Yeni qiymətləndirmə müasir təhsil sistemində mühüm yer tutur
Azərbaycan təhsilinin
son illər davamlı inkişafı, dünyanın
aparıcı ölkələrinin təhsil sahəsində əldə
etdikləri təcrübəsinin öyrənilərək təhsilimizə
tətbiqi, bu sahədə qazanılan nailiyyətlərin hər
bir ölkə vətəndaşının sevinclə
qarşıladığı ən mühüm hadisələrdən
biridir desək, bizcə yanılmarıq. Ölkəmizdə təhsil
sahəsində aparılan islahatların, əsaslı dəyişikliklərin,
həyata keçirilən yeniliklərin bir məqsədi,
amalı var: təhsilin keyfiyyətinin yüksəldilməsi,
dünyanın inkişaf etmiş ölkələrinin qəbul
edəcəyi mütərəqqi və mükəmməl bir
təhsil sisteminin yaradılması. Artıq bu sahədə
bir neçə mühüm addım atılmaqdadır. Təhsil
tariximizdə ilk dəfə olaraq həyata keçirilən
yeni qiymətləndirmə sistemi də təhsil sahəsində
tətbiq edilən yeniliklərdən biridir. Bu haqda ətraflı
məlumat almaq üçün Təhsil Nazirliyinin Monitorinq və
qiymətləndirmə şöbəsinin müdiri, filologiya
elmləri namizədi Təranə Hacıyevaya bir neçə
sualla müraciət etdik.
-
Təranə xanım, təhsilimizdə
tətbiq edilən yeni qiymətləndirmə sistemi
haqqında oxucularımıza bir qədər geniş məlumat
verməyinizi xahiş edirik.
-
Ötən müddət ərzində təhsil sahəsində
islahat proqramının ilkin mərhələləri artıq
müvəffəqiyyətlə həyata keçirilmiş, Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları
ilə "Azərbaycan Respublikasında ümumi təhsilin
Konsepsiyası (Milli Kurikulumu)" və "Azərbaycan
Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası" kimi dövlət əhəmiyyətli
mühüm sənədlər qəbul olunmuşdur.
Bilirsiniz
ki, ümumi təhsilin məzmununun yeniləşdirilməsi
istiqamətində artıq bir sıra mühüm addımlar
atılıb. Təbii ki, ümumi təhsilin məzmununun yeniləşdirilməsi
şagird nailiyyətlərinin qiymətləndirməsi sahəsində
də yeni mexanizmlərin tətbiqini zəruri etmişdir. Ənənəvi
qiymətləndirmə sistemi müəllimin subyektiv
mülahizələrinə əsaslanır, şagirdlərdə
təlimə marağı azaldır, onlarda məsuliyyət
hissinin artırılmasına tam şəkildə xidmət
etmirdi. Həmçinin ənənəvi qiymətləndirmə
sistemi şagirdlərin inkişafını sistemli şəkildə
izləməyə imkan vermir, onların nailiyyətləri
keyfiyyət baxımından deyil, kəmiyyət
baxımından qiymətləndirilir. Nəticədə
şagird bir qayda olaraq, ancaq qiymət xatirinə oxuyur.
Sadalanan
bu problemlərin həlli istiqamətində müəyyən əsaslı
dəyişikliklərin zəruriliyi nəzərə
alınaraq Təhsil Nazirliyi tərəfindən "Azərbaycan
Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası" hazırlandı və qeyd etdiyim kimi, Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il
tarixli, 9 nömrəli qərarı ilə təsdiq edildi.
Yeni
qiymətləndirmə müasir təhsil sistemində
mühüm yer tutur. Yeni qiymətləndirmə sistemində
şagird nailiyyətlərinə kompleks yanaşılır,
onun əvvəlki illərdə və buraxılış
sinfində nəticələri nəzərə alınır.
Dünyada
qəbul olunmuş və artıq tətbiq edilən qiymətləndirmə
sistemi indikindən fərqli olaraq 3 komponenti - məktəbdaxili,
milli və beynəlxalq qiymətləndirməni əhatə
edir.
Məktəbdaxili
qiymətləndirmənin mühüm tərkib hissəsi olan
buraxılış imtahanlarının forma və məzmunca təkmilləşdirilməsi,
yeni mexanizmlərin tətbiqi istiqamətində mühüm
addımlar atılıb. Belə ki, 2005-2006-ci dərs ilindən
etibarən mərhələlərlə ölkəmizin
ümumtəhsil məktəblərində və peşə
liseylərində mərkəzləşdirilmiş qaydada məktəbdaxili
summativ qiymətləndirmə və buraxılış
imtahanları həyata keçirilməkdədir. Hazırda bu
imtahanlar ölkənin bütün ümumtəhsil məktəblərini
və peşə liseylərini əhatə etmişdir.
- Elə söz
imtahanlardan düşmüşkən, istərdik ki, orta təhsil
kursu üzrə mərkəzləşdirilmiş qaydada
keçirilmiş builki imtahanlar, onların nəticələri
barədə açıqlama verəsiniz.
-
2008-2009-cu tədris ilində ümumtəhsil məktəblərində
mərkəzləşdirilmiş qaydada keçirilən
buraxılış imtahanlarının coğrafiyası
genişlənərək bütün respublikanı əhatə
etdi. Biz bu işin olduqca çətin və məsuliyyətli
olduğunu bilirdik. Ona görə həmin məsələyə
tələbkarlıqla yanaşaraq, yerlərdə də onun
lazımi səviyyədə həyata keçirilməsi
üçün bir neçə istiqamətdə iş
apardıq.
Respublikanın
bütün bölgələrində buraxılış
siniflərinin şagirdlərini, valideynlərini, məktəb
direktorları və fənn müəllimlərini əhatə
edən təlimati iclaslar keçirildikdən sonra
imtahanların obyektiv və şəffaf aparılması
üçün müvafiq tədbirlər
görülmüş, sinifdə imtahan verən 18 şagirdin
hər biri üçün ayrı-ayrı (18 variantda) test
kitabça hazırlanmış, imtahan rəhbərləri və
nəzarətçilər treninqlərə cəlb
edilmişlər.
Orta
ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş
qaydada keçirilmiş buraxılış imtahanları
ölkə üzrə 4 bölgədə 293 mərkəzdə
keçirilib.
İmtahanda iştirak etməli olan 99630 şagirddən 96591-i imtahan verib. İmtahanlarda iştiraketmə faizi 96,95 olub, 76825 şagird imtahanlardan müvəffəq qiymət alıb. ölkə üzrə müvəffəqiyyət göstəricisi 77,11 faiz olub. Şəhər və rayonlar arasında ən yüksək göstəricini - 94,31 faiz Sumqayıt əldə edib. Bakı üzrə orta göstərici 90,73 faizdir.
Özəl məktəblər üzrə imtahanlarda iştirak faizi 99,07, müvəffəqiyyət göstəricisi 96,26 faizdir. Məcburi köçkün məktəblərinin buraxılış siniflərində müvəffəqiyyət 81,32 faiz olub.
Gördüyünüz kimi, builki imtahanların nəticələri ötən illə müqayisədə yüksəkdir. Sevindirici haldır ki, ölkə ictimaiyyətinin də bu məsələyə münasibəti artıq yaxşılığa doğru dəyişib.
Şagirdlər və valideynlər yeni formada keçirilən imtahanın üstünlüklərini görürlər. Orta ümümtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada aparılan imtahanlar təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsilə münasibətdə şagird və müəllimlərin, məktəb rəhbərlərinin, eləcə də valideynlərin məsuliyyətinin artırılmasına, obyektivlik və şəffaflığın təmin olunmasına xidmət edir. Artıq şagirdlər tədris olunan fənlərin hamısına eyni səviyyədə münasibət bəsləyirlər. Bu isə çox yaxşı haldır.
- Qiymətləndirmə sisteminin digər
2 komponenti - milli və beynəlxalq qiymətləndirmə ilə
bağlı nə kimi işlər həyata keçirilib?
- İlk dəfə olaraq beynəlxalq qiymətləndirmə 2006-cı ildə PISA proqramı çərçivəsində aparılmış və nəticələr 2008-ci ildə elan olunmuşdur. Növbəti keçirilən beynəlxalq şagird qiymətləndirilməsi proqramı - "PISA-2009" layihəsi ümumtəhsil məktəblərində və peşə liseylərində təhsil alan 15 yaşlı şagirdlərin "Yaşamaq üçün öyrənmək" sahəsində qabiliyyətlərinin qiymətləndirilməsini həyata keçirir. Cari dərs ilinin aprel-may aylarında "PISA-2009" üzrə əsas mərhələ imtahanları və sorğuları həyata keçirilmişdir. Həmin mərhələdə 162 məktəbin 4761 nəfər şagirdi iştirak etmişdir. Hazırda imtahanın nəticələrinin qiymətləndirilməsi və nəticələrdən ibarət məlumatlar bazasının hazırlanması davam edir. Toplanmış məlumatlar emal və təhlil olunmaq üçün Beynəlxalq Konsorsiuma göndəriləcəkdir.
Onu da əlavə edim ki, Təhsil Nazirliyi ölkənin ümumtəhsil müəssisələrində kurikulum üzrə beynəlxalq qiymətləndirmənin həyata keçirilməsini təmin etmək üçün TIMSS və PRLS beynəlxalq qiymətləndirmə proqramına qoşulmağı məqsədəuyğun hesab etmiş və hazırda TSİİL ilə birlikdə həmin istiqamətdə hazırlıq işləri aparılır. Bu proqramlar üzrə qiymətləndirmənin əsas mərhələsi 2011-ci ildə başa çatdırılacaqdır.
Bu ilin mayında isə respublikanın 52 rayonunun 216 məktəbində 12960 nəfər IV və IX sinif şagirdini əhatə edən milli qiymətləndirmə həyata keçirilmişdir. Mən milli və beynəlxalq qiymətləndirmə ilə bağlı bir qədər açıqlama vermək istərdim. Milli və beynəlxalq qiymətləndirmələr şagirdin nailiyyətlərinə, yaxud onun dövlət sənədi (şəhadətnamə, attestat) almasına təsir etməyən qiymətləndirmədir. Milli və beynəlxalq qiymətləndirmənin nəticələri rəsmi sənəd kimi jurnallarda, məktəb sənədlərində qeyd edilmir. Milli qiymətləndirmə təhsilə, məktəblərin fəaliyyətinə qiymət verməklə yanaşı, həm də təhsilə təsir edən amilləri öyrənir, təhsildəki proqnozlaşdırmaya, perspektivlərin müəyyənləşdirilməsinə xidmət edir. Ona görə də bu qiymətləndirməni imtahan kimi deyil, sırf diaqnostik, belə deyək ki, tədqiqat xarakterli qiymətləndirmə kimi səciyyələndirmək lazımdır. Həmin məqsədlə şagirdlər üçün ana dili və riyaziyyat fənlərindən test imtahan kitabçaları, müəllimlər, şagirdlər, valideynlər və məktəb rəhbərləri üçün sorğu kitabçaları hazırlanmışdır.
İmtahan və sorğuların aparılmasına imtahan rəhbərləri cəlb olunmuş, onlarla treninqlər aparılmışdır. Hazırda imtahan və sorğunun nəticələrindən ibarət məlumatlar bazası hazırlanır, yaxın müddətdə onların emalı və təhlili həyata keçiriləcəkdir. Bununla bağlı hazırlanacaq analitik təhlil təhsil ictimaiyyətinin diqqətinə çatdırılacaqdır. Milli qiymətləndirmənin nəticələrindən yeni fənn kurikulumlarının hazırlanmasında istifadə olunması nəzərdə tutulur.
Məlumat üçün bildirim ki, 2011-ci ildə ölkənin bütün məktəblərində milli qiymətləndirmənin keçiriləcəyini nəzərə alaraq, 2010- cu ildə həmin işə hazırlıq gedəcək.
- Yeni tədris ilində bizi hansı yeniliklər gözləyir?
- Bu il əsas təhsil kursu üzrə də buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi reallaşacaq. İmtahanların ana dili və riyaziyyat fənləri üzrə aparılması nəzərdə tutulur.
Orta təhsil kursu üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının aparılması ilə bağlı artıq kifayət qədər təcrübəmiz var və biz bu işi davam etdirəcəyik. Təbii ki, zəruriyyət yaranarsa, texniki dəyişikliklərin edilməsi də istisna deyil, məzmun dəyişikliyi isə gözlənilmir.
Keçən il olduğu kimi, cari dərs ilində də şagird, valideyn, məktəb direktorları və fənn müəllimlərini əhatə edən təlimati işlər davam etdiriləcəkdir.
Bütün bunlarla yanaşı, yeni qiymətləndirmə siyasətinə uyğun olaraq ibtidai təhsil pilləsində qiymətləndirmə üsul və vasitələri, ayrı-ayrı fənlər üzrə məktəbdaxili qiymətləndirmə nümunələri hazırlanmış və bu layihələr ictimaiyyətin diqqətinə təqdim edilib.
Görüləsi işlər çoxdur. Qiymətləndirmə yalnız nəticələrin statistik baxımdan elan edilməsi ilə işini bitirmir. Buraxılış imtahanlarının nəticələri gələn ay kollegiya iclasında geniş müzakirə ediləcək və bununla bağlı müvafiq qərar qəbul olunacaq. Müzakirələr bununla bitməyəcək. İmtahanların nəticələri bir neçə istiqamətdən ətraflı təhlil olunaraq, TSİİL-lə birgə keçiriləcək seminarlarda ictimaiyyətə təqdim ediləcək. Eyni zamanda 2009-2010-cu dərs ilində istifadəsi nəzərdə tutulan yeni formalı və yeni məzmunlu testlərin (açıq sualların) daxil edildiyi test kitabçaları çap olunub təhsil müəssisələrinə çatdırılacaqdır.
Qiymətləndirmə ilə
bağlı görəcəyimiz işlər bununla bitmir. Təsdiq
olunmuş "Azərbaycan Respublikasının ümumi təhsil
sistemində Qiymətləndirmə Konsepsiyası" bundan
sonra qiymətləndirmə sahəsində həyata keçiriləcək
tədbirlər üçün çərçivə sənədidir.
Konsepsiya ölkədə yaxın illər ərzində təhsildə
qiymətləndirmə məsələləri ilə
bağlı tədbirləri idarə etmək
üçün nəzərdə tutulmuşdur. Yeni dərs
ilindən bu istiqamətdə bir sıra işlər həyata
keçiriləcəkdir.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.-2009.-18
sentyabr.-S.5.