“Vətənə xidmətimdən qürur duyuram”
Damlalardan ümman yarandığı kimi, döyüşçülərimizin hər birinin nümunəvi xidmətindən, hazırlıq və bacarığından da ordumuz güc alır. Bu dəfə də "N" hərbi hissəsində nümunəvi xidmətilə seçilən əsgərlərimizlə ünsiyyətdə olmaq istədik.
- Bölmələrimizdə hazırlıqlı, bacarıqlı əsgərlər çoxdur, - bizimlə söhbətində zabit Elşad Əbilov dedi. - Onlar intensiv döyüş hazırlığı məşğələlərində öz peşə vərdişlərini durmadan artırırlar. Bu yaxınlarda taborun taktiki təlimində iştirak edirdim və bizim bir əsgərimiz ilk mərmidən hədəfi məhv etməyi bacardı. Onun barəsində yazmağınızı məsləhət görərdim.
Həmin əsgərlə görüşdük. Məlum oldu ki, sərrast atışı ilə komandirlərin diqqətini cəlb etmiş əsgər Yusif Nəsirov Ucar rayonunun Məlikballı kəndindəndir, 2016-cı ilin iyulunda Vətənə əsgəri borcunu vermək üçün hərbi xidmətə çağırılıb. Öncə gənc əsgər kursunu bitirib. Döyüşçülər ixtisaslara seçilərkən ona qumbaraatan silahını etibar ediblər. Keçirilən məşğələ və təlimlərdə bu silahın taktiki-texniki xüsusiyyətlərini mənimsəyib, praktik atış vərdişlərinə yiyələnib.
- Atam Qarabağ müharibəsinin iştirakçısıdır, - əsgər Nəsirov gülümsünür. - O da qumbaraatan olub. Mən də ixtisas seçimi zamanı bu silahı seçdim və çalışdım ki, onun sirlərini yaxşı mənimsəyim. Qumbaraatanın xassələrini mənə atış rəhbərim leytenant Xəzər Cabbarlı öyrədib. Təcrübəli manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sənan Ələsgərov da əsgəri peşəyə yiyələnməkdə mənə yardımçı olub. Praktik atışlarda, təlimlərdə vərdişlərimizi daha da artırdığımız üçün sınaqlarda daha yaxşı nəticə göstərə bilirik. Əldə etdiyim nailiyyətə görə daha çox leytenant Xəzər Cabbarlıya, manqa komandirim Sənan Ələsgərova borcluyam.
Motoatıcı taborun taktiki təlimində döyüşçülər atış çalışmalarını yerinə yetirərkən zabit Elşad Əbilov da təlim meydanına gəlibmiş. Əsgər Yusif Nəsirov həmin vaxt qumbaraatandan atəş açaraq ilk mərmidən 300 metr məsafədəki hədəfi sərrast atəşlə məhv edir. Əsgər yüksək hazırlıq nümayiş etdirdiyinə görə qısamüddətli məzuniyyətlə mükafatlandırılır.
- Vətənə xidmətimdən qürur duyuram, - əsgər Yusif Nəsirov gülümsünür. - Mən də hamı kimi öz əsgəri vəzifəmi yerinə yetirməyə gəlmişəm. Mehriban bir kollektivimiz var. Komandirlərimiz də tələbkar olmaqla yanaşı, əsgərləri başa düşən insanlardır. Bir sözlə, burada hər şey ürəyimcədir. Əsgər dostlarıma gəlincə, hamımız bir Vətənin, bir torpağın övladıyıq. Əsgərliyə də doğma Azərbaycanımızın keşiyində dayanmaq üçün çağırılmışıq. Düşmən tərəfindən işğal edilmiş ərazilərimizi azad etmək üçün döyüşə də çiyin-çiyinə gedəcəyik. Aramızda dostluq olmasa, necə bir-birimizə dayaq ola bilərik?!
Atası Qismət hərbi xidmətə yola salarkən oğluna kişi kimi,
alnıaçıq xidmət etməyi tövsiyə edib. Artıq 10 aydır ki,
Silahlı Qüvvələrdə xidmət edən Yusif atasının öyüd-nəsihətinə
sadiq olduğunu sübuta yetirib. Komandirləri
ondan çox
razıdırlar. Nizam-intizamlı, çalışqan döyüşçü kimi
əsgər Nəsirov silahdaşlarının və komandirlərinin
yanında hörmət qazanmağı bacarıb. Doğrudan da, əsl Azərbaycan
əsgəri məhz belə olmalıdır!
Əbülfət
QASIMOV, "Azərbaycan Ordusu",
foto müəllifindir
Azərbaycan ordusu 2017.- 20 may.- S.3.