Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik

 

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturaelm şöbəsinin hərb tarixi üzrə dosenti, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov aprel döyüşləri ilə bağlı məqalə yazıb.

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Bunu beynəlxalq ekspertlər də etiraf edirlər. Dövlətimizin siyasiiqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlamaq üçün əsaslı bir təminatdır.

 

Silahlı Qüvvələrimizin inkişafının başlıca səbəblərindən biri, aydın və əsaslandırılmış dövlət siyasətidir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilirbütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir” fikirləri məhz bu baxımdan diqqəti çəkir.

 

Ötən il aprelin ilk günlərində cəbhə xəttində erməni təxribatlarının qarşısı alınarkən Azərbaycan Ordusunun döyüş qüdrətini həm Ermənistanın təcavüzkar rəhbərliyi, həm də bütün dünya gördü, dərk etdi. Bu döyüşlər Azərbaycan dövlətçiliyinin, xalqımızın, ordumuzun mübarizə əzmini və iradəsini təsdiqlədi.

 

Ermənistanın siyasi və hərbi rəhbərliyi cəbhə xətti boyunca davamlı olaraq həyata keçirdikləri fitnəkarlıq və təxribatlara layiqli cavab aldı, ordusunun məğlubedilməzliyi haqqında yaratdığı miflərin puçluğunu xalqından gizlədə bilmədi.

 

Aprel döyüşləri ərəfəsində cəbhə xətti boyunca işğalçı qüvvələrin təxribatlarının yeni bir dalğası başlamışdı. Həmin təxribatların nəticəsində 2016-cı il martın 25-də cəbhə xəttində Azərbaycanın bir hərbi qulluqçusu, martın 26-da Tovuz istiqamətində Ermənistanla sərhəddə daha iki hərbi qulluqçusu şəhid oldu. Sonrakı günlər ərzində də ermənilər tərəfindən atəşkəsin pozulması halları səngimədi.

 

Ermənistan silahlı qüvvələrinin bölmələrinin belə fəallaşmasını dövlətimizin başçısı Ermənistan rəhbərliyinin münaqişəni sülh yolu ilə həll etməyə hazır olmaması ilə əlaqələndirdi. Xüsusilə, münaqişənin sülh yolu ilə həllinə ümidlər artanda Ermənistan rəhbərliyi təcavüzkar təxribatlara əl atır.

 

Ali Baş Komandan İlham Əliyev bildirir ki, apreldə cəbhədə vəziyyətin mürəkkəbləşməsi ərəfəsində Rusiya Prezidenti və rəhbərliyi Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təkliflər irəli sürmüşdülər. Həmin təkliflərdə Azərbaycanın ərazi bütövlüyü məsələsinə münasibət də bildirilmişdi.

 

ABŞ rəhbərliyi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyinə müəyyən mesajlar vermişdi. Yəni, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yeni bir perspektiv formalaşmaqda idi. Bölgədə status-kvonun dəyişməsini birmənalı şəkildə istəməyən Ermənistan rəhbərliyi münaqişənin həllinə ümidləri aradan qaldırmaq üçün yenidən cəbhə xəttində təxribatları genişləndirməyə başladı, sülh prosesinə böyük zərbə vurdu. Bunun nəticəsi idi ki, 2016-cı il aprelin 1-də Ermənistan yenidən atəşkəsi geniş miqyasda pozdu, Azərbaycanın cəbhə boyu kəndlərini iriçaplı silahlarartilleriya ilə güclü atəşə tutdu, əhaliyə ciddi tələfatlar yetirdi. Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun qeyd etdiyi kimi, erməni hərbi qüvvələrinin təcavüzkarlığı nəticəsində yaranmış əməliyyat şəraiti qiymətləndirildikdən sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbərliyi əks-hücum əməliyyatı keçirmək qərarını qəbul etdi.

 

Ermənistan hərbi qüvvələrinin təxribatının qarşısının alınması üçün həyata keçirilən əks-hücum zamanı pilotsuz uçuş aparatları, müasir silah və texnikaların səmərəli tətbiqi nəticəsində düşmənə güclü zərbələr vuruldu. Əməliyyat zamanı düşmənin təmas xəttinin dərinliklərində formalaşdırdığı əks-hücum qruplaşmalarına, artilleriya, reaktivminaatan batareyalarına atəş zərbələri endirməklə ona böyük itkilər yetirildi.

 

Azərbaycanın hərbi qüvvələrinin döyüş üstünlüyünün qarşısını almaq və əvvəlki cəbhə xəttini bərpa etmək üçün Ermənistanın hərbi komandanlığı Madagiz və Ağdərə ətrafında yerləşmiş ehtiyat hərbi qüvvələrini hərəkətə gətirdi. Azərbaycanın hərbi qüvvələri tərəfindən qətiyyətlə Ermənistanın hərbi qüvvələrinin bu fəallığının qarşısı da alındı və erməni hərbi qüvvələrinə ciddi zərbə endirildi. İlkin məlumatlara görə, 300-ə yaxın erməni hərbçisi məhv edildi, yüzlərlə hərbçisi yaralandı. Bütövlükdə, 1994-cü ildə elan edilmiş atəşkəs dövründə Ermənistanın hərbi qüvvələri ilk dəfə Azərbaycanın Silahlı Qüvvələri tərəfindən çox ciddi zərbə aldılar və göstərilən bütün cəhdlərə baxmayaraq məğlubiyyətlə barışmalı oldular. Sonrakı günlərdə Azərbaycanın Silahlı Qüvvələri azad etdikləri mövqelərdə daha da möhkəmləndilər. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu döyüşlərə qiymət verərkən onları 1994-cü ilin yanvarında Füzuli rayonu ərazisində əldə edilmiş uğurlu döyüşlərlə müqayisə etdi. “1994-cü ilin yanvarında Füzuli rayonunda uğurlu əməliyyat keçirilmişdir, 22 kənd işğalçılardan azad edilmişdir. Bu, böyük tarixi qələbə idi. Aprel döyüşləri növbəti tarixi qələbədir. Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq”.

 

Bu uğur Azərbaycanın hərbi-siyasi mövqelərini daha da gücləndirdi, işğal altında olan bütün ərazilərimizi azad etməyə qadir olduğumuzu sübuta yetirdi.

 

Ali Baş Komandan İlham Əliyev daha sonra bəyan etdi ki, aprelin 2-si Azərbaycan Ordusunun tarixində parlaq qələbə günü kimi qalacaqdır. Bu qiymət, əslində, Azərbaycan xalqının iradəsinin ifadəsi idi. Azərbaycan Ordusunun bu döyüşlərin gedişində əldə etdiyi tarixi uğurlar xalqın sevinc və təntənəsini, şəhid olanların izdihamlı dəfn mərasimləri isə ordu ilə xalqın birliyini təsdiq etdi.

 

Aprel döyüşlərindən dərhal sonra Ali Baş Komandan İlham Əliyev cəbhə bölgəsinə səfər etdi, uğurlu döyüşlərin iştirakçıları olan əsgər və zabitlərlə, habelə bölgədə yaşayan əhalinin nümayəndələri ilə görüşdü, əldə edilmiş uğurlara yüksək qiymət verdi. Prezident İlham Əliyev 2016-cı il noyabrın 12-də Ermənistan ordusunun işğalından azad edilmiş Lələtəpə yüksəkliyində oldu, ön cəbhədə olan bölmələrin xidmət qayğıları ilə maraqlandı və müşahidə etdiklərindən razı qaldığını bildirdi: “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü ordumuz var. Biz ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun!”

 

Azərbaycan Ordusu dövlətin və xalqın etimadına layiq bir ordudur. Məhz belə bir ordunun mübarizliyi ilə 2016-cı ilin aprel döyüşlərində tarixi qələbə əldə edildi və şübhə yoxdur ki, bu qələbə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi üçün bir dönüş nöqtəsidir.

 

 

 

Azərbaycan ordusu.-2017.-5 aprel.-S.7.