Azərbaycan aliminin böyük
uğuru
Həmyerlimiz, riyaziyyatçı alim Sabir Mirzəyev yüksək beynəlxalq mükafata - M.Boqolyubov adına medala
layiq görülüb
Ölkəmizin elm və təhsil ictimaiyyəti bu günlərdə xoş bir xəbərin sevincini yaşamışdır. Azərbaycanın tanınmış riyaziyyatçı alimi, Bakı Dövlət Universitetinin professoru, VII-XI siniflər üçün həndəsə, cəbr, cəbr və analizin başlanğıcı dərsliklərinin həmmüəllifi və redaktoru Sabir Sultanağa oğlu Mirzəyev Ukrayna Riyaziyyatçılar Cəmiyyətinin bu yaxınlarda keçirilmiş II beynəlxalq konqresində M.Boqolyubov adına medala layiq görülmüşdür.
Məlumat üçün
bildirək ki, Ukrayna Riyaziyyatçılar
Cəmiyyəti hər
10 ildən bir məşhur riyaziyyatçı
alimlərə həsr
olunan beynəlxalq konqres keçirir. 10 il bundan əvvəl
çağırılmış birinci konqres akademik Krılovun, bu il avqustun
27-30-da keçirilmiş ikinci
konqres isə akademik Mikola Boqolyubovun şərəfinə
təşkil olunmuşdu. Konqresdə dünyanın
50-dən çox ölkəsindən gəlmiş
1100-dən yuxarı riyaziyyatçı alim iştirak etmişdir. Onların içərisində
ölkəmizi təmsil
edən riyaziyyatçı
alimlər də var idi. Konqresdə
riyaziyyatın müxtəlif
sahələrinə aid
yaradılmış bölmələrdə
müvafiq sahələr
üzrə alınan yeni nəticələr müzakirə edilmişdir.
Bu sahələrdən
biri də respublikamızda inkişaf
etmiş funksional analiz sahəsi idi. Sevindirici haldır ki, funksional analiz üzrə yaradılmış
4 bölmədən birinin
yarımbölməsinə Sabir Mirzəyev rəhbərlik etmişdir.
Hər konqresdə riyaziyyatın müvafiq sahələri üzrə yüksək nəticələr qazanmış alimlər konqresin həsr olunduğu alimin adına təsis edilmiş medallarla təltif olunur. Builki konqres zamanı
da funksional analiz sahəsində aldıqları yüksək
nəticələrə görə
professorlar Rofe-Beketov, Nijnik, Mixaylets, Koçubey kimi tanınmış alimlərlə
birlikdə həmyerlimiz
Sabir Mirzəyev də bu sahə
üçün Boqolyubovun
adına təsis olunmuş 8 medaldan birinə layiq görülmüşdür. Aldığı yüksək
mükafat münasibəti
ilə tanınmış
riyaziyyatçı və
pedaqoq alim Sabir Mirzəyevi ölkəmizin alimləri
və çoxminli təhsil işçiləri
adından təbrik edir, ona daha
böyük uğurlar
arzulayırıq.
Yeri gəlmişkən qeyd edək ki, Sabir
müəllim uzun illərdir Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq
edir, dərsliklərin,
istedadlı şagirdlər
üçün olimpiada
kitablarının hazırlanmasında
yaxından iştirak edir.
O, riyaziyyat üzrə Respublika Elmi-Metodik Şurasının, ali məktəb tələbələri
arasında keçirilən
riyaziyyat olimpiadalarının
münsiflər heyətinin,
Dərslikləri Qiymətləndirmə
Şurasının üzvü,
Kurikulum Şurasının
sədridir.
Onu da vurğulamağı lazım
bilirik ki, S.Mirzəyev funksional analizin ən müasir sahələrindən
biri olan operator-diferensial tənliklərin
həll olunma məsələləri, öz-özünə qoşma olmayan operatorların spektral nəzəriyyəsi
sahəsində tanınmış
mütəxəssisdir. Onun rəhbərliyi altında
2 elmlər doktoru və 10-dan çox elmlər namizədi hazırlanmışdır. S.Mirzəyev
funksional analiz sahəsində 40 ilə yaxın bir dövrdə pedaqoji fəaliyyət göstərir.
Sonda onu da qeyd
edək ki, professor Sabir Mirzəyev belə nüfuzlu mükafata layiq görülmüş
ilk Azərbaycan riyaziyyatçı alimidir.
Y.ƏLİYEV
Azərbaycan müəllimi.-2009.-25
sentyabr.-S.4.