Bizim gücümüz bizim birliyimizdədir”

 

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iki ölkənin Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirmək, koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltmək və hər iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaq üçün mayın 1-dən 5-dək keçirilən döyüş atışlı taktiki təlimlərə yekun vuruldu. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin təlimdə iştirak edən bölmələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirdi.

Birgə təlimlərin növbəti mərhələsi müvəffəqiyyətlə başa çatdıqdan sonra hər iki ölkənin təlimdə iştirak edən bölmələrinin şəxsi heyətinin şərəfinə “N” hərbi hissəsində konsert proqramı təşkil edildi.

Tədbiri açıq elan edən Azərbaycan nümayəndə heyətinin rəhbəri polkovnik Münasib Babayev bildirdi ki, Azərbaycan və Türkiyə artıq beynəlxalq münasibətlər sistemində ən sadiq tərəfdaşlar kimi tanınır. “İki ölkə arasında bütün sahələrdə güclü əlaqələr var, hərbi sahədə əməkdaşlıq da gündən-günə inkişaf edir”.

Müxtəlif şərti döyüş tapşırıqlarını uğurla icra edən hərbçilər təlimlərdə sübut etdilər ki, bu gün Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti yüksək peşəkarlığa malikdir.  Təlimi Müdafiə naziri general-polkovnik Zakir Həsənov yüksək qiymətləndirdi. İnanırıq ki, Azərbaycan Silahlı Qüvvələrinin də şəxsi heyəti təsdiq edilmiş plana uyğun olaraq bir müddətdən sonra Türkiyədə keçiriləcək təlimlərdə yüksək nəticələr əldə edərək Vətənimizə uğurlarıyla dönəcək. Bu təlim Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının əbədi olduğunun sübutudur. Keçirilən təlim bir daha Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Bizim gücümüz bizim birliyimizdədir. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür" fikrinin təsdiqidir.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin təqdim etdiyi rəngarəng konsert proqramı ilə başa çatdı.

Tədbirdən sonra hərbi hissənin əsgər yeməkxanasında qonaqlar üçün bayram süfrəsi açıldı. Azərbaycan nümayəndə heyətinin rəhbəri polkovnik Münasib Babayev və Türkiyə nümayəndə heyətinin rəhbəri polkovnik Hakan Açıkgöz hər iki ölkənin atributlarını və "Bir millət, iki dövlət" şüarını özündə əks etdirən qardaşlıq tortunu kəsdilər.

Sonda hər iki ölkənin hərbi qulluqçuları birlikdə xatirə şəkli çəkdirdilər.

 

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",

fotolar Namiq PƏNAHOVUNDUR

Azərbaycan ordusu  2017.- 6 may.- S.5.