Kaliforniya Texnologiya İnstitutu

 

Yerləşir ABŞ, Kaliforniya ştatı,

 

Pasedena şəhəri

Yaradılıb 1891-ci ildə

Tipi özəl

Prezidenti Cin Lo Şamo

Tələbələrin sayı 864 nəfər

Aspirantların sayı 1 222

Rəsmi saytı www.caltech.edu

 

Kaliforniya Texnologiya İnstitutu (qısa adı Kaltek) Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Pasedena şəhərində yerləşir. İnstitutda təbii elmlər və mühəndislik sahəsinə xüsusi diqqət yetirilir. Kaliforniya Texnologiya İnstitutu NASA-nın Cet Propuljon laboratoriyasını idarə edir. İnstitut təxminən 2100 tələbəsi (900 tələbə və 1200 aspirantı) olan kiçik bir ali məktəb olsa da, dünyanın ən yüksək reytinqli ali məktəbləri sırasındadır.

 

Tarixi inkişaf yolu

 

Kaliforniya Texnologiya İnstitutunun əsası peşə məktəbi kimi 1891-ci ildə Pasedenada yerli biznesmen və siyasətçi Amos G. Trup tərəfindən qoyulub. Məktəb 1921-ci ilə qədər Trup Universiteti, Trup Politexnik İnstitutu və Trup Texnologiya Kolleci kimi tanınıb.

Cənubi Kaliforniyanın çiçəklənən iqtisadiyyatı və tərəqqisi sayəsində institut 1920-ci ildə özünün yüksək inkişafı dövrünə qədəm qoyub. 1923-cü ildə institutun əməkdaşı R.E.Milikan fizika elmi sahəsində Nobel mükafatı ilə təltif olunub. 1925-ci ildə isə məktəbdə geologiya kafedrası açılıb, Harvard Universitetinin tarix, hökumət və iqtisadiyyat fakültəsinin sədri Vilyam Munro işə qəbul edilib, bəşəriyyət və ictimai elmlər fakültəsi yaradılıb. 1928-ci ildə isə Tomas Hunt Morqanın rəhbərliyi altında biologiya fakültəsinin əsası qoyulub. ABŞ-da dövrünün ən məşhur bioloqu olan Tomas Hunt Morqan irsiyyətdə gen və xromosomların rolunu kəşf edib. 1930-cu ildə professor Corc Mak Qinitin hamiliyi ilə Korona del Marda Kerkof Marin laboratoriyası yaradıb. 1926-cı ildə aeronavtlar məktəbinin yaradılması təmin olunub. Teodor von Karman bu işə cəlb edilib. Karman 1926-cı ildə Reaktiv təkan laboratoriyasını yaradaraq institutun dünyanın raket elmi mərkəzinin ayrılmaz bir hissəsinə çevrilməsində mühüm rol oynayıb. 1928-ci ildə isə Palomar rəsədxanası fəaliyyətə başlayıb.

R.E.Milikan "icraçı şuranın sədri" (prezidenti) kimi 1921-ci ildən 1945-ci ilə qədər fəaliyyət göstərib. Onun nüfuzu o qədər yüksək olub ki, hətta institutu "Milikanın məktəbi" adlandırıblar. Müasir dövrdə Kaltek kiçik, lakin diqqəti cəlb edən bir təhsil ocağıdır. Təxminən 293 professoru, 66 tədqiqat fakültəsi, 104 görkəmli professor heyəti, 5000 doktoru olan Kaltek İnstitutu özəl təhsil müəssisəsi kimi Təsisçilər heyəti tərəfindən idarə olunur.

 

Akademik bölmələr

 

İnstitut aşağıdakı bölmələrdən ibarətdir:

 

1. Biologiya, kimya və kimya mühəndisliyi.

2. Mühəndislik və tətbiqi elmlər.

3. Geoloji və planet elmləri.

4. Bəşəriyyət və sosial elmlər.

5. Fizika, riyaziyyat və astronomiya.

6. Fənlərarası proqramlar.

 

Yataqxana sistemi

 

XX əsrin əvvəllərindən Kaltekdə tələbələrin qaldıqları yataqxanaların tələbə-qardaşlıq klublarına çevrilməsi qərara alınıb. Beləliklə, burada 4 tələbə şəhərciyi tikilib. 1960-cı ildə əlavə 3 şimal tələbə şəhərciyi salınıb.

 

Tədris

 

Kaltek İnstitutunda oxumaq heç də asan deyil. Hətta burada oxumaq digər Amerika universitetlərində oxumaqdan çətin hesab edilir. Tələbələr az bir zaman ərzində kifayət qədər çox informasiyanı mənimsəməlidirlər. çox zaman bu prosesi "nəhəng su kəmərindən su içmək" prosesi ilə müqayisə edirlər. Kaltekdə təhsil həyatını çox zaman bir aforizmlə səciyyələndirirlər: "Təhsil, yuxu, ictimai həyat: üçündən ikisini seç". Ali məktəbin ən məşhur fakültəsinin fizika fakültəsi olmasına baxmayaraq, son zamanlar rektor Şamo Kaltekin reytinqini biologiya sahəsində də yüksəltməyə çalışır. Tədris ocağında fənlərarası proqram olan "Hesablama və neyron sistemlər" də tədris olunur.

 

Fakültələr

 

Kaltek hər bir tələbə və aspiranta bir neçə ixtisaslaşmada təhsil təklif edən altı bölmədən ibarətdir:

* Biologiya bölməsi.

* Kimya və kimya mühəndisliyi bölməsi.

Kimya;

Kimya mühəndisliyi.

* Mühəndislik və tətbiqi elmlər:

Aeronavtika (GALCIT) .

Tətbiqi və hesablama riyaziyyatı.

Tətbiqi mexanika.

Vətəndaş quruculuğu.

İnformatika.

Elektrik enerjisi.

Materialşünaslıq.

Mexaniki mühəndislik.

* Geologiya və planetologiya bölməsi:

Geofizika.

* Humanitar və ictimai elmlər:

Tarix.

İngilis dili.

Tarix və elmlərin fəlsəfəsi.

* İctimai elmlər:

İqtisadiyyat.

Biznes iqtisadiyyatı və menecment.

İctimai elmlər.

* Fizika, riyaziyyat və astronomiya:

Fizika.

Riyaziyyat.

Astronomiya.

Tətbiqi fizika.

Biokimya.

Bioenerji.

Biofizika.

Hesablama və neyron sistemi.

Tənzimləmə və dinamik sistemlər.

Elm və ətraf mühitin mühəndisliyi.

Geobiologiya və astrobiologiya.

Geokimya.

Planetologiya.

 

Tələbələr üçün proqram

 

Digər Amerika ali məktəblərindən fərqli olaraq, Kaltek tələbələri 4 il deyil, 5 il təhsil alırlar. Kaltekdə tədris olunan ixtisaslar əsas və əlavə ixtisaslara bölünmür. Tələbələr bir və ya iki fənn üzrə müxtəlif bölmələrdə ixtisaslaşa bilərlər.

Kaltek dəqiq elmlər üzrə icbari kurs proqramları ilə digər ali məktəblərdən seçilir. Bütün tələbələr 5-3 semestr riyaziyyat, diferensial bərabərlik və statistika, 5 semestr fizika, kvant mexanikası, 2 semestr kimya və 3 semestr biologiya keçirlər. Bütün tələbələr tədrisin 2 semestrini laboratoriya şəraitində aparmalı, 12 semestr humanitar və ictimai elmlər sahəsində kurs keçməlidirlər.

Burada tədris proqramlarının ağırlığına baxmayaraq, çox az sayda tələbə institutdan çıxır, yaxud da digər institutlara göndəriş alır. İlk iki semestrdə tələbələrə məqbul və qeyri-məqbul qiymətlər verilir ki, bu da məktəbdən universitetə keçid faktorunu bir qədər yüngülləşdirir. Burada tələbələr yarışmır, ev tapşırıqlarında bir-birinə kömək edir. Beləliklə, yaxşı oxumayan tələbələr də materialı mənimsəyə bilir və geriləmirlər.

Kaltek İnstitutunun tələbələrinin əksəriyyəti tədqiqat işlərində iştirak edir. Bu, əksər hallarda Yay tədqiqat işləri proqramı çərçivəsində həyata keçirilir. Tələbələr müvafiq tədqiqat işlərini dərs ili ərzində də apara bilərlər. Onlar tədqiqat işlərində professorlarla birgə işləyirlər və onların yazdıqları işlərin demək olar ki, əksər hissəsi qrantlar qazanır.

 

İnstituta qəbul

 

Kaltek İnstitutuna qəbul rəqabət əsasında aparılır. ABŞ-dan və dünyanın hər bir yerindən Kaltek İnstitutuna oxumağa gəlirlər. Bu tələbələr elmə olan qeyri-adi maraq və bacarıqlarını bölüşür, dərin elmi biliklərə yiyələnirlər. Tələbələrə instituta qəbul üçün ərizə formasını doldurarkən diqqətli olmaq və bütün suallara tam cavab vermək tövsiyə edilir. çünki Kaltek İnstitutunda oxumaq istəyən hər bir tələbənin ərizəsinə diqqətlə baxılır.

 

Dünya elminə verdiyi töhfələr

 

İnstitutun məzunları sırasında elm və texnologiya sahəsində əldə etdiyi uğurlarına görə müxtəlif Nobel laureatları var. Robert A. Milikan 1923-cü ildə fizika, Tomas Hunt Morqan 1933-cü ildə fiziologiya və tibb, Edvin M. Mak Millan 1951-ci ildə kimya, Corc Bidl 1958-ci ildə fiziologiya və ya tibb sahələrindəki xidmətlərinə görə təltif ediliblər.

Hamının istifadə etdiyi qlobal informasiya məkanı olan İnternetin yaradılması da məhz institutun adı ilə bağlıdır. 2 sentyabr 1969-cu ildə 20 tədqiqatçıdan ibarət qrup Kaliforniya İnstitutunda Len Klyanrokun laboratoriyasında toplaşaraq, təxminən uzunluğu 3 metr olan kabel vasitəsilə bir kompüterdən digər kompüterə məlumat göndərməyə başlamışdır. Bununla da İnternetin prototipi olan "Arpanet" şəbəkəsinin yaradılması prosesinin əsası qoyulub. ötən əsrin 90-cı illərində isə Avropa Nüvə Tədqiqatları Mərkəzinin fiziki Tim Bernes-Li məsafədə olan məlumatlara yeni və olduqca daha asan çıxış üsulunu, yəni qlobal şəbəkəni icad edəndən sonra isə İnternetdən kütləvi istifadə imkanı yaranıb.

 

İnstitut bu gün

 

Kaliforniya Texnologiya İnstitutunun missiyası bəşəri bilikləri genişləndirmək və cəmiyyətə təhsillə inteqrasiya olmuş tədqiqatla fayda verməkdən ibarətdir. Bu təhsil ocağı elm və texnologiya sahəsində həlli vacib olan problemləri kollegial, elmlərarası bir atmosferdə araşdırır, öz tələbələrini cəmiyyətin yaradıcı və faydalı üzvlərinə çevirmək üçün fəaliyyət göstərir.

 

 

Hazırladılar: Lamiyə ƏLİYEVA,

 

Dilruba BAYRAMOVA

 

Azərbaycan müəllimi.-2009.-25 sentyabr.-S.5.