Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və
gələcəyə bir baxış
(Əvvəli
qəzetimizin ötən saylarında)
Hörmətli oxucular, bu məqalədə bir sıra ali məktəblərdə İKT-nin tətbiqi ilə bağlı həyata keçirilmiş tədbirlər barədə fikirlərimi davam etdirmək və İKT sahəsində beynəlxalq təşkilatlarla birgə reallaşdırılan layihələr barədə məlumat vermək istəyirəm.
Müasir İKT-nin səmərəli tətbiq edildiyi ali təhsil müəssisələrindən biri də Azərbaycan Dövlət Pedaqoji Universitetidir. 2007-ci ildə burada "Kompüter Mərkəzi" yaradılmış, təhsilin informasiyalaşdırılması üzrə mütəxəssislər bu mərkəzdə işə cəlb edilmiş, qısa müddət ərzində "2007-2012-ci illədrə ADPU-da təhsilin informasiyalaşdırılması üzrə 5 illik strategiya" və müvafiq tədbirlər planı hazırlanmışdır. Bu strategiyaya əsasən ADPU-da idarəetmə, tədris prosesi və elmi-tədqiqat işlərinin kompleks kompüterləşməsi, distant təhsil sisteminin yaradılması nəzərdə tutulurdu.
"Kompüter
Mərkəzi"nin mütəxəssislərinin gərgin əməyi
hesabına strategiyanın bəzi istiqamətləri üzrə
tədbirlər həyata keçirilmişdir. Belə ki, tələbələrin
biliklərinin qiymətləndirilməsində son 20 ildə
bir çox qabaqcıl dünya universitetlərində
uğurla tətbiq edilən "elektron-test sistemi layihəsi"
hazırlanıb müvəffəqiyyətlə sınaqdan
çıxarılmışdır. 2007-2008-ci tədris ilinin
qış və yay sessiya və buraxılış
imtahanları elektron test üsulu ilə aparıldı.
Hazırda universitetin bütün fakültələrində
kollokvium və imtahanlar kompüter vasitəsilə
aparılır. İmtahan prosesində 5 kompüter sinfindəki
180 kompüterdən istifadə edilir. İmtahanlarda şəffaflığı
təmin etmək üçün hər bir kompüter sinfində
xüsusi veb-kamera quraşdırılmışdır. Mərkəzdə
qoyulmuş monitorlar vasitəsi ilə valideyn və ictimaiyyətin
nümayəndələri imtahanın gedişini canlı izləyə
bilirlər. Eyni zamanda ayrı-ayrı auditoriyalar üzrə
imtahanların gedişi prosesinin videoçəkilişini
aparmaq da mümkündür.
Qəbul
edilən strategiyaya uyğun olaraq universitetin "informasiya-təhsil
portalı"nın yaradlması istiqamətində də
iş aparılır. Universitetin professor-müəllim və
inzibati-köməkçi heyətinin kompüter kurslarına
cəlb edilməsi istiqamətində də iş
aparılır. Son bir ildə yüz nəfərə yaxın
əməkdaş bu kurslarda təlim keçmişlər.
Pedaqoji universitetlər üçün elektron dərsliklərin
yaradılması, tədris resurslarının hazırlanması,
elektron kitabxananın, universitetin
avtomatlaşdırılmış idarəetmə sisteminin
yaradıması da nəzərdə tutulur.
Azərbaycan Tibb Universitetində idarəetmə prosesi lokal şəbəkə vasitəsilə kompüterləşdirilmişdir. Eyni zamanda informasiya mübadiləsi WI-FI sistemi ilə də aparılır. İKT-nin tədris prosesində tətbiqi sahəsində müəyyən addımlar atılmış, ilkin mərhələdə ixtisaslar üzrə 1702 mühazirənin elektron variantı hazırlanmışdır və onlar tələbələrə multimedia sistemi vasitəsi ilə təqdim edilir.
Professor-müəllim heyəti və tələbələrin İKT üzrə bacarıqlarının artırılması məqsədilə 400-dən çox professor-müəllim heyəti, 1300 tələbə, magistr və aspirant treninqlərə cəlb edilmişlər.
Universitetdə kompüterlərin ümumi sayı 1453-dür, burada 45 kompüter sinfi, 9 treninq auditoriyası təşkil edilmişdir. Bütün kafedralarda multimedia sistemi quraşdırılmışdır. Fasiləsiz sürətli İnternet tələbə və müəllimlərin istifadəsindədir. Universitetin amu.edu.az saytı fəaliyyət göstərir.
Universitetdə Tibbi İnformasiya Mərkəzi (TİM) yaradılmış, müasir komüterlər, veb - kameralar, güclü serverlərlə təmin olunmuşdur. TİM vasitəsilə Türkiyənin İstanbul və Qazi universitetlərinin tibb fakültələri ilə videokonfranslar təşkil edilir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin köməyilə fiberoptik kabellər vasitəsi ilə universitetə iki İnternet xəttinin çəkilməsi, böyük server mərkəzinin yaradılması, kafedra və bölmələrin həmin serverə birləşərək sürətli və fasiləsiz İnternet xidməti ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Çoxsaylı tibbi ədəbiyyata çıxışı təmin etmək üçün 510 min nüsxə ədəbiyyat kitabxanada elektron kataloqa daxil edilmiş və tələbələrin istifadəsinə verilmişdir. 2009-cu ilin oktyabr-noyabr aylarında əsaslı kitabxananın tam "Elektron kitabxana"ya çevrilməsi işi başa çatdırılacaq. Hazırda "İRBİS" proqramının tətbiqi üzrə işlər yekunlaşmaq üzrədir. Bu iş başa çatdıqdan sonra hər bir əməkdaş İnternet vasitəsilə evindən və ya iş yerindən birbaşa kitabxana fondundan istifadə edə biləcəkdir. Bir ildən çoxdur ki, universitet kitabxanası "EXPO" proqramının köməyi ilə dünyada nəşr olunan tibbi jurnallara çıxış əldə etmişdir.
Universitetin tikintisi başa çatmaqda olan Tədris-terapevtik klinikasında tədris, diaqnostika və informasiya prosesləri tam kompüterləşdirilir. Bütün diaqnostika cihazları, qeydiyyat şöbəsi, reanimasiya avadanlıqları birbaşa server mərkəzinə birləşəcək, hər bir xəstə haqqında bütün məlumatlar kodlaşdırılaraq orada toplanacaqdır. Eyni zamanda xəstələrə verilən elektron kartlarda bu məlumatlar öz əksini tapacaq. Klinikada bütün tədris otaqları, mühazirə zalları kompüterləşdirilir ki, bu da birbaşa dərs zamanı mövzuya uyğun xəstələrin bütün klinik-laborator - instrumental müayinələrinin nəticələrini, müalicələrin gedişini tələbələrə çatdırmaq və müzakirə etmək imkanı verəcəkdir. Eyni imkanların tikilməkdə olan Tədris-cərrahi klinikada da yaradılması nəzərdə tutulmuşdur.
Naxçıvan Dövlət Universitetində tədrisdə, elmi-tədqiqat işlərində və idarəetmədə İKT- nin tətbiqinə xüsusi diqqət yetirilir. Universitetin bütün struktur bölmələri müasir kompüterlərlə təchiz olunmuşdur. On bir fakültənin hər birində ayrıca kompüter sinifləri yaradılmış və İnternet şəbəkəsinə qoşulmuşdur. Bundan əlavə, universitetdə üç İnternet zalı fəaliyyət göstərir. Fakültələrin əksəriyyətində kompüter sinifləri NATO-nun qrantı hesabına yaradılmışdır. Universitetin bütün ərazisini əhatə edən WI-FI sisteminin qurulması üzrə işlər başa çatmaqdadır.
Tədrisin təşkili və idarə-olunmasında İKT geniş tətbiq olunur. Bu məqsədlə "Təhsil qeydiyyat-informasiya mərkəzi" yaradılmışdır. Universitetin müxtəlif fakültələrində elektron lövhələrdən istifadə olunur. Bütün fakültələr ən müasir kompüterlər, proyektorlar və digər İKT avadanlıqları ilə təchiz olunmuş, hər bir fakültədə İKT-dən istifadə etməklə dərslərin keçirilməsi üçün siniflər yaradılmışdır. 2008-2009-cu tədris ilində universitetin 100-dən çox müəllimi İKT-dən istifadə etməklə "açıq dərs"lər keçmişdir. Bir sıra müəllimlər bütün dərslərini multimedia sistemindən istifadə etməklə qururlar. Pedaqoji təcrübədə olan tələbələr də məktəblərdə sınaq dərslərini İKT tətbiq edilməklə təşkil edirlər.
Universitet kitabxanasında ayrıca İnternet zalı fəaliyyət göstərir ki, burada iyirmidən çox kompüter İnternetə qoşulmuşdur. Kitabxananın kataloq sisteminin elektron versiyası yaradılmışdır.
Elmi-tədqiqat işlərində İKT-nin tətbiqi geniş yer tutur. "Elektron - Naxçıvan" proqramı çərçivəsində 2005-ci ildən etibarən hər il keçirilən beynəlxalq simpoziumlar bu cəhətdən xüsusi əhəmiyyət daşıyır. Bu simpoziumlar zamanı Amerika, Avropa və Asiyanın bir sıra ölkələrinin, eləcə də Azərbaycanın bir sıra elm və təhsil qurumları ilə videokonfranslar təşkil olunur. Universitetdə üç videokonfrans zalının fəaliyyət göstərməsi bu sahədə müntəzəm tədbirlərin həyata keçirilməsinə şərait yaradır.
NDU-nun beynəlxalq münasibətlər və xarici dillər fakültəsində ayrı-ayrı xarici dillər üzrə ən müasir İKT avadanlıqları ilə təchiz olunmuş sinxron tərcümə, linqafon kabinetləri yaradılmışdır.
Fəaliyyətə başladığı ilk illərdən Qafqaz Universitetində İKT-nin tətbiqinə böyük diqqət yetirilmişdir. Belə ki, 1994-cü ildə tələbələr üçün 15 kompüterdən ibarət ilk laboratoriya yaradılmış, 1995-ci ildə daha müasir kompüterlərdən ibarət daxili şəbəkəli yeni laboratoriya təşkil edilmiş, müəllimlərin istifadəsi üçün ayrıca laboratoriya qurulmuşdur. İlk dəfə olaraq 1997-ci ildən universitet İnternetə qoşulmuş, 1998-ci ildə universitetdə kompüter mühəndisliyi üzrə yeni laboratoriya qurulmuş, hər bir müəllim kompüterlə təmin edilmiş, tədris prosesində multimedia vasitələrinin tətbiqinə başlanmışdır. 2009-cu ildə universitet rəhbərliyi -prorektor, dekan, dekan müavinləri və kafedra müdirləri Noutbukla təmin edilmişdir.
2004-cü ildə universitetdə lokal şəbəkə - İntranet yaradılmışdır. Bu sistemə 500 kompüter daxildir. İki tədris binası arasında fiber optik xətlərlə əlaqə qurulmuşdur. Mərkəzi server sistemi fəaliyyət göstərir. Lokal şəbəkədə Outbook sistemi və MSN-dən (məlumatların ötürülməsi, online xəbərləşmə) istifadə edilir.
Universitetdə 1 Elektronika laboratoriyası, 7 Kompüter laboratoriyası, İKT ilə təchiz edilmiş 4 tədris laboratoriyası vardır. Kompüter laboratoriyasında tədrislə yanaşı, yeni proqramlar yaradılır və sistemdə tətbiqi öyrənilir. Həmçinin universitetdə 3 xüsusiləşdirilmiş dil sinfi və 1 sinxron tərcümə laboratoriyası fəaliyyət göstərir. Bütün sinif otaqları proyektor və kompüterlə təchiz edilmişdir. Burada birbaşa məlumat bazasına daxil olaraq dərs materiallarından istifadə edilir.
Universitetin Mərkəzi məlumat - File Server mərkəzi sisteminə tələbə bazası, kitabxana bazası, işçilərin giriş-çıxışı, səs -zəng sistemi, təhlükəsizlik bazası, məlumat bazası, tələbə qiymətlərinin arxiv bazası daxildir.
Universitetdə İKT-nin tədrisdə və elmi-tədqiqat işlərində tətbiqi prioritet məsələlərdən biri kimi nəzərə alınır. Burada kompüter elmləri və kompüter mühəndisliyi sahələrində bakalavr, magistr və doktor (PhD) proqramlarının, neft mühəndisliyi və inşaat mühəndisliyi proqramlarının İKT-nin tətbiqi ilə sıx bağlı olması, iqtisadiyyat, menecment, biznes idarəçiliyi, maliyyə, mühasibat uçotu kimi elm-təhsil sahələrində və həmçinin humanitar elmlər üzrə ixtisasların tədrisində İKT-nin geniş tətbiqi yüksək səviyyəli mütəxəssislərin hazırlanmasını təmin edir.
Universitetin bütün fakültələrində fənlərin tədrisində müasir kompüterlərdən istifadə edilir. Tədris auditoriyaları və laboratoriyalarının əksəriyyəti LCD proyektor, "smart table" və digər müasir kommunikasiya avadanlıqları ilə təchiz edilmişdir.
Universitetin kompüter təchizatı lokal şəbəkə şəklində təşkil olunmuşdur. Bu şəbəkə akademik, inzibati və kitabxana informasiya sistemi alt-şəbəkələrini özündə birləşdirir. Tədris korpuslarında 4 Kompüter mərkəzi və bir neçə kompüter laboratoriyası fəaliyyət göstərir. Kompüter mərkəzlərində tələbələrin fərdi işləmələri üçün şərait yaradılmışdır. Bütün bunlar tələbə və əməkdaşlar tərəfindən təhsil və elmi-tədqiqat işlərinin İKT-dən istifadə etməklə yerinə yetirilməsinə xidmət edir. Bundan əlavə, universitetdə xüsusiləşdirilmiş laboratoriyalar da mövcuddur və müasir kompüter, printer, skaner, LCD proyektor və başqa kommunikasiya avadanlıqları ilə təchiz olunmuşlar.
Universitetin mərkəzi kampusunda fəaliyyət göstərən kompüter laboratoriyasında kompüter şəbəkələri, kompüterlərin biznesdə tətbiqi və digər sahələrlə bağlı müxtəlif treninqlər təşkil olunur. Hazırda universitetdə 200-dən artıq kompüter tədrisə xidmət edir. Hər bir kompüterin online İnternetə çıxışı var. Kampuslarda olan bütün inzibati ofislər kompüterlərlə təchiz olunmuşdur. Lokal şəbəkə ilə işçilərin və tələbələrin elektron kommunikasiyası, universitetin proqram təminatı və İnternet resurslarına çıxışı mümkündür.
Əməkdaşlıq çərçivəsində Lokal Cisco Şəbəkə Akademiyası Xəzər Universitetinin tələbələrinə İKT sahəsində treninqlər təşkil edir və şəbəkə resurslarının istifadəsi üçün sertifikatlaşdırılmış mütəxəssislər hazırlayır.
Memarlıq, mühəndislik və tətbiqi elmlər, iqtisadiyyat və menecment fakültələrində İKT-nin elmi-tədqiqat işlərində daha geniş tətbiqi həyata keçirilir. Burada Süni intellekt, Verilənlərin ötürülməsi və şəbəkələr, Verilənlər bazaları, Obrazların tanınması, Multimedia sistemləri, Kompüter qrafikası, İnformasiya sistemləri və sair istiqamətlər üzrə elmi-tədqiqat işləri aparılır.
Azərbaycanda ilk dəfə olaraq Xəzəz Universitetində idarəetmə və xidmət sisteminin avtomatlaşdırılması layihəsinə başlanılmışdır. Buraya tələbə işləri, idarəetmə, beynəlxalq əlaqələr, kitabxana xidməti, peşə-məşğulluq, maliyyə idarəetmə sistemi, insan resurslarının idarəedilməsi, qeydiyyat və digər modullar daxildir.
Universitetin web saytı (www.khazar.org) və e-mail sistemi elektron resursların tələbələrə və digər istifadəçilərə çatdırılmasına xidmət edir. Bütün bunlar web qrupu vasitəsilə həyata keçirilir. Hazırda universitetin daxili İntranet vasitəsilə tələbələrə bir sıra fənlərdən online öyrənmə proqramları hazırlanır.
Universitetdə Qeydiyyat və Qiymətləndirmə Mərkəzi, Kitabxana-İnformaiya Mərkəzi (elektron xidmətlər, elektron kataloqlaşdırma, tammətnli onlayn resurslarına giriş, elektron arxiv), Təhsildə Keyfiyyətin Təminatı Mərkəzi fəaliyyət göstərir.
Eyni zamanda universitetdə elektron tədris resursları mübadiləsini nəzərdə tutan bir sıra beynəlxalq layihələr - Guttenberq, CALİMERA - Mədəni irsin tətbiqi, YUNESKO Tərcümə, Widernet, Elektron öyrənmə layihələri həyata keçirilir.
Xəzər Universitetində Distant Təhsil Mərkəzi də fəaliyyət göstərir. Mərkəz universitetin müəllimləri üçün online tədris sistemi üzrə müxtəlif treninqlər təşkil edir, elektron tədris materiallarının dizaynına yardım edir, web kurslar təşkil etməyə, elektron təhsili texnologiyalarını öyrənməyə, online tədrisi təşkil və idarəetməyə köməklik göstərir.
Qeyd etmək lazımdır ki, ali təhsildə İKT-nin tətbiqi istiqamətində beynəlxalq təcrübəni də öyrənirik. YUNESKO və Microsoft korporasiyası tərəfindən 2009-cu ilin iyulunda Parisdə keçirilən Ali təhsil üzrə ümumdünya konfransında nümayəndə heyəti ali təhsildə müasir informasiya texnologiyalarının tətbiqi tendensiyaları ilə tanış olmuşdur. Konfransda yaxın gələcəkdə ali təhsilin hansı formada inkişaf edəcəyi, tədris və idarəetmə prosesində informasiya - kommunikasiya texnologiyalarının rolu müzakirə obyekti olmuşdur.
Təhsil Nazirliyi beynəlxalq aləmdə ali təhsildə islahatlar prosesini diqqətlə izləyir və Azərbaycanda həyata keçirilən addımları da beynəlxalq praktikaya uyğunlaşdırır. Qeyd etməliyəm ki, yaxın 5-10 il ərzində aparıcı ölkələrdə ali təhsil tamamilə informasiya-kommunikasiya texnologiyalarının bazasında qurulacıqdır. Bu, özünü daha çox magistratura və doktorantura proqramlarında büruzə verəcəkdir. Distant tədris tədricən ali məktəblərdə əsas tədris modeli kimi tətbiq ediləcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli, 295 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı hazırlanmış Fəaliyyət Planında ali təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi geniş yer almışdır. Burada məsafədən (distant) təhsilin təşkili, tədris prosesində informasiya texnologiyalarının tətbiqi üçün elmi-metodik tövsiyələrin hazırlanması, ali təhsil sistemində "elektron universitetin", qarşılıqlı informasiya şəbəkəsinin, ali təhsilin vahid informasiya bazasının, ali təhsil üzrə xüsusi veb-portalının yaradılması nəzərdə tutulmuşdur.
Azərbaycan təhsil sistemində İKT-nin daha səmərəli tətbiqi məqsədilə Təhsil Nazirliyi İKT sahəsində dünyanın ən nüfuzlu və inkişaf etmiş şirkətləri ilə əməkdaşlıq əlaqələri yaratmışdır. Həmin şirkətlərdən Microsoft, İntel, HP, CİSCO Systems və digərlərini misal göstərmək olar. Bu şirkətlərlə əməkdaşlıq iki istiqamətdə həyata keçirilir. İlk növbədə, dünyada İKT-nin tətbiqi sahəsində şirkətlərin zəngin təcrübəsinə istinad edilir, problemlərin həlli ilə əlaqədar onlarla məsləhətləşmələr aparılır. Digər tərəfdən isə həmin şirkətlərin hər biri ilə birgə layihələr reallaşdırılır.
Təhsil Nazirliyi ilə Microsoft şirkəti arasında 2006-cı ildə "Təhsil sistemində müasir informasiya texnologiyalarınn inkişafı sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumu imzalanmışdır. Memoranduma əsasən Microsoft şirkəti ilə "Təhsildə partnyorluq" təşəbbüsünün inkişafı üçün əməkdaşlıq çərçivəsi və şərtləri müəyyənləşdirilmişdir. Memorandumun məqsədlərinə nail olmaq üçün 10 layihə üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu və artıq həmin tədbirlər həyata keçirilmişdir.
Təhsil Nazirliyi ilə İntel şirkəti arasında da 2006-cı ildə əməkdaşlıq haqqında Memorandum imzalanmış, 2006-2010-cu illərdə birgə proqramın həyata keçirilməsi nəzərdə tutulmuşdur. Layihə çərçivəsində 2006-2009-cu illərdə proqram materialları Azərbaycan dilinə tərcümə edilmiş, adaptasiya və çap edilmişdir, ekspertlər, 100 məşqçi hazırlanmışdır.
2007-2008-ci illərdə Azərbaycanda ümumtəhsil məktəblərinin 3750 nəfər müəllimi və pedaqoji ali təhsil ocaqlarının 2950 nəfər tələbəsi olmaqla ümumilikdə 6700 nəfər İntel şirkətinin "Gələcək üçün təhsil" proqramının məzunu olmuşlar. Sözügedən proqram Azərbaycanda 45 məktəbi, 1 kolleci, 3 universiteti və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunu əhatə etmişdir. İki tədris ili ərzində Bakı, Sumqayıt, Lənkəran və Zaqatalada 650-dək treninq keçirilmişdir.
Qeyd etmək lazımdır ki, son on ildə, İntel-in "Gələcək üçün təhsil" proqramı çərçivəsində dünyanın 50-dən çox ölkəsinin 5 milyondan çox müəllimi hazırlıq keçmişdir. 2011-ci ildə isə onların sayının 13 milyona çatdırılması planlaşdırılır.
Hələ 2007-ci ilin sentyabrında "Bill Klintonun qlobal təşəbbüsü" assosiasiyasının keçirdiyi konfrans zamanı bəyan edilmişdir ki, İntel korporasiyası müəllimlərin hazırlanması üzrə proqramın onlayn variantını tətbiq edəcək. Bu proqram 15 ölkənin milyonlarla müəllimlərinə kompüter avadanlığını, proqram təminatını və müasir rabitə vasitələrini tədris prosesində tətbiq etməyə yardım edəcək. Bununla da şagirdlərin təlim göstəriciləri əvvəlkindən xeyli artıq olacaq. 2007-ci ildən başlayaraq Avropa, Orta Şərq və Afrika ölkələrində 2 milyondan, dünyanın digər regionlarında isə 5 milyondan artıq müəllim həmin proqram çərçivəsində təhsil almışdır.
İntel-in "Müvəffəqiyyət bacarıqları" proqramı inkişafda olan ölkələrin gənclərinə hazırda çox zəruri hesab olunan kompüter biliklərini əldə etməyə, qərar qəbuletmə alqoritmlərini və kollektivlərdə birgə iş üsullarını mənimsəməyə yardım etmək üçün nəzərdə tutulmuşdur. Bu istiqamətdə İntel şirkəti hökumət qurumları və yerli təşkilatlarla birgə fəaliyyət göstərir. Proqramın tətbiqinə 2004-cü ildə başlanılmışdır və bu günədək Avropada və Orta Şərq ölkələrində 250 mindən artıq tələbə bu proqram çərçivəsində tədris alır.
İntel şirkətinin son illər ərzində reallaşdırdığı ən maraqlı təşəbbüslərdən biri də "Bir şagird - bir kompüter" layihəsidir. Bu layihənin məqsədi təhsil müəssisələrində elektron tədris mühitinin yaradılmasıdır. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycan təhsilin informasiyalaşdırılması və təhsil prosesində informasiya texnologiyalarının tətbiqi səviyyəsinə görə orta göstəricilərə malikdir. "Bir şagird - bir kompüter" tədris modeli yaxın zamanda Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə həmin problemin həll edilməsinə istiqamətlənir.
Təhsil Nazirliyi ilə Cisco Systems şirkəti arasında 1 fevral 2006-cı ildə "Təhsil sahəsində əməkdaşlığın inkişafı və anlaşma" Memorandumu imzalanmış, Memorandum çərçivəsində 2006-cı ildə Bakı və Sumqayıtın kompüterlə təmin olunmuş 218 məktəbi İnternet şəbəkəsinə qoşulmuşdur.
Onu da qeyd edim ki, Cisco şirkəti tərəfindən "Hər bir şagirdin XXI əsr həyatına hazırlanması" adlı maraqlı bir konsepsiya hazırlanmışdır. Bu konsepsiya yaxın gələcəkdə ABŞ-da məktəb və universitet məzunlarının yüksəkixtisaslı mütəxəssis olmaları üçün İKT-nin tətbiqinin əsas istiqamətlərini əhatə edir. Konsepsiyada yeni tədris paradiqması təklif olunur və təhsil sahəsində köklü dəyişiklikləri tələb edən əsas sosial faktorlar sadalanır.
Azərbaycanda uğurla fəaliyyət göstərən təşkilatlardan biri də ABŞ-ın Proyekt Harmoni təşkilatıdır. Təşkilat Azərbaycanda müəllim və şagirdlər üçün bir sıra proqramlar həyata keçirir. Proyekt Harmoni təşkilatının "Əlaqələndirmə və mübadilə proqramı"nın əsas məqsədi ondan ibarətdir ki, məktəblərdə yaradılan İnternet Kompüter Mərkəzləri (İKM) İnternet texnologiyaları tədris prosesinə inteqrasiya edilməklə təhsilin keyfiyyətinin yüksəlməsinə dəstək versin. Eyni zamanda İKM-in əsas funksiyalarından biri də ondan ibarətdir ki, yerləşdiyi məktəbin ərazisində yaşayan icma nümayəndələrinin İKT bacarıqlarına yiyələnməsini və İnternetə çıxışını təmin etsin.
Layihə ölkənin 18 regionunu və 71 məktəbini, o cümlədən Bakı şəhərində 21, Gəncə şəhərində 7, Mingəçevir şəhərində 4, Lənkəran rayonunda 7, Şəki rayonunda 2, Sumqayıt şəhərində 5, Bərdə rayonunda 2, Quba rayonunda 3, Salyan rayonunda 2, Şirvan şəhərində 2, Kürdəmir rayonunda 1, Şamaxı rayonunda 3, Naftalan şəhərində 1, Naxçıvanda 4, Göyçay rayonunda 2, Yevlax rayonunda 2, İsmayıllı rayonunda 2, Masallı rayonunda 1 məktəbi əhatə etmişdir. Həmin məktəblərdəki kompüter mərkəzləri ümumilikdə 700-dək kompüterlə və digər İKT avadanlığı ilə təmin olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, hər bir məktəbin kompüter mərkəzinə İKT sahəsində bacarıqları olan 2 nəfər müəllim məsul şəxs kimi təyin olunmuşdu və onlara Proyekt Harmoni təşkilatı tərəfindən əməkhaqqı verilirdi.
Təhlil göstərmişdir ki, kompüter texnologiyalarının tədrisdə tətbiqi sahəsində layihənin əhatə etdiyi bir sıra məktəblər əhəmiyyətli nailiyyətlər əldə etmişlər. Bu məktəblərdə İnternetdən resurs mənbəyi kimi istifadə olunur, şagirdlər həm ölkənin digər məktəbləri ilə fənn layihələrində birgə iştirak edir, həm də beynəlxalq layihələrdə Azərbaycanı layiqincə təmsil edirlər.
Bununla yanaşı, layihənin qiymətləndirilməsi zamanı bir sıra problemlərin olduğu da aşkarlanmış, bu məsələ nazirlikdə keçirilən müşavirədə müzakirə də olunmuşdu. Belə ki, bəzi məktəblərdə Kompüter mərkəzlərindən səmərəli istifadə olunmurdu, şagirdlərin, müəllimlərin həvəsi olmasına baxmayaraq, onların mərkəzdən istifadə etməsinə şərait yaradılmırdı. Bunun müxtəlif səbəbləri var idi. Bəzi məktəblərdə mərkəzin işinə məsul müəllimlərin iş cədvəli müəyyən olunmamışdı, digər məktəblərdə telefon xətləri bağlı olduğundan İnternetə qoşulmaq imkanları məhdud idi.
İnternet kompüter mərkəzlərinin davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə nəzərdə tutulmuşdu ki, layihəyə cəlb olunmuş məktəblər üçün maliyyə hesabı açılmalı və daxil olan vəsait hesabına mərkəzin fəaliyyəti təmin edilməlidir. 71 məktəbdən 52-si üçün yerli xəzinədarlıq orqanlarında "büdcədənkənar vəsaitlər" qrupunda xəzinə hesabları açılmışdı və həmin məktəblərin büdcədənkənar vəsait əldə etmək və xərcləmək üzrə maliyyə limitləri müəyyən edilmişdi. Lakin təhlil göstərirdi ki, hesabların açılmasına baxmayaraq, bir sıra məktəblər bu imkandan ya istifadə etmir, ya da kifayət qədər səmərəli iş sistemi qura bilmirlər.
Layihənin əhatə etdiyi 19 məktəbdə isə ümumiyyətlə hesablar açılmamışdı. Bununla əlaqədar keçirilən müşavirədə tapşırıq verilmişdi ki, həmin məktəblərin direktorları müvafiq şəhər, rayon təhsil şöbələrinin baş mühasibləri ilə birlikdə xərclər smetası tərtib edib, Təhsil Nazirliyinin dəstək məktubu ilə birgə maliyyə şöbələrinə təqdim etməlidirlər.
Qeyd etməliyəm ki, Proyekt Harmoni təşkilatının "Əlaqələndirmə və mübadilə proqramı"nın reallaşdırılması prosesində qarşılaşdığımız problemlərlə bağlı aidiyyəti qurumların və nümayəndələrin iştirakı ilə nazirlikdə çoxsaylı müzakirələr keçirilmişdir. Həmin müzakirələr zamanı nazirliyin ayrı-ayrı struktur bölmələrinə mövcud problemlərin həlli istiqamətində tapşırıqlar verilmiş və bununla əlaqədar zəruri addımlar da atılmışdır. Məhz nazirliyin səyləri və həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində mövcud problemlərin əksəriyyəti aradan qaldırıldı, 71 məktəbin hər biri üçün hesabın açılmasına və İnternet Kompüter Mərkəzlərindən səmərəli istifadəyə nail olundu, hazırda da həmin mərkəzlər fəaliyyətini davam etdirirlər.
(Ardı
var)
Misir MƏRDANOV
Azərbaycan müəllimi.-2009.-25
sentyabr.-S.2.