırmaq məqsədilə daxili lokal şəbəkə yaradılmışdır. Həmçinin universitetin Web səhifəsi hazırlanıb qeydiyyatdan keçirilmişdir, elektron kitabxananın yaradılması istiqamətində intensiv iş aparılır. Fasiləsiz İnternet xətti tələbələrə və müəllim heyətinə dünya informasiya məkanında olan məlumatların alınmasını və operativ informasiya mübadiləsini təmin edir.
Azərbaycan Memarlıq və İnşaat Universitetində də tədris prosesini müasir informasiya texnologiyaları və proqramlarla təmin edən İnformasiya-Tədris Mərkəzi (İTM) fəaliyyət göstərir. 50-yə yaxın müasir kompüter və digər İKT avadanlığı ilə təmin olunmuş bu mərkəzin əsas məqsədi bütün ixtisaslarda İKT üzrə məşğələ və laboratoriya dərslərinin təşkilidir. Bundan əlavə, müasir kompüterlərlə təchiz olunmuş 14 ixtisaslaşdırılmış sinif, TEMPUS layihəsi çərçivəsində İnternetə çıxışı olan sinif və tələbə İnternet klubu fəaliyyət göstərir.
Universitetdə müasir multimedia vasitələrinin tətbiqi ilə tədris prosesinin təşkilinə başlanmışdır. Tədris prosesində və elmi-tədqiqat işlərinin aparılmasında 300-ə yaxın müasir kompüterdən istifadə olunur, bütün kafedra və struktur bölmələr müasir kompüterlərlə təchiz olunmuşdur. Universitetdə layihələndirmə, digər müasir inşaat və memarlıq yönümlü elmi-tədqiqat işlərinin yerinə yetirilməsini təmin etmək məqsədilə təyinatına uyğun olaraq kompüterlər Autocad, Matlab, Turbo pascal, Fortran, Matcad, Stat, Lira, 3D Max proqramları ilə təchiz olunmuşdur.
Bundan əlavə, Dünya Bankının maliyyə dəstəyi ilə başlanmış "Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi" layihəsi çərçivəsində universitetdə 2009-2010-cu tədris ilindən başlayaraq su təsərrüfatı və meliorasiya ixtisasları üzrə tələbə və mütəxəssislərin müasir elmi yeniliklərlə tanışlığını təmin etmək məqsədilə treninqlərin keçirilməsi və dünyanın aparıcı universitetləri, mütəxəssisləri və təhsil mərkəzləri ilə virtual ünsiyyətin yaradılması məqsədilə Videokonfrans mərkəzinin yaradılmasına hazırlıq işlərinə başlanmışdır.
Eyni zamanda universitetin geodeziya kafedrasının nəzdində METCAD firması ilə birlikdə ölkəmiz üçün vacib olan yer quruluşu və şəhər kadastrı, geodeziya ixtisasları üzrə kadr hazırlığı üçün müasir proqram təminatı ilə təchiz olunmuş kompüter sinfi yaradılmışdır. Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili kafedrasının laboratoriyasında respublikamızda tikilən və fəaliyyət göstərən kiçik körpülərin layihələndirilməsi və ekspertizası üçün də müvafiq proqram təminatı işlənmişdir.
Gələcəkdə universitetdə semestr imtahanlarının test üsulu ilə qəbulunu təmin etmək məqsədilə tədris olunan bütün fənlər üzrə test bankı yaradılmış və ilkin olaraq 2008-2009-cu tədris ilinin yay semestrində birinci kursun bütün imtahanları, digər kurslarda isə seçmə yolla bir neçə fənn üzrə imtahanlar test üsulu ilə aparılmışdır. Növbəti tədris ilində universitetin imkanlarından istifadə edərək birinci kursda semestr imtahanlarının test üsulu ilə kompüterdən istifadə etməklə aparılması planlaşdırılır. Fasiləsiz işləyən İnternet xətti tələbə və professor-müəllim heyətinin dünyanın informasiya məkanına çıxışını təmin edir. Universitetdə yaradılmış elektron kadrlar şöbəsi və elektron tədris şöbəsi bu iki vacib sahənin işinin operativliyini təmin edir.
Həmçinin universitetdə daxili informasiya təminatının səmərəliliyini artırmaq məqsədilə daxili şəbəkə yaradılmış, universitetin Web səhifəsi hazırlanmış və qeydiyyatdan keçirilmişdir, tədris olunan bütün fənlər üzrə mühazirə materiallarının elektron versiyaları universitet kitabxanasına təhvil verilmiş və universitetin elektron kitabxanasının yaradılması üzərində intensiv iş aparılır.
(Ardı
var)
Misir MƏRDANOV
Azərbaycan müəllimi.-2009.-18
sentyabr.-S.4.