“Müharibə sözün
başladığı yerdə bitir”
Müsahibimiz "Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəsdir. O, 1969-cu ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Dünyaya göz açdığı bu kənddən indiyə qədər onlarla tanınmış şəxsiyyət, sənət adamları və hərbçilər çıxıb. Qulu Ağsəs yaradıcılığa hələ kiçik yaşlarından - məktəb illərindən başlayıb. Bu günə qədər onun beş kitabı işıq üzü görüb. Şeirlərini oxucular böyük maraqla qarşılayır. Qulu Ağsəs əməkdar jurnalist, Yazıçılar Birliyinin üzvüdür.
- Qulu müəllim, Qarabağ hadisələrini harada və nə vaxt eşitdiniz?
- Həmin
vaxtlar mən əsgər idim. Doğma Vətəndən
çox uzaqlarda - keçmiş İttifaqın Orenburq vilayətində
xidmət edirdim. Əvvəlcə
eşitdiyim bu bəd xəbərə inanmadım.
Axı bu necə ola bilərdi? Qarabağ əbədi-əzəli Azərbaycan
torpaqları olub. Ermənilərin bu yerlərə
iddia etməyə heç cür haqları yox idi. O
vaxtlar mərkəzi televiziyanın proqramlarını izləməyə
imkan var idi. Bir
neçə gün ardıcıl "Zaman" proqramına
baxdım. Ermənipərəst jurnalistlərin
hazırladığı birtərəfli reportajlara baxanda təəssüf
və qorxu hissləri keçirdim. Hiss olunurdu ki, Kreml ermənilərin
və Ermənistanın tərəfindədir. Hərbi
xidmətdən qayıtdıqdan sonra hadisələri təfərrüatı
ilə öyrəndim. Onda artıq
Qarabağda qan tökülmüşdü. Ölkənin paytaxtını milli azadlıq hərəkatı
bürümüşdü. Mitinqlərdə
çıxış edənlər ermənilərin bizə
heçnə edə bilməyəcəyini deyirdilər.
Amma kəndimizə gedəndə gördüm
ki, ermənilər heç nədən və heç kimdən
qorxmadan qan tökür, adamları öldürür, evləri
yandırır.
- Ölkə
hücuma, təcavüzə məruz qalanda kimliyindən
asılı olmayaraq, hamı bir nəfər kimi silahlanıb
döyüşə səfərbər olur. Şairlər
də sözlə "silahlanaraq" əsgərləri qələbəyə
ruhlandırırlar. Necə fikirləşirsiniz,
söz güclüdür, yoxsa silah?
- Təbiidir
ki, müharibədə silah daha güclü, daha önəmlidir.
Ağır döyüşlər getdiyi günlərdə
mən üstünlüyü silaha verərdim. Amma müharibədə ədəbiyyatın rolunu
heç bir halda danmaq olmaz. İstər
müharibə vaxtı, istərsə də dinc dövrdə ədəbiyyat
insanların mənəviyyatına təsir etmək
gücünü, qüdrətini özündə saxlayır.
Söz həmişə silahdan öndə olub və
inanıram ki, öz yerini daim qoruyub saxlayacaq. Söz adamları müharibəyə qarşı
çox həssas olurlar, təhlükəni daha tez hiss edirlər.
Elə şairlər var ki, ölkəsində
müharibə başlayanda təkcə sözlə kifayətlənməyib
silahlandılar. Dediklərimi bir neçə
nümunə ilə əsaslandırmaq istəyirəm. Nizami Aydın şair idi. Təsəvvür
edin ki, Lorka yaradıcılığına böyük məhəbbəti
olduğundan ispan dilini öyrənməyə
başlamışdı. Qarabağ
müharibəsi başlananda
yaradıcılığını da, dərslərini də -
müəllim idi - bir tərəfə qoyub -"indi
döyüşmək vaxtıdır" - deyib vuruşmaq
üçün Qarabağa yollandı. O həm
sözüylə, həm də silahı ilə
döyüşdü. Nizami ölümə
meydan oxuyaraq, idarə etdiyi tankı cəsarətlə ermənilərin
üstünə sürdü. Döyüşlərdə
böyük hünər göstərdi, silahının hədəfinə
tuş gələn düşmənləri məhv etdi. Həmin əməliyyatda torpaq uğrunda canından
keçdi.
20 Yanvar faciəsində şəhid olmuş şair
Ülvi Bünyadzadənin adını eşitməyən
yoxdu. O həm
insanları azadlığa, müstəqilliyə, düşmənlərlə
mübarizəyə çağıran şeirlər,
çağırışlar yazır, həm də qorxmadan
mübarizənin önündə addımlayırdı. Qanlı Şənbə gecəsində ürəyi
Vətən eşqi ilə döyünən Ülvini də
itirdik. Qarabağ
çağırışı, Qarabağ harayı azadlıq
aşiqi şair Xəlil Rza Ulutürkün də dilindən
düşmürdü. Şair özü
sözü ilə, şeiri ilə mübarizə aparırdı,
oğlu Təbriz Xəlilbəyli atasının
çağırışına ilk hay verənlərdən
olaraq, yeni yaranan ordunun sıralarında Qarabağın
müdafiəsinə yollanmışdı.
Böyük yazıçımız Sabir Əhmədov
Qarabağ hadisələrindən silsilə məqalələr
yazaraq xalqın qeyrətli oğullarını torpaqların
müdafiəsinə səsləyirdi. O,
tez-tez ön cəbhəyə gedir, əsgərlərlə
görüşür, onlara mənəvi dayaq dururdu. Oğlu Məhəmməd Murov istiqamətində
vuruşurdu. Şair Qaçay Köçərlinin
özü ermənilərlə sözü ilə, şeiri ilə
vuruşdu. Radio verilişləri
hazırlayıb əsgərləri düşmən
üstünə, qələbəyə
ruhlandırırdı. Oğlu Qarabağ
müharibəsinə atıldı, silahlanıb
döyüşdü. Jurnalist Alı
Mustafayev də sözü ilə, şeiri ilə, cəbhə
xəttindən hazırladığı reportajları ilə
düşmənlə savaşırdı. Sonda mübarizəsinə qalxdığı müqəddəs
amal uğrunda canından keçdi. Soyuq
noyabr günlərində Qarabağ səmasında şəhid
oldu. Dediklərim bir daha onu göstərir
ki, ziyalılarımız həm silahla, həm də sözlə
döyüşməyə hazırdırlar. Sözlə silah sanki qoşa qanaddır. İkisi də eyni vaxtda olmalıdır. Silahla söz birləşəndə məğlubedilməz
oluruq. El arasında belə bir deyim var: "Vur demək,
vurmaqdan da irəlidi." Fikrimi belə yekunlaşdırmaq istəyirəm:
indiki günlərdə həm vurmalıyıq, həm də
"vur" deməliyik.
-
Müharibə və söz - bunlar bir-birini tamamlayırmı?
Sizcə, ədəbiyyat silahları susdurmaq
qüdrətinə malikdirmi?
- Deyirlər
ki, müharibə xaosdur, ədəbiyyat isə xaosun əleyhinədir.
Ədəbiyyat harmoniyaya
çağırır, müharibə harmoniyanı pozur.
Bunlar daban-dabana zidd məfhumlardır. Bir anlıq bəşəriyyətin keçdiyi yola
diqqət yetirəndə görürük ki, tarix boyu
müharibələr həmişə labüd olub və yəqin
ki, bundan sonra da olacaq. Biz nə qədər
müharibələrəleyhinə danışıb təbliğat
aparsaq da, o bizə məhəl qoymadanzaman-zaman baş verəcək.
Buna çox təəssüflənirəm.
Ədəbiyyat da zamanın axarında dirəniş
göstərərək həmişə var olacaq. Xaosu pisləyəcək, insanları sülhə, əmin-amanlığa
çağıracaq. Buna çox sevinirəm.
Həyat davam etdikcə nə
yazıçılar qələmi yerə qoyan deyil, nə də
müharibə tərəfdarları olanlar silahı. Amma gəlin etiraf edək ki, hansı müharibə
olursa-olsun, sonu sözlə bitir. Deməli,
söz müharibəyə qalib gəlir. Söz
bütün hallarda silahları susdurur, müharibələri
dayandırır. Deməli, söz qalibdir.
Müharibələr silahla başlayır,
sözlə tamamlanır. Mənə elə
gəlir ki, sözün başladığı yerdə
müharibə bitir. Tarix aydın şəkildə
göstərir ki, söz silahları susdurmağa qadirdir.
Bu həmişə belə olub, bu gündən
sonra eyni axarla davam edəcək.
-
Qarabağ torpağında dünyaya göz açan bir
ziyalı və şair kimi, yəqin, müharibə
mövzusuna da tez-tez müraciət edirsiniz...
-
Müharibə mövzusu mənim qanımdan, canımdan və
ürəyimdən keçir. Bu, çox
ağrılı və üzücü bir mövzudur. Bu, heç də gül-çiçəkdən
yazmaq deyil. Çünki müharibə
qan-qada, ölüm-itim və göz yaşlarıdır.
Mənim Xaliq adında dostum var idi. Qarabağ uğrunda gedən döyüşlərdə
şəhid oldu. Qələmin gücü
ilə Xalidin hünərini nəzmə çəkib oxuculara
çatdırdım. Müharibənin
insanlara ölüm, qan-qada gətirdiyini şeirlərimdə
dolğun ifadə etməyə çalışmışam.
Qarabağ əlilinə də şeir həsr
etmişəm. Bu əsərlərdə
çalışmışam ki, ictimaiyyətin diqqətini
müharibədə yaralanmış insanlara yönəldim.
Şeirlərimdə sözlərlə,
misralarla müharibənin şəklini çəkməyə
çalışmışam. Təəssüflənirəm
ki, müharibə hələ də davam edir. Düzdür, uzun illərdir atəşkəs
hökm sürür. Amma atəşkəs
hələ müharibənin bitməsi demək deyil. Bizim üçün müharibə
torpaqlarımız işğaldan tam azad olunandan sonra bitəcək.
Nə qədər ki, yurdumuz işğal
altındadır, biz döyüşə hazır
olmalıyıq. Atəşkəsin bu
şəkildə davam etməsi işğalçılara sərfəlidir.
Çünki qəsbkarlar bizim torpaqlarımızdadır.
Bizi doğma ocaqlarımızdan atəşə
tuturlar. Əgər bu gün ermənilər
Qarabağda, eləcə də işğal altında
saxladığı rayonlarımızda mövqe tutub bizə
qarşı müharibə aparırsa, düşmən daim
silahlarımızın hədəfində olmalıdır.
- Şairliklə rəssamlığın arasında bir
ruhi yaxınlıq var - ikisi də hisslərini ifadə edir. Biri sözlə,
biri fırça ilə. Siz rəssam
olsaydınız, müharibəni hansı rənglərlə
çəkərdiniz?
- Söhbətimizin
əvvəlində dedim. Mən müharibənin
şəklini bir neçə şeirimdə sözlə
çəkmişəm. Amma inanın ki, həmin
şeirlər o qədər kədərlidir ki, mən onu
heç yerdən asmaq istəməzdim. Müharibə mənim
taleyimdən, kəndimdən, ürəyimdən və
yaradıcılığımdan keçdi. Müharibə xalqımı ağır faciələrlə
üz-üzə qoydu. Müharibə bizi həm
mənəvi, həm də fiziki cəhətdən yaraladı.
Müharibə başlananda sanki dünyanın
gözünü qan örtür. Əgər
mən şair yox, rəssam olsaydım, təbii ki, müharibəni
qırmızı rənglə çəkərdim. Qırmızı rəng mənim ən çox
ürpəndiyim rəngdir. Əvvəllər
mənə elə gəlirdi ki, əsgər yaralananda qan elə
yalnız güllə dəyən yerin ətrafına çilənir.
Demə belə deyilmiş. Qarabağ
müharibəsində yaralananları o cür ağır vəziyyətdə
görəndə dəhşətə gəldim. Qan əsgərlərin üzünə, gözünə
yayılımışdı, sifətləri tamam qan
içindəydi, qırmızı rəngdəydi. O dəhşətli
anları heç vaxt unuda bilmirəm. Ona görə
də müharibəni qırmızı rəngdə
görürəm. Müharibəni
qırmızı rəngdə çəkməkdə məqsədim
odur ki, qoy onun tərəfdarları bu rəsmlərdən ibrət
dərsi götürüb qan tökməkdən, evləri
dağıtmaqdan çəkinsinlər.
- "Ulduz" jurnalının səhifələrində müharibə, vətənpərvərlik mövzuları necə tərənnüm olunur?
- Müharibə və vətənpərvərlik mövzuları gündəmdən düşmür. Jurnalımızda vətənpərvərlik mövzusunda əsərlər çap edərək gənclərdə erməni işğalçılarına qarşı intiqam hissi formalaşdırmağa çalışırıq. Sevindirici hal odur ki, gənc yazarlar bu mövzuya tez-tez müraciət edirlər. Bu il aprel döyüşləri mövzusunda müsabiqə keçirdik. Qısa vaxt ərzində ünvanımıza xeyli dəyərli əsərlər göndərildi. Ürəkaçan hal odur ki, təkcə respublikamızdakı yazarlar deyil, xarici ölkələrdə yaşayan azərbaycanlılar da müsabiqəmizdə fəal iştirak etdilər. Deməli, harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların diqqəti Qarabağdadır, Azərbaycandadır. Gənc şair Arzu Əsədov şəhidlərə poema həsr etmişdi. Həmin kitab "Ulduz" jurnalı ilə bir yerdə pulsuz olaraq oxuculara çatdırıldı. Ara-sıra zabit və əsgərlər də bizə üz tuturlar. Əfqanıstanda sülhməramlı qüvvələrin sıralarında xidmət etmiş bir əsgər jurnalımıza yazı təqdim etmişdi. Təbiidir ki, biz ona hörmətlə yanaşıb çap etdik. Redaksiyanın qapıları başqa oxucularımız kimi, Silahlı Qüvvələrdə xidmət edən zabit və əsgərlərin də üzünə həmişə açıqdır.
- Milli Mətbuat Günü sizə də mənzil verildi...
- Belə bir gündə respublika Prezidentinin mənə də hədiyyəsi, təbii ki, olduqca sevindiricidir. Neçə illərdi junalist kimi dövlətçiliyimizin söz keşiyini çəkənlərin sırasındayam. Sözün yükünü çəkmək mənim də amalım olub. Qeyd etdiyim kimi, kəndimiz işğaldadır. Təbii ki, od düşdüyü yeri yandırır. Bu ağrı mənim yaradıcılığımda öz əksini dolğunluğuyla tapır. Möhtərəm Prezidentimizin bu hədiyyəsinə qədərsiz sevinclə qədərsiz təşəkkür edirəm. Biz jurnalistlər özümüzü, həqiqətən, Prezidentin dostu hesab edirik və bu dostluqdan qürur duyuruq, bu dostluğu sədaqətlə, səmimiyyətlə davam etdirəcəyik...
- Yəqin, zabit və əsgərlərimizə deməyə sözünüz var.
- Azərbaycan əsgəri haqqın, ədalətin tərəfindədir. Öz Vətəninin torpaqlarını qoruyur, öz yurduna keşik çəkir. Azərbaycan əsgərinin savaşı haqq savaşıdır. Deməli, o qalib gələcək. Haqq işi uğrunda vuruşanlar gec-tez zəfər çalır. Bizim davamız sülh davasıdır. O sülh ki, tarixi sərhədlərimizi bərpa edəcək. İnanıram ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti erməni işğalçılarını məğlubiyyətə uğradaraq, bu tarixi vəzifənin öhdəsindən layiqincə gələcək.
- Maraqlı söhbətə görə çox
sağ olun!
Müsahibəni
qələmə aldı: Vahid MƏHƏRRƏMOV
Azərbaycan ordusu 2017.- 29 iyul.- S.6.