Professor Kamal Abdullayevin
190 nömrəli məktəbdə
"açıq dərs"i
Ötən nömrələrimizdə xəbər
verdiyimiz kimi, Bakıdakı 190 nömrəli
orta məktəbdə
2008-ci ilin aprelində
Bakı Slavyan Universitetinin "Ali və
orta təhsilin koordinasiyası" adlı
baza kafedrası yaradılmışdır. Bu təşəbbüs BSU-nun rektoru,
AMEA-nın müxbir üzvi, professor Kamal Abdullayev tərəfindən
irəli sürülmüşdür.
Baza kafedrasının
yaradılmasında əsas
məqsəd ali və orta məktəb
arasında elm, tədris,
metodik və s. əlaqələrin güclənməsi,
müvafiq elm sahələri
üzrə müştərək
elmi tədqiqatların
aparılması, orta məktəb müəllimlərinin
və şagirdlərinin
BSU-nun elmi, metodik və mədəni həyatına cəlb edilməsi, universitetin Humanitar Liseyi ilə 190 nömrəli orta məktəbin şagird konfranslarının,
elm-mədəni tədbirlərin
müştərək keçirilməsi,
universitetin professor-müəllim
heyətinin orta məktəbdə dərslərin
aparılmasına, məsləhətlərin
verilməsinə və
s. cəlb edilməsindən
ibarətdir.
Bu kafedranın üzvləri
məktəbin və universitetin müəllimlərindən
ibarətdir.
BSU bu məktəbdə və universitetin özündə tez-tez müştərək tədbirlər
keçirir.
Yanvarın 29-da BSU-nun rektoru,
professor Kamal Abdullayevin
məktəbin IX-X sinif
şagirdlərinə "Kitabi-Dədə
Qorqud" dastanları
və dünya ədəbiyyatı" mövzusunda
dediyi dərs, həmin müştərək
tədbirlərdən biri
idi. Rektor dərs zamanı
fərqlənən şagirdlərə
özünün də
məzunu olduğu 190
nömrəli məktəbə
həsr etdiyi kitabını hədiyyə
etdi.
Ədalət
Azərbaycan müəllimi.- 2009.- 30 yanvar.- S. 3.