Təhsil Nazirliyində görüş
Yanvarın 27-də Təhsil
Nazirliyində Türkiyənin milli təhsil nazirinin müavini
Sadettin Sabazın başçılıq etdiyi nümayəndə
heyəti ilə görüş keçirildi.
Qonaqları səmimi
salamlayan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov
görüşün Azərbaycan təhsilinin
inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini
dedi və çoxdan gözlənilən bu səfərin təşkilatçılarına
təşəkkürünü bildirdi.
Misir Mərdanov dost
ölkədən gəlmiş nümayəndə heyətinə
Azərbaycanın təhsil sistemi haqqında ümumi məlumat
verərək son illər bu sahədə uğurla həyata
keçirilən islahatlardan, əldə olunmuş nailiyyətlərdən
söz açdı, lakin texniki peşə təhsili üzrə
gözəçarpan bir irəliləyişin
olmadığını təəssüf hissi ilə qeyd etdi.
Respublikada texniki peşə
təhsilinin müxtəlif inkişaf mərhələlərində
formalaşaraq ölkə iqtisadiyyatının peşə-ixtisas
kadrlarına olan ehtiyacının ödənilməsində
mühüm rol oynaması haqqında danışan nazir
xatırlatdı ki, sovet dövründə bu sahə ilə
bağlı tədbirlər dövlət tərəfindən
həyata keçirilirdi, zavod və fabriklərin inşası
ilə eyni vaxtda onlar üçün ixtisaslı fəhlələr
hazırlayan texniki peşə məktəbinin binalar kompleksi
tikilirdi.
Artıq ölkədə
aparılan sosial-iqtisadi islahatların peşə təhsili
sisteminin də yeniləşməsi zərurətini yaratdığını
deyən nazir son zamanlar bu sahəyə diqqətin
artırıldığını, onun dövrün tələblərinə
uyğun təkmilləşdirilməsi istiqamətində
müvafiq addımların atıldığını qeyd
etdi, "Azərbaycan Respublikasında texniki peşə təhsilinin
inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci
illər)"nın icrası çərçivəsində görüləcək işlərdən bəhs etdi. Çıxışının sonunda Azərbaycanın
texniki peşə təhsili üzrə böyük inkişaf
yolu keçmiş və gözəl təcrübəyə
malik olan qardaş ölkənin yardımına
arxalandığını deyən təhsil naziri Misir Mərdanov
Türkiyə Respublikasının bu işdə, hər
hansı formada olursa-olsun, ölkəmizə dəstək
olacağına ümid etdiyini bildirdi.
Sonra
çıxış edən Türkiyə
Respublikasının milli təhsil nazirinin müavini Sadettin
Sabaz başçılıq etdiyi nümayəndə heyəti
adından tədbir iştirakçılarını salamladı.
Azərbaycana ilk dəfə gəldiyini bildirən türkiyəli
qonaq ikigünlük səfərləri ərzində
ayrı-ayrı təhsil pillələri üzrə müəssisələrlə
yaxından tanış olduqlarını dedi və bu
tanışlıq nəticəsində texniki peşə təhsili
sahəsində gerilik müşahidə etdiklərini diqqətə
çatdırdı. "Biz Azərbaycanı həmişə
qardaş ölkə görürük. Onun əskiyi bizim əskiyimizdir"
söyləyən Sadettin Sabaz texniki peşə təhsili sahəsindəki
islahatlara yardım, təcrübə mübadiləsinin
aparılması, peşə təhsili müəssisələri
arasında qarşılıqlı əlaqələrin
yaradılması və s. məsələlərdə ölkəmizə
yardım göstərməyə hazır olduqlarını
vurğuladı və bununla bağlı bir sıra təkliflərini
səsləndirdi.
Türkiyə
Respublikasının mövcud təhsil sistemindən bəhs edən
məruzə-təqdimatını Mustafa Kamal Atatürkün
"Təhsilə qoyulan vəsait gələcəyə
qoyulan vəsaitdir" kəlamı ilə başlayan Sadettin
Sabaz öz çıxışında son 5 ildə bu sahədə
görülən işlər, həyata keçirilən
proqramlar, eləcə də peşə təhsili müəssisələrinin
strukturu və fəaliyyəti haqqında tədbir
iştirakçılarına ətraflı məlumat verdi.
Öz növbəsində
nümayəndə heyətinin digər üzvləri - Erkək
Texnik Öyrətim Genel müdiri Hüseyn Acır, Qız
Texnik Öyrətim Genel müdiri Eminə Kirac, Sağlıq
İşlətmələri Öyrətim Genel müdiri Nezir
Kahraman və Xarici Əlaqələr İdarəsinin rəisi
Hasan Kaplan da təmsil etdikləri sahələr üzrə məruzə-təqdimatlarla
çıxış etdilər.
Qeyd edək ki, bu səfər
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə
Milli Təhsil Nazirliyi arasında təhsil və elm sahəsində
əməkdaşlıq haqqında imzalanmış protokola əsasən
təşkil olunmuşdu.
Hicran Əkbərova
Azərbaycan müəllimi.- 2009.- 30 yanvar.- S. 3.