“Mənim müharibəm” qələbəyə
inam kitabıdır...
Tanınmış yazıçı və publisist Nemət Veysəllinin "Mənim müharibəm" adlı kitabı müharibə haqqında deyil, müharibədəndir, birbaşa odlu-alovlu səngərlərdəndir.
Qarabağ hadisələri başlanandan böyük narahatlıqlar içində yaşayan, hələ "Ulduz" jurnalında işləyərkən cəbhə bölgələrinə gedən Nemət müəllim yaşı əllini keçsə də, 1993-cü ilin mayında könüllü olaraq ordu sıralarına gəlib - "Azərbaycan Ordusu" qəzetində bölgə müxbiri kimi xidmətə başlayıb. Cəbhə bölgələrində, səngərlərdə olub, döyüşlərdə iştirak edib. Uzun müddət ön xətdə xidmət edən Nemət Veysəlli neçə-neçə döyüşün iştirakçısı və şahidi olub. Bu illər ərzində neçə-neçə zabitlə, əsgərlə söhbətləşib. Sonralar qeydləri böyük əsərlərə, kitablara ("Haran ağrıyır, Vətən", "Yaş həddinə görə...", "Mənim müharibəm") mövzu verib.
Nemət müəllimin yenicə işıq üzü görmüş "Mənim müharibəm" kitabında təsvir edilən səngərlərdə mən də olmuşam, mən də hadisələrin şahidiyəm. Amma Nemət Veysəllinin hadisələrə özünəməxsus yanaşması, deyim tərzi fərqli və maraqlıdır. "Mənim müharibəm"in dili çox rəvan, anlaşıqlı, aydındır. Kitabı oxuduqca adam özünü hadisələrin içində hiss edir. Müəllif təsvir etdiyi dövrü oxuculara təfərrüatı ilə çatdırmağa çalışır. Yazıçı hadisələrin birindən digərinə keçidi asanlıqla edir. Hər söz, hər cümlə düşündürücüdür. Oxuduqca sətirlərin arasından Nemət müəllimin kədərdən yoğrulmuş səsini də eşidir, qayğılı çöhrəsini də görürük. Mövzuların geniş və əhatəli işıqlandırılması yazıçı-publisist Nemət Veysəllinin peşəkarlığından xəbər verir.
Hələ hadisələr başlamazdan bir müddət əvvəl Nemət müəllim doğma kəndlərində ev tikmək istəsə də, baş verən qanlı hadisələr onun niyyətinin qarşısını kəsib. Bir müddət sonra ermənilər onun doğma kəndini işğal edib, evləri yandırıb. Bu kədərli hadisələr kitabda çox təsirli əks olunub. Kitabı həmin dövrün güzgüsü adlandırsaq səhv etmərik.
Nemət müəllim məqalələrini ürək ağrısı və vətəndaş narahatçılığı ilə yazır. Oxuduqca sanki zaman bir anlıq geri dönərək bizi 1992-1993-cü illərə qaytarır. O qanlı hadisələr, gərgin günlər gözlərimiz qarşısında yenidən canlanır...
Müəllif bəşəri hisslərə sadiq qalaraq müharibəyə, qırğına və zorakılığa heç vəchlə haqq qazandırmır. Qanlı döyüşlərdə faciəli şəkildə həlak olan insanların ölümünə acıyır. Müharibəni qeyri-insani addım kimi qiymətləndirir. "Mənim müharibəm" kitabında erməni faşizminin uzun illər pərdə arxasında qalmış iç üzünü açıb oxuculara göstərir.
Müharibədə övladlarını itirmiş valideynlərin iztirabı və faciəsi kədərli notlarla kitabda öz əksini tapıb. Oğulları müharibədə şəhid olmuş Əlövsət müəllimin, Savalan kişinin başına gələnlər oxucunun qəlbini göynədir.
Nemət Veysəlli baş verən hadisələrin fonunda özünü də bir vətəndaş kimi qanlı hadisələri unutmamağa çağırır. Cəbhə bölgələrində şahidi olduğu hadisələr bir insan, bir yazıçı kimi Nemət Veysəllini kədərləndirir.
Əbədi-əzəli düşmənimiz olan ermənilərin xalqımızın başına gətirdikləri faciələri Nemət müəllim faşistlərin yəhudilərə qarşı törətdiyi cinayətlərlə müqayisə edir. Və haqlı olaraq yazır ki, ermənilərin Azərbaycana, Azərbaycan vətəndaşlarına qarşı törətdikləri ağlasığmaz cinayətlər, işgəncə və vandallıq faşistlərin yəhudilərə qarşı törətdiyindən də qat-qat dərin və artıqdır. Ermənilərin Azərbaycana qarşı Qaradağlıda, Xocalıda, Göyçədə törətdikləri cinayətlər faşistlərin Xatın kəndində, Babu-Yarda törətdiklərindən amansız və geniş miqyaslıdır. Çox dəqiq müşahidələrdir.
Qarabağdan, Qarabağın keçmişindən və bu günündən, Qarabağ müharibəsindən bəhs edən bu kitabda həyat həqiqətləri, reallıqlar olduğu kimi təqdim edilib.
Müəllif xatirələrini çözələyərək yaşanıb arxada qalmış illərə səyahət edir. Ömrünün uşaqlıq çağlarına qayıdır. Biz də, Nemət Veysəllinin kədər dolu xatirələri ilə Veysəlliyə dağlara çıxır, bağ-bağçaları gəzir, kəhrizlərdə ürəyimizi sərinlədirik. Kənd bütün gözəlliyi ilə qarşımızda vərəq-vərəq açılır...
Nemət Veysəlli oxucularını erməni işğalçıları ilə mübarizəyə səsləyərək yazır: "Pafosdan, coxmərtəbəli sözlər söyləmək fikrindən uzağam. Bu torpaqlar uğrunda gərək hər şeyə hazır olasan. Daha sənin, azərbaycanlının, Azərbaycan vətəndaşının XIX əsrdən üzü bəri itirdiklərinə nöqtə qoyulmalıdır."
İnanırıq ki,
işğalların sonu gələcək...
Vahid MƏHƏRRƏMOV
Azərbaycan ordusu $g 2017.- 9 dekabr.-
S.7.